Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: DOSTLARA BALTANI KÖKÜNDƏN VURANLAR...

Mirzə Xəzər 29 İyn 2009

no comments

yujet

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 


Uşaqlıqda çox sevdiyim bir TUT ağacı var idi. İri, qara, şirin tutların dadını unutmaq mümkün deyil. Demək olar ki, uşaqlığım həmin tut ağacının budaqları üstündə keçib. Ağaca təkcə tut yemək ,əylənmək üçün yox, çox vaxt tənha qalmaq üçün çıxırdım. Mən hələ indiyə qədər o yekəlikdə tut ağacı görməmişəm və heç bir ağacı o AĞAC qədər sevməmişəm. TUT ağacı da məni çox sevirdi. Çox rahatlıqla onun ən əlçatmaz , ayaqqoymaz olan budaqlarında olmağıma imkan yaradırdı. Hətta bir-birinin üstündən keçən budaqlarında uzanıb yatırdım. Bəzən budaqlara ilişib qalan paltarlardan cırılan parçalar, balaca rəngli bayraq kimi ağacda yellənəndə, TUT ağacı uzaqdan qlobusa bənzəyirdi. Bacım, qardaşım, dostlarım tut ağacından yıxılsalar da, mən heç vaxt yıxılmamışdım. Ağacdan baxanda bütün məhəllə ovcumun içində idi. Mənə müşahidə etməyi TUT ağacım sevdirdi. Küçə ilə keçən adamların söhbətlərinin müəyyən hissəsini eşidirdim. Və sonradan mənə maraqlı olan söhbətlərin əvvəlini, sonunu balaca başımda fikirləşib bir hekayə qururdum.

 

 

 

 

Evdə kimsə məni incidəndə, xətrimə dəyəndə tez qaçıb Tut ağacında gizlənirdim. Gecə düşəndə, məni axtaran əli fənərli bacıma, qardaşıma ağacdan baxanda, nədənsə hirsim soyuyurdu .Elə bil möhkəm-möhkəm qucaqladığım AĞAC mənə ”Dostum, mərhəmətli ol!” əmrini verirdi. Mən sakitcə ağacdan düşüb, hasarın üstü ilə küçəyə çıxıb, evə gedərdim. Hamı elə bilirdi ki, küçədə veyllənməkdən bezib geri dönmüşəm. Və məni növbəti dəfə bir az gec incidərdilər.

 

 

 

 

Bəzən qara tutlar ilə üzümdə müxtəlif rəsmlər çəkməkdən xüsusi zövq alardım. Üzümə qara bığları, çatma qaşları, qara saqqalı çəkmək üçün ağ əllərimi qapqara etməkdən çəkinmirdim. Qardaşım məni o halda görəndə qulağımın arxasına bir şapalaq vurub, əllərimdən qara ləkələr getməyincə evə buraxmazdı. Mən, kömək üçün TUT ağacının yanına qaçardım. Kal tutları yığıb həyəcanla əllərimə sürtərdim. Qırmızı, yaşıl tutlar sehrli sabun kimi əllərimdən bütün ləkələri yox edərdi.

 

 

 

 

Çox vaxt acığım gələn adamlar küçədən keçəndə onlara qara tut ilə “hücum” edirdim. Üst-başı qara tutun şirəsi ilə bulaşan PİS adamlar heyrətlə ağaca baxar, sanki ağacın onlara cəza verdiyini düşünüb qorxa-qorxa yolu keçərdilər. Xoşum gələn adamalar yol ilə keçəndə isə, iri tutlarla dolu olan budaqları əyib, onların qarşısını kəsərdim. YAXŞI adamlar bir anlıq dayanıb ,təbəssümlə ağaca baxıb, əllərini uzadıb bir-iki tut dərib gülə-gülə yollarına davam edərdilər. O AĞAC məni bir baba, nənə kimi sevirdi, qoruyurdu, əyləndirirdi, yol göstərirdi. Sanki ,üzlərini görmədiyim nənələrimin, babalarımın ruhu TUT ağacına dönüb bağçamızda bitmişdi. Mən ONU xatırlayanda möhkəm kövrəlirəm.

 

 

 


Bir gün ailəm qərara aldı ki, TUT ağacını kəssinlər. Guya, o qara tutları ilə həyəti zibilləyir, balacaların üst-başını bulayır. Hardasa beş –altı kişi əlinə balta alıb AĞAC dostumun üstünə düşdü. KİŞİ gücünə ilk nifrətim bəlkə elə o vaxtdan başladı. Hay-küylə ,gülə-gülə kəsilən AĞACın iniltilərini hələ də eşidirəm. Mənim DOSTumu gözümün qabağında balta ilə doğrayırdılar, mən isə heç nə edə bilmirdim. Hətta ağlaya da bilmirdim. Bəlkə də ağlasaydım ,heç olmasa AĞAC cəlladları, qatilləri əllərində balta gülməzdilər, iyrənc səslərlə qışqırmazdılar. Cəlladlar yekə bir ağacı-dostumu doğram-doğram edib araq-çaxır ilə “zəfərlərini” qeyd etdilər. Bir günün içində mənim ən yaxın, ən əziz DOSTUMu öldürüb, ən rahat EVİMi uçurtdular. Qalan bir kötük oldu. Sonradan o KÖTÜK dostu da mənə çox gördülər. Son damarına kimi qazıyıb yerdən çıxartdılar...

 

 

 


Çox sevdiyim müğənni Aygün Hümbətovanın oxuduğu ”Tut ağacım” mahnısına qulaq asanda dostum TUT ağacını xatırlayıram. Həmin mahnı əsasında bir klip də çəkilib. Klipdə bir kişi gözünə qara eynək taxıb, tut ağacının kölgəsində nərd oynayır. Mən başa düşə bilmirəm, qara eynəkdə zərin üstündəki xırda nöqtələri necə görmək olar? Bir dəfə ,hətta ,yoxladım. Heç bilmədim zər hardadır, daş hardadır.

 

 

 


Klipdəki qara eynəkli kişi ,ağac dostuma ilk baltanı vuran cəllad kişiyə bənzəyir. O da gözünə qara eynək taxıb TUT ağacını baltalayırdı. Sanki ,gözlərini gizlətmək, etdiyi cinayəti ört-basdır etmək üçün qara eynək taxmışdı. Nərd oynaya-oynaya, ağac kəsə-kəsə, arvad döyə-döyə görən gözlərinə qara eynək taxanlar, qulaqlarına qulaqcıq taxıb musiqiyə qulaq asanlar, gözdən və qulaqdan şüurlu şəkildə imtina edənlərdir. Bəlkə də ən çox göz, qulaq problemi olan Azərbaycan vətəndaşlarıdı. Amma avamlıqdan, lovğalıqdan, vəhşilikdən əksəriyyət gözlük yox, qara eynək taxıb şellənir. Gözəl dünyanı qara eynək şüşələri ilə seyr etdiklərinə görə başqa rənglərdən xəbərləri yoxdur. Hətta ,onlar yeddi rəngli göy qurşağını da qara rəngdə görməkdən zövq alırlar.

 

 

 

Bir nəfər gözü zəif görən qohumdan ”Niyə gözlükdən istifadə etmirsən ?” soruşanda, cavabı çox məzəli oldu: ”İş görəndə açki mənə meşat eləyir”. Mən başa düşə bilmirəm , o hansı işdi ki, onu görəndə gözlük mane olsun ,amma qara “açki meşat” eləməsin? Bəyəm gözlükdən imtina edənlər səhərdən-axşama kimi sevdikləri ilə öpüşüb-sevişirlər?! Bura bəyəm Avropadır? Heç orda elə qələtlər etməyə vaxt yoxdursa, bizdə necə ola bilər?! Eh, biz başdan –ayağa kimi qələt içindəyik də...Bizə ancaq göz və qulaq “meşat” elədiyindən onları müxtəlif üsullarla qapatmağa çalışırıq. Görmək və eşitmək nəyimizə lazımdır. Bir-birinin heç nəyin üstə gözünü çıxartmaq,qulağını kəsmək də o səbəbdəndir. Məsələn ,çoxu istəyər ki dörd əli, dörd ağzı, dörd ayağı olsun. Hələ başqa şeylərdən daha çox istəyər...


Qulaqlarına qulaqcıq, zəif görən gözlərinə qara eynək taxıb ,özünü qəsdən KAR-KOR edənlərin içində adam kimi yaşamaq mümkün deyil. Onlar adamın sevdiyi ,zövq aldığı hər şeyi baltalayıb ,məhv ediblər.

 

 


Ən çətin anlarda bizə dəstək olan nəinki dost, heç TUT ağacı da yoxdursa niyə yaşayırıq?!
Mənim DOSTlarımı, sevdiklərimi kim kökündən baltaladı?! Bəlkə yanlışlıqla elə özüm...


Əvvəlki məqalə: Mərhum Hüseyn Əfəndinin ”DOMİNO” kitabından ürək parçalayan bir hekayə “Mirzə Xəzərin Səsi”ndə

Sonrakı məqalə: Dağ yəhudilərinin Telman İsmayılova qarşı gedən kampaniyaya münasibəti: Telman İsmayılov bazarda tapılan qaçaq mal üçün cavabdeh deyil

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4360

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin