Fariz Hüseynov: Limitsiz Seçilmə Haqqı Niyə Pisdir?
Fariz Hüseynov
fahuseynov@sozunduzu.com
Son vaxtlar hamının diqqətində olan limitsiz seçilmə haqqı barədə yazmaq istədim. Bu haqqın verilməsi tərəfdarlarının əsas arqumenti odur ki, insanların bir nəfəri bir neçə dəfə seçmə haqqını əlindən almaq olmaz. Əks-cəbhə bildirir ki, bu haqq bir nəfərin ömürlük seçilməsinə şərait yarada bilər. Mən özüm də ikinci cəbhəyə aidəm və fikrimi aşağıda izah etməyə çalışacam. Qısaca onu demək istərdim ki, təkrar seçilməyə limit qoyulması vətəndaşların seçim haqqlarını əllərindən almaq üçün deyil, onların bu haqqlarının rəhbər tərəfindən manipulyasiya edilərək rəhbərliyin əbədiliyinə şərait yaratmağın qarşısını almaq üçün vacibdir. Yazıda bəzi alimlərin məqalələrinin nəticələrini və öz fikirlərimi göstərirəm.
Limitsiz seçilmə bütün cəmiyyətlərin həm siyasi, həm də iqtisadi qurumlarında əsas mövzulardan biri olmuşdur. Bir qurumun rəhbərinə bir neçə dəfə seçilmə haqqı vermək ona “vəzifədə olma üstünlüyü” verir (incumbent advantage). Bu üstünlükdən sui-istifadə etmə halları tarix boyu mövcud olmuş, hətta demokratik ölkələrdə də artmaqdadır. Məsələn, 1998-ci ilin Noyabr ayında ABŞ Təmsilçilər Məclisinin 435 üzvündən 401-i yenidən namizədliyini irəli sürmüş və onlardan yalnız altısı seçilə bilməmişdir. Yəni cari üzvlərin
98%-i yenidən seçilmişdir. 1996-ci il Senat seçkilərində isə cari üzvlərin 90%-i yenidən Senata üzv seçilmişdir. Bu rəqəmlər əsrin əvvəllərində daha az idi. Beləliklə cari rəhbərlərin rəqibləri qarşısında çox böyük üstünlüyə malik olduğunu görürük. Bunu müxtəlif səbəblərlə əlaqələndirmək olar.
Birincisi, təbii ki, vəzifədə olmağın verdiyi maddi üstünlükdür. Cari rəhbər öz imkanlarından geniş istifadə edərək, ona verilən maddi qaynaqları öz şəxsi maraqları və yenidən seçilməsi üçün istifadə edə bilər. Rəqiblərinin bu cür “havayı” gəliri olmaya bilər. Eyni zamanda, cari rəhbər özünü tanıtmağa və seçicilərlə görüşməyə daha çox vaxt və resurs ayıra bilər. Bu fəaliyyətləri görən zaman müxtəlif vasitələrlə rəqibinin öz seciciləri ilə görüşməsinə, mətbuatda daha geniş tanıdılmasına mane ola bilər.
Siyasət alimlərinin araşdırmaları göstərir ki, limitsiz seçilmə haqqı mövcud olan sistemlərdə seçilən namizədlərin keyfiyyəti aşağı düşür və daha keyfiyyətli, alternativ namizədlərin meydana çıxmasına mane olunur. Ümumiyyətlə cəmiyyətlər bir şəxsə limitsiz seçilmə haqqı verməklə daha keyfiyyətli insanların onlara rəhbərlik etməsinə müəyyən mənada sədd qoyurlar. Fikrimcə, bu eyni zamanda demokratik üsullarla rəhbərliyə gəlmə şansını azaldır. Daha yaxşı namizədin demokratik üsullarla hakimiyyətə gəlməsinə şərait yaradılmadığı üçün o, müxtəlif vasitələrə (hərbi çevriliş, inqilabi hərəkat vəs.) əl atmağa məcbur olur. 19-cu əsrdə İngiltərədə seçmə və seçilmə haqqının geniş təbəqəyə verilməsinin arxasında elitanın sosial partlayışdan qorxması dayanırdı. Araşdırmalar həm də onu göstərir ki, təkrar seçilməyə limit qoyulması cari rəhbərin icra orqanlarının ictimaiyyətə qarşı məsuliyyətini və onların fəaliyyətinə nəzarəti artırır. Bu limit cari rəhbərləri məcbur edir ki, ictimai nəzarətlə hesablaşsın. Limit olmadıqda bunun tərsinə olacağını izah etməyə gərək yoxdur.
Digər bir araşdırma göstərir ki, şəffaf olmayan cəmiyyətlərdə cari rəhbər öz resurslarından istifadə edərək şəffaf olan cəmiyyətlərə nisbətən daha uzun müddət rəhbərlikdə qalır. Cari rəhbər özü elə bir qeyri-şəffaf mühit yaradır ki, seçicilər onu seçməyə daha çox meyl edirlər, nəinki onların rəqiblərini. Bunu təmin etdikdən sonra o, orta-keyfiyyətli (yarımçıq) fəaliyyət göstərir. Bu da ölkənin siyasi və iqtisadi inkişafı üçün lazım olan islahatların gecikdirilməsinə gətirib çıxardır. Beləliklə, əsas problem o
deyil ki, vətəndaşların seçim haqqı əllərindən alınır. Əksinə təkrar seçilməyə qoyulan limit cari rəhbərin vətəndaşların bu haqqından sui-istifadə edərək öz rəhbərliyinin əbədiləşdirməsi əsas problemdir.
İndi isə limitsiz təkrar seçilmə şansının iqtisadi təsirlərinə baxaq. Ümumiyyətlə, limitsiz seçilmə haqqı olan cari rəhbər dövlət vəsaitindən öz təkrar seçilmə qücünü artırmaq üçün istifadə edir. Bunun üçün dövlət xərclərini artırır, ictimai mal və xidmətlərə investisiya edir. Eyni zamanda inhisarçı fəaliyyət göstərərək ölkədən maksimum dərəcədə gəlir götürməyə çalışır. Gəlirin çox olması onu hakimiyyətini və təkrar seçilmə ehtimalını daha da gücləndirməyə sövq edir. Cari rəhbər həm də, sahib olduğu iqtisadi resurslardan rəqiblərinə mane olmaq üçün də istifadə edir. Bununla da, həm xalqın gözündə nüfuz qazanır, həm də rəqiblərini zəiflədir.
Mülkiyyət haqqlarının qorunmadığı mühitdə cari rəhbərin imkanları daha da genişlənir. O yüksək gəlir gətirən investisiya qərarları üçün öz rəqiblərini sıradan çıxartmağa çalışır. Rəqiblə cari rəhbər arasında yaranan bu konfliktlərə görə müxtəlif resurslar xərclənir və cəmiyyət bu resursları itirir. Bu həm də alınacaq yeni qərarların xərcini yüksəldir və onların gəlirliliyini azaldır. Ancaq əldə olunacaq gəlir çox yüksəkdirsə konfliktlər daha güclü olur. Buna görə də, təbii resursları çox olan ölkələrdə çox vaxt diktatura rejimi və ya hərbi çevrilişlərlə hakimiyyətə gəlmə ehtimalı yüksəkdir. Sabit diktatura rejimi olan ölkələrdə cari rəhbər daha çox dövlət xərclərindən istifadə edərək öz üstünlüyünü qursa da, qeyri-sabit rejimlərdə buna şahid olmuruq. Çünki qeyri-sabitliyin özü gələcəkdə gəlir gətirəcək investisiyaların bu günkü dəyərini azaldır.
Müzakirənin sonunda xatırlatmaq istərdim ki, demokratik cəmiyyətlərin heç biri öz rəhbərlərinə limitsiz seçim haqqı vermir. Bu haqqı verənlər avtoritar rejimə qədəm qoyurlar. Avtoritar rejim isə özünü demokratik göstərsə də, yalançı çoban məsəlindəki kimi ona inanan çox az olur.
Əvvəlki məqalə: Elnur Məcidli: Monarxik həyat tərzi monarxiya rejimindən daha təhlükəlidir
Sonrakı məqalə: Gülər Miryəhya: Mən güclüyəm
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4295
