Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Qasımbala Səfərov: Saraylar və xadimlər

Mirzə Xəzər 01 Apr 2009

no comments

monarx

Allahın adı ilə!

Saray rəhbərlikləri zaman-zaman böyük xalq kütlələrini razı salıb ələ almağı məharətlə bacarmışlar. Bu prosesdə müəyyən vasitələrin rol oynaması danılmazdır. İnsanları təhdid, təbliğ, təklif və başqa vasitələrlə saraydan asılı vəziyyətə salmaq saray rəhbərlərinin güclü silahı olmuşdur. Müasir sarayların xadimləri də, bu yolla bu saraylara xidmət edirlər. Kimlərəsə vəzifə-məqam, pul təklif edilmiş, kimlərəsə yalanlar qondarılıb, firəvan həyat, əla dolanışıq, ağ gün, işıqlı gələcək, şirin-şirin vədlər verilmiş, kimlərəsə bu sarayların və saray rəhbərlərinin adil, həqiqətsevər, haqsevər olduğu həzm etdirilmiş, kimlərsə də, hədə-qorxulara, təqib və təzyiqlərə məruz qalaraq qeyri-ixtiyari, qeyri-könüllü olsa da, bu saraylardan asılı vəziyyətə düşmüşlər. Amma, əlbəttə ki, xalqların içindən çıxan mərd, qorxmaz, cəsur, ürəkli, zalımın zülmünü qorxmadan-çəkinmədən üzünə hayqıran şəxsiyyətlər də, çıxmışdır. Onlar, hətta, ölümü gözə almış, ölüm bahasına olsa belə, zalımın zülmüylə barışmamış, zalım sarayları tənqid etmiş, onların etdikləri zülmləri, haqsızlıqları ifşa edib pisləmişlər. Bu şəxsiyyətlər öz adlarını tarixin silinməyən səhifələrinə yazmış, yaddaşlara daimi həkk olunmuşlar. Lakin, o dövrlərdə olduğu kimi, bu dövrdə və bu məmləkətdə də, həmin ölməz insanlarla yanaşı, zalımların zülmünə göz yuman, haqsızlıqları, özbaşnalıqları görüb də, səsini çıxarmayan, haqq-ədalətin bərpasını tələb etməyən, bi r sözlə, saray xidmətçiləri- saray xadimləri də, vardır.


Bu xadimlər öndə gedənləri şairlərdən, yazıçılardan, ziyalılardan, qəzetçilərdən, jurnalistlərdən, mollalardan ibarətdir. Əslində, əlbəttə ki, onlar nə həqiqi şair, nə həqiqi jurnalist, nə həqiqi ziyalı və nə də, həqiqi mollalardır. Şair, jurnalist, ziyalı, molla qiyafəsinə bürünmüş bir ovuc saray xadimləridir. Di gəl ki, şairlər, jurnalistlər qələm əhlidirlər, o qələm ki, Allah-Təalanın müqəddəs kitabı- Qurani-Kərimdə eyni adlı (“Qələm” adlı) surə vardır və həmin surənin ilk ayəsində Mutəal Allah qələmə and içir. Qələm mübarəkdir, yəni, bərəkətlidir. Haqqı-nahaqdan fərqləndirən bu qələmdir. Zülmləri ifşa edən, zalımları tənqid edən, onları gündüzlər nigaran edən, gecələr yuxusuna haram qatan bu qələmdir. Zalımların saraylarını “zəlzələ”yə, daşlaşmış qəlblərini vəlvələyə salan bu qələmdir. Amma, gəlin insaflı olaq, haqqı-nahaqdan ayıraq! Görək, bu gün qələm sahiblərimizin neçəsinin qələminin kəsəri və bərəkəti var? Onların neçə faizinin qələminin mürəkkəbi saray və saray rəhbərliklərinin mədhinə, tərifinə sərf edilir, hədər yerə tükənir, israfçılığın qurbanı olur, neçə faizi haqqa-ədalətə, doğruluğa xidmət edir? Gəlin görək, mollaların, ruhanilərin neçə faizi haqdan-ədalətdən danışır, həqiqət əhlidir, müqqəddəs “molla” adına ləyaqətlidirlər və neçə faizi sadəcə saqqal altında, “ruhani”, “molla” adı altında gizlənməkdədir, ancaq, zahirdə molladır və bu ad altında Allahın dininə, Kitabına, din Rəhbərlərinin buyuruşlarına, mübarək çatdırışlara ləkə gətirirlər, müqəddəs dinin adını bədnam edirlər?


Bu gün nə çox yazarlar, şairlər, jurnalistlər, qəzet və sayt rəhbərləri, televiziya aparıcıları, “din xadiml əri” var ki, onların gecələri-gündüzləri, insanların fikrini həqiqətdən, doğruluqdan, haqq-ədalətdən, zamanın gerçəkliyindən yayındırmaq, başlarını səmərəsiz, faydasız işlərə qatmaq, bu yollada saraya xidmət etmək, saray rəhbərlərinə öz zülmlərini davam etdirməkdə yardımçı olmaq və beləliklə də, saray rəhbərlərinin alqışını, rəğbətini, “əhsən”ini qazanmaqdır? Əslində onların da, xidməti xadimi olduqları saray rəhbərləri kimi özlərinə, öz anbarlarına xidmət etməkdir. Bu gün televiyada nə çox veriliş və aparıcılar vardır ki, faydasız, mənəviyyatsız, əxlaqsız şoular, proqramlar, konsertlər və sair layihələr təşkil edib insanların diqqətini özlərinə cəlb edirlər, bu vasitəylə saraya “necə lazımdır” xidmət edirlər. Sarayın- böyükdən tutmuş kiçiyə qədər- rüşvətyeyənlərinin bəd əməllərindən, zülmlərindən, haqsızlıqlarından, yalanlarında n, saxtakarlkıqlarından yazmır, danışmır, problemləri üzə çıxarıb həllindən ötrü çalışmırlar, məqsədləri həya-abrı aradan aparmaq, mənəviyyatı öldürməkdir. Halbu ki, onların geniş imkanları var, onlar faydalı, vacibli məsələləri işıqlandırmağa, gündəmə gətirməyə qüdrətlidirlər. Onların üzünə hayqıraraq ”siz saray şairisiniz, saray mollasısınız, saraya xidmət edirsiniz” deyərkən, bu utancverici kəlmələrdən üzlərinin necə qızardığını, necə xəcalət çəkdiklərini müşahidə edəcəksən! Sanki onlara təpik dəyibmiş kimi, təhqir ediliblərmiş kimi, qıcıqlanırlar! Onlar bu kəlmələri eşitmək, bu “təpiklərə” hədəf olmaq istəmirlər. Çünki tarix boyu bütün “saray” şairlərinə, “saray” xidmətçilərinə hörmət-ehtiram yox, nifrət bəslənilmişdir.

Tarix boyu zalım saraylar kimi, bu “saray” xadimləri də, pis ad çıxarmış, özlərini gözdən salmış lar. Özlərinə “saray şairi”, “saray mollası”, “saray xadimi” adını yaraşdırmayan, həqiqəti görmək istəməyən, haqdan qaçan, lakin, gerçəkdə saray xadimi olanlar, məcbur qalıb özlərinə haqq qazandırmaqdan ötrü, bu saray rəhbərlərinin əsl simasını görmək, həqiqətlə barışmaq, qəflətdən ayılıb haqqın tərəfinə keçmək istəmir, həmin sarayları “ədalət” sarayı, həmin saray rəhbərliklərini də, “ədalətli saray rəhbərləri” adlandırırlar. Amma, gec-tez haqq öz yerini tapacaq, batilə yer qalmayacaq! Xatırlayın mərd, qorxmaz qələm sahiblərini, ruhaniləri, Allah xadimlərini! O qələm sahibləri ilə, qələmi vasitəsilə saraya xidmət edən bir çox indiki qələm əhli arasında yerlə-göy qədər fərq var. O zamanın Allaha xidmət edən ruhanisi, mollası ilə, bu dövrün əslində Allaha yox, saraya xidmət edən bir çox ruhanisi, mollası arasında yerlə-göy qədər fərq vardı r. Onlar zülmü, haqsızlığı, özbaşnalığı tənqid və ifşa etdikləri üçün, işgəncələrə, əziyyətlərə, təzyiqlərə, təhqirlərə məruz qalmış, pislədikləri zalımlar tərəfindən min bir şərlə şərlənmişlər, amma, tezliklə ədalət öz yerini tapmış, onların həqiqətən də, ədalətsevər insanlar olduqları ortalığa çıxmışdır. Bir gün gələcək haqq-ədalət öz yerini tapacaq, haqq gələcək, batil məhv olacaq! Həqiqətən də, batil məhv olmağa məhkumdur.


Əvvəlki məqalə: Mirzə Xəzərin “18 mart referendumu – demokratiyanın məğlubiyyəti...” yazısına münasibət

Sonrakı məqalə: Hörmətli və əziz Mirzə dayiya Salam

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3945

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin