Azərbaycan media azadlığının səviyyəsinə görə 195 ölkə arasında 168-ci yeri tutub
Dünyada azadlıqların vəziyyətini öyrənən «Freedom House» təşkilatı 195 ölkədə medianın vəziyyətinə dair sorğu keçirib. Nəticələri hesablayan təşkilat ölkələri üç qismə bölür: «azad», «qismən azad» və «azad olmayan» ölkələr.
«Freedom House» Azərbaycanı mətbuatın vəziyyətinə görə azad olmayan ölkələr sırasında qoyub.
Sorğunun mayın 1-də elan olunan nəticələrinə əsasən, Azərbaycan media azadlığının səviyyəsinə görə 195 ölkə arasında 168-ci sıradadır. Siyahıda 168-ci yeri Azərbaycanla Tacikistan bölüşür.
«Freedom House»nin siyahısına görə, media azadlığının təmin olunmasında Azərbaycan öz qonşuları Ermənistan və Gürcüstandan geridədir.
Ermənistan siyahıda 144-cü yerlə azad olmayan ölkə kimi göstərilir. Gürcüstan isə 128-ci yerlə qismən azad ölkə hesab edilib.
«Freedom House»un gəldiyi qənaətə görə, Azərbaycanın digər bütün qonşuları - Rusiya (170), İran (185), Türkmənistan (193) və Qazaxıstan (170) da azad olmayan ölkələrdir.
«Freedom House»un araşdırmalar üzrə direktoru Kristofer Uolker bildirir ki, Azərbaycan ötən il ərzində bəzi hadisələrlə diqqət mərkəzində olub. Bir neçə jurnalist işinə görə həbs olunub, sonra buraxılıb.
K.Uolker deyir ki, jurnalistlərin azad edilməsi müsbət haldır. Amma Azərbaycanda medianın fəaliyyətinin məhdudlaşdırılması davam edib. Ötən il Azərbaycanda xarici radioların – «Azadlıq», BBC və «Amerikanın səsi»nin yerli vasitələrlə yayımı dayandırılıb: «Biz Azərbaycan haqqında mediaya geniş təzyiqlər olan ölkə kimi danışırıq. Bu ölkədə xarici radioların yerli yayımı dayandırılıb. Biz Azərbaycanda medianın mənzərəsinə baxsaq, jurnalistlərin azad edilməsi mediaya ümumi təzyiqlər mühitində kiçik bir müsbət haldır».
Dünyada mətbuat azadlığının səviyyəsinə görə tərtib edilən siyahıya Finlandiya rəhbərlik edir. Ən sonuncu yerdə isə Şimali Koreya dayanır.
Ümumilikdə mətbuatın vəziyyəti öyrənilən 195 ölkədən 64-ü azad olmayan, 59-u qismən azad, 72-i isə azad ölkə kimi qiymətləndirilib.
Əhalinin sayı ilə götürəndə isə «Freedom House» qeyd edir ki, dünyada əhalinin yarıdan çoxu - 56%-i azad olmayan ölkələrdə yaşayır. Mərkəzi və Şərqi Avropa, keçmiş sovet məkanı və Baltik ölkələrində əhali azad olmayan mühitdə yaşayır.
"Media Forum"
Əvvəlki məqalə: “Bir nəfər “Makarov” tapancası ilə 13 nəfəri qətlə yetirə bilməz”
Sonrakı məqalə: Mirzə Xəzər: Hakimiyyəti sarsıdan qətliam - əsl hədəf məzlum tələbələr deyildi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4165