Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Bəhmən SULTANLI: ƏZİZ DOSTUM MÜRŞÜD MƏMMƏDLİNİ DÜŞÜNƏRKƏN

Mirzə Xəzər 10 May 2009

no comments

murshud

 

 

 

 

 

 

 

 

1988-ci ildə Bakıda baş verən ictimai-siyasi olayların istisi xalqımızın, vətənimizin ürək döyüntülərinə həssas olan ulu Gəncəmizdə də duyulmaqda idi. Gəncə mühiti xalqımızın taleyi ilə bağlı olan bu olaylara münasibəti, deyəcəyi sözü ilə həmişə olduğu kimi, bu dönəmdə də diqqətli idi. Bu mühitdə ictimai-siyasi olayların baş verməsinin önündə Mürşüd Məmmədli kimi qeyrətli, saf əqidəli, iradəli, dəyanətli, insanların etimadını qazanmış ziyalılar gedirdilər. Bununla belə, Mürşüd öz şəxsi həyatında bu hərəkatdan yararlanmaq fikrinə heç vaxt düşmədi, əksinə, bu yolda çoxlu iztirablara, təqiblərə, təzyiqlərə tuş oldu, xalq yolunda fədagirlik örnəyi göstərdi.

 

Mürşüd Məmmədli Milli Azadlıq Hərəkatından öncə layiqli pedaqoq-tərbiyəçi, istedadlı alim, ləyaqətli vətəndaş kimi tanınırdı. Onun dərs dediyi, tələbəsi olduğu onlarca məzun Azərbaycanın hər bir guşəsində ləyaqətlə işləyir, vətənə sədaqətlə çalışır. Milli Azadlıq Hərəkatı yetişəndən, meydan hərəkatı ortaya gələndən sonra Mürşüd müəllimin ulus səcərəsindən irəli gələn bir çox yeni keyfiyyətləri üzə çıxdı. Mürşüd təbiətcə ziyalı idi, ziyalılıq elə bil onun boyuna biçilmişdi, hərəkətlərinə, düşüncələrinə, çalışmalarına, insanlara olan münasibətlərinə hakim kəsilmişdi. Yaxınları ilə, xüsusilə, bacısı Nüşabə xanımla tanış olanda bunun şahidi olmuşam, onu, onun yaxınlarını tanıyan kiminlə təmasda olmuşamsa, ondan da bu fikirləri eşitmişəm.

 

Mürşüd müəllim Milli Azadlıq Hərəkatının ilk çağlarından ona ürəkdən, tükənməz iradə ilə, vicdanla, milli qeyrətlə qoşulan Gəncə ziyalılarından biri, bəlkə də birincisi oldu. Gəncə əhalisi Mürşüd müəllimin əqidəsinə yaxşı bələd olduğu üçün, ona inandığı, rəğbət bəslədiyi üçün inamla onun ardınca gedirdi. Ona görə də Gəncədə hərəkatın başbiləni, yönəldici şəxsi, lideri kimi Mürşüd müəllim qəbul olunmuşdu. Gəncə əhalisinin mübarizə əzminin yüksəlməsində, mübarizəsinin düzgün məcraya yönəlməsində onun böyük xidmətləri oldu. Mürşüd müəllim gəncəlilərin milli azadlıq ideyası ətrafında birləşməsində, böyük bir qüvvəyə çevrilməsində son dərəcə böyük işlər gördü, böyük xidmətlər göstərdi. Bütün bunlar onun millət təəssübündən, öz vətəninə, xalqına bağlılığından, vətən, millət qeyrətlisi olduğundan irəli gəlirdi. O, işlədiyi müddətdə də sovet rejimini bürümüş olan rüşvətgirlikdən, talançılıqdan, fırıldaqlardan uzaq durmuşdu, güclü savadı, yüksək mənəvi keyfiyyətləri ilə toplum yanında, millət qarşısında həmişə alnıaçıq, üzüağ olmuşdu. Ona görə də vüqarlı idi, öz əqidəsini heç nəyə dəyişmirdi, heç bir hədə-qorxuya, təqibə, təhdidə məhəl qoymurdu. Həmişə haqqın, ədalətin tərəfində idi, həqiqətin, həqiqətsevərlərin dəstəkçisi idi.

 

Xalqımızın ən böyük qənimi rus imperiyası idi, onun ən böyük azusu imperiyadan qurtulmağı, müstəqill dövlətini bərpa etməsi olub. Bu yolda xalqımızın ağıllı, qeyrətli, ləyaqətli, mətin övladları daim düşünüblər, çıxış yolları axtarıblar, bəzən də bu yolda öz həyatlarını təhlükə qarşısında qoyublar, varlıqlarından keçiblər. Buna örnək göstərilən insanlar az deyil. Xalqımızın belə övladlarından biri də Mürşüd Məmmədli idi. O, müxalifət cərgəsində rus-sovet imperiyasına qarşı mübarizə aparırdı, müxalifət cərgəsinin ən barışmaz, ən döyüşkən əsgərlərindən idi.

 

1991-ci il mart ayının 20-də Azərbaycan Respublikası Ali Sovetində ölkəmizin müstəqilliyi məsələsi müxalif deputat qrupunun təkidli tələbilə gündəmə gətirildi. Bu məsələyə prinsipial münasibət bildirən, bu yolda mübarizə əzmi sərgiləyən, dönməzlik nümunəsi göstərən müxalifət deputatlarından biri də Mürşüd müəllim idi. Elə həmin gün, yəni 20.03.1991-ci il tarixdə SSRİ-nin saxlanması ilə bağlı ümumxalq səsverməsi keçirildi. Bu zaman Mürşüd Məmmədli də müxalifətçi dostları ilə birlikdə imperiyanın təqiblərindən ehtiyatlanmayaraq Azərbaycanın müstəqilliyinə səs verdi. Həmin ilin 18 oktyabrında müxalifət deputat qrupunun təkidi ilə Ali Sovet müstəqillik aktı qəbul olunmasına razılıq vemək məcburluğunda qaldı. Azərbaycanın müstəqillik Aktına imza atan dönməz, yenilməz insanlardan biri də Mürşüd Məmmədli oldu.

 

Mürşüd müəllim öz doğma xalqına, doğma vətəninə səmimi idi, xalqının tarixini, ədəbiyyatını yaxşı bilirdi, xalqına, vətəninə təmənnasız xidmət etməyi özünə şərəf işi sayan şəxslərdən idi. Bu keyfiyyət onun bütün çıxışlarının, şəxsi söhbətlərinin, müxtəlif səpgili yazılarının ana xəttini, baş mövzusunu təşkil edirdi. Xalqın mənafelərinə zidd olan, vətəninin taleyinə ziyan gətirən heç nə ilə barışmırdı. İstənilən məsələni ilk öncə özlüyündə təhlil edirdi, sonuc çıxardırdı, öz fikrini çəkinmədən, heç kimə güzəştə getmədən topluma bildirirdi. O, ictimai mühitdə, toplum arasında bütöv şəxs, təcrübəli siyasətçi, gözəl natiq, istedadlı publisist kimi tanınırdı. Mürşüd müəllimin ictimai-siyasi baxışları həm də siyasəti özünə peşə seçənlər arasında da rəğbətlə qarşılanırdı. Mürşüd Məmmədli ictimai işlərdə aktiv çalışırdı, ictimai işlərdə iştirakı, ortaya qoyduğu sonuclar onun həm də görkəmli ictimai xadim olduğunu deməyə özül yaradırdı. O, dönməz, prinsipial, iradəli, qətiyyətli, cəsur bir şəxs idi.

 

Mürşüd müəllim çoxsaylı ictimai mövzulu yazıların, siyasi məramlı, milli mənafeyi özül götürən çıxışların, ictimai-siyasi məzmunlu rəylərin, müsahibələrin müəllifidir. Onun qələmindən çıxmış bu səpkili yazılar, onun dilindən çıxmış bu səpgili müsahibələr, müəllif rəyləri həmişə toplum arasında böyük rəğbətlə, özüllü inamla qarşılanırdı. Mürşüdün irəli sürdüyü təkliflər, səsləndirdiyi mülahizələr, irəli sürdüyü fikirlər həmişə ciddi müzakirələrə, ictimayi rəy formalaşdırmağa səbəb olurdu.

 

Mürşüd müəllim Müsavat partiyasının sayılıb-seçilən üzvlərindən, tanınmış, qəbul edilmiş rəhbərlərindən idi. O, Müsavatçılıq ideyasına, Müsavat partiyasına ürəkdən bağlı şəxslərdən idi, Müsavat partiyasının, partiya Ali Məclisinin üzvü olmağı ilə fəxr edidrdi, müxtəlif yığıncaqlarda, görüşlərdə, siyasi partiyaların tədbirlərində üzvü olduğu bu partiyanı ləyaqətlə təmsil edirdi. Təmsil olunduğu bu partiyanı həmişə, hər yerdə tətəbliğ edirdi, hər yerdə müsavat ideyalarının Azərbaycan xalqına doğma ideya olduğunu vurğulayırdı. Müsavat partiyasını xalqımızın taleyi ilə, dövlət müstəqilliyimizlə birbaşa bağlı olduğunu, bu müstəqilliyin əldə olunmasının mümkünlüyünü həyati olaraq ortaya qoyan bir partiya kimi diqqətə çatdırırdı. Böyük Məmmədəminin ortaya qoyduğu “Bir kərə yüksələn bayraq bir daha enməz” müdrik deyimini, “düsturu”nu Məmmədəminə məxsus bəşəri deyim olduğunu hər bir söhbətində qürurla vurğulayırdı...

 

Mürşüd Məmmədli diqqət çəkən natiqlik qabiliyyətinə, təsirli deyim tərzinə, güclü inandırma qabilliyinə malik şəxs idi. Bu keyfiyyətinin onun “Amal” ziyalı hərəkatındakı çoxsaylı çıxışlarının şahidi kimi “amalçı”ların yaddaşından heç vaxt silinməyəcəyi qənaətindəyəm. Onun odlu-alovlu çıxışları indiyədək aktuallığını saxlayıb, dəyərini itirməyib, xalqın mənfiliklərə yönəli müqavimət qüvvəsinin artmasına xidmət edib.

 

Mürşüd müəllim görkəmli alim-publisist, ziyalı-publisist idi. Onun söhbətləri dövlətimizin güclənməsinə, dövlətçiliyimizin inkişafına, mənəviyyatımızın saflaşmasına, xalqımızın həyat səviyyətinin yüksəlməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına əngəl olan yaltaqlıq, məddahlıq, rüşvətgirlik, talançılıq, yerliçilik, bunların aradan qaldırılması yolarını aramaq olardı. Gəldiyi qənaətlərdə o, inamlı idi, inadlı idi, öz xalqına ümidini, inamını itirməzdi, əksinə, onun hər şeyə qadir olduğunu, gec-tez inkişaf yoluna çıxacağını dönə-dönə vurğulayardı, hər bir söhbətinin mayasına çevirərdi, bunun sürətlənməsi üçün birgə mübarizənin vacibliyini vurğulayardı.

 

Mürşüd mənəviyyatına, savadına, vətəndaşlıq mövqeyinə, dünyagörüşünə, xalqına səmimiliyinə, inamına, təmənnasız xidmət göstərmək iradəsinə görə xalqımızın dəyərli ziyalılarından, oğullarından, vətənimizin dəyərli vətəndaşlarından idi. O, həmişə xalqın yanında olurdu, onun mənafelərini öz şəxsi mənafelərindən üstün tuturdı, bildiklərini aşılamaq yolunda yorulmadan çalışardı, bacardıqlarını xalq üçün sərf etməkdən şərəf duyardı. O, bütün məziyyətlərinə görə xalq arasında ziyalı kimi, xalqın sədaqətli oğlu kimi qəbul olunmuşdu.

 

Mürşüdün Məmmədlinin 2004-cü ildə çapdan çıxmış “Sözün işığı” adlı kitabı hər bir çıxışı, mətbuatda dərc olunmuş br çox yazıları kimi, ictimai mühitdə maraqla qarşılandı. Kitabda gedən yazılar onun nə qədər mərd, dönməz, aydın məqsədli, saf amallı, cürətli, cəsarətli, uzaqgörən, xalqına sədaqətli bir insan olduğununun əyani göstəricisidir. Mürşüd istər xalq arasında, istərsə də ictimai toplumda belə səciyyə daşıyan bir şəxsdir.

 

Mürşüd müəllim üç övlad atası idi. O, övladlarına, ailəsinə bağlı idi, onları öz varlığının özülü sayırdı, onların inkişafına ağılla, təbii düşüncə ilə qayğı göstərirdi, onlara vətəni, milləti sevdirməyə çalışırdı. Övladlarının adlaını tez-tez çəkərdi, onların düşüncələri ilə fəxr edərdi. Mürşüd xalqımızın fəxri ola biləcək ailə başçısı idi. Övladları da onun verdiyi tərbiyəyə biganə olmamışdılar, onlar da Mürşüd müəllimə xas olan cəhətləri özlərində tərbiyə etməyə çalışırlar.

 

Mürşüd müəllimin çalışmalarının başlıca hissəsi Azərbaycan Milli Məclisi ilə bağlı olmuşdur. Milli Məclisdəki qeyrət yüklü, xüsusi cəsarət tələb edən çıxışları, verdiyi taleyüklü təkliflər indi də hər birimizin yaddaşındadır. Hamı bu çıxışları böyük maraqla izləyərdi, maraqla dinləyərdi, bir çoxları isə Milli Məclisdə müzakirəsi vacib sayılan təkliflərini Mürşüd müəllim vasitəsilə ünvanına çatdırmağa çalışırdı...

 

Onun dostları, rəğbət bəslədiyi adamlar çox idi. Belə adamları milli təəssübçülüyünə, millətə, vətənə bağlılığına, insanlığa olan sevgisinə, şəxsi keyfiyyətlərinə, mənəviyyatına görə seçirdi. Mürşüd müəllimin dostluq elədiyi, rəğbət bəslədiyi adamları düşündükdə bu deyilənləri təsdiqləməmək olmur. Ona rəğbət bəsləyən adamlar da onda müşahidə etdikləri yüksək milli-mənəvi keyfiyyətlərinə görə rəğbət bəsləyirdilər, onu sevənlər də onu bu cəhətlərinə görə sevirdilər. O, ailəsinə, qohumlarına, dost-tanışlarına, xalqına, vətəninə sədaqətli şəxs kimi tanınmışdı, hörmət, nüfuz sahibi olmuşdu...

 

Əziz dostum Mürşüd, səninlə ünsiyyətdə olduğumla, səninlə dostluq etdiyimə görə həmişə fəxr etmişəm, səninlə indi də fəxr edirəm, təkcə səninlə deyil, sənin kimi oğullar yetirən xalqımla fəxr edirəm.

 

Mürşüd yaşasaydı, 2009-cu il may ayının 5-də yetmiş yaşı tamam olacaqdı...

 

 

Fiziki olmasa da sən yaşayırsan Əziz dostum Mürşüd, 70 yaşın mübarək, 70 illik yubileyin münasibətilə səni dostların adından, əzəmətli xalqımız adında təbrik edirəm, əziz dostum...

 

 

Professor Bəhmən SULTANLI

(Bakı.Xəbər, 05.05.2009)

Əvvəlki məqalə: Eziz, hormetli Mirze Xezer

Sonrakı məqalə: "Azərbaycan Demokratik Gənclər Hərəkatı"nın məlumatı

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4247

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin