"Ədəbiyyatın mafiya babaları "uşaq-muşağa" borcludu"
Pərviz Cəbrayıl
Romanlarıyla nasirlərlə nəsrin arasında uçurum yaradan yazarın vaxt və ədəbiyyat düşüncələrinə sirdaşlıq anları
PROLOQ ƏVƏZİ
Pərviz!
Dünyanın hər yerindən - Barak Obamanın Amerikanın ilk qaradərili və həm də yarımüsəlman prezidenti olmasından, bin Ladenin müsəlman qeyrəti çəkməsindən, Fransanın batacağından, Türkiyənin Ermənistanla sərhədi açacağından, Rusiyanın yer üzündən silinəcəyindən tutmuş ta hər yerə və hər şeyəcən xəbərdar "obıvatel" Azərbaycan oxucusunun milyonda biri, ədəbi aləmin isə tən yarısı (hərçənd tam hamısı bütövlükdə - o da yalnız ürəyində) bu imzanın məhz mətbuata və ədəbiyyata mənsubluğunu, məxsusluğunu etiraf edər. Fəqət
(Allah belə yersiz "fəqət"lərin rahatlığını alsın)...
Aydın Caniyev
GİRİŞSONRASI İZAHAT
Standart götürsək, "Ədəbiyyat söhbətləri" layihəsinin mahiyyətini onda görmək lazımdır ki, heç kim aqressiyaya, məhşər ayağına çəkilməyə şahid olmayacaq. İkincisi də ki, məqsəd və yön ədəbi aləmin sərgilədiyi dil, üslub və istqamət müstəvisində dartışmaların pozitiv çalarlarını oxucuya çatdırmaqdır - özümüzü heç kimdən ağıllı saymadan və heç kimə ağıl vermədən!
Dünəni dəyərləndirmək - yazılmış əsərlər külliyyatını çarmıxa çəkib çayxana-kafelərdə salfetka əvəzinə işlətməkdən vaz keçməklə; bu günü analiz etmək - birdəfəlik anlamaq ki, hər an artıq əldən və ömürdən gedir; sabaha hazır olmaq - Azərbaycanın həm də Biləcərinin o üzündə varlığını təsdiqləmək... Ki, "əbədiyyət olduqca ədəbiyyat da olacaq!"
Var olanımızı saf-çürük etməyin ehtiyacı bu!
Bu qədər böyük iddiaların fonunda ilk addım "niyə məhz Pərvizlə" sualına cavabı elə onun ədəbi töhfələri verir.
Bir "Öləngi" romanı yazmışdı - 26 yaşında. On il müzakirəsi açılmadı, ancaq Elmlər Akademiyasının institutu səviyyəsində cəhd olmuşdu açılışına. Son bir-iki ildə içi özümqarışıq etiraf elədik ki, hələ bir on il də lazım olacaq həqiqi qiymətini alsın. Bu yandan da yeni bir romanı artıq təqdimata hazır - "Yad dildə". Resenziyamızda çalışacağıq ki, sübut edək: Pərviz əgər "Öləngi"ylə 10 il roman zirvəsini fəthedilməz nöqtəyə çatdırmışdısa, indi də bir 20 il yazıçılar "lixoradka"da olacaq - yazdığı etiraf olunmasa da, ondan yaxşısı da yazılmır!
"Niyə məhz Pərvizlə" sualının daha bir cavabı var: adama atəşi ən yaxın məsafədən açmağa belə imkan verir - zərbəni özündən keçirmir, zərbənin önündə durur!
Bizim, eyni zamanda ədəbiyyatımızın indi daha çox buna ehtiyacı var - problemlərdən qaçmaqdansa, onun qabağında durmaq və həllinə nail olmaq!
Fəqət... "kultbomond" və "litpolitistiblişment" elə fon yaradır ki, "qərənfil dəstə-dəstə, sular axır ahəstə"
Pərviz üçün daha bir təşbeh: Dostoyevski 27 yaşında "gurultu" salmışdı, müsahibimiz 26. Dostoyevski qaldı, Pərviz qalıb-qalıb qalmayacaq, söhbətdən nəticəni özünüz çıxarın.
Pərvizin yaradıcılığındakı orijinallıq elə adi söhbətlərdə də hiss olunur:
- İndi ədəbiyyatla daha az məşğul olurlar. "Qara publisistika" ilə ədəbi tənqidin sərhədləri qarışıb. Qlobal miqyasda ədəbi əsərləri yaza biləcək istedadlı qələm sahiblərimiz özlərini qurban verərək ədəbiyyatı xilas etmək istəyirlər. Əslində "Biləcəridən o yana" kompleksi də ona görə hakimdir ki, ədəbiyyatla məşğul olmağa normal şərait yoxdur. Bu "var olan uşaqlar" "olmayan şərait"lə mübarizə aparırlar. Mübarizənin anormallığı ondadır ki, ədəbi rəqabətdən çox, fərdi-fiziki-şəxsi iddialar vaxt, intellekt və enerji aparır. Mən bu mübarizələrdə ona görə yoxam ki, yazıçının ən ali missiyasının yazmaqdan, ÖZÜ DƏ YAXŞI YAZMAQdan ibarət olduğunu anlayıram. Odur ki, yazıram.
"Mən ÖZ SÖZÜMÜN SAHİBİYƏM!"
- Hansı sözün sahibisən ki?
- Mən ÖZ SÖZÜMÜN SAHİBİYƏM! Dediyim və yazdığım hər bir sözün dalında da durmağa hazıram.
- "Pərvizin SÖZÜ" ədəbiyyat üçün dəyərlidirmi?
- Onu oxuyanlar desin. Ama onu da deyim ki, ədəbiyyatda zövq məsələsi hər şeyi qəlizləşdirir - təsəvvür et: Dostoyevskini bəyənən eyni dərəcədə səmimiyyətlə Anarı da bəyənir! Birinə baxanda görürsən ki, harada gəldi sənə ilişir, o birisinin durduğu zirvəni görməyə teleskop axtarırsan. Bunu həzm etmək o qədər çətin ki... Tutaq ki, mən o gün Əkrəm Əylislini oxudum, kövrəldim, avtobusdaca ağladım. Əkrəm Əylislidə atasızlıq ağrıları, müharibənin doğurduğu faciənin sentimental inikası, kənd idilliyasının şəhər şeytanbazarlığıyla
kəllə-kəlləyə gəlməsindən törəyən yurdsuzluğun diskomfortu və s. və i.a. məhz adamı ağladır, ama ağlatmaq axı hələ ədəbiyyatın özü deyil və bu heç də o demək deyil ki, qlobal düşüncə, açıq təfəkkür baxımından o əsərlərlə dünya miqyasına çıxmaq olar.
- "Dünya miqyası"nın kriteriyalarını kim müəyyənləşdirib ki? Özü də Sənə elə gəlmirmi bu gün ədəbiyyatımızda bir obrazsızlıq var...
- Ədəbiyyat reallığın ifadəsidir. Ama onun lokomotivə çevrilən obrazları müəyyən zaman kəsiyində cəmiyyətin aparıcı qüvvəsi ola bilirlər. Zaman və mühit öz qəhrəmanına hamilə olur. Bugünkü Azərbaycan, hələ ki oxuduğun "Yad dildə"nin "Satqın"ını doğa bilib, dövrümüzün parlaq qəhrəmanı da satqındı, ama satqından sonra hansı obraza, hansı qəhrəmana yerikləyib, bununçün hələ gözləmək lazımdı! Kəsəsi, obrazı, qəhrəmanı ədəbiyyat yox, həyat yaradır, onun doğum şəhadətnaməsini isə ədəbiyyat yazır.
- Yazıçıların indiyə qədər təqdim etdikləri obrazlardan hansı daha çox cazibədar və nümunəvi görünür?
- Dostoyevskinin Knyaz Mışkini, Frans Kafkanın özü.
Lentaz-da ixtisar olunan kiçik hissə:
- Nəsrdə yeri görünən obrazlarımız varmı?
- Əbülfəz Elçibəy... və Heydər Əliyev...
- Nədən bəs yazılmır?
- Ənənəvi iqtisadi sahədə olduğu kimi, ədəbi iqtisadiyyatda da bir monopoliya var. Biz bu monopoliyadan xilas olmalıyıq. Mən niyə redaktə-korrektə əzabında çabalaya-çabalaya çörəkpulu zülmüylə üz-üzə qalmalıyam? Daha çox insanların bir-birinə və ümumilikdə hər şeyə sevgiylə yanaşmalarını formalaşdıran, təbliğ edən bir xətti tutmaqdansa, bir-birlərinə olan nifrətə şahid oluruq. Yeni romanımı da bu mövzuda yazacam - nifrətin cəmiyyətdə dominantlıq qazanması içimi talan eləyir. Bu, artıq fəlakətin ilk ciddi
görsənişləridi. İndi toplumu dialektik qanunlar yox, qarşılıqlı nifrət idarə eləyir. Fikrimdən elə çıxmasın ki, mən əttökən barışıqlar tərəfdarıyam - hər şey sonunda qanunlarla nöqtələnməlidi...
- Bəlkə ədəbiyyatsız da keçinmək olar, bir halda ki, ədəbiyyatla məşğul olmurlar, gərəkən obrazlar yaradılmır, sərhədlər qarışıb...
- Ədəbiyyatı nəzərə almamağın nəticəsidir ki, satqın olmaq kriteriyaya və yaşam tərzinə çevrilib. İniltilər və çirkab nifrəti hərəkətverici qüvvəyə çevirib.
- Bizim ədəbiyyatın özünü xilas etməyə özünü qurban verən istedadlı yazarların sayı kifayət edərmi?
- Bu gün doğrudan da əsas iş yeni ədəbiyyatın yaranması yox, hələ ədəbiyyatın özünün də deyil, "ədəbiyyat" sözünün unudulmaqdan qorunub saxlanmasıdı. Bizim heç nəyə də yox, təkcə buna gücümüz yetsə, özümüzü xoşbəxt sayaram. Gücümüz, istedadımız, vərdişlərimiz, kişiliyimiz ilk növbədə buna yönəlməlidi. İndi qəfildən ortaya sanballı bir əsər də çıxacaqsa, bu da olacaq bizim qazancımız. Yeni - bir az şıltaq, bir az ərkəsöyün, bir az tərbiyəsiz (tərbiyəsizlik burda xüsusi vurğulanmalıdı - qartımışlar onları elə belə də çağırırlar və unudurlar ki, bu sözlə əslində onları yox, özlərini aşağılayırlar - çünki o tərbiyəni verən özləridi, verə bildikləri budu da), bir az istedadlı gənclərin də bütün gücü bəlkə heç özləri bilmədən də bu işə sərf olunur. Ədəbiyyatın mafiya babaları bu gün hökumətdən qopardıqlarına görə də bu "uşaq-muşağa" borcludu. Çünki ədəbiyyatı yaddan çıxmağa qoymayan, ən yuxarı instansiyaların da yadına salan elə bu yetimçələrdi. Qocalar onların çörəyini yeyir, çörəklərinə təpik atmasınlar yaxşısı.
Demokratik mühit ancaq ədəbiyyatda qalsa da...
- "Zövqlər müxtəlifdir" fikri ədəbiyyatı gücdən və gözdən salmır ki? Belə çıxır, demokratiya (daha doğrusu, bizə təqdim olunan demokratiya) elə yalnız ədəbiyyatda qalıb?
- Çox gözəl dedin. Demokratiyanın yalnız ədəbiyyatda qalması. Yazar yaradır. Öz nəsrində onun mütləq despot olmağa belə haqqı var. Ama baxırsan ki, obrazına mane olmadı, onun özbaşına hərəkətini əngəlləmədi, bir varlıq kimi hüquqlarını tapdamadı. Halbuki yenə də deyirəm, buna tam ixtiyarı da çatır - qanunlar - ədəbi və hüquqi qanunlar da onun tərəfindədi. Məsələn, Tolstoy Kareninanın qarşısını almağa çalışsa da, özünü qatarın altına atmasına mane olmur. Və minlərlə belə misallar var. Özümdən heç nə demək istəmirəm. Di gəl özüm bilirəm ki, obrazlarla aramızda necə dartışmalar olub. Əminəm ki, Allah da belədi. Allahlığına rəğmən insana zor eləmir, onu hürr və azad buraxır - daha dinlərdə olduğu kimi, barmağını bəndəsinin gözünə soxub ona xox gəlmir. Bu mənim Allahımdı, dinlərə zərrəcə dəxli yoxdu!
Zövq məsələsinə gələndə, burda da məsələ qəlizdi və yekcins deyil. Hər bir insanın vicdan azadlığı olduğu kimi, zövq azadlığı da var, daha doğrusu, olmalıdı. Ancaq bir iş var da, axı zövqlərin özünü də tərəziyə qoymaq lazım gəlir. Zövqünü tərəziyə qoyduğun adamları inandıra bilsən, onda o heç vaxt israr eləməyəcək ki, Rəqsanə, Aygün, Röya Şövkət Ələkbərovadan yaxşıdı. Məsələ inandırmaqdadı. Ədəbiyyatın da işi zatən inandırmaqdı. Özün öz yazdığına inanırsansa və oxucunu inandıra bildiyinə inanırsansa, ondan sonra kimin nə deyəcəyi boş söhbətdi.
- İddialar və töhfələr Azərbaycan postsovet ədəbiyyatında düz mütənasibdirmi? Sizə heç nə miras qoymayan sələflərinizdən postmodernist xələfləriniz üçün sizin fərqiniz nədədi?
- Onlar bizə ölü ədəbiyyat bağışladılar. Ölmüş, ama yerdən götürülməmiş ədəbiyyat. Bizim işimiz, xələflərimiz qarşısında borcumuz o ölünü yerdən götürmək, üçünü, yeddisini vermək, gələcək yazarlarımızın bu ölünün çürüntüsünü, üfunətini görməmələrini təmin eləməkdi. Bu işi başa çatdırmaq böyük xidmətdi. Yeni o deməkdi ki, gələn nəsillər sap-sağlam sıfırdan başlayacaqlar. İşin mənfi tərəfi bizim nəsibimizə düşüb. Bu bizim faciəmizdi. Ama neynəyək. Bəzən faciə, fəci sonluq həyatın özündən daha dəyərli olur!
Bu gün bizim yazdıqlarımızı, yaradıcılığımızı hüzr mərasiminə bənzətmək olar. Ama mən əminəm ki, sabah bu yasın ən gözəl yas olduğu, öləndənsə o ölünün yasının daha qiymətli olduğu üzə çıxacaq. Biz - bu faciəli nəsil çox böyük bir işlə mükəlləfik!
EPİLOQ
Pərvizlə söhbət ümumazərbaycan ədəbiyyatının proloqu sayıla bilər - sayılmalıdır da. Razılaşdığımız fikirlərin fonunda razılaşmadığımız da var: ədəbiyyat demokratiyanı qoruyan, yaşadan, nəsildən-nəslə çatdıran yeganə vasitədir - belə olub, belədir, belə də olacaq. Ancaq bir məqama diqqət yetirək: DÜŞÜNDÜRÜCÜ NƏ VARSA, onun haqqında düşünək. Növbəti yazı üçün öz payıma düşündüyümdü: doğrudanmı, bizim cavanlar Pərviz deyən kimi, ölü ədəbiyyatın varisləridir? O cavanları da dinləyərik. Sonda... sonda mentalitetimizə
uyğun olaraq, patriarxları-ağsaqqalları arayarıq!
Görək, doğrudandamı ONLAR BÖYÜKDÜRLƏR?!
LENT.AZ
Əvvəlki məqalə: salam mirze müellim necesiniz?
Sonrakı məqalə: İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı – Avgust 2009-ci il
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4592

