Bəhmən Sultanlı: HƏRƏKAT ELMƏ SÖYKƏNSƏ...
SSRİ adlanan keçmiş rus-sovet imperiyasının iqtisadi, siyasi, hərbi böhranında Kommunist partiyasının, Lenin-Stalin rejiminin kadr siyasəti başlıca rol oynayırdı. Kommunistlər kadr seçərkən heç vaxt insanı, onun istəklərini, qabiliyyətini, fərdi keyfiyyətlərini nəzərə almırdılar. Özləri lazım bildikləri adamı komsomol işinə irəli çəkirdilər, partiyaya qəbul edirdilər, partiya məktəbində oxudurdular, rəhbər partiya orqanlarına işə təyin edərək xalqın taleyini ona tapşırırdılar. Əlbəttə, bu kadr əməliyyatı rüşvətsiz başa gəlmirdi. Deməli, çoxu rüşvət hesabına xalqa rəhbər təyin edilmiş adam xalqın həyat tərzinə, istəklərinə, arzularına biganə olan, əqidəsi rüşvətdən yoğrulmuş kölə təbiətli naqis adamlar olurdu. Bu isə, xalqı əsarətdə saxlamaq üçün irtica alətinin təməl daşları sırasına daxil olan üsullardan biridir. Bu üsul xalqı sıxıb əzməyə, alçaltmağa, mütiləşdirib nökərə, qula çevirməyə xidmət edirdi.
Xalqı, onun adi bir fərdini sıxmaq, qula çevirib istismar etmək rus-sovet imperiyası kimi demokatik dəyərlərə, ədalətli dövlət prinsiplərinə əsaslanmayan cəmiyyətlərdə həmişə mümkündür. Bu gün hakim olanın sabah qula çevrildiyi, bu gün qulolub sabah hakim olduğu hal da tarixdə mövcud olmuşdur. Ancaq insanı nə qədər çox sıxsan. Onun qəzəb hissini o qədər çox alovlandırmış olarsan, özünə qarşı onun müqavimətini o qədər artırmış olarsan. Nəticədə incidilmiş, əzilmiş kütlənin fırtınasında məhv olaran.belə hal cismin
fizikadakı elastiklik qanununa bənzəyir. Bu qanuna görə, cisimlər müəyyən qədər sıxıla bilir, sonra müqavimət qüvvəsi meydana çıxır. Sıxmanı davam etdirdikcə müqavimət qüvvəsi də böyüyür. Yayın sıxılmasını yada salaq. Ayaq altına alınıb sıxılan yay buraxılanda gözü nişan alırsa, həm də nə qədər çox sıxılırsa, açılanda gözə zərbəsi də o qədər güclü olar...
Azərbaycanda, rus-sovet imperiyasının başqa əyalətlərində də belə hal baş verdi. Sıxılmış, son həddədək incidilmiş xalq yay kimi açılıb imperiyanın gözünü nişan aldı...
Rus-sovet imperiyası dönəmində xalqa başçı təyin olunanlar xalqın öz övladlarından olurdu. Ancaq onlar xalqın iradəsinə, onun mənafelərinə zidd olan ideya ilə, özgə, yad, düşmən qayəli, qul əməyinə əsaslanan məramnamə ilə silahlandırılırdılar. Bu, imperiyanın adi qanunudur. Xalqa başçı olacaq adamın yetişməsi üçün xalq kütlələri hər cür insan hüquqlarına malik olmalıdırlar, haqqın, ədalətin, azadlığın, demokratiyanın nə olduğunu dərindən dərk etməlidirlər, öz insanlıq hüquqlarının müdafiəsini, qorunmasını bacarmalıdır.
Bunun üçün hər cür siyasi hadisəyə çevik münasibət bəsləyən kütlə cəmiyyət yetişməlidir. Siyasi cəhətdən yetgin, mənəvi cəhətdən kamil cəmiyyət cəsarətli, fərasətli, uzaqgörən, ağıllı nümayəndəsini özünə başçı seçər. Belə başçı isə, çalışmalarında xalqın mənafeyini əsas tutar, xalqa arxalanar. Bu isə, cəmiyyəti fırıldaqlarla, çürük ideyalarla aldadaraq diktatorluq “səlahiyyəti” əldə etmiş rus-sovet imperiyasının əlverişli siyasi aləti olan kommunist rejiminə yad idi. Belə olan halda isə, narazılıq ölüm-dirim
həddinə çata biləcək mübarizəni yetişdirir, xalq hərəkatının baş vermə imkanlarını artırır. Bu mübarizə cəmiyyətin bütün təbəqələri öz haqqını başa düşdükdə, ayağa qalxdıqda mümkün olur. Onda, mübarizə xalqın əzilən, soyulan təbəqələrindən başlamalşdır, aparıcı şəxslər təbii olaraq bu təbəqələrdə meydana gəlib yuxarıya qalxmalıdırlar, hərəkatı idarə etməlidirlər. bunun təbiət olqularıyla yaxın bənzəyişi var. Adi suyun qaynaması da mövcud təbiət hadisələrindən biridir.
İçərisindəsu olan qabı alt hissəsindən qızdıranda su molekulları əlavə enerji qazanaraq onu qonşu molekullarla bölüşür. Bununla, qabın dib hissəsində qabarcıqlar yaranır, yuxar – suyun səthinə doğru “itələnir”. Səthə çatan həmin qabarcıqlar qaynamanı “idarə edir”. Suyun qaynaması yalnız bu yolla mümkünlüdür. Səthindən qızdırılan su isə, qaynamır, buxarlanıb müəyyən hündürlükdə maye suya çevrilib yan-yörəyə tökülür. “Yuxarılar”da hazırlanmış kadrlar da çox vaxt xalqa qayıtmır, Əksinə, xalqdan uzaq düşür.
xalqın birliyi olmadan onun öz istəyinə çatması, yüksəliyə yetməsi mümkünsüzdür. Birlik elm çərçivəsinə sığan fikir, ideya uyğunluğundan irəli gəlir. Bunları müəyyənləşdirmək üçün mövcud ideyaları, baş verən siyasi səciyyəli olquları aramszsaf-çürük etmək, gələcək çalışmaların yönümünü müəyyənləşdirmək vacib haldır.
Maddə hissəcikləri arasında yaranan “birlik” maddə kütləsini əmələ gətirir. Hissəciklərin “birliyi” müəyyən şərtlər daxilində yaranır. Belə olmasaydı, təbiətdə hərc-mərclik baş verərdi, cisimlərin yaranma qanunauyğunluqları baş tutmazdı, onların yaranma nizamı pozulardı. Xalqların, millətlərin birliyinin yaranması üçün də müəyyən şərtlər ödənməlidir. Həmin şərtləri tapmaq, həyata keçirmək böyük məharət, güclü ağıl tələb edir. Adı çəkilən şərtləri tapmaq üçün folklordan da istifadə oluna bilər. Çünki folklorda insanların istəkləri, arzuları, bu istəklərə, arzulara çatmaq yolu ifadə olunur. Misal kimi “Koroğlu” dastanından bir epizodu nəzərdən keçirək. Dastanda xalq qəhrəmanı Koroğlunun öz şəxsi mənafeyini bir yana qoyub xalqın azadlığı uğrunda, istəkləri, arzularını həyata keçirmək uğrunda həyatından, rahatlığından keçərək çarpışdığı göstərilir.
Koroğlu doğma torpağı yadellilərdən qoruyur, xalqını zülümcüllərdən, ədalətsizliklərdən xilas edir, zülümdən əzab-əziyyətdən qurtarırdı. Bununla, Koroğlu xalqın nə istədiyini, nə azuda olduğunu sezmişdi, bu istəkləri, bu arzuları ödəməyə çalışırdı. Xalqın bunu görən igidləri onun ətrafında toplaşmışdı, onunla birgə çarpışırdı.
Yaranmış birlik o vaxt sarsılmaz olar, xalq ondan öz varlığını, mənliyini qorumaq, milli müstəqilliyi, ərazi bütövlüyü, hüquq toxunulmazlığı, güzaranının yaxşılaşması üçün istifadə edə bilsin. Xalqın öz başçısını ədalətli seçki prinsipi ilə seçməsi, öz sözünü, istəklərini ona sərbəst şəkildə bildirmək imkanına malik olması onun yüksəlişinin nəzərə çarpan cəhətlərindəndir.
Başçı xalqla, onun istəkləri ilə, arzuları ilə saf, təmiz, hiylədən-kələkdən uzaq şəkildə davranmalıdır. Əks halda, çəkişmə üçün meydan açılar, bundan hər iki tərəf, xüsusilə də xalq ziyan çəkər. belə olmaması üçün xalqa da, inun başçısına da mümkün olduqca savadlanmaq, bilik qazanmaq, ədalətin, insan haqlarının nə olduğunu incəliklərinədək qavramaq, elmə, mədəniyyətə durmadan yiyələnmək çox vacib şərtlərdəndir. Xalqla başçının diltapma dərəcəsi bu amillərdən ciddi şəkildə asılıdır. Bir də, başçı, ağsaqqal ağıllı,
müdrik olsa, imtiyazları qohumluq, yerliçilik, dost-tanışlıq, “yaxın-uzaqlıq” əlamətlərinə görə paylamasa, öz mənafelərini xalqın mənafelərindən üstün tutmasa, öz təsir dairəsində olanlara eyni gözlə baxsa, hamının işlərinə eyni dərəcədə yarasa, tədbirli, cəsarətli olsa, öz adını şərəflə daşıya bilər. Başçının xalq üçün istəyinin tükənmədiyi halda, xalqın içərisindən başçılığa layiq olan adamların yetişməsi üçün lazımi şərait olan halda yüksəlişə çatmaq olar.
Xalq hərəkatını, milli dövləti idarə edən adamlar yalnız xalqı, onun taleyini düşünərsə, onlar həm xalqla, həm də bir-biri ilə asan dil tapa bilərlər. bunlar bir-birinə güzəştə getməyi, bir-birinə səlahiyyət təklif etməyi bacarmalıdırlar. Belə olmasa, hərəkatda, yoldaşlıqda ixtilaf güclənər, başçı olmaq üstündə çəkişmə başlayar (bu hal həm də dövlət idarəçiliyinə aiddir)... İnsanla arasındakı münasibətlərin möhkəmliyi insanlardakı fikir müxtəlifliyini törədən amillərin nisbətindən, elmiliyindən, insanların hadisələrdən
başaçma çevikliyindən asılıdır.
Kimyəvi rabitənin möhkəmliyi də rabitəni yaradan atomlardakı hər iki yükün (mənfi, müsbət yüklər) nisbətindən, yüklərin mütəhərrikliyindən ciddi şəkildə asılıdır. İctimai proseslərdə şüur,dünyagörüş, mədəniyyət, savad dərəcəsi, fikirbildirmə qabilliyi, insanlar arasında bir-birini anlama, öz yerini-, özgə yerinibilmə qabiliyyətinin ölçüsü, prosesin yönünü, başvermə sürətini müəyyən edən başlıca amillərdir.
Hərəkatı, eləcə də dövləti idarə edən təşkilata yad fikirli, xəyanətcil ünsürlərin daxil olması onun (hərəkatın) quruluşunu, daxili nizamını pozar. Quruluş pozuqluğu hərəkatə (dövləti) yolundan sapdırar, onun ideya yönünün dəyişməsinə səbəb olar. Elmdə də buna bənzər baş verir. Bilindiyi kimi, maddələr müəyyən quruluşa malik olur, bunun nəticəsi olaraq müəyyən xassə daşıyır. Ona başqa maddə qatdıqda maddə hissəciklərinin yerləşmə, yerdəyişmə ardıcıllığında dəyişiklik baş verir, maddənin quruluşunda da başqalaşma baş verir. Nəticədə onun fiziki, kimyəvi, bioloji... xassələri də dəyişir. Belə halın baş vermə gücü qatılan maddənin növündən, ətraf mühitə təsiretmə qabiliyyətindən asılıdır.
Cəmiyyətdə siyasi şəraitin saflaşması, müsbət təsirlərin güclənməsi üçün müxtəlif məramlı siyasi qurumların mövcud olması, siyasi məktəblərin yaranması gərəkli önəm daşıyır. Belə məktəblər güclü siyasətçlərin yetişməsinə xidmət edir. Bu siyasətçilər sırasından gec-tez lazımi siyasi keyfiyyətə malik olanları yetişə bilər, eyni özəkdə birləşərək güclü partiyaya, güclü quruma çevrilə bilər. belə təşkilatlar hərəkatı düzgün axara yönəldə bilər, cəmiyyəti də uğurla idarə etmək bacarığına malik olar.
Siyasi partiyalar, siyasi qurumlar arasında anlaşma yoxsa, hərc-mərclik üçün meydan açılarsa, onda hərəkatın “gözədəyən” iştirakçıları arasında xaricdən idarə olunanlar, hərəkatın mənafelərinə zidd mövqe tutanlar yer tutublar. Belələri keçmiş DTK-nın məramını indi də xalqın inanılmış, qabaqcıl fikirli övladlarını gözdən salmaq yolu ilə yerinə yetirirlər. bu üsul keçmiş DTK-nın xalqı parçalamaq üçün ən çox işlətdiyi üsullardan idi. Belə üsulla DTK rus-sovet imperiyasına lazımınca xidmət etmişdir.
İstər Ermənistan-Azərbaycan müharibəsinin sona yetirilməsi, istərsə də müstəqilliyimizin möhkəmləndirilməsi yad əqidəyə xidmət edənləri daxilən təmin etmir. Belələri hakimiyyətə yetməyi əsas məqsəd saydıqlarından, hakimiyyətə yiyələnməyin yolunu bunda görürlər. Hərəkat sağlam düşüncəyə, saf əqidəyə söykəndikdə, təmənnasız çalışmalara, xalqı azadlığa çıxarmaq məqsədi daşımış olduqda, onun qələbəsi mümkün olar.
Istər hərəkatda olsun, istərsə də hakimiyyətdə - hərəkatçılar, kadrlar hər tərəfini əhatə etməlidir, burada Azərbaycanın xəritəsi təmsil olunmalıdır. Belə olmadıqda, yerliçilik hər şeyi üstələyər, rüşvətcillik, talançılıq tüğyan edər, qütbləşmə yaranar, elə bir vaxt gəlib çatar, qütblər bir-biri ilə ziddiyyətə qurşanar, nəticədə dövlətçilik də, hərəkat da sarsılar, vətəndaş müharibəsi üçün zəmin yaranar. Bu isə, düşmən qüvvələrin qələbəsinə, millətin, onun dövlətinin ölümünə şərait yetişdirər.
Kimyəvi birləşmələri əmələ gətirən atomların yerləşmə ardıcıllığından, xassələrindən asılı olaraq maddə molekullarında bəzən qütbləşmə baş berir. Qütbləşmənin baş vediyi mühitdə qonşu molekulların mənfi qütbləri ilə müsbət qütbləri bir-birini çəkir, bu da molekulların parçalanmasına, yeni istiqamətli qovuşmaların (reaksiyaların) baş verməsinə səbəb olur. Alınan yeni birləşmənin fiziki, kimyəvi xassələri ilkin maddələrin xassələrindən kəskin fərqlənir. Belə maddələrlə aparılan qovuşmalardan törəyən maddələrlə ilkin maddələrin qovuşmasından alınan maddələrin xassələri bir-birindən fərqlənir. Bu hal isə, ilkin maddənin “ölümü”nün nəticəsində mümkünləşir.
Bu, maddənin parçalanmasının maddənin “ölüm” halı, xalqın parçalanmasının da xalqın “ölüm” halı olduğunu göstərir...
Xalq öz dilində danışmağı, dininə ibadət etməyi, öz gələcəyini qurmağı, mədəniyyətini yaşatmağı, torpağına sahib olmağı, təhlükəsiz yaşamağı, güzəranının istəyincə keçməsini, öz haqlarını, azadlıqlarını istər, başqa sözlə, ərazisinin bütövlüyünü, dövlətinin müstəqilliyini, təhlükəsizliyinin təmin olunmasını, güzəranının yaxşı keçməsini istəyir. O, öz istəklərini dastanlarında, nağıllarında, atalar sözlərində, məsəllərində, tapmacalarında, atmacalarında, lətifələrində... öz sadə, aydın dili ilə, ağıllı, müdrik deyimləri ilə deyib, bildirib.
Xalq öz istəyini, istəyinə çatmağın yollarını o qədər dürüst, o qədər ölçülü-biçili şəkildə deyib, onu başqa cür dedikdə xalqın dediyi anlam alınmaz.
Xalq öz dediyini öz psixologiyasına, öz təfəkkürünə arxalanaraq düşünüb, elmi şəkildə deyib. Elmi əsası olan, elmə söykənən fikir qüdrətli,, hərəkat sarsılmaz, dövlət basılmaz olar...
Bəhmən SULTANLI
(And qəz., 29.10.1992)
Əvvəlki məqalə: Bəhmən Sultanlı: Moskva bəyanatını Qərbə mesaj kimi də yozmaq olar
Sonrakı məqalə: Eduard Nalbandyan: Türkiyə Dağlıq Qarabağ probleminin həlli prosesinə qarışmasa yaxşıdır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4267
