Məlahət Ağacanqızı: SƏNİN NƏFƏSİN- SEVGİ VƏ HƏYAT DƏRMANI
Məlahət Ağacanqızı
İradə xanım İsaqa xoş duyğularla
DƏRDsiz adam yoxdur. Adamlar müxtəlif xasiyyətdə olduğu kimi, dərdlər də bir-birindən fərqlənir. Yəni hər kəsin özünə bənzər DƏRDi var. Mənim dərdimin adı –DARIXMAQdır. Bəzən darıxmaqdan ölmək istəyirəm. Biz niyə darıxırıq?! Çünki söhbət etməyə, ürəyimizi boşaltmağa, SEVGİmizi bölüşməyə ADAM tapa bilmirik. Qəribədir, məmləkətmizdə yemək-içmək bolluğu ola-ola, adamlar günlərlə ağzına aparmağa qida tapa bilmir. Mədəsi AC qalır. Küçələrdə adam əlindən addım atmaq mümkün olmadığı halda, kəlmə kəsməyə ADAM yoxdur. Qəlbimiz AC qalır. Mənim üçün darıxmaq elə bir dərddir ki, müalicəsi, ancaq dəyərli SÖZlə və böyük SEVGİ ilə mümkündür.
Çox vaxt dostlar telefonumuzun məşğul olduğunu görəndə, soruşurlar: “Kiminlə çatlaşırsan və ya söhbət edirsən? ”Vallah, heç kəs inanmır ki, mən darıxmaqdan çatlasam da ÇAT yazışmasından xəbərim yoxdur. Telefonla isə laqqırtı vurmaqdan zəhləm gedir.
Hər dəfə internet poçtuma baxanda, ürəyim bulanır. Poçtumu zibilləyən ədəbsiz “qonaqların ”fotolarını “silib-süpürməkdən” yorulmuşam. Canlı sevgililəri boynubükük qoyub, internetdə sevgili, dost axtarmaq zərurəti niyə getdikcə çoxalır? Ona görə ki, insanlar özlərinə və bir-birinə olan inamı itiriblər. Üz-üzə dayanmağa qorxurlar. Bəziləri isə həddən artıq ədəbsiz olduğuna görə üzünə maska taxmaqla qiyabi “KEF” etmək üçün ov axtarır.
ÜRƏK DOSTu tapmaq məqsədi ilə tanış olma saytlarına üzv olan rəfiqəm , hər çatla yazışandan sonra oturub ağlayır. İÇ söhbəti arzusunda olan rəfiqəmə qısa tanışlıqdan sonra müxtəlif təkliflər edilir, iyrənc sözlər yazılır: ”Mən səni yalamaq istəyirəm...”,”Səninlə yatmaq çox xoş olardı...”,”Həyatının kişisi ola bilərəm?”, “Səni...”.Bu ürəkbulandıran sözlərdən BATAQLIQ iyi gəlir.
Darıxanda çox vaxt www.adyazar.az saytına daxil olub ədəbi aləmdəki yeniliklərlə tanış oluram. Bəzən yazı müəlliflərindən çox , şərh yazanlar daha maraqlı fikirlər irəli sürür. İradə xanım İsaqın yazdığı şərhləri böyük maraqla oxuyuram . Sağlam ədəbiyyat və cəmiyyət arzusunda olan evli xanımı bəziləri nədənsə yenidən ərə vermək istəyir. “Mimino” filmində yaşlı bir qadın “Təyyarə dənizə düşsə, sərnişinlərin taleyi necə olacaq?” soruşur. Rolunu xüsusi istedadla ifa edən məşhur müğənni Vaxtanq Kikabidze təyyarə bələdçisinə deyir: ”Get o qadına su ver, deyəsən susuzluqdan yanır”. Çoxdan baxdığım filmdən gətirdiyim misalda yanlışlıq ola bilər. Üzrlü sayın. Niyə, biz o filmdəki kimi QƏZA, BƏLA təhlükəsindən danışanlara SU, ƏR vermək istəyirik?!
Niyə BƏDƏNlər ehtiras və şəhvət xəstəliyinə düçar olub?!
Niyə DOST köksünə başımızı qoyub ağlayanda gözümüzün yaşını DOST kimi yox , KİŞİ kimi silmək istəyənlər daha çoxdur?!
Niyə yanan ÜRƏKləri sevən yoxdur?!
Bu yaxınlarda bir DOST mənə məcburi “ÇAT” dərsi keçdi. Üzümü balaca məktəb şagirdi kimi danlasa da, qiyabi dərsdə barmaqlarım xətkeş cəzalarından uzaq olsa da, nədənsə qulaqlarımda hələ də qızartı hiss edirəm. Barmaqlarımın ucundakı göynərti isə hələ də çəkilməyib. Bir dəfə Türkiyədə İŞPƏNCƏ adlı yeməkdən bir-iki qaşıq yeyəndən sonra əlimi kənara çəkib demişdim: ”Bu işpəncə deyil, əsl işgəncədir”. Mənə elə gəlirdi ki, Çatla yazışandan sonra, əlimi kənara çəkib deyəcəyəm: ”Bu işpəncə deyil, əsl işgəncədir”. Amma
mən ÇATı sevdim. Çünki istədiyim anlarda dəyərli DOSTlar qəlbimi darıxmaq çatlarından xilas edir. Artıq darıxmaq mənə vız gəlir. DARIXMAQ məni tərk etdiyinə görə, HƏYATA sevgi gözü ilə baxmaq olur və başımızın üstündə dolanan ilham PƏRİSİ qulağımıza xoş misralar pıçıldayır.
Yağışın dadını,
Çiçəklərin ətrini,
Dənizin maviliyini...,
Dünyanın gözəlliyini
Unutmuşdum!
Öpüşlərin mənə
Yağışı,
Çiçəkləri,
Dənizi,
Dünyanı
Və Sevməyi
Bəxş etdi.
*
Bu DÜNYAnı tərk edib
Cəhənnəmdən
Cəhənnəmə getməyimə
Çox az qalıb...
Nə olar
Aç qollarını
Məni qucağına al-
Mənə Cənnəti göstər!
CƏNNƏT
Sənin qucağında...
Cəhənnəmlik canıma
Nəfəsin dəydiyinə görə
Cəhənnəmdə yanmayacaq.
HƏYAT-
SƏNin nəfəsində...
*
Heç nə istəmirəm...
ürək dərmanım olan
şüşə qaba
bir az nəfəsindən tök
bağışla mənə,-
DARIXANDA damcı-damcı
İçə bilim...
SƏNin nəfəsin -
SEVGİ və HƏYAT
dərmanı.
SEVGİ və HƏYAT dərmanını tapanda çalışın onu qırmayasız, itirməyəsiz. Onu GÖZ bəbəyi kimi qoruyun. Yoxsa , ƏZRAYIL başınızın üstünü DARIXMAQla kəsdirib canınızı alacaq.
Ey İNSANlar! Elə edin ki, sevənlər təmiz EŞQdən və şirin ÖPÜŞdən iyrənməsinlər!
Əvvəlki məqalə: Boris Berezovski: "Telman İsmayılovu Rusiyada böyük təhlükə gözləyir"
Sonrakı məqalə: Rusiya prokurorluğu: " Çerkizov bazarını məhv etmək lazımdır"
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4317

Riyasız, saf, duyğulu, həyat dolu, meydan oxuyan, meydana səsləyən, adamı silkələyən, adama adam olduğunu yenidən xatırladan, nəfəs “istəyə-istəyə” nəfəs kəsən bir yazı. Kəsəsi, YAZI!!!
Ürəyinə sağlıq, Məlahət xanım!