Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: PREZİDENT OLMAQ ASANDIR, İNSAN OLMAQ ÇOX ÇƏTİN!

Mirzə Xəzər 25 İyn 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

Ağdərili uşaqların atasının gözündən, qulağından uzaq , içimdə mənə rahatlıq verməyən sirli bir sevgini dilə gətirmək istəyirəm: Mən qaradərili Barak Obamaya heyran olmuşam. Amma uşaqların atası rahat nəfəs ala bilər. Mən Obamaya qadın kimi yox, insan kimi vurulmuşam. Səmimi insanların sözləri, əməlləri mənim enerji mənbəyimdir. Barak Obama təkcə Amerika vətəndaşlarına deyil, bütün İNSANlara səmimiyyət dərsi keçir. Son bir-iki “dərsini” yada salmaq kifayətdir ki, onun necə gözəl MÜƏLLİM olduğunu başa düşəsən.


1. Misir piramidalarına baxanda , yekə qulağı, yekə ağzı olan məzəli qədim rəsmin ona bənzədiyini fəxrlə deyib, hamıdan çox “rəsminə” güldü.
2. Canlı yayımda qoluna oturan milçəyi bir şapalağa vurub öldürdü. Operatordan xahiş etdi ki, milçəyin ölüsünü daha yaxından tamaşaçılara göstərsin.
3. Qollarını çırmalayıb, qəşəngcə fartukunu bağlayıb “Atalar günü” münasibəti ilə kabab bişirdi.

 

Kababı o qədər gözəl bişirmişdi ki, qoxusu Amerikadan düz otağıma kimi gəlmişdi. Mən də uşaq vaxtı kabab iyini hiss edəndə, ovcumun içini iyləyə-iyləyə dediyim ”Nənəm bişirdi mən yedim” sözlərini bir balaca dəyişməklə başqa cür təkrarladım: ”Obama bişirdi mən yedim”. Yoxsa Azərbaycan inanclarına görə ,kabab iyini hiss edəndə, ovcunu iyləyib “Nənəm bişirdi, mən yedim “ deməyən şəxs qarnı buludlara dəyənə kimi şişir. Lap nənə rəhmətə gedibsə də, elə deməlisən. Cünki bizdə nənələr ancaq məzarda kabab bişirməyə ət tapır. Yaxşı ki, inanclarımız bizə hər bəladan, şişmədən xilas edən qurtuluş yollarını göstərir. Məsələn ,Obamanı kabab bişirən, milçək öldürən vəziyyətdə görən nazirlərimiz tez-tez qulaqlarını çəkib deyirlər: ”İraq olsun ,yeddi dağ aşsın, bizim belənçik prezidentimiz olmasın”. Axı, prezident kabab bişirsə, onlar da gərək odun daşıyıb, manqala yığsınlar. Odun isə yoxdur. Bütün ağacların hündürmərtəbəli binaların xətrinə başları kəsilib. Lap tutalım odun tapıldı. Bahalı kostyumda, qalstukda ,qadın əllərinə oxşayan ağ, pambıq kimi yumşaq əlləri ilə kababı kim bişirəcək?! Heç kim! Çünki kabab bişirmək üçün qara, bərk əllər lazımdır. Yoxsa pambıq əllər manqalın istisindən alışa bilər. Hamı üzünü tutacaq tərbiyəçi, lənət şeytana, mer binasına tərəf. Merimiz də ona olunan böyük etimaddan elə həyəcanlanacaq ki, ətləri şişə keçirmək yerinə, alovun içinə tökəcək. Necə ki, Bakı əhlini alovun içinə töküb.


Hələ Allah eləməsin ki, qolunun üstündə milçəyi öldürən prezidentimiz olsun. Onda gərək nazirlər birəni tutub gözlərinə duz tökməlidirlər. Ay- hay! Ermənilər Qarabağda ən uca dağlarda qara DİV kimi oturub “Sarı gəlin” oxuyur heç nə edə bilmirik, qolumuza qara milçək oturub “vız-vız” mahnısını oxuyanda nəsə edə bilərik?! Çətin!


Amma bizim də bir vaxtlar Barak Obamaya bənzəyən, səmimi, sadə, ən məzəli rəsmlərə gülən, qolunda milçəyi öldürməkdən çəkinməyən, qollarını çırmalayıb həvəslə kabab bişirən PREZİDENTimiz var idi. Sevdik, ancaq qədrini bilmədik. Çünki BİZ o qədər maskalı üzlər görmüşük ki, əsl sima görəndə ,ona da maska təklif edirik.

 

93-də, prezident kreslosu üçün xalqın başını kəsməyə hazır dayanan əlibaltalı cəlladların əlindən baş götürüb Kələkiyə gedən PREZİDENT Əbülfəz Elçibəy Barak Obamadan da sadə və səmimi idi. Südabə adlı bir məmur televiziyadan, ağzı köpüklənə-köpüklənə “Elçibəy uzun, qara barmaqlarını tərpədib bizi tənqid edirdi...”deyəndə, nədənsə ağ, uzun barmaqlarını rəqqasə kimi oynadırdı. Çünki rəqqasələr zamanı idi.

 

Elchibey

 

Elçibəy vaxtında uzun qara barmaqları ilə şərəfsizlərin gözünü çıxartsaydı, dilini yerindən qopartsaydı , südabələr başlarının üstündən qara, uzun barmaqların rəsmini əsə-əsə asardılar. Biz sevdiklərimizin yox, qorxduqlarımızın portretini başımızın üstündən asdığımıza görə qorxaq MİLLƏTə çevrildik. Südabələr vaxtında qara, uzun barmaqların sahibinə dəyər verməyi bacarsaydılar, qohumları ekstaz həbini sevməzdilər.


Bəzən çadra örtən qadınların etdikləri əxlaqsızlığı, heç açıq-saçıq geyinən qadınlar etmirlər. Gündə bir xurma ilə dolandığına and içənlərin iştahı Təpəgöz iştahından betərdir.

 

Əbülfəz Elçibəy sona kimi ÖZÜ oldu .Olduğu kimi görünməkdən çəkinmədi. Heç vaxt reklama can atmadı. Hamıya inandı. Hətta inandıqları, güvəndikləri ona, əqidələrinə dönük çıxanda da, onları bağışladı. Prezident olmağı ilə yox, insani duyğuları ilə qürur duydu. Peyğəmbər xalatı ilə taxta çıxıb cəllad olmadı. Zorla ,qan bahasına gəlmədiyi kimi, zorla, qan bahasına da getmədi. İçindəki təmiz duyğuları, böyük RUHunu üfunətli arxalardan çirkaba bulaşmış kresloya qurban vermədi.


İyrənclikdən, bataqlıqdan ibarət olan siyasət üzərində Ə. Elçibəy gül-çiçək əkmək istədi. Məmməd Əmin Rəsulzadə kimi. Qandan, göz yaşından, xəyanətdən, tamahdan ... ibarət olan SİYASƏT dünyasında nə gül-çiçək bitər, nə də gül –çiçəyə, insanlığa dəyər verənlər qala bilər. Orda ancaq qaratikanlar bitər ,qara ruhlu canlılar nəfəs ala bilər.


P.S. Pərviz Cəbrayılın, 94 –də Kələkidə Əbülfəz Elçibəylə olan maraqlı müsahibəsi (www.adyazar.az) məni duyğulandırıb bu yazını yazmağıma yardımçı oldu. İlahi bir İNSANın anımı ilə baş-başa qaldığıma görə, Pərviz bəyə təşəkkür edirəm!

Əvvəlki məqalə: Mirzə Müəllim, salam!

Sonrakı məqalə: ABŞ Dövlət Departamenti: "Gəlirin artması narkotiklərdən istifadənin çoxalmasına gətirib çıxara bilər”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4348

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin