MƏN ŞEİRLƏRİNİ SEVMİŞƏM SƏNDƏN XƏBƏRSİZ…
Salam Sarvan
“ELƏ ÜŞÜYÜRƏM, O DA YOXDU Kİ,
GƏLİB ƏLLƏRİNİ SƏRƏ ÜSTÜMƏ...” DEYƏN ŞAİR SALAM SARVANIN ŞEİRLƏRİNİ ÜŞÜYƏNDƏ ÜSTÜMÜZƏ SƏRİRİK ONDAN XƏBƏRSİZ.
«A» BÖYÜK «a» BALACA
A
Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi -
bu yekəlikdə də heç dünya olar?!..
hansı daha çox faşistdi, qardaş -
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?
Bu boyda da ölkə olar?! -
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…
Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.
a
Bu kimsəsizliyi, təkliyi,
mənasızlığı və boşluğu
ən yaxşı dolduran sənsən.
Çürük dostlarla içməkdənsə,
boş-boşuna küçələri ölçməkdənsə
bütün günü dayanırsan
metronun qabağında -
guya kimisə gözləyirsən deyə
aldadırsan özünü və hamını.
Aldadırsan özünü ki,
xoşbəxt bir ömür sürmüsən -
guya keçən günlərində hər şey
qəzetlərdən kəsib yığdığın
ulduz fallarındakı kimi olub.
Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan.
HÖRÜYÜN ƏLİMDƏ TƏSBEH ƏVƏZİ
Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.
İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…
Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.
BAĞIŞLA,OTAĞIM TÖR-TÖKÜNTÜDÜ
Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə.
Gəl e gəl, qırılıb qırağa düşmüş
o qol- budağımdan meyvə dər mənə.
Bilmirəm keçirim hansı halını -
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə -
bağışla, otağım tör-toküntüdü.
31 YAŞIN ŞERİ
Təkəm lap otuzbir rəqəmi kimi.
Yel əsir əsəbdən titrəyir qapım.
Bir stol açmışam, süfrəmin üstə
bircə qab çatışmır – mürəkkəb qabı…
Vaxt axır, otuzbir yaş damcıları
aram-aram düşür hələ üstümə.
Elə üşüyürəm, O da yoxdu ki,
gəlib ƏLLƏRİNİ sərə üstümə.
Bu köhnə kirayə evin yiyəsi
yenə «qulağını» burur saatın:
- Fikirdən neçədə ayılacaqsan,
ay oğul, neçəyə qurum saatı?
MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA
Alın yazısında imza yeri boş -
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.
Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.
İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.
Əvvəlki məqalə: Heydər Əliyevin 40 ili Azərbaycana nə verib?
Sonrakı məqalə: Mərakeş kralıçası Lalla Salma Antalyada Telman İsmaylovun "Mardan Palace" otelində dincəlir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4428

Mən də Salam Sarvanın şeirlərini sevmişəm,üşüyəndə isti misraların içində qızınmışam ONDAN xəbərsiz …
Salam Sarvan sözlərlə oynamağı çox gözəl bacaran biridir. Sevə-sevə oxuyuram hər dəfəsində.
Hunaltay,sözlərlə oynamaq günahdır.Əksinə,Salam Sarvan SÖZü oynadıb,dəyərdən salanlardan qoruyan ŞAİRdir.Bu isə böyük mübarızədər.Çünki oynadanlar həddən artıq çox,qoruyanlar isə həddən artıq azdır.