Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: QIRMIZI 1 MAY (şeirlər)

Mirzə Xəzər 01 May 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

 

QIRMIZI 1 MAY (şeirlər)


Mən dünyaya gəldiyim gün
Böyüklər əllərində
Qırmızı bayraqlar yelləyirdi.
Uşaqlar qırmızı şarlardan yapışıb
Göyə uçmaq istəyirdi.
Anam qırmızı qan içində
Üzümə gülümsəyirdi.
Atam qırmızı qan qusa-qusa
“Kaş oğlan olaydı” deyirdi.
Dünyaya gəldiyim gün
Hər yan qıpqırmızı idi.
Bəlkə elə ona görə
Qarşıma qırmızı yalanları sevən
Qırmızı üzlü adamlar çıxdı...
Kaş məni
QIRMIZI DÜNYAdan
Uçurda bilən ,apara bilən
Qırmızı rəngli
1 May ŞARı olaydı...

 

 

ANA BƏTNİNDƏ

 

 

Doqquz ay
oğlan kimi baxıblar mənə-
Ad da tapıblar, qız da seçiblər.
Doqquz ay
atamın atası olmuşam.
Doqquz ay
hamıdan böyük olmuşam.
Doqquz ay
qonşunun kök oğlunu
Yerə vurub igid olmuşam.
Doqquz ay
ana bətnində bəylik etmişəm-
Hər nə görmüşəm
onda görmüşüəm.
Dünyaya qız gəlişim
narazı salıb hamını.
Anam deyir:
Heç bir OĞULa dəyişmərəm
QIZ balamı.

 

 

MƏNİM MOLLAM

 

 

Bu gün Doğum günümdür
Sən yanımda deyilsən.
Və hardasa
Səni tanıdığım gündən
Hər il Mayın 1-də
belə edirsən.
Doğum günümdə
Yanımda ola bilmədinsə,
Ölüm günümə də gəlmə-
Molla deyilsən!
Sən məni bir Ağac qədər
Sevə bilmədin...
Sən məni bir Çiçək qədər
duya bilmədin...
Sən məni bir Daş qədər
əzizləyə bilmədin...
Məni sevən
Ağacın kölgəsində,
Məni əzizləyən
Daşın qucağında
oturub,
Məni sevən
Çiçəyə baxa-baxa
ÖLÜM MOLLAMI
unutmağı bacardım...

 


QİSAS

 


Sən əlimlə toxuna biləcəyim
ALLAH olmalıydın,
Mən Sənə xoş xəbərlər gətirən
Bir MƏLƏK.
Sən sıxıb suyumu çıxardan
Bir KİŞİ oldun,-
Mən O KİŞİyə əzab verən
Bir qadın FƏLƏK.

 

 

ANLA MƏNİ

 

 

Gəldiyini eşidib
Səni qarşılamaq üçün
Quş kimi uçmadım...
Tez qaçıb
Sevdiyin donumu
əynimə geymədim...
Güzgünün qabağında dayanıb
Saçlarımı daramadım...
VƏ MƏN
SƏNi sevmədiyimi
anladım.
Sən anladınmı-
Məni itirdiyini?!
Necə itirdiyini?!
Nə vaxt itirdiyini?!

 

 

QADIN

 


Mən Qadın
Sən Qadın sevən.
Sev,
Oxşa,
Öyrən məni...
Yaddaşında min Qadının adı
olsa da,
Lap Qadınlardan ibarət
ordun olsa da,-
Öləcəksən mən adda
QADINın qucağında.

Əvvəlki məqalə: Hadisənin qaranlıq məqamları: 80 güllə tutan patrondaş və "Makarov" tapancası (Hərbi ekspertlərin rəyi)

Sonrakı məqalə: “Bir nəfər “Makarov” tapancası ilə 13 nəfəri qətlə yetirə bilməz”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4161

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin