Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: TƏHSİLİN VƏ MƏKTƏB FORMASININ RƏNGİ

Mirzə Xəzər 29 Avq 2009

no comments

melahet2-tbn28

Məlahət Ağacanqızı

İki il əvvəl valideynlər əllərində lupa, dükanlarda məktəb forması axtarırdılar. Azərbaycan Forma və Test nazirinin qərarına əsasən hər məktəbin şagirdləri bir cıqqana rəng fərqi ilə məktəb forması geyməli idilər. Məsələn: Bir məktəb qara rəngli formada ,qonşuluqda olan məktəb tünd qara, bir az uzaqda olanlar lap tünd qara, lap uzaqda olanlar isə lap-lap tünd qara...Və ya göy, tünd göy... Xülasə, forma axtarmaqdan bezən valideynlər yeddi göy qurşağı rəngini - 7000 rəngdə görürdülər...

Bu il də məktəb forması ilə bağlı müxtəlif söz-söhbətlər yayılıb. Əsas formanın rənginin xoş olmasıdır, təhsilin rəngi cəhənnəm rəngində olsa da eyb etməz. Valideynlər həyəcanla söhbətləri ,şayiələri saf –çürük edirlər. Yeni dərs ilində övladlarına forma, məktəb ləvazimatı almaq üçün kimi danasını, kimi inəyini, kimi üzüyünü hərraca çıxaracaq. Kimin nə satmağı uşağın boyuna, çəkisinə və sayına görə olacaq. Qabaqlar uşaqların boyu, sayı artanda valideynlər oxşamalar oxuyurdular, qurban kəsirdilər. İndi isə övladlarının boyuna, kürəyinə ,ayağına baxıb ağı deyirlər. Sanki ,övladlarımız məktəbə yox, əsgərliyə, müəmmalı ölümə gedirlər...
Yeni vahid məktəbli forması ,ləvazimatları almaq üçün mən də üç qoç saxlayıram. Qoçlar müftəxor məmurlar kimi “ver yeyim, ört yatım, yoxsa mələyərəm ”dirlər. Dünyanın naz - nemətini qabaqlarına qoysam da səhərdən-axşama kimi mələyirlər. Gündə beş dəfə kəllə vurub qapının cəftəsini qırıb çevriliş etmək istəyirlər. Bağçada gül - çiçək, məndə hal qoymayıblar. Ailədə adımın “Mə” hecası ilə başlamasını qoçlar da bilir. “Məəə...” edən kimi hamı üzümə baxır. Lap bezmişəm. Ucuz başa gəlsəydi, özümə insan və heyvan dilinə yatmayan bir ad qoyardım.
Kaş, qoçlar heç olmasa bir dəfə “Miii...”mələyə idilər. Gedib yapışardım Misir müəllimin qolundan, gətirərdim düz qoçların yanına. Deyərdim ki, heç olmasa bircə gün bu “vahid forma qurbanlarına” dərs keç, onlara su, ot, yem ver, əsl zülmün və zəhmətin kefini gör. Eh, ADAMlarda Vətəni çapıb-talayanların adının baş hərfini deməyə cəsarət yoxdursa, heyvanlarda olarmı?!

Dünya-aləm yeni kəşfləri ilə şellənir, təhsil naziri isə illərdir “Məktəb forması hansı rəngdə olsun?” kəşfi üzərində vurnuxur. Elə ona görə də övladlarımız sadə misalların həllində saatlarla çapalayır. ”Təhsil Naziri gəzən ağacı, müəllimlər budaq-budaq gəzər” valideynlər sözündə böyük həqiqət var.

Üç övladı məktəbə gedən valideyn üçün hər il məktəbli forması, keyfiyyətsiz məktəb ləvazimatları, test kitablarını almağın nə demək olduğunu övladları məktəbdə oxuyanlar bilər. Qabaqlar bir qələmlə mürrəkəbi boşalınca yazmaq olurdu. İndi isə bir cümlə yazan kimi qələmin içi dolu olsa da yazmır. Görünür, qələmin ucuna bir damcı mürəkkəb qoyulur, qalanı isə qara mazutla doldurulur. Hələ corablar...Səhər uşaq ayağına geyəndə bütöv, günorta çıxardanda yarısı olmur, ayaqqabının içində əriyib mazuta dönür. Elə millət də yavaş-yavaş mazuta dönür...


Neft ölkəsiyik - mazutdan boluq. Hətta, bəzi impotentlər cuşa gəlib qara mazutu üzünə sürtüb “Dədəm-nənəm sənə qurban a neft, sayəndə kişi oldum...”deyirlər.
Kosmosa tədqiqat üçün gedən kosmonavtlar qələm ilə qeydlər edə bilməyiblər, qələmin mürəkkəbi aşağı axmayıb. Amerikanlar külli miqdarda vəsait ayırıb, təzyiqlə işləyən qələm icad ediblər .Azərbaycan Təhsil sistemi çəkisizlik şəraitində olduğu üçün qələmdən tutmuş müəllimə kimi gərək hər şey təzyiqlə işləməlidir.
Yaxşı olar ki, yeni formanın rəngi üçün amerikan alimlərinə müraciət olunsun. Biz ancaq yaxşı milli eşşək BİZləri qayıra bilirik...

Əvvəlki məqalə: Xaliq Bahadır: AH, ARABUL, ARABUL

Sonrakı məqalə: Pərviz Cəbrayıl: BAŞDAN ZORLAMA VƏ YA ZORLAMA AZADLIĞI

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4567

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin