Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Bəhmən Sultanlı: Moskva bəyanatını Qərbə mesaj kimi də yozmaq olar

Mirzə Xəzər 13 May 2009

no comments

alican

 

 

 

 

 

 

 

 

 

 


(Müsahibə)

 

 

 

-Bəhmən müəllim, Türkiyə ilə bağlı son olaylara münasibətinizi bilmək istərdik. Doğrudanmı Türkiyə Ermənistanla sərhədləri açmaq fikrində ciddi idi, yoxsa bu, Azərbaycana bir mesaj idi? Axı, el. Hadisələrin cərəyan etdiyi günlərdə Türkiyənin Baş Naziri Rəcəb Təyyub Ərdoğan “Dağlıq Qarabağ problemi həll olunmadan sərhədlər açıla bilməz” demişdi...

 

 


-Etiraf edək, qardaş ölkənin rəhbərliyinin son siyasi manevrləri həm Türkiyə Respublikasının özündə, həm də Azərbaycan Respublikasında rezonans doğurdu. İki qardaş qardaş xalq, qardaş ölkə arasında zaman-zaman formalaşmış münasibətlərin belə kəskin forma alması gözlənilməz idi. Lakin, hesab edirəm, bunun müəyyən səbəbləri də vardı. Məsələn, Türkiyənin PKK-ya qarşı mübarizəsinə Azərbaycan dövlətinin dəstək verməməsi, Türkiyədə minlərlə suçsuz insanların məhv edilməsinə səbəb olmuş bu təşkilatı terrorçu təşkilat kimi tanımaması, hətta qardaş ölkənin dövlət rəhbərliyi səviyyəsində PKK-ya maliyyə yardımı edilməsi barədə səsləndirilən fikirlərə Azərbaycan hakimiyyətindən reaksiya olmaması Türkiyə Respublikasının Azərbaycana mesaj verməsinə səbəb ola bilərdi. Doğrudan da, Azərbaycan hakimiyyəti araşdırma aparmalı idi, əsas olsaydı, tədbir görməli idi, hərçənd, Türkiyənin iddialarına cavab verməli idi. Təbii, Ermənistanla sərhədlərin açılması Azərbaycandan daha çox Türkiyənin özü üçün gələcəkdə faciələrə aparıb çıxarda biləcək ciddi problem yaradardı. Türkiyə hakimiyyəti hesab edirsə, Ermənistanla sərhədləri açmaqla yalançı erməni soyqırımı məsələsi gündəmdən çıxacaq, o, yanılır, düzəldilməsi mümkünsüz olan səhvə yol verir. Çünki tarixən ermənilər əldə etdikləri güzəştlərlə kifayətlənməyiblər. Onlar Türkiyənin ərazi bütövlüyünü bu günədək tanımırlar. Bu anlamda mən Türkiyənin Ermənistanla sərhədləri açacağı fikrinə ümumiyyətlə inanmıram. Məncə, Türkiyə diplomatiyası bu yolla uğurlu diplomatik gedişlər edir. Sərhədlər açılmadı, ABŞ-da soyqırımın tanımasının qarşısı alındı, Türkiyə öz xoşməramlığını nümayiş etdirdi, Obamaya qondarma soyqırımı dilə gətirməməkçün bəhanə verdi, Avropa Birliyini fakt qarşısında qoymaqla özünün bu birliyin üzvü olmasına təkan verəcək yol açdı, Türkiyənin mütərəqqi bir dövlət olduğunu büruza verildi. Bu anlamda Ermənistan Türkiyənin təklifləri qarşısında aciz qaldı. Türkiyənin bu diplomatiyasından Ermənistanın bəhrələnə bilməsi çoxqat sual altındadır. Türkiyənin Ermənistanla anlaşma qurmağa tələsməsi onun bir sıra hadisələri qabaqlamaq istəməsinin sonucu kimi yozula bilər.

 

 


-Siz inansanız-inanmasanız da Türkiyə hakimiyyətinin səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində bu ölkəyə qarşı əks reaksiya doğurdu. İctimai etirazlardan başqa, Azərbaycan rəhbərliyi səviyyəsində bu məsələyə münasibət bildirildi. Ölkə başçısı əvvəl Təhlükəsizlik Şurasının iclasını keçirdi, bunun ardınca isə Rusiyaya üz tutdu. Moskva görüşləri və orada verilən bəyanat bir çox siyasətçilər tərəfindən hakimiyyətin xarici siyasət kursunda ciddi dəyişikliklər kimi dəyərləndirilir...

 

 


-Əslində, Türkiyə hakimiyyəti rahatsızlıq doğura biləcək heç bir bəyanat səsləndirmədi, həm də dediklərinə ayrıca şərh vermədi. O, öz manevr etmək səylərini açıqlamamalı idi də. Bunu başqa cür yozanlar səhvə yol vermiş olurlar. O təəssüfləndiricidir, Azərbaycanda Türkiyə əleyhinə kampaniya başladı. Bu kampaniyanın ilhamvericilərinin xüsusi məqsədləri var idi. Məncə nəticə çıxarmağa tələsmək lazım deyil. Ölkə başçısı Rusiyaya bir sıra səfərlər edib, səfərləri zamanı analoji bəyanatlar səsləndirib... Necə olur, öncəki səfərlər, öncəki danışıqlar xarici siyasət kursunda köklü dəyişiklik kimi dəyərləndirilmir, amma bu səfərə tamam başqa bir mövqedən yanaşılır? Azərbaycan prezidentinin Rusiya ilə yaxşı münasibətdə olması məncə, hamıya gün kimi aydındır. Bunu başqa cür düşünənlər varsa, onlar yanılırlar. Əksinə, indiki Azərbaycan prezidenti Rusiya ilə münasibətləri gərginləşdirsə, bu, qəribə görünə bilər...

 

 

 

-Məsələ bundadır ki, Türkiyə hakimiyyəti də Əvvəllər Qarabağ problemi həll olunmayınca sərhədlərin açılmayacağını bildirirdi, AKP isə ortaya başqa mövqe qoyub...

 

 


-Fikrimcə, Türkiyədə baş verdiyi iddia olunan olaylar, Azərbaycan prezidentinin Moskvaya səfəri, Moskvada verdiyi bəyanatlar bir-birini tamamlayır. Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması Qərb dövlətlərinin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının müxtəlif maraqları dairəsindədir. Ona görə də həmin dövlətlər Türkiyəyə ciddi təzyiq göstərirlər. Bunu nəzərə aldıqda, ölkə başçısının Moskvada verdiyi bəyanatları da Qərbə mesaj kimi dəyərləndirmək olar. Amma onu da deyim, doğrudan da bu addımlar Azərbaycanın siyasi kursunun dəyişməsinə xidmət edərsə, bu kurs heç vaxt Azərbaycanın dövlət maraqlarına, Azərbaycan xalqının mənafelərinə cavab verməyəcək.

 

 

-Demək istəyirsiniz ki, Azərbaycan da bu yolla Qərbə təzyiq göstərmək istəyir?

 

 

 

-Bəli, belə güman edirəm. Axı, Ermənistan-Azərbaycan münaqişəsini Rusiyanın yaratmış olduğunu, onun həllinin də onun vasitəsilə müşkülə salındığını Azərbaycanda olduğu kimi Rusiyanın özündə də yaxşı anlayırlar. Ona görə də bu münaqişənin həllini Rusiyadan gözləmək heç bir məntiqə sığmır, heç bir ağıllı təfəkkürə uyğun gəlmir. Rusiya adı çəkilən münaqişəni maksimum yaraqlandıqdan, gələcək maraqlarını maksimum təmin etdikdən sonra həll etmək barədə düşünər.

 

 


-Yəni Rusiya hələ Azərbaycanda öz maraqlarını təmin edə bilməyib?

 

 

-Bütöv şəkildə yox. Bir çox məsələlərdə o, irəli gedə bilib. Bizim üçün ən qorxulu məqam ondan ibarətdir, həmin geniş miqyaslı maraqlar Azərbaycanın öz müstəqilliyini itirməsinə, Rusiyanın forpostuna çevrilməsinə gətirib çıxara bilər. Rusiya Azərbaycanla bütün münasibətlərində buna çalışır, addım-addım bu niyyətlərinə qovuşmağına can atır. Ona görə də Rusiya ilə münasibətlərdə ehtiyatlı olmaq, çevik siyasət yürütmək tələb olunur.

 

 

 

-Elə Bakının “Nabukko”nun təşkilatçılığından və iştirakçılığından imtina etməsini də məhz həmin maraqlara xidmət hesab etmək olarmı?

 

 

 

-Əlbəttə, o, birbaşa həmin maraqlara xidmət edir. Çünki Rusiya Avropanı öz enerji asılılığında saxlamaq istəyir. Çox da uzaq olmayan bir zamanda Rusiya ilə Ukrayna arasında fikir ayrılığı yarananda Avropa ölkələri enerjidaşıyıcılarna görə necə çətinliyə düşdü. Bunu nəzərə alan Avropa dövlətləri Rusiyanın asılılığından xilas olmaq üçün alternativ qaz kəmərini -“Nabukko”nu gündəmə gətirib. Rusiya isə bunun qarşısını almaqdan ötrü hər cür vasitələrdən istifadə etməyə çalışır. Azərbaycan “Nabukko”da iştirakdan, təşəbbüsçülükdən imtina edərsə, Rusiyanın istəyinə xidmət etmiş olar. Bunu başqa cür dəyərləndirməkdə çətinlik çəkirəm.

 

 

 

-Sizcə, məsələ sonda necə həll olunacaq?

 

 

 

-Hesab edirəm, Azərbaycan Qərbdən tamamilə üz döndərib Rusiya ilə qalmamalıdır. Çünki bunun gələcəyi yoxdur. Rusiya demək olar, bu gün dünyada təklənib. İqtisadi böhran bundan sonra da bir müddət davam etsə, bu ölkədə ciddi dəyişikliklərin şahidi olacağıq. Belə bir halda Rusiya naminə Qərbdən imtina etmək kökündən yanlış siyasət olardı. Bir də, Rusiya ilə uzun illər bir yerdə olduq, sonu nə oldu? Tariximiz saxtalaşdırıldı, sərvətlərimiz talandı, siyasi repressiyalara məruz qaldıq, başımıza yüzlərlə oyunlar açıldı, Rusiya ədalətsiz mövqe tutaraq Ermənistana arxa durub torpağımızın itirilməsinə zəmin yaratdı, minlərlə şəhid verdik... Azərbaycanın Qərb qarşısında mövqe sərgiləmək vaxtı ötmək üzrədir, gecikməməliyik. Qərbi öz enerji ehtiyatlarımızla təchiz ediriksə onu da torpaqlarımızın istiladan azad edilməsinə yardımçı olmağa sövq etdirməliyik. Onyeddi ildir, ATƏT-in Minsk qrupu danışıqlar aparır, bu danışıqlarda Azərbaycanın haqlı mövqeyi bir yanda qalır, ölkəmiz birtərəfli, ədalətsiz güzəştlərə təhrik edilir. Bu işlərdə Rusiyanın ədalətsiz, istilaçı mövqeyi göz önündədir...

 

 


-Bəhmən müəllim, ölkə başçısının “Biz erməni tərəfi üçün Ermənistan-Dağlıq Qarabağ arasında quru əlaqəsinin olmasının vacibliyini başa düşürük və burada heç bir problem görmürük. Laçın dəhlizi ilə bağlı məsələlər səmərəli şəkildə həll oluna bilər” fikri birmənalı qarşılanmayıb. Bir çox siyasətçilər bunu birtərəfli güzəştlər sıasınaaid edirlər...

 

 


-Düşündüyümə görə, Ermənistan Respublikası ilə Dağlıq Qarabağ arasında dəhliz açmaq məsələsi gündəmdə olmamalıdır. Bu məsələnin ortaya atılması beynəlxalq prinsiplərə də ziddir. Belə çıxır, dünyanın başqa ölkələri üçün bir standart, bir meyar mövcuddur, təkcə Ermənistan üçün başqa standart, başqa meyar. Nəzər salsaq görərik dünyanın heç bir yerində hansısa etnik qrupun, ya da mçilli azlığın kənar bir dövlətlə, ya da millətlə əlaqəsi üçün dəhliz açılmır. Belə bir hal Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında baş versə, onda beynəlxalq prinsiplərdə dəyişiklik yaranmasına, yeni beynəlxalq nümunə yaradar, beynəlxalq xaosa gətirib çıxardar. Dəhliz açmaq əvəzinə, Ermənistanla Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağ arasında sərhədləri şəffaflaşdırmaq, gediş-gəlişi sadələşdirmək barədə düşünmək olar. Bu gün dünyada dövlətlərin, millətlərin yaxınlaşması gedir. Güney Qafqaz regionunda dayanıqlı sülh yaranarsa, bizdə bu prosesin getməsi qaçılmaz olacaq.
Söhbət ermənilər üçün ayrıca dəhliz açmaqdan gedirsə, onda Azərbaycanla öz muxtar respublikası olan Naxçıvan arasında da belə bir dəhliz açılmalıdır.

 

 


-Sizcə, Qərb Azərbaycanın dövlət başçısının bəyanatlarından sonra konfliktin ədalətli həllində dönüşə nail olmağa çalışacaqmı?

 

 

-Güman edirəm, çalışacaq. Türkiyə hakimiyyətinin öz ölkəsinin, həm də Azərbaycan ictimaiyyətinin təpkilərindən sonra “Dağlıq Qarabağ konflikti həll olunmadan sərhədlər açılmayacaq” deməsi kimi, Qərb də konfliktə münasibətini dəyişməyə məhkum olacaq. Yeri gəlmişkən, bir məqamı da vurğulasam yerinə düşər: Türkiyə hakimiyyətinin mövqeyinə həm Azərbaycanda, həm də Türkiyənin özündə ictimayi münasibət eyni oldu. Bu, Azərbaycan xalqı ilə Türkiyə xalqının eyni mövqedə olduğunun, həqiqi qardaşlığının örnəyidir.

 

 


(VH qəz., 22.04.2009, kiçik redaktədə)

 

 

 

 

 

Əvvəlki məqalə: Dəniz Baykal: "Ərdoğanın Bakıda verdiyi bəyanat sevindiricidir"

Sonrakı məqalə: Bəhmən Sultanlı: HƏRƏKAT ELMƏ SÖYKƏNSƏ...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4261

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin