Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Kazım Kazımlı: Bığ

Mirzə Xəzər 10 Avq 2009

no comments

zindan

 

Kazım Kazımlı təcrübəli, peşəkar jurnalistdir. SSRİ Jurnalistlər ittifaqının üzvü olub. Uzun illər "Azadlıq" radiosunun bölgə müxbiri işləyib.

_________________________________________________________________________________________________

 

 

Kazım Kazımlı: Bığ



Murtuzun çayxanası adamların gur olduğu yerdə idi. Avtovoğzalın iki addımlığında, bazar yolunun üstündə yerləşirdi. Kəndlərdən rayon mərkəzinə hansısa sənəd dalınca və ya bazara,alış-verişə gələnlər mütləq buradan keçirdilər. Və mütləq də çayxanaya girib bir çaynik çay içdikdikdən, yarım saatmı bir saatmı oradan-buradan söhbət etdikdən sonra avtobusa minib geriyə-kəndlərinə üz tuturdular.Torpaq adamları üçün bura adicə çayxana deyildi – ünsüyyət yeri,məlumat mənməyi, bozumtul, yeknəsək-boğucu həyatlarına azacıq təmiz hava gətirən kiçicik pəncərə idi. İşləməkdən belləri əyilmiş, bir dəri bir sümük olan bu insanlar burada bir anlığa da olsa rahatlıq tapırdılar. Uca səslə çay sifariş edəndə və dısa saçlı, gödək tumanlı xidmətçi qadın şişman arxasını yelləyə-yelləyə onların stoluna stəkan nəlbəki gətirəndə elə bil özgə dünyaya düşürdülər. Çay içə-içə hərə gördüyündən, eşitdiyindən, bildiyindən, yaşadığı kənddə baş verən son hadisədən danışırdı. Özü də söylədiklərinə başardığı kimi şərh verə-verə. Digər müştərilər də iznsiz filansız söhbətə qoşulurdular. Söhbət nədən başlasa da bir qayda olaraq fırlanıb dolanışığın üstünə gəlib çıxırdı.Qiymətlərin bahalığı, güzaranın ağırlığı gileyi ilə bitirdi.

Çayxananın binası keçmişdə “raypo” adl ilə tanınan istehlakçılar cəmiyyətinə məxsus idi və parça mağazası kimi tanınırdı. Sovet hökuməti dağıldıqdan sonra bir müddət bağlı qaldı. Həmən vaxtlar Murtuz bilmirdi ailəsini necə dolandırsın. Çilingər işlədiyi zavod artıq bir il idi ki bağlanmışdı. Başladı qutab bişirib satmağa . Qəssablardan ucuz qiymətə mal-qara qarını alırdı, arvadı evdə səhərə qədər onu təmizləyib bişirirdi. Səhər alatoranlıqda Murtuz isti qutabları təmiz mələfəyə büküb, çuğun vedrədə aparırdi bazar yolunda-həmən bu parça mağazasının qarşısında satmağa. Əvvəl işləri o qədər də yaxşı getmirdi.Sonradan müştəri yığa bildi.Bir gün tanışlardan kimsə ona dedi ki bəs, yağışın günün altında dayanmaqdansa elə bu mağazadan müvəqqəti istifadə etsin. Təklif “raypo”-nun sədrinin ürəyindən oldu. Şərtə görə Murtuz mağazanı qorumalı,onun sökülüb dağıdılmasına imkan verməməliydi.Get-gedə müştərilərə çay da verilməyə başladı və köhnə parça mağazası tədricən indiki çayxanaya çevrildi. Rayponun sədri də şərtə dəyişiklik etdi- hər ay yüz manatını alırdı. Sənədsiz filansız. Guya icarə haqqıydı bu. Tikili köhnə olduğu üçün daim qulluq, diqqət tələb edirdi.Murtuz da çürüyəni dəyişir, çatlayanı qopanı suvayır, hamar-tumar verib üstündən rəngi çəkirdi- qoymurdu görkəmi itsin. Müştərilərin oturduğu zal, mətbəx təmtəraqlı bəzədilməsə də sadə, səliqəli və təmiz idi. Divarlar, tavan ildə iki dəfə ağardılır, döşəməyə isə mütləq bir dəfə boya çəkilirdi. Zalın pəncərə olmayan divarındakı şəkildən savayı daha heç yerdə artıq bir şey gözə dəymirdi. Doğrudur bu şəklə görə bir-iki dəfə söz-söhbət olmuşdu. Müştərilərdən bəziləri onu qoparıb atmaq istəmişdi ki bəs, “gözümüz döyənək olub buna baxmaqdan, qoyun heç olmasa burada rahatlanaq”. Murtuz yalvarmışdı, qoymamışdı cırsınlar. “Öz xoşumla asmamışam onu buradan”,-deyirdi. Oturacaqlara gəlincə isə onların möhkəmliyinə söz ola bilməzdi- Murtuz stol və stulları hansısa məktəbin direktorundan ucuz qiymətə almışdı. Onlar demək olar ki təzə idilər. Zalı küncdə- stolların birinin üstünə qoyulmuş “başıbəlalı” televizor tamamlayırdı.”Başıbəlalı” adı nahaqdan verilməmişdi ona. Çayxanada neçə dəfə dava-dalaşa, qalmaqala baiskar olmuşdu. Bu dəfəki, Dumanlı kəndindən olan Əhmədin xətaya düşməsi kimi.


Əhməd rayona sosial təminat şöbəsinə gəlmişdi. Yardım pulu almaq üçün sənəd düzəltdirmək istəyirdi.Kənddə əksəriyyət belə etmişdi. Dövlət ötən ildən yoxsul ailələrə muavinat verirdi.Təminat şöbəsində ona dedilər ki yardım altı ay verilir və bu altı ayın üç ayının pullarını Əhməd gərək hörmət kimi şirinlik kimi onlara versin. Əhməd buradakı qaydanı bilirdi- qonşusu demişdi. Razılıq əlaməti olaraq dinmədi. Amma “Seyid” adıyla çağrılan müfəttiş daha bir tələb ortaya qoydu- həmən bu üç ayın pulu bəri başdan, əvvəlcədən verilməlidir. Səbəbini də belə izah etdi ki, əvvəllər yardım pulları cədvələ qol çəkməklə əldən ələ paylanılırdı və onda istənilən ayların pulunu saxlamaq olurdu. İndi ödəniş kartla aparılır. Adamlarsa gətirib hörmətlərini etmirlər. Əhməd and-aman elədi ki evdə bir qəpiyi yoxdur, birinci üç ayın pulunu alcaq gətirib verəcək onlara. Çox çənə-boğaz oldular.Müfəttiş yola gəlmədi ki gəlmədi və Əhmədi qonşu otağa- “Müəllim” deyə müraciət olunan digər birisinin yanına göndərdi.”Müəllim” yalvarışı eşitmək belə istəmirdi.Buzlu baxışlarını Əhmıdin sifətində saxlayıb “əvvəlcədən ver” sözünü təkrarlayırdı. Gözlədiyi cavabı almadığından nəhayət özündən çıxdı, “Vaxtımı alma, xoş getdin” sözləriylə onu otağından çıxardı. Əhməd məyus-məyus dəhlizdə bir az var-gəl elədi. Dilxor olmuşdu. Gözünü bu yardım puluna dikmişdi o da belə. Qayıdıb evdəkilərə nə deyəcəkdi. Qişı necə çıxaracaqiydi ailəsi. Yeddi baş külfəti səksən yaşlı anasının pensiyasıyla sürünürdü. Ötən ilki taxılı damda bit-birə, qurd-quş basmışdı.Alıcı yox idi. Pay torpaqlarını da bu il əkə bilmədi. Payızda su olmamışdı. Arxlar neçə il idi ki qazılmırdı. Bir-iki baş mal-qarası var idi,o da oğlanları əsgərlikdə olanda əldən çıxmışdı.Satıb pulunu komandirlərə vermişdi ki uşaqları həbsxanaya düşməsin. Nədənsə hər üçü xidmətin axırında, evə gələnə yaxın şuluqluq salmıçdılar. Baxmayaraq üçü də ayrı vaxtlarda, ayrı yerlərdə və ön mövqelərdə,səngərdə əsgərliklərini çəkmişdilər. Doğrudur oğlanları and-aman edirdilər ki onlar qanun filanı pozmamışdılar və bütün bunlar valideynlərdən pul qoparmaq istəyən komandirlərin quramasıydı. Əhməd onlara təsəlli verir, bəladan belə qurtulduqlrına görə tanrıya şükür etmələrini tapşırırdı və misal kimi qonşunun oğlunun başına gətirilənləri göstərirdi. Qonşunun da oğlunu əsgərlikdə cinayətdə günahlandırmışdılar.Amma valideynləri yuxarılara şikayət edib bu işi araşdırmağı tələb etdilər.Nəticəsi o oldu ki uşağa beş il iş verdilər, qonşu da var-yoxunu həbsxananın yollarında tökdü.Üstəlik oğlanları da vərəmə tulub gəldi və o vaxtdan qaxac kimi ayaq üstə günü-gündən quruyur, pulları da yoxdu müalicə etdirələr.


Əhmədin evdə satılası bir şeyi yox idi ki satıb ailəni birtəhər yaza çıxara. Borc götürüləsi güman gələn yer də görünmürdü. Qohum-qonşu yoxsulluqdan batırdı.Bu yardım pulu kara gələrdi. Heç olmasa üç ay əldən tutardı. Yaza- göy-göyərti, mer-meyvə çıxana qədər. Bütün bunları fikirləşdikcə ürəyi sıxılırdı Əhmədin. Axırıncı ümüd yeri idi bura, əliboş çıxmaq istəmirdi buradan. Müdürün yanına girməyi qərara aldı. Düşündü rəhbər rəhbərdir. Buradakılardan daha ağıllıdır ki onu müdür təyin ediblər. Deyilənlərə görə özüdə “hacı”dır. Yəqin allah adamıdır. Əyər vəziyyətini desə onu başa düşəcək, güzəşt edəcək.Bəlkə də heç bu rüşvət məsələsindən xəbəri yoxdur. Müdür sənədləri alıb baxdı, sonra bayaqkı müfəttişlərə zəng vurub onlarla danışdı və Əhmədə dedi ki getsin bayaqkının-Seyidin yanını və onun dediyini yerinə yetirsin. Əhməd başladı xahiş-minnətə ki” vallah, billah yoxumdu, atamın goru haqqı birinci, ikinci, üçüncü ayin pullarını alan kimi qəpiyinə qədər hamısını gətirib qoyacağam ovcunuza. Hacı razılaşmadı ki razılaşmadı. Əhməd daha əsəblərini cilovlaya bilmədi. Başladı ki “bu pul atanızın deyil, onu hökumət ayırıb bizikimilərə, nə üçün üç ayıni sizə verməliyəm, sizdən yuxarılara şikayət edəcəyəm” və sair və ilaxır bu kimi sözlərlə ucadan deyinməyə. Müdür əhvalını pozmadan səbrlə qarşı tərəf susana qədər öz növbəsini gözlədi. Sonra Əhmədə dedi ki müdür vəzifəsini ona qara gözlərinə görə verməyiblər və oturduğu kürsünü qorumaq üçün hər ay gərək yüxarılara rüşvət göndərə və o ki üç ayın pulu tutulur ha, onun iki ayının pulu yuxarılara verilir. Belə açıq söhbət Əhmədi bir tərəfdən çaşdırdı digər tərfdən hirsini daha da artırdı. Axı ona belə səmimi etiraf yox güzəşt lazım idi. Hacı isə işçilərinin tələbini müdafiə etməkdə idi. İş o yerə çatdı ki aşağıda giriş qapısında dayanan növbətçi polis gəldi, Əhmədin qolundan tutub idarədən çölə çıxardı. Əhməd baş verənlərdən sarsılmışdı.Yavaş-yavaş pilləkənləri düşdü, aşağıda-idarənin qarşısındakı şam ağacına əlini dayadı. Ürəyi sancırdı. Bilmirdi özünə necə toxtaqlıq versin. Çıxarıb siqaret yandırdı. Bir az toxtayıb özünə gəldi, ayaqlarını sürüyə-sürüyə yollandı Murtuzun çayxanaslna. Ümüd edirdi ki orada tanış- bilişdən kiməsə rast gələr, dərdləşər, təsəlli eşidər, yüngüllük tapar, heç olmasa fikri dağılar.Sonra da qutabla aclığını yatırar, bir-iki stəkan çay içər. Ona qədər də avtobusun yola düşmə vaxtı çatar. Daha nə etmək bəxt- tale belə imiş.

Çayxanada adam əlindən tərpənmək olmurdu. Yalnız küncdəki stollardan birinin arxasında boş yer var idi-elə bil onun üçün saxlamışdılar. Qutab, çay gətirilməsini tapşırdıqdqn sonra zala ötəri nəzər saldı- tanışlardan bir kimsə görünmürdü.Çoxları üzünü televizora çevirib, həftədə bir dəfə- bazar günü axşam göstərilən “Aktual problem” adlı verlişin təkrarına baxırdı. Mövzu bığ haqqındaydı.Ekspert rolunda müxtəlif sahənin adamları çıxış edirdilər. Aparıcı hər dəfə söz verəndə onları tamtəraqla təqdim edirdi-“akademiynın həqiqi üzvü,filan mükafatin laureatı, xalqın fəxri”, “milli məclisin üxvü, filoloq- politoloq- professor, xalq şairi”, “partiyanın şura üzvü, filan fondun prezidenti, xalq yazıçısı”.... Akademik iddia edirdi ki kişinin sifəti təmiz olsa yaxşıdır, çünki – “oğlan uşaqları doğulanda sifətlərində tük olmur.Əyər lazım olsaydı allahtəala hökm edərdi onlar saqqallı bığlı dünyaya gələrdilər”, amma “ tanrı bizim şıltaqlığımızı da nəzərə alıb və elə buna görə də qurbanolduğum hamımızı fail-muxtar yaradıb, deyib gedin, kim istəyir saqqalı dizə qədər buraxsın, kim istəyir bığı eşib qulağının dibinə uzatsın, kim də istəyir sifətini hər gün ülgüclə qaşıyıb əl içi kimi etsin”. Millət vəkilinin fikrincə bığ saxlamaq yekə burunlu insanlara, saqqal isə buxaqı olmayanlara icazə verilməlidir, eyiblərini gizlədə bilsinlər və yalnız bir şərtlə - həmən vətəndaşlar buna görə vergi ödəsinlər.Xalq elçisi hansisa rus çarının öz əyanlarından saqqal vergisi tutmasını da xatırladırdı.Partiya təmsilçisinin isə bircə fikri var idi və onu da təkrarlayırdı ki, bəs “gəlin özbaşnalıq etməyək, nankor olmayaq, kimin çörəyini yediyimizi unutmayaq, axı dövlətimizin, xalqımızın rəhbəri var, yiyəsi var.Qərarı da yiyə verməlidir- bığ, saqqal saxlamaq olar ya olmaz”.
Televizora baxanlar gulməli bir səhnəcik, dodaqqaçdı gözləyirdilər.Veriliş isə eyni qaydada davam edirdi. Kimsə kanalı dəyişmək istədi.Yerbəyerdən dilləndilər ki “əl vurma elə yaxşısı budur, başqalarında gundə göstərdikləridir”.
Əhməd başına gələnləri kiməsə danışmaq, gileylənmək istəyirdi ki sinəsindəki küt sızıltı səyrisin.Elə bil bayaqdan kimsə yapışmışdı onun ürəyindən,ovcunda sıxırdı və barmaqlarını açmaq fikri yox idi. İstədi yanında oturanı söhbətə çəksin gördü həmtayı deyil çox cavandı.”Bu məni nə başa düşəcək, nə həyat görüb ki”-köks ötürdü. Stolun arxasındakı digər iki nəfər biri-biriylə astadan Rusiyaya, Ukraynaya çörək dalıyca gedib getməməkdən danışırdılar.

Birdən qonşu stoldan üzü və başı ülgüclə qırxılmış yumrusifət kişi Əhmədə sarı baxıb:
-Bilmirəm bığı nəyə görə saxlayırlar?...-soruşdu.
Əhməd sualdan diksinən kimi oldu. Bilmədi ondan soruşur yoxsa elə belə - hamıya və heç kimə ünvanlanırdı bu sual.
Dazbaş gözünü zilləmişdi Əhmədin bığlarına:
-Uzaqdan gələndə elə bilirsən ağzında siçan tutub.
Yaxın stoldakılar gülüşdülər. Zarafat şit idi. Çoxları elə bildi dazbaşla Əhməd köhnə tanışlardı, dilxoşluq edirlər.
-Əşşi bu da bir vərdişdi dəə...-Əhməd atmacanı özündən kənarlaşdırmaq istədi.
-Necə yəni vərdişdi? Vərdiş təsbeh çevirməkdir, saqqız çeynəməkdi, siqaret çəkməkdi, hara gəldi tüpürməkdi. Yoxsa burnunun altında bir sıxma tükü saxla ki vərdişdi?-dazbaş qızışırdı.
Mövzu Əhməd üçün maraqsız idi. Amma dazbaş açıq aydın onu söhbətə çəkirdi və susub əhəmiyyət verməmək mümkün deyildi.Bir də ki Əhmədin şələ bığları var idi.Doğrudur heç bığ saxlamağın həvəskarı da deyildi və bir neçə dəfə istəmişdi qırxıb ata. Arvadı qoymamışdı ki “ya üzünü iki-üç gündən bir ülgüclə təmiz qırx, ya da bığa dəymə”.İş burasındaydı ki Əhməd üzünü, başını iki-üç aydan bir özü də əl maşınıyla qırxırdı.” Bir manatı dəlləyə verincə bir kilo qənd alaram külfət dörd-beş gün çay içər”-deyirdi. Əl maşını isə tükü dibdən götürmürdü. Üzü həmişə tüklü olurdu. Arvadı dedi ki belə mollaya oxşayır üzündən kasavadlıq yağır. Allah xatirinə, bunun düşər-düşməzi olar.Bığına dəyməsin, heç olmasa sifətinə bir az görkəm verər. Əhməd də qulaq asmışdı ona. Bığ da ildən ilə qalınlaşıb lopalaşmışdı.



-Maneçiliyi yoxdur ki qoy durub dursun,- Əhməd sohbəti bitirmək niyyəti ilə mövzunun əhəmiyyətsizliyini dilə gətirdi.
-Var,necə yoxdur.Bir şey yeyəndə, bir şey içəndə tükə bulanır. Murdarçılıq, antisanitariya deyilmi bu?
-Yanını başını qayçılasan, sıliqə versən dovğanı qaşıqsız , boşqabdan da içsən bığ bulanmaz,-dedi.
Dazbaş əl çəkmirdi:
-Bilmirəm nə görüblər qıl-qıpda. Elə bil təmiz olsalar başları ağrıyar.Axı kimə lazımdı bu bığ?-sualına özü də cavab verdi,- Qoltuq bitinə. Qoltuq biti üçün yelləncik, trampilindi ,vəssalam. Elə deyil məyər?- Əhməddən cavab istədi.
Əhməd “lənət şeytana” dedi.”Bu yaramaz məni davaya çəkir” hirsini boğmağa çalışdı.Ətraf stoldakılar da daha gülüşmürdülər- qaradinməz qaşqabaqlı baxışlarını o yan bu yana yayındırırdılar. Murtuz dazbaşın arxasından Əhmədə işarə edirdi ki “a kişi bu polisin şər atanıdır, işverənidir. Danışma, sus əl çəksin səndən”.
Dazbaş cavab ala bilmədiyindən səsini bir az da ucaltdı:
-Belə gədalıq olar? Belə mədəniyyətsizlik olar? Özlərini gah pişiyə oxşadırlar gah keçiyə,gah şimpanzeyə. Heyvanata bənzəməkdən elə bil həzz alırlar...
Səbr cilovunu Əhməd daha dartıb saxlaya bilmirdi.Qəzəbdən ağzı qurumağa başlamışdı. Fikirləşirdi ki “Bu yaramazdan necə qurtulum, nə istəyir axı məndən? Bəlkə qəti, qısa cavab gözləyir məndən, eşitcək susub üzünü çevirəcək o biri yana”.
-Kişinin bığı olar- dedi.
Dazbaşa elə bu lazım imiş. Kinayə ilə soruşdu:
-Sözündən belə çıxır ki biz kişi deyilik? Arvadıq?- ardınca keçdi hədə-qorxuya,- Sözü deyəndə gərək ağzında bişirib çıxarasan. Yoxsa qaytarıb adama bircə- bircə yedizdirərlər.
Əhməd yerindən necə sıçradı, necə özünü qonşu stola atdı bilmədə. Onda gördü ki ikiəlli yapışıb dazbaşın boğazından onu boğur. Hadisə ani baş versə də ətraf stolda oturanlar tez araya girdilər, sallaşdılar Əhmədin qollarından ki dazbaşın boğazını buraxsın. Aşan stol və stulların, sınan çaynikin, stəkan-nəlbəkinin səsi, hay-küy çayxananı bürüdü. Dazbaş çırpınıb xilas olmağa çalışır, xırıltıyla bağırırdı:
-Qoymayın..., xilas edin.., öldürür..
Elə bu dəm bir dəstə polis içəri doluşdu; sanki pusqudaymışlar. Əhmədi qamarlayıb, əllərini arxaya burdular,sürüyüb basdılar maşınlarına. Dazbaşı da yanlarına oturdub hər ikisini apardılar polis şöbəsinə.
Növbətci otağında Əhmədin qayışını, güc-bəla ilə yığıb topladığı arayışları və bir də cibindəki iki kağız manatla otuz qəpiyi alıb qoydular böyürdəki stolun siyirməsinə, özünü də də saldılar digər tutulanların yanına. Kamera adlanan bu otaq adamla doıu idi. Darısqallığa görə buradıkılar növbə ilə dincəlirdilər- bir qismi oturanda digərləri ayaq üstə dayanmalı olurdu. Əhməd ayaq üstə duranların arasına sıxlaşdı. Bir saat keçmıdi ki serjant qapını açıb onu çölə çağırdı və arxasına salıb boş bir otağa gətirdi. İçəridəki ağ xalatlı adam onu gözləyirmiş, yerə oturmağı göstəriş verdi. Əhməd duruxdu, oturmaq istəmədi. Serjant çımxırdı üstünə. Əhməd qoxa-qorxa əyilib beton döşəmədə bardaş qurdu. Ağ xalatlı üz-gözünü turşutdu ki bəs bu cürə yox. Əhmədi təlaş bürüdü. “ Qorxma mən dəlləyəm, üz- başını qırxacağam. Kamerada- aranızda bit-birəylə,parazitlərlə yoluxma yayılma olmaması üçün”,- ağ xalatlı onu sakitləşdirdi və izah etdi ki radikulitdən əziyyət çəkir, ağrıdan belini əyə bilmir, polislər də stul vermirlər ki birdən parazitlər stul vasitəsilə yayılar onların otaqlarına, şöbəni alar ağzına. Odur ki Əhməd gərək cömbəlmə otursun, ayaqyolunda oturan kimi”. Əhməd özünə gəldi. Qıçlarını əyib deyilən vəziyyətdə dayandı. Dəllək əldən cəld idi . Onca dəqiqə çəkmədi Əhmədin başını, üzünü ülgüclə tərtəmiz qırxdı. Doğrudur bığa çatanda Əhməd burcuxdu, istədi qoymasın. Serjant o yandan gözlərini ağartdı ki rəisin əmri var - sifətdə, başda bir şey qalmamalıdır.”Oldun cavan oğlan”,-dəllək öz işini təriflədi.-“Arxadan baxanda çiyindən yuxarı elə bil qonça göbələyisən, təzə-tər, hamar-tumarlı”.Təkcə polisin dodağı qaçdı.
Sonra serjant Əhmədə döşəmədən tükü silib süpürtdürdü, həyətdəki zibil qutusuna atdırdı və yenidən apardı saldı həmən kameraya.
Axşama qədər Əhmədi arayıb soruşan olmadı. Yalnız qaş qaralanda növbətçi zabit gəlib onu ikinci mərtəbədəki kiçik bir otağa apardı. İçəridən digər bir otağa açılan qapının üstündə “rəis” sözü yazılmışdı.
Qəbul otağında çox gözləmədilər. Katibə rəisin yanına girdi. Bir dəqiqə keçməmiş geriyə qayıtdı.”Keçin”,-dedi. Növbətçi zabit Əhmədi içəriyə itələdi.
Rəis qarayanız, donqaburun sallaqbuxaq kök bir adam idi. Böyük bir masanın arxasındakı yekə kreslonun qucağında yayxınıb pəncərədən bayıra baxırdı. Zabit şax dayanıb Əhmədin haradan, hansı vəziyyətdə tutub gətirildiyini bildirdi. Rəis deyilənləri gözünü pəncərədən çəkmədən dinlədi. Eyni təmkilə kreslo ilə birgə fırlanıb üzünü çevirdi içəridəkilərə.
-Həə..!?- xırıltılı, boğuq səslə Əhmədə nərildədi,-Pullaşmısan?!... Qudurmusan?!...
Hər iki polis bığsız olduğu üçün Əhməd izahını bığsızların müdafiəsi ilə başlamaq istədi:
-Yoldaş rəis, mən, bığ...
-Kəndindəki qoduqlardı sənin yoldaşın!...-rəis acıqla çımxırdı.
Növbətçi zabit böyrünü dümsüklədi ki “cənab” deyə muracit elə”.
Əhməd təzədən başladı:
-Cənab rəis mən bığsızı bığlıdan heç vaxt üstün tutmamışam. Bığı olana da hörmət edirəm bığı olmayana da. Çünki bığ saxlayan da bığ saxlamayan da vətəndaşdı. And olsun heç bığ barədə ağzımı açmadım. Dedi bığ nəyə gərəkdi. Bığın belə ziyanı var,bığın elə ziyanı var. Guya bığ zir-zibillik kimi bir şeydi. Amma düşünmək çətin deyildi ki bığı da bığ kimi saxlasan bığsızın yanında bığlı kifir görsənməz. Yox əyər bığı bığlılıq...
-Nə bığ!...Hansı bığ!..Mumla!...-rəis çığırdı,- Məni dolayırsan yaramaz!..
Növbətçi zabit yenə Əhmədin böyrünü dümsüklədi ki dərdini dısa və aydın desin. Əhməd udqundu, yenidən başladı:
-Cənab rəis, mən, buğ...
-Yenə buğ?!..-rəis yerindən dik qalxdı.-Haradan gətirmisiz bu başdan saqqatı?!..-qəzəblə nərildədi.-Hansı kənddənsən?!... İcra nümayəndəsi kimdi?!...
Əhməd kəndini və icra nümayəndəsinin kimliyini dedi. Rəis harasa zəng etdi, Əhməd adlı birisinin polis şöbəsinə gətirildiyini bildirdi. Xəttin o biri başındakı nə dedisə üzünü turşudub dəstəyi qoydu yerinə. Ağzına murdar bir şey düşmüş kimi ikrahla tüpürdü.
-Bu ac-yalavac sərsəmi şöbəyə niyə gətirmisiniz?..-növbətçi polisə acıqlandı.-Rədd edin buradan!.. İtilsin xarabasına!..
Növbətçi otağında Əhmədin qayışını və kağız-kuğuzlarını qaytardılar. Pula gəlincə, adıni çəkcək polislər istehza ilə bildirdilər ki bəs dəllək onun başını havayı qırxmadı.Əhməd susub polis şöbəsindən çıxdı. Elə bil ilan ağzından qurtulmuşdu-yeyin addımlarla oradan tez uzaqlaşmağa çalışırdı. Bir də ki tələsmək lazımıydı, kəndə piyada gedəcək idi- hava qaralandan sonra maşın filan olmur. Evdə də bir qəpik yox ki taksi tuta, mənzil başına çatanda pulunu verib geriyə yola sala.Yol maşını düşməsə yəqin səhərə ancaq evə gedib çıxa. Yeridikcə bədəni qızışırdı. Təkcə sifəti, başı üşüyürdü;evdən çıxanda papaq qoymadığına peşman olmuşdu.
Bir də ki acından ürəyi sıyrılırdı. Çayxanada dazbaş yaramaza görə qutab o yana bir stəkan çay belə içə bilməmişdi.
Əhməd addımladıqca bu günkü başına gələnləri beynində götür-qoy edirdi. Fikirlşirdi ki evdəkilərə nə deyəcək, sifətinin, başının ülgüclə harada qırxılmasını arvad-uşaqdan necə gizlədəcək...


Əvvəlki məqalə: «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğluna hərbi xidmətdən yayınmaq bəhanəsi ilə 1 ay həbs cəzası verdilər

Sonrakı məqalə: Məlahət Ağacanqızı: “ARZUYA BAX, SEVGİLİM...”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4499

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin