Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mirzə Xəzər: “Bu rejim 16 ildir xalqın boynuna minnət qoyur”

Mirzə Xəzər 01 Apr 2009

no comments

 

 

Istiqlal

 

 

 


“Rejim xalqın boynuna minnət qoyur”

 

 

02-04-2009 (haqqınyolu.azeriblog.com və Azeri Media saytına müsahibə)

 

 

 

“Təsadüfi deyildir ki, xarici və daxili müşahidəçilər martın 18-də Azərbaycanda sülalə hakimiyyətinin bərqərar olduğu gün adlandırırlar.”

 

 

“Qərb Azərbaycan neftinin dünya bazarlarına maneəsiz axmasını istəyir və bu səbəbdən Azərbaycanda siyasi sabitliyin hifz edilməsinə can atır.”

 

 

“Bu rejim 16 ildir xalqın boynuna minnət qoyur. Bir nəfərin iki dəfədən artıq prezident seçilə bilməməsinin xalqın azadlığının əlindən alınmasına bərabər olduğunu bildirən və qadağanı ləğv etdirən bu rejim yenə də xalqın boynuna minnət qoyur.”

 

 

Ötən ay ölkəmizdə keçirilən sonuncu- 18 mart referendumu ilə bağlı Azərbaycan iqtidarı həm daxildən və həm də, xarici mətbu orqanlar, təşkilatlar tərəfindən tənqidlərə, qınamalara, pisləmələrə məruz qaldı. Əlbəttə ki, bu tənqidlər, qınaqlar hələ də, davam etməkdədir. Bizim saytımız da, digər bir çox saytlar kimi, bu məsələni diqqət mərkəzində saxlamaqda, bununla əlaqəli xəbərlər, dəyərli məqalələr dərc etməkdədir. Əlavə olaraq qərara aldıq ki, məlum olayla bağlı “Azadlıq” radiosundan gözəl tanıdığımız Mirzə Xəzər müəllimə müraciət edib çox dəyərli fikirlərini öyrənək. Mirzə Xəzər müəllimi tanıyan tanıyır, əlavə olaraq kimliyinin tanıtımına ehtiyac duymur və birbaşa müsahibimizin dəyərli fikirlərini oxucularla bölüşürük:

 

 

- 29 maddəyə edilən 41 əlavə və dəyişikliklər ölkədə demokratiyanın inkişafına təkan verəcək, ya yox?

 

 

- Yox, bu əlavə və dəyişikliklər demokratiyanın inkişafına qətiyyən təkan verməyəcək, əksinə Azərbaycanda demokratiya məfhumundan olan-qalan ən cüzi nəzəri nailiyyətlərin belə məhv edilməsinə və 1993-cü ildə təməli qoyulan avtoritar rejimin daha da güclənməsinə və ömrünün uzadılmasına xidmət edəcəkdir. Təsadüfi deyildir ki, xarici və daxili müşahidəçilər martın 18-də Azərbaycanda sülalə hakimiyyətinin bərqərar olduğu gün adlandırırlar.

 

 

- Azərbaycanın müharibə şəraitində olduğunu əsas gətirib bir nəfərin iki dəfədən artıq prezident seçilməsini qadağan edən qanunu aradan götürdülər. Müddəalarının əsası tutarlıdırmı?

 

 

- Hakimiyyətin, siyasi və iqtisadi qüdrətin bir nəfərin, bir qrupun əlində cəmləşdiyi, yəni avtoritar rejimin mövcud olduğu ölkələrdə, o cümlədən Azərbaycanda qanun, müddəa, məntiq, habelə demokratik və azad məmləkətlərdə quruluşun, cəmiyyətin təməlini təşkil edən prinsiplər əzəli mənasını itirdiyi üçün bu prinsiplərdən ciddi söhbət etmək yanlış hərəkətdir. Bu səbəbdən, onların irəli sürdüyü müddəaların tutarlı, yaxud tutarsız olmasının heç bir əhəmiyyəti yoxdur. Xalqın susdurulduğu və müflisləşmiş kütləyə çevrildiyi, korrupsiyanın tüğyan etdiyi, mənəviyyatsızlığın baş alıb getdiyi, hüquqsuzluğun gündəlik həyatın ayrılmaz ünsürünə çevrildiyi bu cür ölkələrdə, o cümlədən Azərbaycanda yalnız hakim rejimin iradəsi həlledici rol oynamaqdadır. Avtoritar rejimin məğzi və mahiyyəti budur.

 

 

- Ümumiyyətlə, deyə bilərsinizmi ki, hansısa demokratik ölkədə belə bir addım atılıbmı?

 

 

- Demokratik ənənələrə malik olan heç bir ölkədə bir nəfərin qeyri-məhdud müddətə hakimiyyətdə qalması mümkün deyildir. Demokratiya ilə avtoritarizm arasında fərq budur.

 

 

- Bildiyimiz kimi, Azərbaycanın siyasi müxalifəti bu referendumu boykot etdi. Bu qərarı necə dəyərləndirirsiniz?

 

 

- Sərbəst fəaliyyət imkanları məhdudlaşmış, taqətdən salınmış, bütün üsullar işə salınaraq birləşməsinə imkan verilməyən azərbaycan müxalifətinin mövcud şəraitdə boykot metoduna əl atmaqdan başqa çarəsi qalmamışdı. Bu səbəbdən boykot qərarı indiki şəraitdə yeganə məqbul qərar hesab edilə bilər.

 

 

- Xaricdən nə üçün təkcə şifahi etiraz bildirildi? Bunun səbəbi nə idi?

 

 

- Ən mühüm səbəb – neftdir. İkinci səbəb – neft, üçüncü səbəb də - neftdir. Azərbaycan neftlə zəngin ölkədir. Qərb Azərbaycan neftinin dünya bazarlarına maneəsiz axmasını istəyir və bu səbəbdən Azərbaycanda siyasi sabitliyin hifz edilməsinə can atır. Belə vəziyyətdə demokratiya və insan hüquqları kimi dəyərlər ikinci plana keçir və Qərbin nəzərində avtoritar rejim sabitliyin təminatçısı kimi ön plana çəkilir.

 

 

- İqtidar həm də, bildirdi ki, bir nəfərin iki dəfədən artıq prezident seçilə bilməməsi xalqın azadlığının əlindən alınması deməkdir. Bu məsələyə münasibətinizi bilmək istərdik.

 

 

- Bu rejim 16 ildir xalqın boynuna minnət qoyur. Bir nəfərin iki dəfədən artıq prezident seçilə bilməməsinin xalqın azadlığının əlindən alınmasına bərabər olduğunu bildirən və qadağanı ləğv etdirən bu rejim yenə də xalqın boynuna minnət qoyur. Əslində, məhz bir nəfərin iki dəfədən artıq seçilməsinə qoyulan qadağanın ləğv edilməsi xalqın azadlığının əlindən alınmasıdır. Bu hərəkətlə onlar xalqın azadlığını da, iradəsini də qəsb etmiş olurlar.

 

 


- Sonuncu sualımız budur ki, ölkədəki ümumi vəziyyət, xüsusilə də, insan haqları ilə bağlı mövcud durum sizi qane edirmi?

 

 

- Xeyr, məni qətiyyən qane etmir, əksinə günü-gündən daha çox narahat edir.

 

 

-Maraqlı müsahibəyə görə, təşəkkür edirik!

 

 

 

 

Müsahibəni apardı: Tovfiq

******************************************************

 

 

 

Qeyd: Oxuculara məlum olsun ki, hər zaman xalqın yanında olan, qəlblərdə məskən salan, xalqın dar günündə onu ruhlandıran və həqiqətlərdən agah edən Mirzə Xəzər müəllim, hal-hazırda www.mirzexezerinsesi.net saytının təsisçisidir və bu gün də, müəyyən maneələrə baxmayaraq həqiqətləri xalqa çatdırmaqdadır.

 

 

 


haqqinyolu.tk http://news.azerimedia.az/?p=858

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: AZADLIQ! İNQİLAB! HARDASIZ?!

Sonrakı məqalə: Mirzə Xəzərin “18 mart referendumu – demokratiyanın məğlubiyyəti...” yazısına münasibət

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3946

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin