Məlahət Ağacanqızı: “QAVAL DAŞI” SUSAN, DƏFTƏRİ BAĞLANAN MƏMLƏKƏT
Yay tətilinin başlanmasını şagirdlərdən, tələbələrdən daha çox intizarla gözləyən bəlkə də valideynlərdir. Uşaqlara nə var, onların canı ancaq zəhlətökən dərs proqramlarından qurtulur. Valideynlər isə ilin doqquz ayını övladları neçənci sinifdə oxuyursa, necə oxuyursa, necə əziyyət çəkirsə ...onlar da həmin hissləri yaşayırlar. Şəxsən mən bir valideyn kimi, bu il üç yerə bölünüb, dördüncü, səkkizinci, doqquzuncu sinfi gah başımı qaşıya-qaşıya, gah ağlaya-ağlaya, gah gülə-gülə başa vurmaq üzrəyəm. Övladlarım “5”
alanda balaca qızcığaz kimi sevinmişəm, “2” alanda isə qorxudan cınqırımı çıxartmamışam.
Dərslərin başa çatmasına hələ iki həftə qalsa da, artıq ikinci yarımil üçün qiymətlər yazılıb. Hər səhər övladlarımı məktəbə getmək üçün oyatmaq istəyəndə, yorğanı üzlərinə çəkib mızıldanırlar: ”Müəllimlər deyir dərsə gəlməyin, artıq qiymətləri yazmışıq...”.Mən isə əl çəkmirəm. Və onlar zıqqıldaya-zıqqıldaya məktəbə gedirlər. Yəqin ki, müəllimlər onları görəndə qıdıqları gəlir. Eybi yox, ”Ölünün qıdığı gəlməz” misalını xatırlayıb, ÖLÜ müəllim olmadıqlarını hiss edərlər.
.
Bu gün kiçik oğlumun riyaziyyat dəftəri dolduğuna görə, ona yeni dəftər vermək istədim. Dəftərin qalmadığını görüb , qapımızın ağzında olan dükandan dəftər almaq ümidi ilə evdən çıxdım. Son vaxtlar İLHAM PƏRİSİ başımı o qədər qatır ki, EV PƏRİSİ statusum təhlükə qarşısındadır. Evdə dəftərin olmamağından gec xəbər tutmağım da fikrimin göylərdə dolanmağı səbəbindəndir.
Yaxınlıqda olan ilk dükandan başlayaraq ən uzaqda olan dükana kimi getməyimin heç bir faydası olmadı: dəftər yox idi. Bütün dükançılar eyni sözü təkrarlayırdılar :” Dərs ilinin sonudur, daha dəftər gətirmirik, əvvəldən gətirdiklərimizi satmasaq, aparıb onları da təhvil verəcəyik”. Bəli, əziz dükan sahibləri, çox düzgün qərarlar verirsiniz. Dəftər, kitab bizim nəyimizə lazımdır ki, həmişə dükan rəflərinə düzülsün? Kimdir onları alan?! ULU XALQımız elə şeyləri ancaq dərs ilinin başlanğıcında alıb vızıldatdır sandığa.
Amma arağa, siqaretə, kolaya, çipsiyə, dondurmaya ... millətin böyük tələbatı olduğuna görə vitrinlərdən camaata “Gəl məni al, gör sənə mən neylərəm” mahnısını oxuyur. Düşük mahnı sədaları ilə oynamağa vərdiş edən XALQ -tərkibi məlum olmayan zəhər arağı, buz dondurmanı alıb, ziyanlı qidaları yeyib ÖMÜR DƏFTƏRİNİ tez-tələsik bağlayır.
Bizdə TƏHSİL və SEVGİdən başqa hər şey ilin bütün fəsillərində dəbdə olur. Təhsil ilin doqquz ayı, sevgi isə istirahət ,tətil günlərində yada düşür. Gərəksiz, baş ağrıdan, əzab verən , vaxt aparan qayğılı, çox DƏRİN işlər olduğuna görə əksəriyyət onlardan qaçır. Qaçmayan tələbəni, terrorist imtahan verən yerdə, sevənləri isə bir-birinin üzünə təbəssümlə baxan vaxt güllələyir . DÖVLƏT isə heç nə olmamış kimi “Gül bayramı” keçirdir. Artıq sevənlər bir-birinə ətirli GÜL yox, qurğuşun GÜLLƏ bağışlayır. Şəxsən mənə uşaqların atası gündə bir qurğuşun GÜLLƏ bağışlayır. Görünür, məni çox sevdiyindəndir...
Sevib-sevilmək üçün dünyaya gələnlərin qoşalaşıb iki addım getmək üçün yeri yoxdur. Ağac yox, gül yox. Hara baxırsan boz beton və boz üzlər. BOZ bir mühitdə ən odlu-alovlu sevgi də betonlaşıb nəm çəkir.
Maşınla Xırdalan yolu ilə keçərkən qəribə bir hadisə ilə rastlaşdıq. Yol genişləndiyinə görə, yolun biri, düz evlərin qarşısına kimi gedib çıxıb. Bələdiyyələrin məsləhəti ilə və razılığı ilə boş yerlərdə ev tikən insanların, qapılarını açıb bayıra çıxmağa yerləri yoxdur.
Xırdalan yolunda avtobus evin qarşısından keçəndə, pəncərədə dayanıb yol gözləyən adamlar, evlərindən birbaşa avtobusa tullanırlar. Belə inkişaf etmək lazımdır! VAXTA və YERƏ belə qənaət etmək lazımdır! Bizi heç kəs istəmir. İstəyən olsaydı, telekanallarda,qəzetlərdə “Evdən avtobusa ən tez tullanan adamlar” haqqında geniş məlumat verərdilər. Ermənilər etsəydi, indi bütün dünyaya car çəkmişdilər ki: ”Ay aman! Ermənilərin dayanacaq üçün yerləri yoxdur, evlərindən avtobusa minirlər”. Biz isə susuruq. Çünki , yoldaş Hacıbala Abutalıbovun rəhbərliyi altında , başımız meyitlərimizi evdən birbaşa avtobusa qoymaq işinə qarışıb. Merimiz çox ciddi şəkildə Bakı əhlindən xahiş edib ki, kökəlməsinlər. Kök meyitləri pəncərədən çıxartmaq çoxlu işçi qüvvəsi tələb edir. Büdcədə olan-qalan paramız “Gül bayramı”na xərcləndiyinə görə əlavə xərclərə imkan yoxdur.Yoxsa , kök meyitlər evdə qalıb, çürüyəndən sonra basdırıla bilər.
Camaat bu xəbəri yayandan sonra gündə özümü çəkirəm. Üç gün idi , tərəzimiz xarab olmuşdu. Məcbur olub , çəkisini öyrənmək üçün TƏRƏZİ növbəsinə dayanan adamların sırasına mən də qoşuldum. 20 qəpikdən adam çəkən “biznesmen”, adamların paltarlarını gözü ilə nəzərdən keçirdib, dəqiq çəkini deyə bilirdi. Mənim çəkimdən 3 kilo paltarlarıma görə çıxıb, məsələnin cavabını düz tapmışdı.
Oğlum Ülvi nə vaxt məni əsəbləşdirsəydi, tarını götürüb başlayırdı çalmağa. Mən də tütək səsi ilə torbaya girən ilan kimi sakitləşirdim.
Son vaxtlar mənə heç tar musiqisi də təsir etmir. Nəinki, yeni çalmağa başlayan bir uşaq, lap ən peşəkar sənətkar da tar çalanda kövrəlmirəm.
Əcnəbilərin niyə MUĞAM musiqisini sevməyinin sirri məlum oldu: Ömürləri kef içində keçən insanlar hərdən kövrəlmək üçün musiqiçilərimizi ölkələrinə dəvət edirlər.
Oğlum tar dərslərinə getməkdən imtina edib deyir:
-Bir TAR ki məni cəzalardan xilas edə bimir, onu çalmaq və öyrənmək lazım deyil...
Elə mən də, bezmişəm! Qobustana gedib “QAVAL DAŞI”nı gumbuldadıb, “nağaranın” sədaları altında qayadan- qayaya tullanmaq istəyirəm...
Əvvəlki məqalə: Almaniyadan azərbaycanlıların Aysələ verdikləri səslərin aqibəti
Sonrakı məqalə: Telman İsmaylovun Antalyada tikdirdiyi "Mardan Palace" otelinin möhtəşəm açıliş mərasimi keçirilir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4272
