Kojeni qalmaqalı: Prezident Obamanın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel Nyu York məhkəməsində ifadə verib
Corc Mitçel
1998-ci ildə Viktor Kojeninin özəlləşdirmə çeklərini satın alaraq Azərbaycan dövlət neft şirkətini ələ keçirtmək məqsədilə yaratdığı investisiya qrupuna 200 000 dollar sərmayə qoyan keçmiş senator Corc Mitçel iyunun 19-da Nyu Yorkun Menhetten məhəlləsinin federal məhkəməsində ifadə vermişdir. “Röyter” agentliyinin məlumatına əsasən, Nyu York məhkəməsində Viktor Kojeninin yaratdığı qrupun üzvü Frederik Burka qarşı irəli sürülən ittihamlar araşdırılır. ABŞ prokurorluğu Viktor Kojenini xarici ölkə rəsmilərinə rüşvət verilməsini qadağan edən amerikan qanunlarını pozaraq, Azərbaycan rəhbərlərinə külli miqdarda rüşvət verməkdə, qanunsuz pulları leqallaşdırmaqda təqsirli bilir və ittihamnamədə Frederik Burkun bütün bunlardan xəbəri olduğunu qeyd edir. Frederik Burk isə bundan xəbəri olmadığını deyərək, Viktor Kojenini amerikan investorlarının 180 milyon dollar məbləğində pulunu mənimsəməkdə ittiham edir. Viktor Kojeni Bahama adalarında yaşayır. Amerikan dairələrinin Kojeninin ABŞ-a təhvil verilməsi ilə əlaqədar tələbi Bahama orqanları tərəfindən rədd edilmişdir. Corc Mitçel öz ifadəsində Frederik Burku müdafiə etmişdir.
ABŞ prokurorluğunun əsas şahidi sifətilə bundan əvvəl məhkəmədə ifadə vermiş Hans Bodmer Viktor Kojeninin tapğırığı ilə milyonlarla dollar nağd pulu çamadanlarla Bakıya necə daşıdığını, kimlərlə görüşdüyünü təfərrüatı ilə nəql etmişdir.
Hazırda prezident Obamanın Yaxın Şərq üzrə xüsusi elçisi olan Corc Mitçel məhkəmədə verdiyi ifadəsində qeyd edib ki, onun Azərbaycanda rüşvət verilməsindən xəbəri olmayıb. Məhkəməyə təqdim olunan sənədlərə görə, Corc Mitçel 1998-ci ilin aprel ayında Kojeninin investisiya qrupunun rəhbəri sifəti ilə mərhum prezident Heydər Əliyevlə görüşüb özəlləşmə məsələlərini müzakirə etmək üçün Bakıya getmişdir. Corc Mitçel 1999-cu ildə investorlar qrupunu tərk etdiyini bildirib.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: AĞACLARI “YOX” DEYƏN ÖLKƏNİN ADAMLARI ”H. Ə.” DEYİR (şeirlər)
Sonrakı məqalə: Iran inqilabının simvolu -16 yaşlı Nida güllələndi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4335
