QULU AĞSƏS ŞÖZÜ İLƏ ALLAHA TƏRƏF GEDƏN SEHRLİ YOL...
Qulu Ağsəs
“MƏN KİMSƏSİZLİYİMDƏN BƏNZƏRSİZ OLDUM...”
Yastıq qoyub başımıza
əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.
Milyon illərdi yeyirik
Süfrənin qırağından.
Çörək bizi tutar deyin,
Dinmirik qabağından.
Nə boydasan görən heylə?
Bir ölçüyə gəlmirsən?
Baş çəkmirsən qullarına
Bizə niyə gəlmirsən?
...Özünü görməsək də,
Xofun yamandı, Allah!
Bizi qırıb qurtarmamış,
Ölmə, amandı, Allah!..
***
Kimsən, nəçisən, ay Allah -
Heç səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.
Günün necə keçir barı,
Can verib can almağınan ?..
Səni nəynən bəndə salaq,
Tutaq hansı qarmağnan?!
Görsək, heç nə eləmərik,
Bir üzünü göstər bizə!
Yaxşı günün əgər busa,
Yaman günü göstər bizə!..
Neyləsən, sevirəm səni,
Qulunam ,gəl min boynuma!..
Bu şeiri də sən yazmısan,
Babalı mənim boynuma...
***
Bunu ancaq sənə danışıram-
Bircə balama
Kasıb evində bağlanmış
Turşu bankasıdı atan.
Ağzı hərdən açılır-
bayramdan bayrama.
Sənin dünyaya gəlişin də
Bayramdı deyə
Bir –iki sözüm olacaq
Allah eləsin oxşamasın
sağlığa,
nəsihətə,
öyüdə,
gileyə.
Bəlkə haçansa dadına çatdı
çətin gündə, bərk ayaqda.
Quş quşla ötmür balası,
Şair şairlə dilləşmir.
Quş budaqda oxuyur,
şair varaqda.
Qadına yalan danışmazlar,
Həqiqət kişidi, səhv eləmirəmsə.
Əlbəttə, kişi lazımdı qadına.
Kişiyə gerçəyi deməzlər,
yalan qadına oxşar daha çox.
Ona görə hər kişinin ürəyindən
baxmaq keçər yalanın dadına.
Bir də unutma,
Mən kimsəsizliyimdən bənzərsiz oldum,
Sən deyəsən atana oxşayacaqsan.
...Bu qədər, balası.
Gecdir ,uyu.
Gör göy üzü nə qədər qayğıkeşdir,
gecənin kürəyinə
ulduzdan piltə qoyur...
***
Barmaqlarım yaman şeydi,
Hara gəldi uzanır.
Çıxarmağa göz axtarır,
Mənə düşmən qazanır.
Bir ucu hey tətikdədi,
Hədəf elə özüməm.
Bu barmağın şıltağına
Vallah mənəm ki, dözürəm.
Üstündə say düydürmüşəm,
Sıfırdan doqquzacan.
Tutanda qız əllərindən,
Buraxmır doqqazacan...
MƏN VƏ O
Mən
Onun qucağını sevindirə bilmədim
O
Məni ata eləmədi
Tanrı gördü
Dinc bəndələrik
bizə baş “ağrısı” əta eləmədi.
Mən
Onu itiyim kimi sevdim
O
Məni tapdığı qədər .
Arabir fişəng atırıq
Aramızdakı sərhədə.
Mən
Onu atıb gedərəm
Zatım qırıqdı, bilir.
Başını qaldırıb soruşuram:
-Sən necə?
Gözünün yaşıyla
Eynəyimi silir...
Əvvəlki məqalə: Novruzəli Məmmədovun səhhəti daha da ağırlaşmışdır: sağ əli işləmir
Sonrakı məqalə: YOUTUBE: DAVAM EDİR 37
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4473
