«Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğluna hərbi xidmətdən yayınmaq bəhanəsi ilə 1 ay həbs cəzası verdilər
Ağasif Şakiroğlu
Müsavat Partiyasının üzvü, «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu dünən səhər saat 6 radələrində yaşadığı mənzildə həbs edilərək Nərimanov Rayon Prokurorluğuna aparılıb. Həbs Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Bu barədə redaksiyamıza məlumatı A.Şakiroğlu özü verib:
«Səhər saat 6 radələrində 18-ci polis bölməsinin əməkdaşları yaşadığım mənzilə gələrək məni həbs etdilər. Polis nəfərləri dedilər ki, guya mən uzun müddətdir axtarışdayam. Halbuki mən axtarışda olmamışam. Hər zaman açıq ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam, tədbirlərdə iştirak etmişəm. Daha sonra məni Nərimanov Rayon Prokurorluğuna apardılar. Ramin Səfərov adlı müstəntiq orada məni sorğu-suala tutdu.
Müstəntiq dedi ki, guya hərbi xidmətdən yayınmışam. O, bildirdi ki, məni məhkəməyə aparacaqlar və barəmdə 2 aylıq həbs-qətimkan tədbiri seçiləcək. Bu ittiham tamamilə qeyri-qanunidir. Çünki mən bu ilin uyunun 7-də, 15-də və 20-də Nərimanov Rayon Hərbi Komissarlığında olmuşam. Orada mənə deyiblər ki, nə vaxt sənə çağırış vərəqəsi göndərilsə, onda da hərbi xidmətə gələrsən».
Dünən Nərimanov Rayon Prokurorluğunda olduğunu söyləyən A.Şakiroğlu bizimlə söhbətində artıq həbsi ilə bağlı siyasi qərarın verildiyini vurğuladı: «Məni məhkəməyə aparacaqlar. Müstəntiq mənə vəkil tutmağımı təklif edib. Əgər özümə vəkil tuta bilməsəm, dövlət tərəfindən vəkil ayrılacağını söyləyirlər. Müstəntiq mənim 3 ay müddətinə həbs ediləcəyimi söylədi. Məhkəmədən əvvəl müstəntiqin əminliklə həbs ediləcəyimi söyləməsi bir daha onu sübut edir ki, məsələ siyasi sifariş əsasında həyata keçirilir».
Millət vəkilləri Nəsib Nəsibli və Pənah Hüseyn bu məsələ ilə bağlı dünən Nərimanov Rayon Prokurorluğunda olub. P.Hüseyn qəzetimizə verdiyi açıqlamasında bildirib ki, məsələ ilə bağlı prokurorla görüşüb: «Bu gün (dünən - red.) səhər məsələ barədə mənə məlumat verdilər. Dərhal prokurorluğa getdim. Ağasifin valideynləri ilə görüşdüm. Prokurorluqdan rəsmi məlumat aldım. Ağasif Şakiroğlu kifayət qədər fəal ictimai-siyasi fəaliyyətlə məşğul olan gənclərdəndir. Müxtəlif tədbirlərin təşkilatçısı və iştirakçısıdır. Ölkənin tirajlı qəzetlərinə müsahibələr verir. Mənə dedilər ki, o, bugünlərdə dövlət başçısına müraciət ünvanlayıb. Belə olan halda Ağasif Şakiroğlunun guya tapılmaması, istintaqa və yaxud hərbi çağırışa gəlməməsi məsələsi inandırıcı görünmür. Çünki onu tapmaq asan məsələdir».
P.Hüseyn hərbi xidmətə çağırışla bağlı qanunda böyük boşluqların olduğunu söylədi: «Qanuna edilən son dəyişikliklərə görə, çağırışçılara çağırış vərəqəsi göndərilmir. Bu hal qanunun 8 maddəsində qeyd edilib. Qanun müzakirə edilərkən də mən bu maddənin çox ciddi bir özbaşınalığa səbəb olacağını söyləmişdim. Həmin maddədə göstərilib ki, çağırış yaşına çatan şəxs hərbi xidmətə səfərbərliklə bağlı fərman imzalandıqdan sonra hərbi komissarlığa müraciət etməlidir. Belə çıxır ki, hər hansı şəxs hərbi komissarlığa müraciət
etmirsə, faktiki olaraq hərbi xidmətdən yayınmaq maddəsi ilə cinayət etmiş hesab olunur. Lakin hərbi komissarlığa müraciət edənlərin qeydə alınması barədə qanunvericilikdə və Müdafiə Nazirliyinin daxili nizamnaməsində normativ akt yoxdur. Mən bu gün (dünən - red.) Müdafiə Nazirliyinin hüquq şöbəsi ilə danışdım. Onlar da mənə bildirdilər ki, hər hansı bir çağırışçının hərbi komissarlığa gələrək hərbi xidmətə getmək istəməsinin qeydə alınması barədə normativ qayda yoxdur. Bu isə çox ciddi şəkildə sui-istifadə hallarına
yol açır. Təkcə siyasi məqsədlərlə yox, həm də korrupsiya məqsədilə istifadəyə şərait yaradır».
Millət vəkili konkret olaraq A.Şakiroğlunun siyasi sifariş əsasında həbs edildiyini söylədi: «Ağasif Şakiroğlu gənclər hərəkatında kifayət qədər aktiv iştirak edən fəallardan biridir. Ona görə də belə deməyə kifayət qədər əsasımız var ki, bu, onun siyasi fəaliyyəti ilə bağlı olan məsələdir. Son dövrlər Azərbaycanda fəal gənclərə qarşı aparılan sərt tədbirlərin tərkib hissəsidir».
Dünən saat 18:00 radələrində Nərimanov Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə A.Şakiroğlunun məhkəmə prosesi keçirilib. A. Şakiroğlunun vəkili Bəhruz Quliyevin bildirdiyinə görə, müdafiə etdiyi şəxs 1 ay müddətinə azadlıqdan məhrum edilib: «Artıq məhkəmənin qərarını əldə etmişik və 3 gün müddətinə Apelyasiya Məhkəməsinə müraciət edəcəyik».
A.Şakiroğlunun həbsi məsələsi dünən Müsavat Partiyası Divanının iclasında da müzakirə edilib. Müsavat Divanı gənc bloggerlər Adnan Hacızadənin və Emil Millinin həbsindən sonra A.Şakiroğlunun həbsinin siyasi sifariş olduğu barədə bəyanat yayıb: «A.Şakiroğlu fəal gənc kimi ictimai-siyasi tədbirlərdə iştirak edib. Ona görə də Müsavat Partiyası hesab edir ki, onun gizlənərək hərbi xidmətdən yayınması inandırıcı səslənmir. A.Şakiroğlu dəfələrlə hərbi komissarlığa müraciət edərək əsgərliyə getmək istədiyini bildirib. Müsavat Partiyası bu məsələnin hərtərəfli araşdırılmasını və ədalətli qərar qəbul edilməsini tələb edir».
Əfqan MUXTARLI ("Yeni Musavat" ) URL: http://www.musavat.com/site/shownews.php?news_id=57618
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: BİR DAMCI DƏRİ VƏ “XORTDAN QRİPİ” XƏSTƏLİYİ
Sonrakı məqalə: Kazım Kazımlı: Bığ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4494
