Eynulla Fətullayevin azadlığa buraxılması tələbi ilə Londonda Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
İyunun 29-da Böyük Britaniya paytaxtında, Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. “Amnesty İnternational” təşkilatının Böyük Britaniya bölməsinin təşəbbüsü ilə baş tutan aksiyada “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılması, Azərbaycanda jurnalistləri qandallayan repressiya zəncirlərinin yığışdırılması tələb edilib.
“Media forum” saytı xəbər verir ki, aksiyaçıların əllərində E.Fətullayevin fotoşəkilləri, “Eynulla Fətullayevə azadlıq”, “Azərbaycan mətbuatında zəncirləri qırmalı” şüarları yazılmış plakatlar, kağızdan düzəldilmiş, Azərbaycanda jurnalistlərin zəncirlənməsini ifadə edən simvolik zəncir olub.
Aksiya zamanı simvolik zəncirin halqaları üzərinə imzalar atılıb. Əvvəlcədən də məlumat verildiyi kimi, bu imzalar belə bir mesajı dəstəkləmək üçündür: “Mən inanıram ki, söz azadlığı olmalıdır. Mən inanıram ki, Eynulla Fətullayev azad edilməlidir. Mən inanıram ki, Azərbaycanda mətbuat zəncirlənməməlidir”.
E.Fətullayev 2007-ci ilin aprelində böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Az sonar o, terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay həbs cəzası verilib.
E.Fətullayev hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
"Media Forum"
Əvvəlki məqalə: ABŞ Dövlət Departamenti: "Gəlirin artması narkotiklərdən istifadənin çoxalmasına gətirib çıxara bilər”
Sonrakı məqalə: Telman İsmaylova aid Çerkizov bazarı bağlandı
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4355

