Məlahət Ağacanqızı: HAVASINDAN BOZBAŞ İYİ GƏLƏN BAKI!
Məlahət Ağacanqızı
Hacıbala Abutalıbov ildə bir dəfə yox, gündə “Gül bayramı” keçirtsə də, yenə Bakıdan BOZBAŞ iyi gələcək. Çünki ən bahalı ətirlər vuran, ən bahalı maşınlar sürən QADINlardan küftə iyi gəlir.
Dünyada analoqu olmayan qanunlar, cinayətlər, yalanlar, şəratmalar, milyonları havaya sovurmaqlar... bizim məmləkətin payına düşür. Və dünyada analoqu olmayan sənətləri də biz yaşadırıq.
Bu yaxınlarda “Yeni Müsavat” qəzetində Şeyx Əbdül Mahmudbəyovun MEYXANA sənəti haqqında məqaləsini oxudum: ”Meyxana yarışmasına qatılmaq istəyən qadınlar çoxdur. Onların arasında məşhur qadın müğənnilər və şairələr də var…”.Yazını oxuyub qurtarandan sonra, barmaqlarımı qoşalayıb çırtma çalmaq istədim. Alınmadı. Onu QƏDEŞ kişilər və yəqin ki ,meyxana demək eşqinə düşən qadınlar bacarar. Qadınlarımız çırtma çalıb, meyxana demək eşqinə düşüblərsə, demək bir MİLLƏT kimi məhv olduğumuzu boynumuza alırıq.
Əlinə təsbeh alıb, ayağını ayağının üstünə aşırıb, bir –birinə “söz atan” iki qadından hansı zövqü və tərbiyəni almaq olar?! Yəqin ki, bir-birlərinə “Sənin ərin kişi deyil, gözünü “ fanarik ” etməyib...”,”Xörəyindən tük çıxır, ərin başına çırpır...”,”Mən Dubaydan gələndə ,sən Dubaya gedirdin...” və başqa mövzular ətrafında deyişəcəklər.
İqtisadi böhrandan, AĞIL qıtlığından müğənni, şair QADINlar meyxana demək eşqinə düşüblərsə, dilənçi qadınlar ADAM öldürmək fikrinə düşər yəqin.
Soyunub efirə çıxdılar- onlara ev, mükafat verildi!
Boğazdan yuxarı, saxta, yaltaq şeirlər yazdılar- heykəlləri qoyuldu!
Dünyanın ən əxlaqsız ocaqlarında “şöhrət” qazandılar-MİLLƏT susdu!
Elə ona görə də, Ali təhsilli gənclərimiz əcnəbi ailələrdə qulluqçu, aşpaz, dayə... işləyirlər. Çünki əcnəbi qadınlar geriyə-bataqlığa qayıtmırlar. İrəliyə-elmə, inkişafa doğru addımlayırlar. Onlar övladlarına kosmos, ulduzlar, kainat, gözəllik... haqqında bilgilər verirlər.
Gör ölkəmizdə vəziyyət nə qədər pisliyə və vəhşiliyiyə doğru irəliləyib ki, qadınlar QƏDEŞ kişilərin sənətinə sahib çıxmaq eşqinə düşüb. Guya bilmirik ki, meyxananı kimlər sevir?! Meyxana nə qədər ütülənsə də, ona bəzək vurulsa da, adı üstündədir. Meyxana- “BAZ”, ”QƏDEŞ” kişilərin ekstaz həbidir. Məşhur “Fransız” filmində tanınmış kinorejissor -Vaqif Mustafayev meyxanaya qulaq asan qadınların eybəcər əhvalını dəqiq verə bilib.
Qazax, Tovuz camaatının xeyir işlərində mütləq aşıq, saz olmalıdır. Bakı, Xızı camaatının xeyir işlərində isə iki-üç meyxanaçı olmasa, məclis xoş keçməz. Toyun sonunda yeyib-içib məst olan kişilər, meyxanaçıların deyişməsindən xüsusi həzz alır. Yoxsa içkidən xumarlanan kişilər qəsdən şuluq salır və təpikləşmə-bıçaqlaşma “meyxanası” başlayır.
Bu yaxınlarda qonşu kişilər hay-küylə maşın tutub ANS kanalında nümayiş olunan meyxana yarışmasına getdilər. Evdə oturub bozbaş bişirən arvadları, ərlərinin televizorda bir anlıq görünəcək üzləri haqqında bir-bir qohumlara zəng edib, fəxrlə məlumat verirdilər. Heç görmədim ki, qonşular teatra və ya şahmat yarışmasına getmək üçün maşın tutsunlar. Meyxana sənəti o qədər sevildi ki, qadınlarımız da yarışmada iştirak etmək qərarına gəldilər.
Yəqin ki, qonşu qadınlar, meyxanaçı qadınların yarışmasına baxmaq üçün məhəllədən maşın tutub kollektiv şəkildə studiyaya gedəcəklər. Çox maraqlı olar. Evdə oturub badə-badəyə vuran ərlər bir-bir qohum-əqrəbaya zəng edib, arvadlarının neçənci sırada oturduqlarını fəxrlə deyəcəklər. Dərs hazırlamaq istəyən övladlar isə, kitablarını örtüb, mayallaq aşmağa, daşa-divara dırmaşmağa üstünlük verəcəklər. Təhsil naziri Misir Mərdanov uzunluğu bir metr olan gündəliyin nəşr edilməsi haqqında sərəncam imzalayacaq. Çünki
övladlarımızın “mayallaq aşma, divara dırmaşma” dərslərindən aldıqları qiymətlər həddən artıq çox olacaq.
Son vaxtlar Azəri xanımları hüquqlarının olmamağından şikayət edirlər.
Üzündə xoş təbəssüm olan əcnəbi xanımlara qibtə ilə baxırlar. Bütün günahlar özlərində ola-ola kişiləri günahkar sayırlar. Sanki ,kişilər onlardan meyxana və ya bozbaş yarışmasında iştirak etməyi xahiş edir. QADIN ideya verəndi, KİŞİ onu alıb həzm edən.
Hələ bir azdan qadınlar “Saç yoldu “yarışması haqqında ideya ortalığa atsalar, kişilər kef edəcək. Vaxtlarının və paralarının çoxunu Qadın salonlarında saç düzümlərinə, rənglənməsinə sərf edən qadınlar yoluq başlarına yaylıq bağlayıb, mətbəxdə çürüyəcəklər.
Azərbaycan qadını ELMİ, İNCƏSƏNƏTİ, MƏDƏNİYYƏTİ sevməsə -AZAD ola bilməyəcək!
AZAD fikirli olmağı bacarmayan QUL QADIN- AZAD fikirli övladlar tərbiyə edə bilməyəcək!
AZAD fikirli GƏNCLƏRi olmayan məmləkət- ən geridə qalmış ölkələr siyahısında ən birinci olacaq!
Əvvəlki məqalə: "Yeni Şafak": Telman İsmayılov Türkiyə vətəndaşlığını almaq üçün müraciət edib
Sonrakı məqalə: Özbəkistanın Xanabad şəhərində polis məntəqəsinə və milli təhlükəsizlik xidmətinin bölməsinə hücum olub
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4275
