Viktor Kojeni ilə bağlı rüşvət qalmaqalı Nyu York məhkəməsində davam edir
Viktor Kojeni
Dünyanın ən çox ziyarət edilən beş iqtisadi xəbər portalından biri olan bloomberg.com Azərbaycanda özəlləşmə çekləri və hökumət səviyyəsində rüşvət verilməsi ittihamları ilə əlaqədar qalmaqalın hələ də davam etdiyini xəbər verir. İttiham olunan şəxs, Viktor Kojeninin Azərbaycan Dövlət Neft Şirkətinin özəlləşdirilməsi ümidilə 1998-ci ildə yaratdığı investorlar qrupunun üzvlərindən biri olan Frederik Burkdur. Kojeninin
başçılıq etdiyi qrup Azərbaycanda özəlləşmə çeklərinin alınmasına sərf etdiyi təxminən 350 milyon dolların 8 milyon dolları Frederik Bruka aiddir. Mayın 21-də keçirilən məhkəmə iclasında prokurorluğun nümayəndəsi Herri Çernof bildirib ki, bu əməliyyat Azərbaycan prezidentinə rüşvət verilməsi faktını da əhatə edir. Azərbaycan hakimiyyət dairələri Viktor Kojeninin rüşvətlə əlaqədar ittihamlarını dəfələrlə rədd etmişdir. Frederik Burk iddia edir ki, onun bu rüşvət əhvalatından xəbəri yoxdur və bunun üçün ancaq Viktor
Kojeni məsuliyyət daşıyır. Viktor Kojeni isə əksinə iddia edir ki, rüşvət məsələsindən investorların hamısının xəbəri olub. Qeyd edək ki, Amerika qanunları biznes maraqlarını həyata keçirtmək üçün əlverişli şərait yaratmaq məqsədilə xarici ölkələrin rəhbərlərinə rüşvət verilməsini qadağan edir. Amerika ədliyyə dairələrinin Viktor Kojeninin ABŞ-a təhvil verilməsinə dair xahişinə Bahama məhkəməsi rədd cavabı vermişdir.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: BIÇAQLA DOĞRANILAN “AZƏRBAYCAN BAYRAĞI” ...
Sonrakı məqalə: Yeni qanun Telman İsmayılova Türkiyə vətəndaşlığını almağa imkan verəcək
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4290
