AĞACLARI “YOX” DEYƏN ÖLKƏNİN ADAMLARI ”H. Ə.” DEYİR (şeirlər)
Pərviz Cəbrayıl
“ÖLƏNGİ”, ”HƏR SABAH YAŞAM” KİTABLARININ MÜƏLLİFİ
ŞAİR, YAZIÇI, PUBLİSİST PƏRVİZ CƏBRAYIL “MİRZƏ XƏZƏRİN SƏSİ” ində
AĞACLARIN AYAQLARI
Sahil parklarında
ağacların üzü
dənizə baxar.
Üzü dənizə bitən
ağacların
gəmiyə minib
dənizi dolaşmaqdan ötrü
ürəyi axar.
Öndə göy dəniz,
dənizdə -
göyərmiş özgürlük.
dənizin üzünə
yaxmac kimi çəkilmiş
neftin altında
boğulub
gəbərmiş özgürlük.
Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
“AZADLIQ” meydanı.
Hanı,
hanı, azadlıq
hanı?
Hürr başı
uçunar
bir - dənizə,
bir - dartınar
Meydana sarı...
Ama hanı?..
Ağacların
üstü betonlanmış,
asfaltlanmış,
zəncirlənmiş ayaqları!
Can atar,
ayaqlar can atar
yer altdan
Meydana sarı.
BAZARLIQ
Allah, bizə ölüm ver -
ölümün ucuzundan -
axı paramız yoxdu -
bacarırsan, nisyə ver...
QƏZET XƏBƏRİ
(Kim?)
Yel çərşənbəsi
(harda?)
məmləkətdə
(nə vaxt?)
gecə yarı
sorğu keçirir
ağacların arasında.
Nə sorğudu,
Nə soruşur bilımirəm,
Başını yelləyib
“yox! yox!” deyirlər.
Zeytun bağlarında sorğulamağa
ağac tapılmır,
kökü yandırılmış kötüklər susur.
***
Ağacları “YOX” deyən ölkənin
adamları “H.Ə.” deyir
28 MAY ANDI
İşdi-şayəd
alnımıza haçansa
ən nəhayət
görüşmək yazılıbsa
və işdi-şayəd
birdən görüşənəcən
vurub məni öldürərlər
deyəmmərəm
gələrsən tanımazsan
vaxtın boşuna gedər
(bu kimin xoşuna gedər?)
deyim nişanlarımı
yaxşısı, indidən bil
(tarix - 28 may
istənilən qara il
meydan - Azadlıq
əynimdə - savaş forması
ağlım kəsəndən bəri
geydiyim nimdaş kəfən)
və yeri gəlmişkən...
sən də nişanını söylə
birdən öldürərlər gülüm...
mən də
indidən bilim...
HÖKM
“Tükəndi səbrim...
yoruldum...
qanadlı eşşək olmaqdan
biabır oldum.
Əlimdə
faktlar var
Tanrıya dair.
Onun səbri 40 ildi,
pah, mənə nə?
40 il mənim
cəmi ömrümdü...
və sair
və ilaxır.
Mən də bu gündən
gedirəm satılmağa.
Bundan belə
qanadsız at olmağa.
Xoşbəxtəm,
ağam...”
AĞACLAR VƏ QADINLAR
Qadınlar
küçələrə tökülər,
ağaclar - əkilər küçələrə.
Fahişə deyərlər qadının
küçəyə töküləninə,
əkilənlər park olur.
Başının üstə
nə Allah durar, nə göy,
tökülən qadına
bütün sevgilər ögey...
yalnız əkilənə umud.
Ağacların dibində
tərini soyudan...
tökülmüş qadınların gözündən
bitmədən yaş axar.
Parklar fahişələrin gözündən
içdiyi sudan yaşıllaşar,
sıxlaşar.
Gecələr heç kim görməz,
ayaq çəkilincə yörədən
allahsız, göysüz
fahişə qadınlar ağaclarla
necə iç döyüb,
qadınca qucaqlaşar...
TAM MƏXFİ
Köydən yazıram
sənə.
Qələmim
xoş xəbər dolu.
Deməli,
köyümüzdə
alver mövsümü başlayıb
göylə.
Açılıb YER-GÖY
ticarət yolu.
Tellər sökülüb.
İkibaşlı
get-gəl var.
Hamı tanış-biliş alverdədi
Göylü köyə tökülüb,
köylü göyə əkilib.
Adam qalmayıb kənddə.
QUŞLAR DÖYMƏYİN AYNAMI
Qəlbimi az döyündürün,
Yalan yerə sevindirin,
Bircə gün dayanın-durun,
Quşlar, döyməyin aynamı...
Aynada nə görmüsüz, dən?
Özünü aldatmaq nədən...
Bəxtimi oyadarsız birdən,
Quşlar, döyməyin aynamı...
Aynam mənim eynimdi, eyy,
Cəftəsizdi, neynim, de, eyy?
Oturun lap çiynimdə, eyy,
Quşlar, döyməyin aynamı...
,
Saçımın dənin dənləyin
Başımdan çəni dənləyin.
Nə olar, məni dinləyin,
Quşlar, döyməyin aynamı...
Gözlərimi oyun, durun,
Əynini lüt soyundurun.
Haçansa bir doyun, durun,
Quşlar, döyməyin aynamı...
DÜNYA KEÇİB MƏNDƏN GEDİR
Dünya keçıb məndən gedir,
Mənə sarı gələn yoxdu.
Ölüm, gəlmirsən, heç gəlmə,
Heç sənçün də ölən yoxdu.
Mənə sıxılan güllə də
Eləcənə yandan gedər.
Ürəyim elə pas atıb,
Təkcə qızıl qannan gedər.
Allah, sən də bizə gəlmə,
Özüm özümdən getmişəm.
Mən ölüm, bir axtar məni,
Görək də harda itmişəm?
Vurmanı əzbər bilirsən
Öyrən dərdi bölməyi də,
Min yol məni öldürəndə,
Bir yol mənnən ölməyi də...
ÜRƏYİMDƏN ÇIXAN TİKAN
Ürəyimdən çıxan tikan
Düşüb ayağıma batır.
Mən heç sevinməmiş gedib
yenə ürəyimə çatır...
Min yol deşilməkdən ələk;
qəlbimin damı qan damır.
"Tikanlı adamsan" - deyib,
küsür məndəki hamı.
Hamını ürəyimdən
çıxarıb ata billəm.
Tikanımı çıxarsam,
həm siz, həm özüm ölləm.
Ya acıya barışıb
ürəyimə qarışın.
Ya bu meydan, bu şeytan,
Tikanımla yarışın.
ADI NƏDİ BU ADAMIN...
(Adını və yaşını bilmədiyim dostun ad gününə)
Adi nədi bu adamın,
bu adamın adı nədi?
barı AD GÜNÜNDƏ bilək.
Oturub susmuşuq yenə,
bilmirik ağlayaq, gülək...
Adı nədi bu adamın?
İçəmmirik sağlığına,
sudan arı saflığına,
yaşının İsalığına...
Görüm, yanasan, ay Fələk!
Adı nədi bu adamın?
Gözünün işığı yatıb
gözəl göy qurşağı yatıb
yarı-yaraşığı yatıb
əlində qaşığı yatıb
toyunda aşığı yatıb,
az qalırıq qəmdən ölək.
Nədi, cızılır alnına?
Göydən süzülür alnına?
Adı nəydi bu adamın?
Baxın... ya-zı-lır alnına:
Baxın, yazıldı ki... Mə-lək.
Mələk...
GƏL, TƏZƏDƏN
GÖRÜM SƏNİ
İşsiz-gücsüz oturmuşam,
bilmirəm ki,
nə unudum.
Gəl,
təzədən görüm səni,
görüm ki,
yenə unudum.
Gah sev məni,
gah at məni,
göz yaşında
oynat məni...
Min yol öldür,
dirilt məni,
Qoy,
dönə-dönə unudum
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: QOLLARI SAMANDAN OLAN, GÖZ YAŞINI SİLƏ BİLMƏYƏN XALQ
Sonrakı məqalə: Kojeni qalmaqalı: Prezident Obamanın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel Nyu York məhkəməsində ifadə verib
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4336
