Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: BİR DAMCI DƏRİ VƏ “XORTDAN QRİPİ” XƏSTƏLİYİ

Mirzə Xəzər 03 Avq 2009

2 comments

melahet2-tbn46

Məlahət Ağacanqızı


Qəribədir, yüksək vəzifə sahibləri tərəfindən qadınlı-kişili dərimiz soyulsa da , DƏRİ soymaq dərslərindən danışmağı sevmirik. Sünnət zamanı sıravi dəllək tərəfindən kəsilib tullanan bir damcı gərəksiz dəridən danışmaq, onu toy –bayram kimi qeyd etmək üçün isə yarışa giririk.


Bir-iki gün əvvəl ailə “SÜNNƏT “iclaslarının ən lal iştirakçısı olsam da, ürəyim doludu, danışmaq istəyirəm.


Kiçik oğlum qapını açıb hirslə soruşdu: ”Bu d... kəsmək çox bahadır ki, siz məni sünnət etmirsiz?! Dənizdə çiməndən sonra paltarlarımı dəyişə bilmirəm. Dostlarım mənə lağ edib deyirlər ki”sən hələ kişi deyilsən...”.Məni nə vaxt sünnət edəcəksiz?”
Dedi və qapını çırpıb getdi. Hələ “yarımkişi” olduğuna görə yəqin qapını sındırmadı. Boş-bekar oturanlar üçün “sünnət” mövzusu göydən düşdü elə bil.
-Aaa, bu yekəlikdə uşaq sünnət olmayıb?..
-Dədə-baba adəti ilə yaxşıdı...
-İndi kimdi qamış zırıltısına dözən? İmkanı olan lazernən edir. Uşağın cınqırı çıxmır...
-O lazer çox “apasnıdı”, iraq olsun, uşağı yarıdan yerli-dibli yox edə bilər...
-Cərrah yaxşıdı. Həm dədə-baba yolu ilə edir, həm də müasir üsul ilə. Bir bıçaq ilə iki adəti yaşatmaq...
-Dərini bişirib uşağa yedirtmək lazımdır, onda o, əsl kişi kimi ürəkli olur.
-Ürəkli kişi olmaq üçün mütləq d... dərisi yemək lazımdır?
-Əşşi yox, yalan söhbətdir...Çoxu onu qırmızı əskiyə büküb qapının üstündən asır. Quruyandan sonra basdırır...
Ağız deyəni qulaq eşitmirdi. Arvadlı-kişili hər kəs “sünnət xatirələrini ” nəql etmək istəyirdi. Hamının üz-gözündən od-alov tökülürdü. Elə bil inqilabi dastanlar danışırdılar:
-Məni sünnət edəndə yekə oğlan idim. Aldadıb” dəri” yedirdə bilmədilər. Kiçik qardaşım yedi, amma mən ondan ürəkliyəm.Bağın yuxarısında olan ayaqyoluna tək gedirəm,qaradşım isə qorxudan arvadını oyadıb özü ilə aparır...
-Ağrıdan qovrulsam da,fikrim pulların yanında idi.Elə bilirdim hamısı mənimdi, ağlamırdım. Sağalandan sonra qəpiyinə kimi hamısını aldılar məndən. Ona görə də indi qazandığımın yarısını gizlədirəm, yarısını arvada verirəm. Dərimi çığırda-çığırda kəssələr də, mənə əsl həyat dərsi keçdilər...
-Uşaqları” kəsəndə” mən qaçıb qonşugildə gizləndim. ”İş” bitəndən sonra evə qayıtdım...
Xatirələr marağını itirdi. Qiymət məsələsi müzakirəyə gəldi:
-İndi neçəyə “kəsirlər” görəsən?
- Kim necə istəyir , elə də alır. Hərə imkanına görə əlini cibinə salır. Standart qiymət yoxdur. Ən aşağı qiymət 50 manatdır...
“Qiymət “ mövzusu da marağını itirdi. ”Kim kirvə olacaq?” sualı ortalığa atıldı:
-Yaxşı uşağı kim tutacaq?Mənim üzümə baxmayın!İstəyirsiz ömür boyu balaca kişi mənimlə düşmən olsun? Onu belimdə gəzdirməyə razıyam, amma o “momentdə” qucağımda tuta bilmərəm...
-Kirvə olmaq ermənilərdən bizə yadigar qalıb. Ancaq düşmən elə çığırtıya dözə bilər...


Bir ay idi “sünnət iclasları” istirahət, bayram günü olmadan keçirilirdi. İştirakçıların sayı günü-gündən çoxalırdı, amma qəti bir qərar ,gün təyin etmək heç kimin ağlına gəlmirdi. Hərə öz fikri, xatirəsi ilə qürur duyurdu. Sanki ən çox danışanın yaxasına “QRAND” medalı vurulacaqdı.
Bəzən mübahisə elə gərgin keçirdi ki, ”iclasda” şuluqluq düşürdü. Az qalırdı deputatlar, lənət şeytana, qohumlar bir-birinin başını yarsınlar, ya da düz danışanın yaxasından yapışıb pəncərədən küçəyə atsınlar.
Mənasız söhbətlərdən mən də bezmişdim, uşaq da. Onsuz da arıq olan oğlum bir ay ərzində eşitdiyi söhbətlərdən heyva kimi saralmışdı. Elə bil qohumlar hər gün etdikləri söhbətlərlə bir damcı dəri əvəzinə oğlumun bütün dərisini soyub ona əzab verirdilər.

Bir gün “sünnət iclasından” əvvəl poliklinikaya zəng edib həkim çağırdım. ”İŞ” bitdi, uşaq müsəlman oldu. Bir azdan qohumlar iclasa toplaşmaq üçün yığışanda, uşağın üstündə qırmızı parça görəndə, heyrətlə bir-birinin üzünə baxdılar. Oğlum isə zarıldaya-zarıldaya dedi:
-Siz məni d... ucundakı tullanan dəri qədər sevmədiyinizi sübut etdiz. Mən qışqırıb ağlayanda harda idiz, ay xortdanlar?! Məni öpməyin! Sizdə XORTDAN qripi var, yaxın gəlməyin ,qorxuram...


Əvvəlki məqalə: Salam, Mirze dayi

Sonrakı məqalə: «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğluna hərbi xidmətdən yayınmaq bəhanəsi ilə 1 ay həbs cəzası verdilər

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4493

Şərhlər

(Cavab formasına keç)

  1. Mehin 1016 gün bundan əvvəl dedi

    Bu yazını “Azadlıq”da oxudum bir neçə gün öncə. Üç övlad anasının bütün qayğılara, məişət çətinliyinə rəğmən yazmaq həvəsinin (daxildən gələn ehtiyacının) qalmasına – ƏHSƏN dedim özlüyümdə.

  2. Məlahət 1016 gün bundan əvvəl dedi

    Əziz Mehin,Sənin özlüyündə ünvanıma dediyin “ƏHSƏN” qulağıma deyilən xoş sözlər qədər gözəldir.Bütün yorğunluğum yox oldu.Diqqət və dəyərinə görə təşəkkür edirəm!

Fikrinizi bildirin