Xaliq Bahadır: AH, ARABUL, ARABUL
TÜRKİYƏLİ HÜQUQSUZ BİR QARA QUL…
Xaliq Bahadır
ARABUL GƏRƏK BİLƏYDİ: BU HAKİMİYYƏTİN TÜRKÜ GÖRƏN GÖZÜ YOXDUR!
Avqustun 25-dən Arabulun məhkəməsi başlayıb. Özü də harda? “Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmə”də. Qabaqca bu boyda məhkəmənin adını niyə dırnaqda yazdığımı deyim. Bunu indiyədək dönə-dönə bildirsəm də, yenə bildirməyə gərək var. Kökündən yanlış olan bu hakimiyyət ən azı bu yanlışını düzəldənədək yazmaq gərəkir. “Dair” ərəbcədir, üzrə türkcə. Hər ikisi bir anlamı bildirir. Təhsil nazirliyi, Dilçilik institutu, lap elə prezident administrasiyası korrupsiyaya bulaşmış bir hakimiyyətin məhkəməsi belə anormallıqla adlanmalıdır.
Ağır Cinayət Işləri üzrə Məhkəmə, ya da Ağır Cinayətlər Məhkəməsi adlandırmaq olar. Məncə, ən yaxşısı sonuncu varinatdır. Lap yaxşısı ilkin variant olaraq bu hakimiyyətin arxivə göndərilməsi olardı. Yoxsa bu ölkədə nəsə düzələn deyil - sözsüz, bu hakimiyyət qaldıqca. Bunu indi təkcə biz yox, Allahın Arabulu da bilir.
Niyə Allahın Arabulu? Bunun da öz nədəni var. Arabul bu gün bu ölkədə Allah umuduna qalmış bir Türkiyəli qara quldur. Hüquqsuz bir qala qul!
Indi mən Arabuldan durum nə danışım. Hamınız bilirsiz: bu adam gəlişiylə Bakıya IŞIQ gətirmişdi. Sözün gerçək anlamında IŞIQ. Bildiyiniz kimi, Arabuladək Bakının işıq-elektrik sistemi darmadağın gündə idi. Arabul gəldi, xeyli pul tökəndən sonra Bakı yavaş-yavaş gerçəkdən-gerçəyə (gecələr!) işıq üzü görməyə başladı. Buna söz ola bilməz: Arabul qazanırdı da. Ancaq Arabulun başlıca qazancı qarşıda idi. Nəyə görə? O hələ daha çox pul töküb, işləri yenidən qurmalı olduğuna görə. Işlər yavaş-yavaş qurulur, Arabul da
əlini-əlinə sürtərək böyük qazanc axınının başlayacağı çağları gözləyirdi. Arabulun qazancını manatınacan sayan, gözdən qaçırmayan Oğru hakimiyyət bax elə bu yerdəcə ona “Stop!” dedi. Beləliklə, Arabulun indiki türmə-dustaqlıq bioqrafiyasının başlanğıcı qoyuldu. Oğru hakimiyyət də o boyda qazancı başqasına, üstəlik, yad oğlu yadın birisinə verərdimi?! Arabul yalnız oğru hakimiyyətin qazanc ortağı deyildi, o bir də… Türk idi!
Arabulun türklüyündən gələn böyük bir yanlışı oldu: işinin yağ kimi getdiyi çağlarda mediaya çıxıb, hakimiyyət adamlarını işıqpulu verməməklə bağlı, demək olar, birbaşa oğurluqda suçladı. Xalqı öydü, xalqa yad hakimiyyəti söydü: “xalqınız mədəni xalqdır, hakimiyyətiniz yox”. Bu, Türk ürəyiaçıqlığından doğan bir yanlış idi. Bağışlanmaz yanlış! Oğru hakimiyyətin qazancına ortaq olasan, üstəlik, onu qınayasan - olan işdimi?! Deyəcəksiz: yox. Axı, biz demokratik rejimdə yaşamırıq. Bunu hamımız hər gün görür, hər
gün bilirik. Arabul bunu görüb-bilməməyindən, ya da görüb-bilmək bacarığının olmaması üzündən türməlik oldu. Arabul gərək burasını da biləydi: bu hakimiyyətin Türkü görən gözü yoxdur!
Arabulun məhkəməsi avqustun 25-də yox, sentyabrın 2-də başlamalı idi. Necə oldu belə oldu? Öcalanlar ondan belə də öc almaq istədilər. Avqustun 25-i Arabulun ad günüdür. Indiki Əliyevçi YAP dustağı Hüseyn Arabul 1940-cı il avqustun 25-də Türkiyədə anadan olub. Elə ondaca yanlışa yol verib: Rusiyada doğulsaydı, özü də ən azı pasportuna görə bir rus olsaydı, kim idi indi onu məhkəməyə çəkən?! Onu məhkəməyə çəkiblər - özü də necə! Bütün vəsatətlərinə “yox” deməklə. Onun məhkəməsində yalnız hakimiyyətə bağlı hakimlə
prokurorun sözü keçərlidir!
Arabulun yaxşı, işıqpulu yığan çağlarında yazmışdım:
Ey Arabul, Arabul;
Öncə bizə para bul;
ondan sonra ara bul.
Indi yazıram:
Ey Arabul, Arabul;
Türkiyəli qara qul;
yamanca ilişmisən - get özünə para bul!
Ondan qazandıqlarını qoparmayınca buraxmayacaqlar. Türkiyə hökuməti yurddaşı kimi Arabula yiyə durmalı idi, durmadı. Türkiyənin hökuməti varmı? Öz hökuməti!
mənbə: 26 August, 2009, Xaliq Bahadır (Azadlıq qəzeti)
Əvvəlki məqalə: Şahvələd Çobanoğlu: QƏBƏLƏDDİN ŞƏHƏRİNDƏ PUL FESTİVALI
Sonrakı məqalə: Məlahət Ağacanqızı: TƏHSİLİN VƏ MƏKTƏB FORMASININ RƏNGİ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4566
