Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: QOLLARI SAMANDAN OLAN, GÖZ YAŞINI SİLƏ BİLMƏYƏN XALQ

Mirzə Xəzər 19 İyn 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

Sanki, son vaxtlar siyasi mübahisələr, davalar az idi, ədəbi davalar da start götürüb. Qəzetlərdə, saytlarda hirs-hikkə, təhqir dolu məqalələri, müsahibələri görəndə oxucunun ürəyi bulanır. Demək olar ki, artıq ədəbiyyatda 37-ci il ab-havası yaşanır. Siyasətdə dəstələrə bölünmək iyrənclikdirsə,ədəbiyyatda dəstələrə bölünmək ondan da beşbetərdir. Çünki ədəbiyyata XƏZİNƏ vermək üçün döyüşmək lazımdır ,ədəbiyyatdan medal, mükafat almaq üçün yox .


Dövlət, ədəbiyyata xidmət etməyənlərə, yaltaq, satqın yazıb-pozanlara “XƏZİNƏ” verdiyinə görə, hətta, nazirlər də yazıçı,bəstəkar,rəssam olmaq eşqinə düşüb. Yazıqlar neyləsinlər, yığdıqları azlıq edir bəlkə. Yumurtadan yun qırxanlar,ədəbiyyatdan OXUCU qırxır.İndi oxucu üçün ədəbi XƏZİNƏ tapmaq çox çətinləşib. Nə qədər ağıllı,zövqlü,peşəkar oxucu olmalısan ki, boğazdan yuxarı yazılan kitabların arasından,ürəkdən yazılan kitabları tapa biləsən.


Adətən qadınlar daş-qaş xəstəsi olurlar. Mən isə xoşbəxtlikdən kitab, SÖZ xəstəsiyəm. Bu yaxınlarda , “xəstəliyimdən” xəbəri olan bir dostum mənə Pərviz Cəbrayılın “Hər sabah yaşam” adlı şeirlər kitabı hədiyyə etdi.

 

Pərviz Cəbrayılın publisist yazılarını maraqla oxusam da,şeirlərini toplu halda oxumamışdım. Pərviz bəyin fotosundakı SARI qəmdən hiss olunur ki, o,canındakı qanı SÖZə çevirib, kağıza köçürdüyünə görə üzündə QIRMIZI sevinc yoxdur.


Adı nədi bu adamın?
Gözünün işığı yatıb
gözəl göy qurşağı yatıb
yarı-yaraşığı yatıb
əlində qaşığı yatıb
toyunda aşığı yatıb,
az qalırıq qəmdən ölək...


“Hər sabah yaşam” kitabındakı şeirləri oxuduqca,Pərviz Cəbrayılın fotosuna baxanda “...az qalırıq qəmdən ölək”.

 

İndi əksər yazarlar yaradıcılığını ,müsahibələrini qəm-kədər üstündə qursa da, günü toy-bayram içində keçir.Oxucunu saxta qəmi ilə üzən ,yoran şairciklərin yanaqlarından qan,gözlərindən nəşə əskik olmur.Hərdən tərəzinin bir gözünə tullanan,gündə bir partiya üzvü,əqidə sahibi olan yaradıcı adamın oxucuya haqq-ədalət bəxş etməsi mümkün deyil.Əməl ilə SÖZün düz gəlməsi üçün canını SÖZ yolunda şam kimi əritməlisən,sona kimi İÇinə sadiq qalmalısan.Canındakı QANı son damlasına kimi SÖZə verməlisən. Pərviz kimi.


Pərviz bəyin üzündəki kədərin kökü bir Azərbaycan nağılının içindən su içir: Zalım şah bir dəfə vəzirinə deyir: ”Məni elə bir adamın yanına apar ki,heç bir dərdi-qəmi olmasın”. Dərviş libasında şəhəri gəzən şahla vəzir kimi dindirirsə hamı bir yox, min dərdi olduğunu deyir. Nəhayət, məclislərin birində bir kişinin deyib-güldüyünü görürlər. Məclis dağılanda deyib-gülən kişinin arxasınca düz evinə kimi gedirlər. Qapını döyüb ,Allah qonağı kimi özlərini təqdim edirlər. Onlara böyük qayğı göstərilir. Yemək zamanı deyib-gülən kişinin əlini süfrəyə uzatmadığını görən qonaqlar ,ondan nə qədər xahiş etsələr də ,kişi yemək yemir. Qonaqların incidiyini görən kişi, qollarının günahı olmadan ŞAH fərmanı ilə kəsildiyini, özünə samandan qollar düzəltdiyini deyir. Heyrətdən ağzı açıq qalan CƏLLAD ŞAH soruşur: ”Bu boyda dərdi olan adam məclis boyu necə deyib- gülə bilir?”. Kişi dərindən bir ah çəkib deyir:” Şahın əmridir. Bütün məclislərdə ancaq deyib -gülməyimi, onu tərifləməyimi tapşırıb. Yoxsa başımı kəsəcəyini deyib...”. Nağılların yazılma tarixi olmur. Amma elə bil bu nağılın qəhrəmanı bizik. Şah tərəfindən günahsız yerə qolları kəsilən, məclislərdə, telakanallarda deyib-gülmək əmri alan BİZlər. Hər axşam evə əliboş gedən valideynlər , utandıqlarından SAMAN qolları ilə övladlarını qucaqlaya bilmirlər. Belə bir rəzaləti yaşayan məmləkətdə gülə-gülə şəkil çəkdirmək üçün ya gərək sərxoş olasan, ya da müğənni, artist.


Bu yaxınlarda Pərviz bəyin www.adyazar.az saytında müsahibəsini oxudum. Həyatdan bezəndə ”Dünyada sonuncu yaxşı ADAM qalana kimi yaşamaq olar” sözləri bizə ümid verirsə , yazmaqdan bezəndə” Dünyada sonuncu yaxşı OXUCU qalana qədər yazmaq olar” deyib yenə də yazmağa davam edirik.

 

Pərviz müsahibəni sanki dünyada qalan sonuncu yaxşı OXUCUları, YAZARları bir yerə yığmaq və ədəbiyyatı xilas etmək üçün verib:”...Mən nə hansısa siyasi partiyaya, nə ədəbi partiyaya üzv olmağı düşünmürəm. Eybi yox, qoy mən tam tək qalım. Zatən yazar doğuluşdan tənhadı, təkdi. Qoy nə orda, nə burda adımı çəksinlər. Yazarın bir partiyası var-Oxucular partiyası.
Ədəbiyyat, ümumiyyətlə dəyişdirmə sənəti deyil. Ədəbiyyat insanın Allaha, Təbiətə, yaradana imitasiyasıdı, özünü bənzətməsidi. Uşağın atasına oxşamağa, onu yamsılamağa can atması kimi. Söhbət ancaq yaratmaqdan gedir. Allah da yaradıb və yaratdıqlarına ömür verib ,heç bir işinə də qarışmır, ta hansısa bir günə kimi. Yoxsa ,Allah nəyəsə qarışsaydı, bu günkü hakimiyyətin qansızlıqlarına dözərdimi Azərbaycanda və dünyanın bizə bənzər ölkələrində? Yox. Ədəbiyyat da eləcə .Bu sənət dəyişdirə bilməz, yalnız bacarsa-bacarsa ,hansısa dəyişmənin qarşısını ala bilər-bu da təbii ki, dahilərin ədəbiyytına aid olan bir şeydi...”.

 

Müsahibədən və “Hər sabah yaşam” kitabından aldığım zövq mənə elə təsir etdi ki, Türkiyədə yaşayan hörmətli ŞAİR Məmməd İsmayıla məktub yazdım. Bilirdim ki, Məmməd müəllim AzərbaycandakI ədəbi imzalarla ciddi maraqlanır. Mən də daxil olmaqla ,Azərbaycanda yaşayan yazarların Türk mətbuatında çap olunması Məmməd müəllimin ədəbi aləmə diqqət və qayğısından irəli gəlir. Məktubuma Məmməd İsmayıldan “Mən bir Pərviz tanıyırdım. Teleşirkət rəhbəri olanda bizi tez-tez tənqid edirdi.... Əgər həmin Pərvizdirsə də şeirlərini göndər. Çünki sənin şeir zövqünə bələdəm” cavabını alanda heyrətlənmədim. Özünə, övladlarına, sevdiklərinə qayğı və diqqətdən çox, ƏDƏBİYYATa xidmət edən adamın cavabı elə belə kin-küdurətsiz olmalı idi. Ədəbiyyata QARA FƏHLƏ kimi xidmət edənlərə dəyər verməyi bacarmasaq, ədəbiyyatın AĞAları bol olacaq. AĞAlar isə öz xeyirləri üçün hər cür çirkaba bulaşmağa hazır olurlar.

Əvvəlki məqalə: Türkiyə mətbuatı: Dövləti mafiya kimi idarə edən Putin Telman İsmayılovdan Mardan Palace otelinin qisasını alır

Sonrakı məqalə: AĞACLARI “YOX” DEYƏN ÖLKƏNİN ADAMLARI ”H. Ə.” DEYİR (şeirlər)

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4337

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin