Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Kökə” siyasəti və ya sən saydığını say...

Mirzə Xəzər 18 Mar 2009

no comments

referendum1

 

 

 

 

 

 

Allahın adı ilə! Bir müdət əvvəl, konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı xəbərin ölkədə duyulması camaat arasında səs-küyə səbəb oldu. Mövzuyla əlaqədar hərə bir söz dedi, bir fikir yürütdü, fərqli mövqeydən çıxış edənlər oldu. İctimaiyyət adamları, siyasi xadimlər, müxalifətçilər, iqtidarçılar, sadə vətəndaşlar və s. bu məsələ haqda az-çox danışdılar və çox güman ki, hələ də, uzun müddət bu barədə danışılacaq. Amma, əlbəttə ki, bu məsələyə insanların münasibəti heç də, birmənalı deyildir.

 


Məlum məsələdir ki, ölkə ictimaiyyətinin daha çox diqqətini çəkən məsələ prezidentin səlahiyyət müddəti ilə bağlı oldu. Daha çox bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyan qanunun aradan götürülməsi tənqid və qınaq obyektinə çevrildi.. Əvvələn, onu deyim ki, referenduma qədərki danışıqlar bəlkə də, bir müqəddimədir, söz-söhbətlər hələ qabaqdadır. Nə bilmək olar, bəlkə də, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağla bağlı apardıqları uzun-uzadı danışıqlar kimi, bu söz-söhbətlər də, uzanacaq. Doğrusunu Allah bilir.

 

 

Amma, heç şübhəsiz ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən qanunun aradan götürülməsi birbaşa demokratiyaya ziddir. Zatən, Azərbaycanda hələ ki, demokratiyadan danışmaq çox tez, demokratiy anın boğulması haqda danışmaq isə bəlkə də, artıq gecdir. Amma, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyan qanunun ləğvinin gerçəkləşməsini tənqid edib qınayan və buna müxalif olan şəxslər öz müddəalarının tutarlı dəlili kimi bildirirlər ki, atılan addım bir anti-demokratik addımdır. Görəsən, hansısa demokratik ölkədə belə bir şey varmı? Qonşu Rusiya iqtidarı belə, bir başqa fənd edərək, hakimiyyəti özündə saxlamağa nail ola bildi. Üzləşdikləri “böyük problem”i sakitcə həll etdilər. ABŞ prezidentləri arasında ən pis və işğalçı kimi tarixə düşmüş C.Buşun özü də, səlahiyyət müddəti başa çatdıqda səssiz-səmirsiz, heç bir cığallıq etmədən prezidentlik postunu tərk etdi. İndi belə çıxır ki, bizim ölkə de mokratiya sahəsində bütün demokratik ölkələri ötüb keçib və bu sahədə hamıdan güclüdür..


İqtidar və tərəfdarları çox arxayın və rahatlıqla camaata sırımaq istəyirlər ki, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qadağanın qoyulması seçicilərin hüququnun pozulması deməkdir. Görəsən nə üçün bu qadağanın olması seçicilərin hüququnun pozulması kimi qələmə verilir? Deyilir ki, xalq prezident görmək istədiyi şəxsi prezidentliyə namizəd şəxslərin sırasında görmək istəmirsə, burada hansı demokratiyadan danışmaq olar? Bu mövqeydən çıxış edənlərin sözünüzdən belə çıxır ki, Heydər Əliyev dönəmində demokratiyadan danışmağa dəyməzdi? Çünki Heydər Əliyev dövründə belə, bu addım atılmamışdı.


İkinci məsələ budur ki, fərz edək ki, onların dedikləri doğrudur! Xalq prezidentliyə namizədlər arasında öz namizədini görmək istəyir, lakin, qanun icazə vermədiyindən bu arzu gerçəkləşmir.. Deməli, qanuna riyaət olunmalıdır və bu heç də, xalq hüquqlarının məhdudlaşdırılması anlamına gəlmir.


Məsələn, konstitusiyada göstərilir ki, MM-in hər çağırışının səlahiyyət müddəti 5 ildir. Bu, xalqın hüququna məhdudiyyət qoymaqdırmı? Bəlkə, xalq istəyir ki, 6 il olsun və ya 10 il olsun, onda necə olacaq?


Yaşı 25-dən az olmayan hər bir vətəndaş deputat seçilə bilər. Bu, xalqın hüququna məhdudiyyət qoymaqdırmı? Bəlkə, xalq istəyir ki, 15 yaşlı deputat seçsin, onda necə olacaq?

 

 

Yaşı 25-dən aşağı olmayan vətəndaş, Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə təyin edilə bilər. Bəlkə, xalq istədi ki, sadalanan vəzifələrə 20 yaşlı şəxs təyin olunsun, bu zaman necə olacaq?

 

 

Yaşı 30-dan aşağı olmamaq və qanunda deyilmiş şərtlərə malik olmaq şərtiylə, Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Bəlkə, xalq 25, 20 və 15 yaşlı hakim seçmək istədi, o zaman necə olsun?

 

 

Prezident 5 il müddətinə seçilir, bəs xalq istəsə ki, 3 il müddətinə seçilsin, necə olacaq?

 

 

Deyə bilərikm i ki, bütün bunlar xalqın qarşısına qoyulmuş məhdudiyyətlərdir? Bu, yerli iqtidarın hakimiyyəti öz əlində saxlamaq, öz hakimiyyətinin ömrünü sərhədsiz etməkdən və yaxud ömürlük prezident seçməkdən başqa bir şey deyil. Bu, birbaşa 1-ci maddənin kobud şəkildə pozulmasıdır. Nə yoğurub nə də yapıb hazırca kökə tapanlar bu yağlı kökəni əldən vermək istəmədiyindən, indi də, “kökə” siyasətinə keçiblər.

 

 

Amma, yaxşı olardı ki, ömürlük prezident seçmək əvəzinə, çözülməsi imkansız hala gələn bir çox problemlərin həllini arayardılar. Məsələn, xalqın güzəranı günbəgün pisləşir, işsizlik ucbatından insanlar vətəni tərk edib xarici ölkələrə üz tuturlar, torpaqlarımız işğal altındadır, nə qədər y urd-yuvasından didərgin düşmüş soydaşlarımız, əsirlikdə nə qədər qız-gəlinimiz var, rüşvətxorluq baş alıb gedir, əxlaqsızlıq, abırsızlıq geniş yayılıb, məmur özbaşınalığı tez-tez müşahidə olunur, məmurların anbardoldurma əməliyyatı ölkəni bərbad hala salıb. Siyahini əlbəttə ki, çox uzatmaq olardı.

 


Azərbaycanda hakimiyyətdə olan xalq deyil, təkcə bir ailəni alqışlayan bir qrup insanın dəstəklədiyi bu ailədir. Bu ailənin hakimiyyətdə olmasını istəməyənlər, ölkədəki özbaşnalığı, hərc-mərcliyi, rüşvətxorluğu pisləyənlər, kütləvi aksiyalar, mitinqlər keçirərkən bu mitinqlərdə “dubinka” əməliyya tı nəticəsində qanına bələnənlər, azadlıqları əllərindən alınanlar və s. xalq hesab edilmir?! Hakimiyyət ömrünü uzatdı, amma, 20 ilə yaxındır ki, öz həllini tapa bilməyən ümummilli problemimiz olan Qarabağ probleminin həlli, əgər, belə gedərsə bundan sonra da çətinləşəcək. Görəsən uzunömürlü hakimiyyət bununla bağlı xalqa nə cavab verəcək?

 


Qanunun 101-ci maddəsində deyilirdi ki, heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. Amma, qüvvələr güclüdürsə, qanunlar avtomatik zəifləyir. Bunun mümkün olacağı bəlli idi.

 


P.S. Deyirlər ki, “sülalə” hakimiyyətinə keçirik. Amma, 6 il əvvəldən “sülalə (???) hakimiyyətinə keçmişik, bu, heç də, yeni bir şey deyil!

 

 

Q. Səfərov.

Əvvəlki məqalə: NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN, ƏZİZ OXUCULAR!

Sonrakı məqalə: Norveç Helsinki Komitəsi yaydığı bəyanatda 18 mart referendumunu kəskin tənqid atəşinə tutub

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3912

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin