Məlahət Ağacanqızı: “ARZUYA BAX, SEVGİLİM...”
Məlahət Ağacanqızı
Ekstrasens Zirəddin Rzayev pərəstişkarlarını hər dəfə müsahibəsinin barmağına dolayıb məzələnir. Oxuduğum son müsahibəsində guya uzaqgörənlik edib və 2012- ci ilin hadisələrinin proqnozunu verib :” Azərbaycanda terror baş verəcək, müəmmalı ölüm olacaq”. Axı, burda “yeni xəbər” sayılan heç nə yoxdur. Azərbaycanda gündə terror baş verir ,müəmmalı ölüm olur. Bunu nəinki ekstrasens diplomu olmayan insanlar, hətta ,heyvanlar da bilir. Ona görə də göydəki quşlar ,meşədəki heyvanlar çamadanlarını
tez-tələsik hazırlayıb odlar yurdunu tərk edirlər. Bəziləri o qədər həyəcanlanıb ki, diş fırçasını da uçuş vaxtı itirib. Dəlil- sübut var. O gün bağçadan bir diş fırçası tapdım, üstündə “Əziz Durnaya bir qıçı üstündə 24 saat dayandığına görə” yazılmışdı.
Yəqin, komandirin verdiyi cəzanı şərəflə başa vuran durnaya ,yumoru sevən dostu həmin diş fırçasını bağışlayıb. Bəxtəvər durna! 24 ildi “komandirim” tərəfindən bir barmağım üstə dayanıram ,amma dostlar qarşıma qərənfil qoyur. Hətta yumoru sevən dostlardan biri əzabımın 25 illiyinə əklil gətirmişdi. Əklilin üstündəki qara lentə “Həyat gözəldir, diril!” yazılmışdı.
Yaxşı olar ki, Misir Mərdanovun qarşısına tələbə və şagirdlər, Səfər Əbiyevin qarşısına valideyn və əsgərlər əklillər qoysunlar. Əklildəki qara lentin üstünə isə yazsınlar: ” Bomba kreslo !”. Bəlkəm onda bəzi vəzifəsevərlər həyəcanlanıb kreslolar zonasını tərk etsinlər.
İnsanların çoxu ümidini Allaha bağlayıb, üzünü göyə tutub Allahı axtarır. Onlara elə gəlir ki, YER evimizdən Allahı görməslər də, GÖY evindən Allah hamını görür. Əlbəttə görür! Tanrı Azərbaycanda özünü ALLAH elan edənlərin “bəndəlikdən çıxma” əmrini çoxdan versə də heç kəsin vecinə deyil. Onlar artıq Şeytanın rəsmi qullarıdırlar(uzun müddət idi ştatdankənar işləyirdilər).
Elə ona görə də məmləkətmizdə möhürünün arxası da, qabağı da vuran prezidentlər bolluğu yaranıb. Kiçik bir şirkət yaradıb, möhürü əllərinə alıb fərmanlar verənlərin şüarı “Prezident bol olarsa basılmaz Vətən !”dən ibarətrdir .
Kim bilir, bəlkə göydə də elə yerdəki vəziyyətdir, yəni orda da Allahlar bolluğu yaranıb. Əsl Allah kainatdan qeyb olub. Və Allah olmaq uğrunda göydə də savaşlar gedir ,xəbərimiz yoxdur. Elə olmasaydı ,YERdə bu dərəcədə haqsızlıq hökm sürməzdi. Elə olmasaydı insanlar göydəki Allahın əcəli ilə ölərdilər, daha “yer allahlarının ” əmri ,hökmü, səriştəsizliyi ucbatından yox.
Azərbaycan diyarında məğlub ORDUya sahib olmaq üçün davalar başlayıb. Qaydalar uşaq vaxtı qardaşlarımla oynadığım “dava-dava” oyununa bənzəyir. Evdəki səliqəni pozurduq, həyəti dağıdırdıq, əlimizə keçəni sındırırdıq, ağaclardakı mer-meyvəni kal-kal talan edib qonşu uşaqlara paylayırdıq. Yazıq anam isə hər yeri səliqəyə salıb ürək ağrısı ilə soruşurdu :”Ay heyvanlar, bu davalarınız nə vaxt bitəcək? Axı, mən insanam, yoruluram...”.
O dəyərli sözlərin mənasını indi anlayıram .
Heyvan kimi hər yeri vurub dağıdan uşaqların ANAsı olmaq da zordur, bəndə cildinə girən heyvanların ALLAHı olmaq da zülmdür.
Bizim millət sıfırdan başlamağı çox sevir. Qudurmuş məmurlar balaca bir komanı dağıdırlar ,gedib zibillikdə, bataqlıqda gözəl bir ev tikirik, qabağında gül –çiçəkdən bağça salırıq. Evi dağıtsalar imarət, imarəti dağıtsalar başı buludlara dəyən saray tikməkdə peşəkar olmuşuq. Düzdür, bəziləri ayağını üç dəfə yerə vuran kimi bərq vuran sarayı hazır olur. Amma elə sarayları ayağı bir dəfə yerə vurmaqla dağıtmaq da olur...
Başqa planetlərlərdən bizə nəzarət edənlərin heyrətdən ağzı açıq qalıb. Onlar qərara alıblar ki, ən xaraba planetə abadlaşdırma işləri üçün Azərbaycan vətəndaşlarından bir “tarelka” aparsınlar. Vətəndaşlarımızı uçan boşqablara doldurub XARABA planetə aparanda Amerika, Rusiya, İran, ən çox da Ermənistan siyasətçiləri paxıllıqdan şalvarlarının arxası cırılınca yerdə qovurulacaqlar...
Çox maraqlıdır, XARABA planetə uçan zəhmətkeş, xarabadüzəldən sənətkarlarımız YER kürəsindəki qohum –qardaşlarına necə əl uzada biləcəklər?! Ah, kaş onlar “uçan tarelkanı” idarə etməyi öyrənəydilər.Və YERdən bezənləri ölməmişdən GÖYə aparaydılar...
Əvvəlki məqalə: Kazım Kazımlı: Bığ
Sonrakı məqalə: Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek Novruzəli Məmmədovla və onun ailəsiylə görüşmüşdir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4500

Heyvan kimi hər yeri vurub dağıdan uşaqların ANAsı olmaq da zordur, bəndə cildinə girən heyvanların ALLAHı olmaq da zülmdür – Dəqiq, qərəzsiz, vicdanlı :) Başqa sözə ehtiyac yoxdur.
Zülm odu ki, Misir Mərdanovun naziri olduğu təhsil sistemində uşaq oxutdurasan…