Məlahət Ağacanqızı: AZƏRBAYCAN NEFT VƏ QAN AKADEMİYASI
Məlahət Ağacanqızı
QARA NEFT DİVlərinin məclislərdə şəraba QAN, GÖZ YAŞI qarışdırıb içdiklərini bilirdik. Amma NEFT sözü yazılan təhsil ocağında QANLI terror törədiləcəyi nə Təhsil Naziri Misir Mərdanovun, nə də tələbələrin ağlına gəlməzdi. Çünki NAZİR 2009-2010 –cu tədris ili üçün satdığı gündəlik pullarını yığmaqla, tələbələr isə imtahanlara verəcəkləri rüşvəti hesablamaqla məşğul idilər.
Azərbaycan Neft Akademiyasında baş verən qanlı terror nəticəsində ölənlərin şəxsiyyəti müəyyən edilməmiş, rəhmətə gedənlər məsciddə yuyulub kəfənlənməmiş Azərbaycan telekanallarının QAYNAR QAZAN verilişləri yas halvası yeyib ”Allah rəhmət etsin” deyirdilər.
Faciələri HALVA ilə unutmağı bacardığımıza görə başqa Dövlətlər bizə RAHATLUKUM kimi baxır.
Telekanalda halva bişirən aşpazlar “Allah qismətlərini elə yazıb” deməyə də utanmırdılar. Ölkədə meydan sulayan rəzaləti, haqsızlığı, əclaflığı ... Allahın üstünə yıxmaq ən azından ən böyük əxlaqsızlıqdır. Vətən borcunu yerinə yetirən ƏSGƏRİ öldürüb “Allahın qisməti belədir ”, işə getmək üçün evdən çıxan GENERALın boynun ardından güllə vurub “Allahın alın yazısıdır”, körpəsini görmək üçün evə tələsən JURNALİSTİ qapısı ağzında güllələyib “Allah belə buyurub” deməklə nə demək istəyirsiz, ey TANRItanımazlar?! Allahın
günahsız bəndələrini öldürüb xatanı Allahın üstünə yıxdıqdan sonra, nə əcəb Allahı həbs etmirsiz?! Axı, ölənlərin hamısı odlu silahla qətlə yetirilib. Bəlkə Allahın göydə yeri vuran snayperi var? Evindən çıxıb işə, dərsə tələsəni nişan alıb öldürür və QEYB olur.
Sanki ŞƏR ruhlu adamlar XEYİRXAH insanların ovuna çıxıb. Bu yaxınlarda qonşuluqda olan bir əsgərin cənazəsini evlərinə gətirəndə qohumları hərbiçiləri döyüb yola salmışdılar. Min əzab-əziyyətlə övlad böyüt, Vətən xidmətinə göndər, sənə meyitini gətirsinlər. Səbəb isə bir damcı su olsun. Hansısa başdan xarab əsgər yoldaşı ona su gətirməsini əmr edib. Əsgər etiraz etdikdə, başdan xarab onu güllələyib. Bəyəm , Hərbi hissə xarabanın bir böyüyü yoxdur?! Əsgərini qoruya bilməyən DÖVLƏT tələbəsini, jurnalistini, hətta, generalını da qoruya bilmədiyini sübut etdi.
Rəhmətlik general Rail Rzayev ölümündən bir xeyli əvvəl böyüyüb təhsil aldığı H.Z.Tağıyev qəsəbəsinə gəlib. Bir-iki dükana girib və adamların nisyə dəftərlərində olan borclarını ödəyib. Dükan sahibləri isə borcları ödənmiş olan adamları tutduqları nisyə dəftərinə yenidən yazıblar.
Vallah adam elə söhbətləri eşidəndə ADAM olmağından utanıb yerə girmək istəyir.Yer də tərslikdən nə aralanır,nə də silkələnir. General Rail Rzayevin xaricdən yeni təyyarələr almaq üçün bağladığı müqavilələr ölümündən sonra eləcə kağız üstə qaldığından , AVİA zavodun işçiləri öz hesabına məzuniyyətə buraxılıb. Hərbi uşaq bağçası da işləmir. Azərbaycanda xeyirli bir iş görmək istəyəni ya boynun ardından , ya da sinəsindən vurmaq adət halını alıb.
Neft pullarından sərxoş olanlar acgözlüyün, insafsızlığın kulminasiya nöqtəsinə qalxıb at kimi kişnəyirlər. Amma onlar at kimi kişnəsələr də ot yemirlər, adam qanı içmək üçün min hoqqadan çıxırlar.
Cəlilabaddan bizimlə bir oğlan oxuyurdu. Kəndlərinin adı “Üstüaçıq” idi. Əslində indi bütün Azərbaycan vətəndaşları ÜSTÜAÇIQ məmləkətdə yaşadığını anlamalıdır. Nə həbsxana divarları kimi hündür hasarlar tikmək lazımdır, nə kodlu seyf qapıları salmaq. Çünki yaşadığımız MƏMLƏKƏTİN üstü də, qapısı da daim açıqdır. Kim nə vaxt istəyir üzünə bir maska taxıb Azərbaycanın qapısından girib, damından çıxır. Peşəkar canilər qeyb olur, Fərda Qədirov kimi tapança tutmağı bacarmayan fağırların meyitini cani kimi araşdırırlar.
Biz də donuz qripi olmasa da, havayı yerə maaş almaq qripi var. O da çox qorxulu sağalmaz xəstəlikdir. Bütün millət tənbəllik qripinə yoluxmaq üzrədir. Metroya girəndə polislər yuxulu-yuxulu, oturduqları yerdən bir qara plastması adama elə yaxınlaşdırırlar ki, düşünürsən əşyalarının yox, hisslərinin təhlükəli olub-olmadığını yoxlayırlar. Məktəblər də, müəssisələr də elə yarı yuxulu polislər tərəfindən qorunur.
Yol ilə gedərkən kürəyimizdə İNSAN baxışlarını yox, HEYVAN baxışlarını hiss etməyimizin günahı kimdədirsə -CANİ də odur.
Əvvəlki məqalə: MHP lideri Dövlət Bağçalı "Bakıda Neft Akademiyasına qarşı mənfur terror basqınını" qınadığını bildirib
Sonrakı məqalə: Siyasi partiyalar: Terror aktının sifarişçiləri Azərbaycanda sabitliyi pozmağa, ölkədə terror xofu yaratmaq məqsədi güdür
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4157
