Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: ZİNDANDA SİMVOLİK HƏDİYYƏ SEXİ...

Mirzə Xəzər 10 Sen 2009

no comments

melahet2-tbn28

Məlahət Ağacanqızı


İdeyalarına güvənənlər, ruhu qartal kimi azadlıqda qıy vuranlar , harada olur olsun heç vaxt ruhdan düşmürlər.Vay o adamların halına ki, qaranlıq dünyadan işıqlı dünyaya getmək üçün gah ağ qoçun, gah qara qoçun, gah metis qoçun belinə tullanırlar. Olurlar 21-ci əsrin əcaib məxluqları. Bilmirsən yerə işləyirlər, ya göyə . Qalıblar yerlə göy - iqtidarla müxalifət arasında...


Dəyərli jurnalist Eynulla Fətullayev ZİNDANdan 8 sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə “Azadlıq”, ”Yeni Müsavat” qəzetlərinə və ”Media Forum” saytına müxtəlif simvolik hədiyyələr yollayıb. Eynulla bəy məhbus yoldaşları ilə bir yerdə hələlik üç hədiyyə hazırlaya bilib. Vallah qəhrəmandır! Qəhrəmanlıq təkcə düşməni silahla yenmək, məhv etmək deyil ki...Jurnalistin həbsxanada qəzet redaktorları üçün hazırladığı simvolik hədiyyə - döyüş meydanında hazırladığı ən sərt və dəyərli məqalədir .


Hələ bu harasıdır?! Bir azdan günahsız məhbusların bütün qəzet –jurnallara, telekanallara, nazirlərə, partiya sədrlərinə, deputatlara, icra başçılarına hədiyyə axını başlayacaq : qanadlı ağ at, ağzının suyu axan tülkü, quyruğunu qıçları arasına qoyan çaqqal, qınına çəkilən tısbağa, leş yeyən qarğa, burnunun suyu axan donuz, ən son model kostyum geyinən kaftar, qolları və ayaqları zəncirlənmiş qara qul, zibillikdə yumurtlayan toyuq, pipiyindən medal asılan xoruz, qarışqanın belinə minən fil, dimdiyindən mıxlanan bülbül, ağacların kökünü gəmirən köstəbək, məzardan başı görünən goreşən, rəngdən-rəngə düşən buqələmun, quyruğu kəsilən kəhər at, mavi səmada pərvaz edən ağ göyərçin, qolunda bahalı saatı olan meymun, quyuda çürüyən qılınc-qalxan, yataq mebel dəsti, qonaq mebel dəsti, tək yastıq, qoşa yastıqlar, beşik, əmzik, billur diplomatda oraq –çəkic, çay dəsgahı, kabab dəsgahı, qumar dəsgahı, sınıq karandaş, mürəkkəbi olmayan qələm, düyməsiz klaviatura, ... simvolik hədiyyələr tezliklə sahiblərinə çatdırılacaq. Maşallah,göz dəyməsin qəzetlər, boş-bekar, dəyərsiz məmurlar o qədər boldur ki, hətta, nəsli kəsilən heyvanların(binaları bir təpiklə uçurdan dinozavr, qəfəsə salınan Pireney dağ keçisi,...), məişətdə işlənməyən əşyaların(neft çalxalayan nehrə, pul əyirən cəhrə, susuzluqdan çatlayan səhəng,...) simvolik modelləri hazırlansa ,yenə də bəs etməz.
Hədiyyələri alan ağıllı adamlar utanacaq-qızaracaq, axmaqlar, acgözlər isə isə sevindiyindən mayallaq aşacaq...

Eşitdiyimə görə başı daşdan - daşa ,sərhəddən-sərhədə, dirəkdən-dirəyə, naqildən-naqilə dəyən Hüseyn Arabula vəhy gəlib. O, bəstəkar-şair olub. Hətta yeni yazdığı mahnını qaranlıqda zümzümə edir :” Azeri kandırdı beni, oyy...Yandırıb yakdı beni ,oyy...Sonra da zindana sokdu beni, oyyy... Annem oy,babam oy, canım oy, param oyyyyy...”. Oxu, ağabəy ! Sənin nəğmən qoy dünyaya yayılsın ! Dünyanın ən məşhur ulduzları o mahnını oxuyacaqlar. Bankir “ulduzlar”ı cəhənnəmə oxusun! Onlar sənin qurub-yaratdığın dirəklərindən aldıqları işıqlar sayəsində fonoqramla ulduz olub qədrini nə bildilər ki,mahnının qədrini bilsinlər?

Yeri gəlmişkən, Hüseyn Arabulun üzündə tapmaca dolu bir təbəssüm var. Təbəssüm tapmacanın cavabını tapandan sonra başımın tükləri elə qalxıb ki, sanki bədənimə elektrik naqili qoşulub. Uşaqlar hərəsi bir tərəfdən saçlarımdan yapışıb aşağı salmaq istəyirlər, düzəlmir. Həddən artıq enerjili cavab imkan vermir. Qorxudan ictimai yerlərə gedə bilmirəm. Qalmışam dörd divar arasında .Azərbaycan nəşriyyatında təcili işim var. Gedə bilmirəm. Saçlarımın səliqəsizliyinə görə məni həbs edə bilərlər. Üç yolum var: ya gərək tapmacanın cavabını yazıb, bir daşa bağlayıb Fövqəladə Hallar Nazirliyinin pəncərəsindən içəri vızıldadım, ya başımı keçəl qırxdırım, ya da həbs olunmaqdan çəkinməyim. Mən üçüncü variantı seçmişəm. Cəhənnəmə həbs olunaram! Həbsdən həbsə getmək qorxulu deyil. Əlimdən hər iş gəlir. Burda ürəyimcə bir iş qurmağa imkan verilmir, heç olmasa orda bacardığım işlərlə məşğul olaram. Həbsxanada xalça, şirniyyat sexləri açacağam. Azərbaycanın təbiət mənzərələrini xalılara nəqş edib ,əziz dostlara yollayacağam. Lap xətrini çox istədiyim dostlara paxlava ,acığım gələnlərə suxari hədiyyə edəcəyəm...

Ah, həbs olunmaq barədə düşünmək necə də gözəldir! Saxta azad vətəndaş olmaqdansa, əsl məhbus vətəndaş olmaq daha şərəflidir...

Əvvəlki məqalə: Azəri qızı Danimarkada qalib oldu

Sonrakı məqalə: Mirza Khazar, Un article de Wikipédia, l'encyclopédie libre

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4584

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin