Bəhmən SULTANLI: “...DÜŞÜNDÜKCƏ AÇILIR ƏLVAN SƏHİFƏLƏRİ” “RƏNGLƏR”İN
Ötən yüzilin altmışıncı illərində xalq şairi Rəsul Rzanın yaradıcılığı, xüsusilə də onun “Rənglər” şeirlər silsiləsi ən çox müzakirə, mübahisə, ittiham hədəfinə çevrilmişdi. Bəziləri bu şeirləri hətta “tapmaca” adlandırırdı, onların xalq yaradıcılığına, xalq düşüncə tərzinə yabançı olduğunu iddia edirdi. Bir çox iddiaların özülündə həsəd, paxıllıq hissləri, bəzilərində anlamazlıq cəhətləri açıq-aydın sezilməkdə idi. Ancaq nə etməli, paxıllıq da bir cür insan xislətidir...
Biz R.Rza kimi qüdrətli bir sənətçinin boş-boşuna söz deməsinə şübhə ilə yanaşdıq. Öz xalqına varlığı ilə bağlı olan, onunla fəxr edən şairin ona yabançı olan bir yaradıcılıq yolu seçmiş olduğu iddiasını məqbul saymadıq. Mübahisələr, ittihamlar bizi ötən yüzilin 1963-cü ilindən başlayaraq “Rənglər” şeirlərini dönə-dönə oxumağa sövq etdi. Oxuduq, deyilənlərə nəzər saldıq, “tənqidçilər”in bir çoxunun “Rənglər”i anlamadıqları, öz “incələmələri”ndə yanlışlıqlara yol verdikləri, oxucunu çaşdırmaq məqsədi güddükləri
diqqətimizdən yayınmadı. Bunları görüb “Rənglər” silsiləsini araşdırmaq, incələmək, ona aid öz münasibətimizi bildirmək qərarına gəldik. İlk dəfə olaraq 1963-cü ildə “Ədəbiyyat və İncəsənət” qəzetinə öz münasibətimizi çatdırdıq. 1972-ci ildə isə, Azərbaycan radiosunun mərhum vətənsevər, istedadlı jurnalist Əhməd Xaspoladovun rəhbərlik etdiyi redaksiyasının hazırladığı proqramda “Rənglərin rəngi” mövzusunda çıxış etdik. Çıxış “Rənglər” ətafında müəyyən “sakitlik” yarada bilmişdi. Rəsul müəllim gözləmədiyi bu çıxışı
özü də dinləmişdi...
Bunları yada salmaqla R.Rzanın dünya poeziyasında olqu sayıla bilən “Rənglər” şeirləri haqqında indiyədək obyektiv fikir söylənmədiyini demək fikrində deyilik. Ancaq, “Rənglər” haqqında söz deyənlərin “Rənglər”in ictimai anlamını diqqətə çəkdiklərini, ayrı-ayrı şeirləri geniş incələmədən, ümumi fikir söylədiklərini də vurğulamaya bilmirik. Bu baxımdan, mərhum Akademik Məmməd Arifin “Rənglər” şeirlər silsiləsi ilə bağlı fikirlərinə diqqət yetirək. O, yazır: “Rənglər tədayi-əfkar, assosiasiya vasitəsilə xatirələr,
duyğular oyatmaq, onu düşündürmək yolu ilə həyatı və insanları yaxşı öyrənmək, dərindən dərk etmək məqsədilə yazılmışdır”. Lakin bu fikir “Rənglər”in ümumi səciyyəsindən irəli gəlsə də, şeirlər ayrı-ayrılıqda, həm də ümumi məziyyətləri, “Rənglər”i yazmaqda şairin məqsədi nəzərə alınmaqla izlənməmiş, ümumilikdə, R.Rza yaradıcılığı ilə əlaqəli şəkildə araşdırılmamışdır. Bununla da görkəmli alimin fikirləri “Rənglər”in üvertürasından alınan nəticə ilə, ümumi mülahizələrlə, alimin özünə məxsus mülahizələrlə məhdudlaşmışdır.
Biz indi də “Rənglər” silsiləsinin hər bir şeirinin geniş araşdırmalara, incələmələrə möhtac olduğu qənaətindəyik. Öz yazımızda R.Rza poeziyasının, xüsusilə də, “Rənglər” silsiləsinin əsasən çağdaş elmlə səsləndiyindən söz açacağıq. Bizcə, “Rənglər” şeirlərini səciyyələndirən cəhətlərin araşdırılması, incələnməsi R.Rza əsərlərinin ümumi ideya yönümünü, ictimai-fəlsəfi, didaktik mahiyyətini, xalq yaradıcılığı ilə bağlılığını... nəzərə almaqla obyektiv nəticəyə gətirilə bilər. “Rənglər” şeirlər silsiləsi haqqında
söz demək, mühakimə yürütmək üçün bu məziyyətlərin nəzərə alınmasını vacib sayırıq.
Bilindiyi kimi, fizikada, Riyaziyyatda, kimyada... müəyyən bir hadisəni yığcam, anlaşıqlı, qanun biçimində ifadə etmək, demək üçün düsturlardan istifadə olunur. Fizikada “Mexanikanın qızıl qanunu”nu, riyaziyyatda “Toplananların yerdəyişmə qanunu”nu yada salaq. Qurulan düsturlarda hər hansı bir işarəni başqası ilə əvəz etdikdə, o, öz öncəki anlamını itirir. R.Rza şeirlərində də fikirlər elə bil, “düsturlaşdırılmış”dır. “Rənglər” şeirlər silsiləsi bu cəhətdən diqqəti daha çox çəkir. Şair öz fikrini ifadə etmək üçün sözləri anlamdaşıma imkanlarına görə o dərəcə dəqiq, düzgün seçir, sıralayır, düzür, sözlər sanki riyazi hesablamalar vasitəsilə, kompüter seçimi ilə öz yerlərində qərarlaşır. Bu şeirlərdə hər hansı bir söz başqa sözlə əvəzlənəndə, ya da sözlərin yerini dəyişəndə, anlam başqalaşır. “Rənglər” silsiləsinin şeirləri daşıdığı anlam səciyyəsinə, fikir yükünə, fikir tutumuna görə adi olmayan yığcamlığa malikdir.
Əyanilik üçün “Rənglər” silsiləsinin ilk şeiri olan “Ağ rəng”ə diqqət yetirək:
Yuxulu körpənin təbəssümü.
Ümid.
Təmənnasız yaxşılıq.
“Sizdə xərçəng yoxdur!”
sözlərinin deyildiyi dəqiqə.
İnsan sədaqətinə səbəb olan
hər şey...
hətta, təsəlli üçün deyilmiş yalan.
Bir də
insan ülfəti.
Ağ rəng təmizlik, saflıq rəmzi sayılır. Şairin ağ rəngə aid etdiyi “Yuxulu körpənin təbəssümü” qədər “mütləq təmiz”, “mütləq saf” heç nə yoxdur. Çünki bu təbəssümdə nə hiylə var, nə kələk; nə yaltaqlıq var, nə məddahlıq; nə şər var, nə böhtan; nə təmənna var, nə nəfs; nə talançılıq var, nə soyğunçuq; nə qəddarlıq var, nə quldurluq... Bu anlatmaları “Ümid”, “Təmənnasız yaxşılıq”... kimi deyimlərə də şamil etmək olar.
Şeir həcmcə kiçik ola bilər, daşıdığı fikir yükünə görə isə, həcmli görünə bilər, ya da əksinə. “Rənglər” şeirlərinin hər biri yığcamdır, onların sətirlərinin fikir tutumu böyükdür, fikiraşılama imkanları genişdir. Ona görə, “Rənglər” şeirləri insanı düşündürdükcə düşündürür, düşündürdükcə də mənəvi cəhətdən zənginləşdirir, onun ağlını kamilləşdirir, zəkasının hüdudsuzluğunu ortaya çıxardır. “Rənglər” şeirlər silsiləsinin üvertürasında ilk andaca bu deyilənlər diqqətdən yayınmır. Burada rənglərin insan psixologiyasına
təsiri, insanda yaratdığı ovqat, assosiasiyalar, yığcam, həm də anlaşıqlı biçimdə deyilmişdir.
Rənglərin təsiri, yaratdığı assosiasiyalar onların müşahidə olunduğu mühitin xüsusiyyətlərindən də asılıdır. Bu baxımdan, rənglər insan şüurunun, insanın istəklərinin, arzularının formalaşmasında, təfəkkür imkanlarının artmasında mühüm amilə çevrilir, “görünməzlər”i görür, insanın mübarizə əzmini tənzimləyir, özünə, həyata, gələcəyə ümidini, inamını artırır...
Böyük şairimiz “Rənglər”in üvertürasında rənglərin doğurduğu assosiasiyaları nəzərə çatdırdıqdan sonra öz fikrini aşağıdakı kimi ümumiləşdirir:
Gördüyümüzdən artıq görmək istəməsək-
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kim ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə açılır
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin.
Rənglərin təbiətini, tərkibini öyrənmədən onların xassələri haqqında geniş, dəqiq məlumat əldə etmək mümkünsüzdür. Bu, ictimai anlamda da belədir. Vaxtilə sovet rejimi insanların kommunizmdə yaşayacağını vəd edirdi. Bu fikrə inananlar da tapılırdı. Onlar kommunizmin görmək ümidi ilə yaşayırdılar. Nikita Xruşşov hətta kommunizmin “zühur edəcəyi” tarixi də bəyan etmişdi. Ancaq elm inkişafda idi, insanların şüuru yüksəlirdi, gözü açılırdı, hadisələrə baxışı dəyişirdi. Zaman keçdikcə onlar kommunizmin mahiyyətini, bu ideyanın gerçəkləşmə imkanlarını “quruda balıq sövdası”na bənzədərək həqiqəti dərk etməyə başladılar. Doğrudan da, “düşündükcə açıldı əlvan səhifələri...” kommunizmin! Zaman keçdi, təfəkkür yüksəldi, kommunizm ideyasını mahiyyətcə dərk edənlərin sayı çoxaldı, onun aldadıcı mahiyyəti ortaya çıxdı. Belə olduqda həmin ideyadan üz döndərənlərin də sayı da artdı. Sonucda mifə bənzəyən, Allahın iradəsini, təbiət, cəmiyyət qanunauyğunluqlarını nəzərə almayan özülsüz kommunizm rejimi çökdü...
Rənglər tərkibinə görə mürəkkəb olduğu kimi, təbiətinə görə də mürəkkəbdir. Ağ işığın müxtəlif rəngdə olan şüaların qarışığından törəndiyini nəzərə alaraq bunu ağ işıq misalında izah etməyə çalışaq. Fizika qanunlarına görə, ağ işıq öz dalğa uzunluğuna, tezliklyinə uyğun enerji daşıyan hissəciklərdən ibarətdir. Ayrı-ayrı şüa hissəciklərinin enerjiləri bir-birindən qiymətcə fərqlənir. Bu hissəciklər duyğu orqanlarımıza təsir edərək onu oyandırır. Ona görə də rənglərdən hər biri insana bir cür təsir göstərir, hər
bir rəng insanda bir cür ovqat, assosiasiya doğurur.
Rənglər insan psixologiyasına təsir edən, insan ovqatında dəyişiklik yaradan amillərdən olduğuna görə, uzaq keçmişdən insanlar, xalqlar arasında həm də rəmzi məna daşımışdır. Bu keyfiyyət səslərdə də mövcuddur. Rənglər kimi, səslərin də təsiri onların dalğa uzunluğundan, enerjisindən asılıdır. Səslərdə də rənglər kimi insana sevinc gətirən, onu ruhlandıran, kədərləndirən xassələr vardır.
R.Rzanın “Düşündükcə açılır əlvan səhifələri rənglərin” deyimi rənglərin təbiətinə, tərkibinə, təsirinə aid fizika elminin aşkarladığı qanunlarla səsləşir. “Rənglər”in üvertürasında “Rənglərin musiqi kimi ahəngi”nin olması vurğulanır. Başqa yandan, rənglər də cisimə toxunub qayıdır (udulur), səslər də. Rənglər də duyğular yaradır, səslər də. Rənglərdə də siqnal dalğalar vasitəsilə ötürülür, səslərdə də. Rənglər kimi səslər də qayıtma, sınma qanunlarına tabedir. Rənglər kimi səslərin də dalğa uzunluğu, təzyiqi,
tezliyi, enerjisi var. Bununla, rənglərlə səslərdəki bənzərlik özünü göstərir. Bu bənzərliyə görə səslərdən rənglər kimi eyni məqsədlərlə istifadə edilməsi mümkün olmuşdur. “Rənglərin də musiqi kim ahəngi var” fikri rənglərlə səslərin bənzər cəhətləri olduğunu nəzərə çatdırır. Bu bənzərlik cisimlərin yerinin, maddənin quruluşunun, bərkliyinin, özlülüyünün, bir sıra başqa fiziki, eləcə də kimyəvi, bioloji... xassələrinin öyrənilməsi üçün onların hər ikisindən istifadə edilməsinə imkan verir. Hazırda rənglərlə
səslər tibbdə də eyni məqsədlərlə (əsəb xəstəliklərini, ürək çatışmazlıqlarını...) müalicə etmək məqsədilə istifadə edirlər. Həm rənglərə, həm də səslərə müxtəlif xalqlarda münasibət də müxtəlifdir. Bu da həm rənglərin, həm də səslərin dalğa uzunluğundan asılı olaraq hüceyrələri oyandırmaq qabiliyyəti ilə bağlıdır. İnsanların hüceyrələrinin rənglərə həssaslığı onun səslərə həsaslığı kimidir.
Bu şüaların xassələri cismi əmələ gətirən atomların, molekulların xassələri ilə bağlıdır. Rənglərin sonsuz çalara malik olması, atomların, molekulların sonsuz kombinasiyalı təsirləri, bu təsirlərin sonsuz xassəyə malik olması ilə bağlıdır. Bu, rənglərin insanda müəyyən duyğular, ovqatlar yaratmasına səbəb olur. İnsan orqanizminin bioloji funksiyalarına rənglərin, səslərin təsirinin öyrənilməsi çağdaş elm qarşısnda duran başlıca məsələlərdən sayılır. Çünki adı çəkilən funksiyalar insanın hüceyrə quruluşu ilə,
orqanizmdə qan dövranı ilə bağlıdır. Müxtəlif insanda bu keyfiyyətlər müxtəlif olduğuna görə rənglərə, səslərə həssaslıq da müxtəlifdir.
Sevimli şairimiz “mən şairəm, fizikaya aid şeir yazmaq fikrində olmamışam. Şeirlərimdə fizika qanunları ilə səsləşən məqam varsa, bu, mənim üçün xoşdur” deyə əlavə eləmişdi.
“Gördüyümüzdən artıq görmək istəməsək hər rəng adicə boyadır” deyimi anlamca yalnız rənglərə aid edilərək məhdudlaşdırıla bilməz. Bu deyim əslində, hər bir elm, bilik sahəsini əhatə edir. Başqa cür desək, insanın bildikləri onun bilmək, öyrənmək imkanlarının sonsuz kiçik hissəsidir. Hər bir öyrənilənin öyrənilməmiş hissəsinin, hər bir baş verənin başvermə imkanlarının olması qaçılmazdır, mütləqdir. İnsan hər bir fəaliyyətində bu halı nəzərə almalı, “gördüyündən artıq görməyə” çalışmalıdır...
Elmin həm çağdaş, həm də gələcək imkanlarını ortaya çıxaran qüdrətli alimimiz professor Lütfi Ələsgərzadənin (Lütfi Zadə) fikirləri də xalq şairi R.Rzanın yuxarıdakı fikriylə adi görünməyən dərəcədə səsləşir. Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsində mütləq ağ rənglə mütləq qara rəng arasında sonsuz sayda rənglərin, rəng çalarlarının mövcudluğu nəzəri olaraq ilk dəfə müəyyənləşdirilmişdir. Bu nəzəriyyəyə görə, ağ rənglə ağımtıl, qırmızı rənglə qırmızımtıl, sarı rənglə sarımtıl... rəng bir-birindən nəinki
mütləq şəkildə sərhədlənmir, təcrid olunmur, ayrılmır, eyni zamanda onlar arasında aramsız keçid mümkündür...
Azərbaycanda, onun paytaxtı Bakı şəhərində yaşayan xalq şairi Rəsul Rzanın “Rənglər” şeirlərinin 60-cı illərdə yazılması, ABŞ-da yaşayan professor Lütfi Zadə nəzəriyyəsinin də həmin illərdə ortaya gətirilməsi elmi, məntiqi maraq doğurmaya bilmir. Bu paralelliyin araşdırılmasına elmi maraq, bir də milli-mənəvi ehtiyacımız göz önündədir.
Müəllifin vaxtilə geniş mübahisələrə, müzakirələrə səbəb olmuş, ittiham olunmasına “əsas vermiş” “Kürən” şeirinin elm müstəvisində incələnməsi barədə ixtisasca fizik olaraq öz mühakimələrimizi oxucu ilə bölüşdürmək fikrindəyik. Şeir belədir:
Arxadan vurulmuş bıçaq,
Bahalı buxov qolbaq.
Tünd mavidə gizlənmiş yaşıl:
Kiçiyin ögey qardaşı.
Günəş boyalı saçlar.
Gənublu ağaclar.
Suda boğulanın
pənah gətirdiyi saman.
Tək-tək insan.
Şeir cəmi 9 sətirə sığışdırılmışdır, fikir yükü isə bəlkə də bütöv bir kitaba sığa biləcək qədər böyükdür. Kürən rəng el arasında namərdlik rəmzi sayılır. Arxadan bıçaq vuranı həmişə namərd adlandırırlar. Bəzən namərd adam haqqında deyirlər: “Filənkəsə etibar etmə, o, namərddir, arxadan bıçaq vuran adamdır”. Kürən adama da bel bağlamazlar, etibar etməzlər, deyərlər “kürən adamdan düz iş çıxmaz”. Böyük şairimiz bu fikri təsdiqləmiş, yazının müəllifinə el arasında “kürən atın arxasına keçmə” deyimini misal gətirmişdi.
Əlbəttə, şeirin qalan hər bir bəndi də namərdlik rəmzinin ifadəsidir. R.Rza yaradıcılığında, xüsusilə də, onun “Rənglər”ində xalq deyimlərindən, xalq təfəkküründən güc alan məqamlar çoxdur.
“Tünd mavidə gizlənmiş yaşıl: Kiçiyin ögey qardaşı” deyiminə vaxtilə yanlış ictimai anlam verilmişdi, xalq şairi çoxsaylı əsassız, ağlasığmaz ittihamlara məruz qalmışdı. Həmin deyimi bəzi qərəzli “araşdırıcılar” hətta “böyük qardaş” adlandırılan xalqın “gözünün təsviri” kimi yozmuşdular. Onlara görə, xalq şairi “kiçiyin ögey qardaşı” deyəndə bizi kiçik kimi götürmüş, “böyük” adlandırılan “qardaşımız”ı isə ögey qardaş kimi göstərmişdir. Belə sayıqlamalar böyük şairin vecinə deyildi. Çünki nə dediyini o, özü yaxşı
bilirdi, dediyinin də arxasında durmaq qüdrətində idi. Əslində R.Rzanın həmin ifadəsi onun fəlsəfi təfəkkürünün, elmi düşüncələrinin məhsuludur. Azın çoxda gizlənə bildiyini yada salmaqla, vurğulanan deyimi qavramağa, incələməyə çalışsaq, burada kürən rəngi törədən mavi ilə yaşılın nisbətindən söhbət getdiyini görərik, şairin qüdrətini duyarıq. “Tünd mavidə gizlənmiş yaşıl”a bu anlamda yanaşsaq, mavi rənglə yaşıl rəngin hansının çox, hansının az nisbətdə götürülməsinin kürən rəngi verəcəyini təsəvvür edə bilərik.
Bu, sırf elmi anlayışdır, fizika qanunları ilə səsləşən, tənzimlərən fəlsəfi fikirdir. Şeirdə “Günəş boyalı saçlar” deyimi namərdlik rəmzi anlamında deyil, kürən rəngə misaldır, bu rəngin gözlə duyulan gerçək təsviridir, görümüdür, bənzəyişinin ifadəsidir. Deyə bilərlər, kürən rəngə başqa misal da göstərmək olardı. Bu, doğrudan da belədir. Ancaq, başqa rəngin dəyişə bilmək xüsusiyyətləri ola bilər. Günəş isə, əbədidir, saçlar da geniş anlamda insan ömrü qədər əbədidir. Bu baxımdan, şairin bənzətməsi kürən rəngi
nə qədər günəş var, nə qədər insan var, o qədər təsəvvür etməyə imkan yaradır.
Deyilənlər, Rəsul Rza yaradıcılığı, xüsusilə də, onun “Rənglər” şeirləri öyrənildikcə, araşdırıldıqca, öyrənilməyə, araşdırmaya ehtiyacın itməyəcəyindən soraq verir. Bu deyilənlər müstəvisində R.Rza yaradıcılığında “Gördüyümüzdən artıq görmək istəsək”, onda, hər bir Rəsul şeirinin adicə şeir olmadığı, fəlsəfi-estetik düşüncələr qaynağı olduğu qənaətinə gələrik.
R.Rzanın “Rənglər”i, bunun kimi də “Rəngli yuxular”ı bədii əsərlərdə təbiət elmlərinə aid yeni fikir, yeni ideyalar axtarıb tapmaq yolunu göstərir, bunun mümkünlüyünə ümid yaradır.
Bəzən “Rənglər” şeirlərində mücərrəd fikirlər, mücərrəd deyimlər olduğunu iddia edənlər də tapılır. Ancaq, bizcə, “Rənglər”də konkretlik var, hər bir fikir konkretdir, məntiqlidir, elmi özüllüdür. “Rənglər”də mücərrədlik axtaranlar, öncə, hər bir rəngdə başqa bir cəhət görənlərdir. Bu, təbiidir, ancaq belələri R.Rzanın fikirlərinin gücünü də inkar edə bilmirlər. Elə bunun özü, Rəsul Rza fikirlərinin konkretliyindən soraq verir. Bunu dərk etmək üçün hər bir şeiri diqqətlə incələmək, araşdırmaq tələb olunur. Rəsul
Rzanın “Rənglər”, bunun kimi də “Rəngli yuxular” şeirlərinin oxucusu xış-kotan yüzilinin oxucusu deyil, kosmik uçuşlar, kibernetika hesablamaları, kompüter seçimləri yüzilinin insanlarıdır. Başqa bədii əsərlərdə olduğu kimi, adı çəkilən şeirlərdə də ilk öncə ictimai anlam, etik, estetik, fəlsəfi-didaktik fikir axtarılır. “Gördüyümüzdən artıq görmək istəməsək hər rəng adicə boyadır” deyiminə bu baxımdan yanaşdıqda, “Rənglər” şeirləri insanları həyatı, təbiəti, cəmiyyəti, ayrı-ayrı insan fərdlərini öyrənməyə, biliklərə
yenidən nəzər salmağa, onlara dönə-dönə baş vurmağa, mütaliəyə, geniş biliyə, əhatəli dünyagörüşə malik olmağa səsləyir. Daha geniş anlamda, “Rənglər” insanın həm də özünün kimliyini, nəyi bildiyini, nəyi bilmədiyini, nəyə qadir olduğunu ortaya çıxardan güclü bir meyar vəzifəsi daşıyır.
“R.Rzanı “Rənglər” yazmağa vadar edən amil nə idi?” sualına cavab tapılsa, onda “Rənglər”i öyrənmək, obyektiv araşdırmaq daha da asanlaşar.
Əvvəlki məqalə: Faxtə Zamani: "Birlikdə kiçik bir qığılcımı, irqçilik divarlarının kərpiclərini yaxacaq olan şiddətli yanğınlara çevirə bilərik"
Sonrakı məqalə: Mayın 10-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulan matəm mintiqinin təşkilatçıları həbs edilib
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4241
