Məlahət Ağacanqızı: SONU BİLİNMƏYƏN “GÖRÜŞ-ÖPÜŞ VƏ SÜRÜŞ” OYUNLARI
Məlahət Ağacanqızı
Yaxşı olar ki, bundan sonra sevənlər bir-birinə heç vaxt “Gəl görüşək” deməsinlər. Niyə? Çünki, “görüşmək” sözü siyasətçilər tərəfindən lənətlənib. Ağlım kəsəndən siyasətçilər dünyanı nizamlamaq üçün görüşürlər, bəzən birtərəfli, bəzən ikitərəfli öpüşürlər, amma hər dəfə onlar ayrılandan sonra “dünya düzəlmir ki düzəlmir baba...” deməkdən başqa çarəmiz qalmır. Görüşlər adi görüşlər olmur eyy... Metro stansiyasında, heykəl yanında təyin edilmir ki. Okeanın o tayından bu tayına ,dünyanın bu başından o başına hay-küylə görüşə gələnləri, gedənləri izləyə-izləyə saçımız ağardı, belimiz büküldü, səbr kasamız dolub- daşdı, amma bir xoş görüşün şahıdı olmadıq. Siyasi görüşlərin baş tutması üçün xərclənən milyonlar bir yerə yığılsaydı, Yer kürəsinin bütün subay aşiqlərinə toy etmək, ev tikmək olardı. Nə qədər gözləmək olar?! Bəsdi də aldatdız bizi! Bir “GÖRÜŞ-ÖPÜŞ” sözü ürəyimizı xoş edirdi, ondan da iyrəndik. Şəxsən mənə kimsə “gəl görüşək” deyən kimi qorxudan başımın tükü qalxır. Elə bilirəm görüşdə bir fırıldaq sənədə imza atacağam.
Ürəyimizi xoş edəcək ,dost görüşünə getmək istəyəndə isə min cür problemlə üz-üzə qalırsan. Maşın tıxacına düşəndə isə əsəbdən Kinq Konq kimi yolun ortasında sinəni yumruqlamaqdan başqa çarə qalmır. Görüşə iki-üç saat gec çatacağına əmin olduqdan sonra Anjelika kimi bir –iki ağız “ eşidirsiz ,düz doqquzun yarısında...” qışqırıb polislə gedirsən, lənət şeytana, geri qayıdırsan.
Nə qədər gec deyil,” görüş” sözündən kütləvi bəla başlamayıb, dilçilər təcili yeni söz tapıb Azərbaycan lüğəti sözlüyünə salsınlar. Məncə ruslar və ingilislər də “ vstreça ,svidanie, meetinq” sözlərini yenisi ilə əvəz etməlidirlər. Çünki ən çox onların siyasətçiləri “görüş-öpüş və sürüş” oyununda kef edib ,əylənirlər.Bəzən görüşlər çox intim şəraitdə (Əcaba, bir-birinin dilini anlamayan iki siyasətçi qapalı otaqda oturub him-cimlə nə danışırlar?) keçsə də , səbəbkarlar ayrılanda heç nə olmamış kimi sağollaşırlar.
Ən faciəvi hadisələrin müzakirəsi üçün görüşən siyasətçilərin dünya –aləm veclərinə deyil. Mollalar ölü görəndə yas halvası üçün ağızlarının suyu axdığı kimi, siyasətçilərin də çaxnaşma düşəndə üzlərinin rəngi açılır. Müharibə, terror, epidemiya, fəlakətlər bol olduqca siyasi liderlər “işsiz” qalmayacaqları üçün dəqiqədə yüz iyirmi dəfə dua edirlər. Zarafat deyil , xalqın hesabına boş-boşuna dünyanı gəz-dolan, qabağına gül-çiçəklə qaça-qaça gəlsinlər. Dünyanın ən iyrənc peşəsi siyasətçi olmaqdırsa, ən müftə qanlı
para da siyasət yolu ilə qazanılır.
Cənnət Qarabağ alverindən nə qədər ac –yalavac siyasətçinin qarnının piy bağladığı göz qabağındadır. Sovet əsgərinin çındır şinelində “qəhrəman” kimi meydana atılanların indi dublyonkasından snayper gülləsi də keçmir. Hələ adlarını ziyalı qoyanların yaltaq görüşlərdən qazandıqları ev, maşın, medal, xarici səyahətlərini çoxu unudub . Onlar ZİYALI deyildi, əsl VƏTƏN ZİYANLIsı idilər ki, indi köstəbək kimi yuvalarına çəkilib qazandıqlarını xımır-xımır yeyirlər. Başlarına dəysin yazdıqları cild-cild kitabları! Bir
halda ki, onların can verən xalqa deməyə bir kəlmə sözləri yoxdur. Bir ağıllı, cəsarətli köşə yazısı onların sarsaq romanlarından daha dəyərlidir. Sanki haqq-ədalət uğrunda savaşanların, maaş umuduna qalanların nə ağzı var, nə mədəsi, nə də övladları. Onlar İsa Məsih kimi qeyb olub, bir ruh kimi göydə köşə yazılarını, tələblərini yazıb yerə yollayırlar.
Çox merak edirəm- “Qarabağ və siyasi görüşlər” əsasında sənədli serial nə vaxt çəkiləcək ?Yaxşı olar ki, sənədli serialda “siyasi aktyorlar” azəri dilində danışsınlar.Qoy başqa ölkələrin Nuşirəvan teleşura rəhbərləri də əziyyət çəkib filmi öz dillərinə tərcümə edib zövqlərini, əsəblərini nuşi rəvan etsinlər. Necə gəldi tərcümə edilən filmlərdən millət bezib. Bir az da əcnəbilər bezməyin dadını görsün.
Bir vaxtlar Bill Klintonun küməsini dağıtmaq istəyənlər,indi də Barak Obamanın gününə düşüblər.Nə var , Obama qırmızı paltar geyinib yanından sındıra-sındıra keçən , yanbızlarını reklam edən qıvrımsaç xanıma çevrilib baxıb. Hə, nə olsun! Mən qadınlığımla gözəl olan, qəşəng geyinən qadın görəndə çevrilib baxıramsa, Obama necə dözsün? Axı, o, kişi kimi dünyaya gəlib, sonra prezident olub. Bir də, Obama qırmızı donlu qadına xanımı Mişelə görə baxıb. Qırmızı geyimli qadını görəndə köks ötürüb və yəqin ki belə deyib:
”Ah, bu qırmızı don mənim Mişelimə necə də yaraşar...Kasıbçılığın üzü qara olsun...” Nə olsun ki, prezidentdi!O maaşı arvada verən kişilərdəndir. Mişel bacı da, çox ailəcanlıdır. Bir ətək pulu heç bir rəngdə dona verməz.
Məmləkətmizdə kişilər var ki, adi yol polisidir, amma Amerika prezidentdən daha imkanlıdır. Xanımına gündə beş paltar bağışlayır. Yəqin yoldan keçən xanımları soyundurub, paltarlarını arvadağaya aparırlar. Arvadağa isə “Xanam ,vəzirim gəlsin!” deyib gündə on beş dəfə əri ilə dalaşır. Niyə? Çünki, əşya sevinci sabun köpüyünə bənzəyir. Bir anlıq görünür, partlayır, yox olur. Bir də “Başqasının hesabına arvadına paltar alanın günü ah-vayla keçər” yeni atalar sözündə böyük həqiqət var.
Gör, o qırmızı donlu, qıvrımsaç qadın necə ağlımı başımdan alıb ki, düz gəlib məqalənin ortasından sındıra-sındıra keçdi. Ah, qadınlar və siyasətçilər! Siz necə də həvəslə şeytanın əlindən çörək yemisiz. Tarix boyu qadınlar kişilərə , siyasətçilər xalqa əzab verməkdən zövq alıb. Maraqlıdır, dünyada evyıxan qadın çoxdur, yoxsa qaniçən siyasətçi?
Technorati Tags: Azerbaijan, ədəbiyyat, mənəviyyat, şeirlər, məlahət ağacanqızı
Əvvəlki məqalə: Hikmət Hacızadə "Yeni Musavat"ın fərziyyəsi barədə: "Ölkə dəlixanadır"
Sonrakı məqalə: Eluca Atalının "Milli monoloq" kitabı çapdan çıxıb
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4416

Məlahət xanımı ilk öncə maraqlı yazısına görə təbrik edirəm.
Məlahət xanım, ədiblərdən birinə belə bir sual verirlər ki, “dövlət adamı ilə siyasət adamının fərqi nədir?” Deyir “Siyasət adamı gələcək seçkiləri düşünür, dövlət adamı gələcək nəsilləri”
Bunu ilk oxuyarkən sanki özümçün bir elm kəşf etmiş kimi olmuşdum. Və o gündə də özümçün müəyyən etməyə çalışmışam ki, kim dövlət adamıdı, kim siyasət. Bax indi sizin yazdığınız bu tiplər hamısı siyasət zavallılarıdı. Metyu Brayzanın hər Qarabağla bağlı görüşündən sonra media önündə arsız-arsız “hırıldamasına” baxanda rəsmən dəli oluram. Problem həll olunmağa çalışılırsa, minlərlə insanın qanı bahasına başa gələn bir olay müzakirə edilirsə, burda diş ağartmalı nə var?
Makiavellinin bir sözü var ki, əgər siyasət dövlətin xeyrinə yönəlmişsə onun həyata keçirilməsi üçün istənilən vasitəyə əl atmaq olar. Məncə, siyasətçilər bu “istənilən” sözünü elə “istənilən arsılığa, namussuzluğa getmək olar” kimi başa düşüblər.
Və bir də Məlahət xanım, evyıxan qadın qaniçən siyasətçidən çox-çox məsum görünür müqayisədə. Çünki evyıxan qadın bir ailəni məhv edir, qaniçən siyasətçi isə onlar, yüzlər, minlərlə ailəni məhv edə bilir.
Allah betərindən qorusun. Tanrı bizi elə bizdən qorusun. başqasının bizimlə işi yoxdu onsuz.
Məlahət xanımı ilk öncə maraqlı yazısına görə təbrik edirəm.
Məlahət xanım, ədiblərdən birinə belə bir sual verirlər ki, “dövlət adamı ilə siyasət adamının fərqi nədir?” Deyir “Siyasət adamı gələcək seçkiləri düşünür, dövlət adamı gələcək nəsilləri”
Bunu ilk oxuyarkən sanki özümçün bir elm kəşf etmiş kimi olmuşdum. Və o gündə də özümçün müəyyən etməyə çalışmışam ki, kim dövlət adamıdı, kim siyasət. Bax indi sizin yazdığınız bu tiplər hamısı siyasət zavallılarıdı. Metyu Brayzanın hər Qarabağla bağlı görüşündən sonra media önündə arsız-arsız “hırıldamasına” baxanda rəsmən dəli oluram. Problem həll olunmağa çalışılırsa, minlərlə insanın qanı bahasına başa gələn bir olay müzakirə edilirsə, burda diş ağartmalı nə var?
Makiavellinin bir sözü var ki, əgər siyasət dövlətin xeyrinə yönəlmişsə onun həyata keçirilməsi üçün istənilən vasitəyə əl atmaq olar. Məncə, siyasətçilər bu “istənilən” sözünü elə “istənilən arsılığa, namussuzluğa getmək olar” kimi başa düşüblər.
Və bir də Məlahət xanım, evyıxan qadın qaniçən siyasətçidən çox-çox məsum görünür müqayisədə. Çünki evyıxan qadın bir ailəni məhv edir, qaniçən siyasətçi isə onlar, yüzlər, minlərlə ailəni məhv edə bilir.
Allah betərindən qorusun. Tanrı bizi elə bizdən qorusun. başqasının bizimlə işi yoxdu onsuz.
Əziz Hunaltay,gözəl və maraqlı şərhinə görə təşəkkür edirəm. Sənin kimi gənclər Vətənin ən dəyərli sərvətidir. Sənə uğurlar!
Bəs sarı donlu xatunlara kim baxacaq? Yazı gözəldi.