Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Şahvələd Çobanoğlu: QƏBƏLƏDDİN ŞƏHƏRİNDƏ PUL FESTİVALI

Mirzə Xəzər 27 Avq 2009

no comments

shahveled


BƏLKƏ BUNDAN SONRA BİZİ MUSİQİLİ DİKTATURA ÖLKƏSİ
KİMİ SEVƏCƏKLƏR?

Əliyevlərin bir nömrəli kassiri, fövqəladə pullar naziri Kəmaləddin Heydərovun oylağı kimi tanınan (bizdə hər bölgəni nəzarətdə saxlayan bir vəzir var) Qəbələdə dünya piano festivalı keçirilir. Mən televizorda festival iştirakçılarının çıxışlarını dinlədim. Dərhal düzəliş verim ki, çıxışlar deyəndə musiqi ifalarını nəzərdə tutmuram, sadəcə iştirakçıların təəssüratlarını dinlədim. ABŞ-dan, Fransadan, Bolqarıstandan, Xorvatiyadan, Rusiyadan, bir sözlə dürlü-dürlü ölkələrdən bu festivala gələnlər var. Jüri üzvləri arasında da müxtəlif ölkələrin musiqiçiləri var. Tanınmış, şöhrətli, yekə adları olan adamlardır.

Bəs onlar nə deyirdilər? Hamısı festivalda yaradılan yüksək şəraitdən danışırdılar. Açıq şəkildə deyirlər ki, indiyəcən bir çox mötəbər festivalda iştirak ediblər, amma belə yüksək səviyyədə və ali qonaqpərvərliklə təşkil olunan festival görməyiblər. Hamısı da eyni sözləri dedilər. Belə çıxdı ki, bu adamlara elə qulluq edirlər ki, elə xidmət göstərirlər ki, özləri də şoka düşüblər. Yağ içində böyrək kimi saxlayırlar, krallara layiq qulluq edirlər, süd gölündə üzdürürlər. Pula pul demirlər və necə var xərcləyirlər ki, dünyanın dörd yanından gələn bu musiqi adamları festival keçirsinlər. Bir sözlə, tədbir analoqu olmayan bir şəraitdə keçir. Başqa sözlə, dütdülü bir tədbirə Azərbaycanın neft pullarını necə gəldi səpələyirlər. Həm də normalda olacağından qat-qat artıq.


Bilirəm ki, kimsə deyə bilər - bu, dünyada Azərbaycanın təbliğidir. Guya faydalıdır, lazımlıdır. Əgər faydalıdırsa, lazımlıdırsa, bu qədər yüksək bədxərclik niyə lazımdır? Məgər biz dünyanın ən varlı ölkəsiyik ki, dünyanın ən zəngin piano festivalını keçiririk?


Ikinci tərəfdən, harasına yarışır bu festivallar Azərbaycanın? Adı dünyanın qeyri-azad ölkələri arasında olan dövləti bu festival necə təbliğ edəcək? Bəlkə bundan sonra bizi musiqili diktatura ölkəsi kimi sevəcəklər?


Hələ Qəbəlini demirəm, Bakıdan baxanda bu festival taun zamanı kef eləməyə bənzəyir. Ümumiyyətlə, mədəniyyət azad olmayan bir ölkəyə nə üçün lazımdır? Qullar üçün, yoxsa ağalar üçün? Bax bu sualın cavabını tapa bilməzsiniz. Misir Mərdanovla Məleykə Abbaszadə bir-birini qırır, ölü təhsilin üstündə dava gedir. Ölkəni əsasən “iki” və “üç” alanlar idarə etdiyi kimi, ali məktəblərə də başlıca olaraq “iki” və “üç” alanlar girdilər. Keçid ballarını aşağı saldılar ki, boş yerlər dolsun. Azərbaycan təhsili qoca bir at kimi can verir. Qalmaqallı qəbul çoxdan başa çatıb, fəqət Ilham Əliyev bu haqda hələ danışmayıb. Ümumiyyətlə, bundan danışan yoxdur. Başları festival keçirməyə qarışıb. Ölkədə elm və təhsillə bağlı bircə tədbir keçirən yoxdur. Bu sahədə bir yarışma, bir olimpiada keçirilmir. Ancaq təfəkkür tələb olunmayan sahələr neft büdcəsindən pay ala bilir.


Budur, azərbaycanlı bir ifaçı da festivalın finalına vəsiqə qazanıb. Soyadı Hüseynlidir. Yəqin ki, onun uğurunu Azərbaycanda inkişafın yüksək göstəricilərindən biri kimi təbliğ edəcəklər. Gənc ifaçının hörməti də birə-on artacaq. Bəla orasındadır ki, bu ölkəyə uğur gətirən bircə professor Hüseynli yoxdur. Daha ağır bəla ondadır ki, professor Hüseynova musiqiçi Hüseynov qədər hörmət qoyulmur. Elm adamı bu ölkədə yamaq kimi görünür. Elə bil, Azərbaycanın yaxasına elm adamlarını şit bir rəngdə olan sapla yamayıblar ki, onlar da gözə çarpsın.

Bəla bununla bitirmir. Dünyada yüksək piano ifaçısı olan bir kəs bu ölkədə yaşaya bilərmi? Yaşaya bilsə də, yaşamaz. Onun nəyinə lazımdır yaltaqlanmaqla, qorxu-ürkü ilə pul qazanmaq? Yüz qat artığını dünyanın azad ölkələrində ləyaqətlə və daha rahat qazanmaq mümkündürsə, burada kim qalar?!

Faciəli piano xəbəri

Bu günlərdə Italiyanın sahil qoruyucuları qanunsuz olaraq beş nəfər immiqrantı daşıyan qayıq aşkar edib. Qayıqdakılar deyiblər ki, mənzil başına çatana qədər yolda 73 nəfər ölüb. Insanlar artıq doğma ölkəsindən qurtulmaq və normal ölkədə yaşamaq üçün özlərini ölümün ağzına atmaqdan çəkinmirlər. Maraqlıdır ki, qayığa minənlər arasında bir nəfər istedadlı, gələcəkdə dahi piano ifaçısı ola biləcək bir gənc də varmış.

Əvvəlki məqalə: Zamin Hacı: “MİLLƏT QARPIZI”, YAXUD VƏTƏN SEVGİSİ NEÇƏ KONTURA BƏRABƏRDİR

Sonrakı məqalə: Xaliq Bahadır: AH, ARABUL, ARABUL

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4565

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin