Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Pərviz Cəbrayıl: ŞƏR ÖNÜNDƏ SUSUB , QƏLYAN TÜSTÜSÜNDƏ ÜZLƏRİNİ GİZLƏDƏNLƏR...

Mirzə Xəzər 06 Sen 2009

no comments

Perviz

CƏMİL HƏSƏNLİNİN 40 İL SONRAKI HEYRƏTİ

“Azadlıq”ın son sayında əzizimiz, professor Cəmil Həsənlinin Anar haqda ayrılıq gecələri qədər uzun, upuzun bir yazısı gedib. Daşıdığım vəzifəyə görə bu yazını zorən oxudum. Halbuki mən Cəmil müəllimin kitablarını aclıqda çörək kimi axtarıb tapır və oxuyuram.


Professorun Rüstəm İbrahimbəyov haqda da təxminən belə bir uzun yazısı ötən il redaksiyamıza gələndə dalağım sancmışdı. O zaman İbrahimbəyov bumunda mən də yazmışdım. Sözümün canı oydu ki, hakimiyyət rastasında bircə ziyalı var, o da Maqsud İbrahimbəyovdu. Çünki kişi diliylə demişdi ki, əl çəkin, mən ziyalı deyiləm. Rüstəm bəyin dilə gətirdiyi adidən-adi sözlərin doğurduğu dəhşət effektinin isə bir səbəbi vardı: Daş dilə gəlmişdi. Daşın dedikləri maraqlı deyildi. Danışması şok yaratmışdı. 2013-ə hesablanmış hürküsüz bahadırlıq Cəmil müəllimə də bəlliydi. Sadəcə, daşdan səs çıxmışdı. 40 il qabaq daşlaşmış oğuz bəyinin dillənməsi Cəmil müəllimi də tərpətmişdi. Bu, 40 il sonra realizə olunmuş heyrət idi. O yazının bu günlə, bu günün Rüstəmiylə, bu günün Cəmiliylə zərrəcə əlaqəsi yoxdu. Sadəcə, o gənclik heyrətini bu günün professoru, millət vəkili, azman Cəmil Həsənov yazıya almışdı, bu qədərcik.

Bu dəfəki yazı da belə doğulub. Bu səfərsə daşdan səs çıxmayıb, professor daşı dınqıldadıb ki, bəlkə diksindirib səs çıxara bilə. Səs çıxacaq. Mütləq. Ama daşdan yox! Daşlananlardan!


Cəmil müəllim özü də yazısında vurğulayır ki, bu yazını lap, lap çoxdan yazmaq istəyirmiş… İndi yazası olub.


Keşkə yazmayaydı. 40 il əvvəlki heyrəti içində xoş bir hiss kimi saxlayaydı. Və bizləri heyrətə salmayaydı.

Bu heyranlıq yazısı iki istiqamətdə qurulub. Anarın yaradıcılığı və ziyalılığı. Keşkə elə yaradıcılığıyla da yetinəydi. Lap onu Dostoyevskidən yuxarı rəfə qoyaydı. Bu məni ilgiləndirmir. Həm də yazı elə uzun alınmaz, yazıq oxucu, bir də Anara görə zorlanmazdı. O adama görə ki, “Azadlıq”ın oxucularının savaşdığı hakimiyyətin baş yazarıdı. O adama görə ki, “Azadlıq” qəzetinə nifrət eləyir, onun baş redaktoru həbs olunanda səsini çıxarmadı. Aqil Xəlil döyüləndə, bıçaqlananda bir kəlməylə olsun belə, gənc yazara dəstək olmadı. Məhz həmin ərəfədə MTN və Prokurorluq birləşib Aqilin adına qeyri ənənəvilərlə bağlılıq qarası yaxanda həmin Cəmil müəllimin bəyanatı öz sərtliyilə ən qansız sözləri yazan bizləri belə silkələdi! Təxminən belə bir ifadə: “…öz ailələrinizdə baş verən idbarlıqları camaatın adına sırımayın”. Ama Cəmil müəllimin əvəzolunmaz ziyalı kimi oxucuya təqdim elədiyi Anar bəlkə yüz il əvvəl ağzına aldığı suyu hələ də qoruyub saxlamaqdadı. İlham Əliyevin şahlığa keçməsi məsələsində də Anarın vaxtı olmadı fikrini bildirməyə. Yaxşı padşahın nağılını yazan Anar… Adam bu hekayəsinə də öz ekzistensiyasından doğan bir ad qoyub - “Yaxşı padşahın nağılı” - onunçün padşahlar həmişə yaxşıdı…
Bu ölkədə Anar, Əkrəm xalq yazıçısı, eyni anda Faiq, Aygün xalq artisti adı ala bilər. Qarşılaşdırmanın hər iki tərəfi hakimiyyətin əzizxələfidi, anladıq. Ama Cəmil müəllim də ziyalı olsun, Anar da… və bunu elə Cəmil müəllimin özü desin, deməli, qiyamət başlayır. Əziz professor, Azərbaycanımızı azad görməmiş nahaq başlatdınız qiyaməti, nahaq arzumuzu gözmüzdə qoydunuz. Allah daş yağdıracaq göydən, daş!


Biz Cəmil müəllimə həmişə inanmışıq. Mən özünü zorlamaq hesabına olsa da, bu dəfə də ona inanmaq zorundayam. Ələnib-ələnib qalan 5-10 nəfər azad söz deyə bilən qələm dostlarımı Anarı əsl ziyalı sayıb onun yoluyla getməyə çağırıram. Bunu Cəmil müəllim istəyir. Qoy hamı Anar kimi nümunəvi ziyalı olsun. Qoy hamı bundan sonra Şər önündə sussun. Bütün padşahlara biət eləsin.
Cəmil müəllim, baxın, günah bizdən getdi. Biz bu gündən Anar kimi olmağa başlayırıq. Hətta başalamışıq belə. Artıq Qan Turalı və mən Anarın əsas atributu sayılan qəlyana keçmişik. Uşaqları da yorulmadan buna həvəsləndiririk. İmkanınız varsa, bizə tənbəki yardımı eləyin. Kasıbçılıqdı. Axı biz hələ indi-indi Anar olmağa başlayırıq…


Əvvəlki məqalə: Adnan Hacızadə və Emin Millinin üzərindən həbs qətimkan tədbiri götürülmədi

Sonrakı məqalə: Azəri qızı Danimarkada qalib oldu

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4581

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin