Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: MƏMMƏD İSMAYIL, AXI, SİZ ŞAİRSİZ!

Mirzə Xəzər 15 Sen 2009

no comments

melahet2-tbn28

Məlahət Ağacanqızı


Əziz Məmməd müəllim! Bilmirəm, Siz 70-i haqlamaq üzrəsiz ,ya O Sizi, amma “Oğuz eli” qəzetinin №13 xüsusi buraxılışı “Məmməd İsmayıl- 70” yazıb artıq. Sizə təbriklər, ”Oğuz eli”nə təşəkkürlər!

mammed


Buraxılışda 7 yaşlı yetim Məmmədin fotosu ilə 70 yaşlı Məmməd İsmayılın fotosu arasında yerlə göy qədər fərq və uzaqlıq var. Ürkək baxışlarla “Mən böyük şair ola biləcəyəmmi?” deyən yetim bir oğlan və “Mən böyük şairəm!” hayqıran ahıl bir kişi oxucuya “Şairləri susmayan bir Vətən basılmayıb...” deyir. Nə yazıq ki, şairləri susan, çərləyən, həbs olunan, didərgin düşən, unudulan – basılan VƏTƏN olduq !


Lütfən deyin, 70 yaşın zirvəsindən Ana Vətəni necə görürsünüz?!
Görə bilirsinizmi, yaxasını cıran, saçlarını yolan Vətəni?!
Görə bilirsinizmi, təhsildə, səhiyyədə, orduda olan eybəcərlikləri?!
Görə bilirsinizmi, SUSMAdıqlarına görə, ŞƏRlə döyüşdükləri üçün həbs olunan, incidilən, təqib olunan, şərə -böhtana tuş gələn qeyrətli jurnalistləri- Mirzə Sakiti, Qənimət Zahidi, Eynulla Fətullayevi, Müşfiq Hüseynovu, Xaliq Bahadırı, Bahəddin Həziyevi?!


Görə bilirsinizmi, qurşunlarla qətlə yetirilən, övladı yetim qalan jurnalist Elmar Hüseynovu?!


Fransaya getmişdiniz. Vətəndə, ağac qəssabları tərəfindən bıçaqlanan jurnalist Aqil Xəlilin yarasından tökülən QANa Parisin küçələrində rast gəlmədiniz ki?!
70 yaşın zirvəsindən, his-duman içində olan mətbutada gördüyünüz dəyərli imzaları mənə demisiz. Sayı-hesabı bilinməyən qəzetlər bolluğunda 5-6 İMZAnın olması mətbuatın faciəsi deyilmi?! Axı,vaxt var idi redaktoru olduğunuz “Gənclik” - “Molodost” jurnalında nəinki əməkdaşlar, hətta ,minlərlə oxucuların da hər biri ayrı-ayrılıqda yeni nəfəs, yeni imza, yeni üsyan idi...


Yazılarımın “Azadlıq” qəzetində çap olunduğunu biləndə “Dişi ,dırnağı ilə qəzet çıxardanların sırasında olmaqla ancaq qürur duymaq olar...” dediz. Təşəkkür! Sizcə yazılarıma diş qıcıdanlar, barmaq silkələyib ,arxa çevirənlər kimdir?! Axı, Siz onları vaxtı ilə ac, işsiz qalanda süfrənizin başında oturtmusuz, vəzifə sahibi etmisiz. Bir vaxtlar adınız çəkiləndə yerlərindən dik atılanlar,indi bahalı maşınlarının siqnalizasiya səsinə diksinir. Dəyərli Mirzə Xəzər müəllim elə qədirbilməzlər üçün “Qədir bilmək sənət deyil, mədəniyyətdir” deyib. Məhz elə mədəniyyətsizlərin əkdikləri“ görməmiş mədəniyyət” çayır kimi jurnalistikada, ədəbi aləmdə yayılır. Məni tanıyanlar bilir: heç vaxt para qazanmaq üçün əlimə qələm almadım. Mən hər bir yazıma övladım, hönkürən göz yaşım, namərd üzünə vurulan şillə kimi baxdım. Onlara isə dəyəri dünyanın parası ilə ödəmək olmaz!
Hər köşə yazımı oxuyandan sonra “Mən səni şair kimi kəşf etdim, Mirzə Xəzər jurnalist kimi yetişdirdi. Çalış şeir yazmağı, mütaliə etməyi unutma...” yazdınız. Şeir yazmağın, mütaliə etməyin dərdindən ölsəm də, onlarla baş-başa qalmağa vaxt yoxdur. Özünüzə baxmayın! Qürbətdə yaşadığınıza görə, Siz sona kimi ŞAİR həyatı yaşadız. Ona görə hələ də gözəl şeirlər yaza bilirsiz. Hətta sevgi şeirləri də...
Biz isə Vətəndə fəsillərin sırasını, günlərin tarixini, adımızı, yaşımızı da unutmuşuq...Eşitdiyimə görə 70-in tamamında Vətənə insan kimi yaşamaq üçün dönmək istəyirsiz. Tələbənin ustada məsləhət verməsi yekəbaşlıq sayılsa da, fikrimi deməkdən çəkinməyəcəyəm.


Məmməd müəllim, insan kimi yaşamaq üçün yenidən insan kimi doğulmalısan. 70 yaşdan sonra geri qayıdıb, yeni həyat başlamaq, insan kimi yaşamaq mümkün deyil. Çünki, təkcə İNSAN olmaq yerləri boş qalıb, qalan bütün yerlər zəbt olunub. Bir də, Siz min dəfə yenidən dünyaya gəlməli olsanız da ancaq şair ömrü seçərsiz. Özünüzü aldadıb, oxucularınızı pəjmürdə etməyin. Şair ömrünüzü sevdiyiniz misralar və ilham PƏRİnizin qolları arasında sevgi ilə yaşayın. Oxucunuz kimi tələb edirəm: “Mən şair deyiləm atam –qardaşım...”deyib yaxanızı kənara çəkməyin. Çünki,

Bu Xalq,
Ayağa qalxmağı çoxdan unudub,
Tətiyi çaxmağı çoxdan unudub.
Sabaha baxmağı çoxdan unudub,-
Bu xalq çəpik çalmaq öyrənir hələ. – ürəkağrıdan misraları yazan da Sizsiz.
Məmməd müəllim! Sizin və özünə şair, ziyalı deyən hər kəsin yaxasından yapışıb deyirəm: Nə olar, bu XALQa ayağa qalxmağı, tətiyi, çaxmağı, tanımağı, sabaha baxmağı, mənəvi işığı sevməyi öyrədin. Axı, Siz Şairsiz, Ziyalısız!

Əvvəlki məqalə: Mirza Khazar, Deutsch

Sonrakı məqalə: “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı gənc bloqçular Adnan Hacızadə və Emin Millini azadlığa buraxmağa çağırır

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4587

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin