Məlahət Ağacanqızı: ZORLANAN SEVGİ ÇİÇƏKLƏRİ VƏ SÖZLƏRİ ...
Məlahət Ağacanqızı
“Salam Mirzə dayı! Vətəndən uzaqda yaşadığınızı nəzərə alıb həyətimdə bitən meyvə ağaclarının fotosunu sizə göndərirəm. Bu ağacların açdığı çiçəklərin fotosunu ünvanınıza yollamaq, sizə olan hörmətimdir. Arzum odur ki, elə bir gün gəlsin bu çiçəkləri yaxından izləyə biləsiniz. Mirzə dayı! Sizdən çox-çox xahiş edirəm bu çiçəkləri görəndə kədərlənməyin. Bilirəm, bu çiçəkləri görəndə boya –başa çatdığınız el –obanız yada düşəcək. İnşallah vaxt gələr yenidən Azərbaycana dönərsiniz və həmin yerləri yenidən qarış-qarış gəzərsiniz. İNŞALLAH!... Sizə böyük hörmətlə Hüseyn. 20 aprel 2009 ” .
Mirzə Xəzər müəllimi deyə bilmərəm, şəxsən mən bu məktubu “Mirzə Xəzərin Səsi”ndə oxuyanda möhkəm kövrəldim. Çoxdan idi belə bir təmiz sevgi etirafı həsrətində idim. Təsəvvür edin , Hüseyn bəy bağçaya gedir və ağaclardakı ətirli, gözəl çiçəkləri görəndə yadına Mirzə Xəzər müəllim düşür. İnsan çiçəklərə-gözəlliklərə baxanda onu dünyaya təmənnasız bəxş edən Allahı və sevdiklərini düşünürsə , demək əsl İNSANdır. Və İNSANın həmin anda içindən dəli bir istək keçir: Kaş sevdiyim yanımda olaydı, o da mənimlə bərabər bu ilahi gözəlliyi görə biləydi. Təkcə çiçəklərimi?!
Sevənlər arasında ayrılıq yolları başlayanda, ilahi arzular baş qaldırır. Yağan qara, yağışa, açılan çiçəklərə, çıxan günəşə ... sevdiyinin gözləri ilə baxırsan. Və sənə elə gəlir ki, tək-tənha təbiət gözəlliklərini seyr edirsənsə demək sevdiyinə xəyanət etmiş olursan. Kaş bütün XƏYANƏTlər baxış xəyanətindən ibarət olaydı.
Hüseyn bəyin, Mirzə Xəzər müəllimin ünvanına yolladığı çiçək açan ağacların şəkilləri “Gül Bayramı ” üçün od qiymətinə alınıb, ağır zəhmət bahasına sərgilənən güllərdən daha dəyərlidir. DAŞ heykəllərin heç bir gülə ehtiyacı olmadığını bilə-bilə, boş yerə milyonları xərcləmək YALTAQLIQ xidmətidir. Yumşaq kresloda oturmaq üçün qurban kəsilən GÜLLƏRdən QAN, GÖZ YAŞI qoxusu gələr.
SEVGİ və NİFRƏTi anlamaq üçün kiçik bir rəvayəti xatırlamaq yetər: Yanan evin alovunu söndürmək üçün bir quş dimdiyində su, başqa bir quş isə alovu daha da gücləndirmək üçün saman çöpü aparır. Biri yanan evə SEVGİsini, digəri isə NİFRƏTini bir damcı su və bir saman çöpü ilə bildirmək istəyir.
Yəni odlanan ANA VƏTƏNin bir yanan daxma qədər dəyəri qalmayıb?! Onun güllü-çiçəkli qucağında kef edənələrin bir quş qədər qeyrəti yoxdur? Nədən, Azərbaycanda çoxu dimdiyində alovun üstünə su daşıyan QUŞ yox, xortumunda NEFT daşıyan FİL oldu?
“Gəl mənə bu qədər nifrət eləmə, nifrətin çevrilib məhəbbət olar...”deyənlər yanılırlar. Nifrət heç vaxt məhəbbətə çevrilə bilməz, məhəbbət isə nifrətə çevrilə bilər. Və nə yazıq ki, son vaxtlar insanların bir-birinə olan sevgisi, böyük nifrətə çevrilir. İnsanlar bir-birindən var-dövlət umduqca, VAR üstündə dalaşdıqca SEVGİ sözünü dilə gətirməyə də utanırsan.
Daş heykəllərə baş əyənlər, xidmət edənlər canlı insanları, gülləri duya bilməz. Ətirli GÜLLƏR yoxa çıxdığı kimi, ətirli SÖZlər də yoxa çıxıb. Güllərdən və sözlərdən qoruyucu dərman iyi gəlir. Güllər və Sözlər sanki dəqiqəbaşı zorlandığına görə onlara qoruyucu dərmanlar vurulur.
Fəxri Xiyabanda -Heydər Əliyevin məzarı önündə baş əyən məmurlar SEVGİ dastanları yazmayıblar. Onlar məzara baş əyə bilərlər. Bəs, cild-cild SEVGİ dastanları yazıb ruhdan, duyğudan dəm vuranlar niyə özlərini “JEK” müdirləri kimi aparırlar? SEVGİni anlamayanlar, duymayanlar SEVGİNİ təkcə ədəbiyyatdan, cəmiyyətdən yox, VƏTƏNdən qaçaq saldılar. Saxta MƏHƏBBƏTlərdən yazıb, dövlətdən mükafat, təqaüd alanların ağzından, paltarlarından QAN iyi gəlir.
Şadlıq evləri bol olan məmləkətdə GÜNAHSIZ yerə ölənlərə YAS saxlamaq mümkün deyil. Dingildəməyə öyrəşən bədənlərin, narkotikə öyrəşən bədəndən heç bir fərqi yoxdur. Bir azdan CƏNAZƏlər üstündə rəqs edən millət kimi bütün dünyaya səs salacağıq.
“Gül Bayramı”na etiraz edən tələbələr polislər tərəfindən hücuma məruz qalıb. Gənc qızların saçlarından, qolundan ... yapışan polislərin foto şəkillərini görəndə istədim durub gedim dəlləkə, başımı keçəl qırxdırım. Tədbirli olmaq lazımdır. Bir də gördün uzun saç həsrətində olan Şanlı Polislərimiz yolun ortasında saçlarımızı dubinkalarına dolayıb heyvanxanaya apardı. Daz keçəl olmaq lazımdır! Rədd olsun uzun saçlar! Sevil Qazıyeva uzun saçlar saxlamasaydı, bəlkə hələ də yaşayırdı.
Qara paltar da geymək olmaz! Hamı ağ rəngli paltar geyinsin. Kəfənimiz əynimizdə hazır olmalıdır...Hər şeyi, hətta ən güclü və vəhşi heyvanları zorla qəfəsə salmaq mümkündür. Amma İNSANın SEVGİ hisslərini çərçivəyə, qəfəsə salıb , əhliləşdirmək mümkün deyil.
İNSANda olan təmiz SEVGİ hisslərini zorlamaq, təhqir etmək – ALLAHı, RUHları zorlamaqdır, təhqir etməkdir!
Əvvəlki məqalə: Devid Filips: Türkiyə-Ermənistan sərhədinin açılması məsələsində Abdulla Gül ilə Rəcəb Tayyib Ərdoğan arasında fikir ayrılığı mövcuddur
Sonrakı məqalə: Məlahət Ağacanqızı: AZƏRBAYCAN - İÇƏRİDƏN FƏTH OLUNAN QALA!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4254
