Mirzə Xəzər: Türklərin genindən türklük çıxmadı, almanların genindən yəhudi geni çıxdı
“Türklərin genindən türklük çıxmadı” sərlövhəsi “Vətən” qəzetində çıxdı və demək olar Türkiyənin bir çox qəzetlərinin səhifələrində manşetdən verildi. Təəccüblü deyil. İsveçrənin Sürix şəhərindəki “iGenea” elmi-tədqiqat mərkəzinin apardığı tədqiqatın nəticəsini təkcə Türkiyə türklərini deyil, almanları da heyrətə sala bilən dərəcədə şok yaradacaq bir xəbər adlandırmamaq günahdır. “Radikal” qəzetinin “Vətən” qəzetinə istinadən yaydığı xəbərə İsveçrə DNA alimlərinin tədqiqatına soyuqqanlı və qısa bir şərhlə - “Avropada yaşayan xalqlar arasında “ən qarışıq və ən az saf qanı” olan icma Türkiyə xalqıdır” şərhi ilə başlaması diqqətədəyər dərəcədə ibrətamizdir. Məlumata əsasən, Avropanın hər yerindən DNA nümunələri toplayan və bunları təhlil edən alimlər Türkiyədə yaşayan türklərin səkkiz fərqli etnik qrupa aid genləri dağıdığını aşkar etmişlər. Alimlərin fikrincə, Avropada və Türkiyədə yaşayan türklərin genetik tərkibində türk, berber, hellenik (yunan), german, slavyan, ərəb, yəhudi və illirya (alban) geni vardır. “Vətən” qəzetinin fikrincə, “Avropa və Türkiyənin çevrəsindəki bölgədə bu qədər qarışıq bir genetik quruluşa sahib olan başqa bir millət yoxdur”.
“Ən təmiz” aryan irqi uğrunda ikinci dünya müharibəsini alovlandırıb 60 milyon insanın ölümünə səbəb olmuş almanların genetik tərkibi barədə alimlərin dedikləri də maraqlıdır. İsveçrə alimlərinin tədqiqatına görə, almanların genetik quruluşunda onların əcdadı sayılan German geninin miqdarı 25 faizə bərabərdir. Bu hələ harasıdır! “iGenea” elmi mərkəzinin tədqiqatına inanılsa, almanların genlərinin 10 faizi yəhudi irqindən gələn gendir. Bəs “saf qan”? Bütün insanların qanı qırmızı rəngdədir, amma tədqiqatın müəllifləri
iddia edir ki, Avropada “saf qan” sayılmağa ən yaxın olan xalq ruslardır. Dünya elə həmən dünyadır, əziz oxucu! Dünya bir yerdə dayanmır, daim fırlanır!
Mirzə Xəzər
31.05.2009
Technorati Tags: almanlar, mirzə xəzər, təmiz qan, türklər
Əvvəlki məqalə: Yeni qanun Telman İsmayılova Türkiyə vətəndaşlığını almağa imkan verəcək
Sonrakı məqalə: "The Los Angeles Times": Azərbaycan Yaxın Şərq ixtilafının yeni cəbhəsinə çevrilir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4293
