Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: TƏHSİLİN VALİDEYNLƏRƏ VURDUĞU “PAZ”LAR

Mirzə Xəzər 16 Mar 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

Dünyanın ən böyük əziyyətləri , zülmləri ilə üzbəüz qaldığım vaxtlarda da həyatı sevmişəm.Yeddi yaşında xəstə atamın quru nəfəsini itirəndən sonra da yetim kimi boynumu bükməmişəm. Məndən böyük bacılarımın köhnə paltarlarını əynimə geyəndə özümü xoşbəxt saymışam. Xalı toxuyan anama kiçik əllərimlə böyük sevgi ilə kömək etmişəm...Və bütün bu saydıqlarım əzab-əziyyət heç vaxt məni ruhdan salmayıb, uşaqlarla doyunca oynamağıma, kitablardan, oxumaqdan zövq almağıma maneçilik törətməyib.

 

 


Bəs nədən indiki uşaqlar “Dünya fanidir, həyat maraqsızdır...” deyib, yetim kimi boyunlarını büküb sızıldayırlar? Nədən onların başlarını qaşımağa vaxtları olmur? Övladlarımız ata-ana,baba-nənə , xala-dayı... qayğıları ilə əhatə olunsalar da “Həyat çox maraqsızdır” deyib ah-uf edirlər. Niyə? Çünki sonu görünməyən TEST tapşırıqları övladlarımızı dəmir ROBOTA çevirib. Hörmətli TƏHSİL testşünasları və testbazları, sizə “muştuluq” xəbərim var. İrandan tonla xına gətizdirib əlinizə, saçınıza, bığınıza ... yaxa bilərsiz. TƏHSİL Nazirliyi məqsədinə nail oldu! ŞAGİRDLƏR DƏMİR ROBOTLAR kimi hissiz-duyğusuz bir cihaza dönüblər. Təbrik edirəm! Gözünüz aydın!

 

 


Səviyyəsiz krossvord kimi başdansovdu yazılan dərsliklər, testlər makulaturadan başqa bir şey deyil . Şagirdləri, tələbələri inəyin neçə əmcəyi var, ilanın zəhəri adam öldürər, xoruz nə vaxt banlayır, toyuq nə vaxt yumurtadan kəsilir...?- test sualları o qədər bezdirib ki, onlar hər test kitabını bitirən kimi sevindiklərindən inək kimi böyürür, toyuq kimi qaqqıldayır, xoruz kimi banlayırlar. Bir söz soruşanda və ya onlara iş tapşıranda meymun kimi hoppanıb düşürlər. Nəsə fauna və floradan xəbərsiz əcaib canlılar aləmi yaranıb,amma nədənsə qəzetlərdə, telekanallarda “YENİ MÖCÜZƏ” haqqında silsilə yazılara, proqramlara rast gəlməmişəm. Hələ “MÖCÜZƏDƏN” qan fışqırır, fontan vurmur , ona görə...

 

 

 

Mən elə bilirdim ki, YENİ TƏHSİL sistemi təkcə məni “Xuliqan Ana” edib, amma yanılmışam. Beşinci sinif şagirdinin “Təbiətşünaslıq” kitabının 67 -ci səhifəsində “Süxurların aşınması” bölümündə bir cümlənin qaralandığını görəndə heyrətləndim. Şagirddən səbəbini soruşanda “Anam qaralayıb” dedi. Ana ilə əlaqə yaradıb, ”xuliqanlığının” sirri ilə maraqlandım. Ana utana-utana qaraladığı cümləni təkrar etdi: ”AĞAC böyüdükcə onun kökləri PAZ kimi çatları genişləndirir və süxurları uzun illər ərzində parçalayaraq dağıdır...”. Ana “PAZ” sözünə qəzəbləndiyinə görə cümləni qaralayıb. O,”Balaca uşaqların kitabında “PAZ” sözünü işlətmək ədəbsizlikdir” deyəndə məni gülmək tutdu. Görünür, cavan ananın TƏHSİLİN valideynlərə vurduğu “PAZ”lardan xəbəri yoxdur. Azərbaycana yeni köçüb gələn AİLƏyə UŞAQları böyüdükcə elə “PAZ”lar vurulacaq ki, onun əsəblərindəki çatlar genişlənib, ədəb-ərkan süxurlarını, ailə büdcəsini qısa müddət ərzində parçalayıb dağıdacaq. ”PAZ” sözündən qəzəblənib cümləni qaralayan valideyn, övladına ən ədəbsiz sözü deyən, onu qəddarcasına döyən müəllimi öldürə bilər. Əlamətlər var. Qızımın sinif yoldaşının atası oğluna tapşırıb: ”Müəllim səni bir vursa, sən onu beş vur...”.

 

 


Kitablara zorla salınan şeirləri uşaqlar əzbərləyəndə cəhənnəmi görüb gəlirəm. Harda görünüb ki, uşaq göz yaşı içində şeir öyrənsin? Mənasız, əcaib şeirlər canımı boğazıma yığdığına görə “Super Xuliqan Ana” olmağı qərara aldım. Uşaqlara tapşırdım ki, zorla şeir öyrənməsinlər. Onlar etiraz etdilər: ”Biz sənə inanmırıq, ”2” alsaq bizə cəza verəcəksən...”dedilər. Mən məcbur olub onlara mükafat vəd etməli oldum. Uşaqlara ÇİPSİ, KOLA...kimi zərərli qidaları da mükafat verməklə tərgitmişəm. Lenin babanın “Oxumaq, oxumaq, yenə də oxumaq!” devizinin üstündən qara xətt çəkmək insafsızlıq olsa da,”Xuliqan Ana”lar övladları yolunda hər bir cinayət etməyə hazırdırlar.Valideynlər övladlarına təhsil vermək üçün müxtəlif cildlərə girirlər. Bəziləri TÜLKÜ kimi hiyləgər, bəziləri CANAVAR kimi yırtıcı olmağa üstünlük verir. Amma son vaxtlar KENQURU kimi övladlarını kisələrinə qoyub tullana-tullana yaxşı məktəb axtarışına çıxan valideynlər də var. Uğur olsun!
Təhsil Naziri Misir Mərdanovun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində deyir ki, “Repetitor həmişə olub və olacaq!”şüarını iri hərflərlə yazıb məktəblərin giriş qapılarına vurmaq lazımdır. Niyə yazıq müəllimlər dərsdə qorxa-qorxa yatmalıdırlar? Günahdır! Axı biz müsəlmanıq, Bakı- İslam Mədəniyyətinin paytaxtıdır. Yazıq müəllimlərin Təhsil Nazirinin şüarından xəbərləri yoxdur.Yoxsa dərsdə əllərini çənələrinin altına qoyub yatmazdılar. Evdə əlavə şagird hazırlığından yorulan müəllimlər, sinifdə başlarının altına yastıq qoyub yatardılar. Yuxunuz şirin olsun əziz müəllimlər!

 

 


Misir Mərdanovun nə vecinə, istədiyi savadlı professorun qulağından tutub nəvələrinin hüzurunda repetitor edə bilər. Bəs NAZİR olmayan babalar başına haranın daşını töksün? Axı hər fəndən savadlı repetitor yanına getmək üçün ən azı 100 manat para lazımdır. Deməli, hardasa valideyn repetitora ayda 500-600 manat “maaş” verəcəksə, məktəbdə dərsdə yatan müəllimin yanında vaxt itirməyə dəyərmi?

 

 


Tibb elmində bioloji material kimi ən çox DOVŞAN və SİÇOVULdan istifadə olunur. Amma yazıq dovşanları, siçovulları bioloji material kimi kəsib-doğramaq günahdır. Niyə? Çünki onlar çöllərdə, dağlarda, kanalizasiya borularında azad-firavan həyat sürürlər.Yaşamaq istəyirlər. Heç vaxt intihar etmirlər. Azərbaycan vətəndaşlarının əksəriyyəti könüllü bioloji material olmağa hazırdırlar.Xaricə satılan meyitlərimizi tibb tələbələri öyrənə-öyrənə ortaya çıxan suallar onları dəli vəziyyətinə gətirə bilər: ”Mədəsində yalnız quru çörək və su olan, soyuqdan donan, əsəbləri tarıma çəkilən... meyitlərin üzündə niyə təbəssüm var?” Sualın cavabı çox sadədir: Onlar ƏZRAYILA, canlarını zülmdən qurtardığına görə təbəssümlə TƏŞƏKKÜR edirlər.

 

 

Təhsil Nazirinin doqquzuncu sinifdə oxuyan nəvəsi həkim olmaq arzusundadır. Məmləkətimizdə HƏKİM olmaq arzusunda olanların çox olması, məktəblərin BİOLOJİ MATERİAL istehsal etməsi səbəbindəndir. Polis olmaq arzusunda olanlar isə ikinci yerdədir. Yəqin “MALLARI” yerbəyer etməyə görə.

 

Əvvəlki məqalə: BİRLƏŞMİŞ MÜXALİFƏT XALQA SON SÖZÜNÜ DEDİ

Sonrakı məqalə: Mirzə Xəzər: 18 mart referendumu – demokratiyanın məğlubiyyəti, avtoritarizmin qələbəsi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3901

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin