BİRLƏŞMİŞ MÜXALİFƏT XALQA SON SÖZÜNÜ DEDİ
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı dünən “Bakı” kinoteatrında 18 mart referendumu ilə bağlı Xətai rayon seçiciləri ilə görüş keçirdi. Seçicilərin böyük izdihamı ilə baş tutan görüşün aparıcısı Vətəndaş və İnkişaf Partiyası sədrinin müavini Sevil Həmidova qısa giriş nitqi söyləyəndən sonra sözü AXCP sədri Əli Kərimliyə verdi. Ə.Kərimli çıxışına konstitusiya dəyişikliyi ətrafındakı müzakirələrdən başladı: “Bu müzakirələr cəmiyyəti iki qütbə böldü. Bir tərəfdə demokratiya istəyən insanlar var. Bu təbəqə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında birləşib.
Əli Kərimli: “Ermənilərə güllə atanlara divan tutduqları üçünmü qeyri-məhdud hakimiyyət haqqına sahibdirlər?”
Digər tərəfdə isə yaltaqlıqla çörək yeyən bir təbəqə - qazanmadıqlarını yeyənlərdən ibarət təbəqə Əliyevlərin ətrafında birləşdi. Uzun müddət vətəndaşların hüququnu pozan bu yaltaqlar xalq qarşısında utanmadan uca səslə az qala ömürlük hakimiyyət tələb eləməyə başladı. Bunlar bu gücü haradan alırlar, hardadır onların mənəvi haqqı ki, həm Əliyevlər ailəsi, həm də dolayısı ilə özləri üçün qeyri-məhdud hakimiyyət tələb edirlər? Bunlar hakimiyyətdə olduğu illər ərzində rüşvəti dövlət siyasəti səiyyəsinə qaldırıblar.
Bütün dövlət və hökumət strukturlarında rüşvət həyat tərzinə çevrilib. Bu adamlar ölkədə rüşvəti şəffaflaşdırdıqlarına, dövlət siyasətinə çevirdiklərinə görəmi özlərində hakimiyyətlərini uzatmaq haqqını görürlər? İqtisadiyyatı bərbad hala salıblar. Neft maşınqayırması sənayesini məhv ediblər. Kənd təsərrüfatını çökdürüblər. Kartof-soğan da xaricdən gətirilir. Ölkənin bütün yeraltı-yerüstü sərvətləri bir qrup insanın əlində cəmləşib. Ölkə başdan-başa bir dəstə monopolistin əlindədir. Təxminən bir il əvvəl araşdırma
aparılmışdı. Məlum olmuşdu ki, ölkənin 30 ən zəngin insanının 27-si ya Əliyevlər ailəsinə, ya da hökumətə aiddi. Azərbaycanın bütün sərvətlərini öz əllərində topladıqları üçünmü yenidən hakimiyyətdə qalmaq istəyirlər? Bunlar deyildimi 1993-cü ildə hakimiyyətə gələn kimi 33 batalyonu tərxis edib 6 rayonu ermənilərə təhvil verənlər? Bunlar deyildimi Azərbaycanın döyüşən övladlarına qarşı böhtan-şər kampaniyası aparıb həbsxanaya dolduranlar? Bu hakimiyyət ermənilərə güllə atan insanları müxtəlif bəhanələrlə məhv
elədi, həbs etdi, ölkədən didərgin saldı. Ermənilərə güllə atanlara divan tutduqları üçünmü qeyri-məhdud hakimiyyət tələb etmək haqqına sahibdirlər? Bu haqqı onlara kim verib?
Biz bu referenduma etiraz etməliyik. İlk növbədə vətəndaşlıq borcumuz tələb edir ki, bu saxtakarlığa etiraz edək. Hər bir insan vətən qarşısında məsuliyyətini hiss eləsin. Biz bu hissi başa düşməsək, başqalarından necə tələb edə bilərik? Bir valideyn olaraq övladlarımız qarşısında vəzifəmiz var. Biz necə sakit baxa bilərik ki, pisləşən vəziyyəti övladlarımıza miras qoyaq? Biz şərə qarşı mübarizə aparmalıyıq. Yalana, şərə qarşı mübarizə aparmaq həm də vicdan borcudur. Zülmə qarşı mübarizə aparmaq imandan deyilmi?
Dünya təcrübəsi göstərir ki, Azərbaycandakı kimi avtoritar rejimlər məhz daha güclü göründükləri zamanlarda məhv olublar. Azərbaycandakı rejimin də gözü ayağının altını görmür. O da məhvə məhkumdur. 18 martda bunlar hansı saxta protokolu yazsalar da ruhdan düşməyin. Azərbaycandakı avtoritar rejimin ömrünə çox qalmayıb".
Sərdar Cəlaloğlu: “Çanaq gec-tez bu referendum oyununu quranların başında çatlayacaq”
ADP sədri Sərdar Cəlaloğlu hakimiyyəti ölkənin namusunu qoruya bilməməkdə ittiham etdi: “Azərbaycanın namusu birinci növbədə onun torpaqlarıdır. 17 ildir torpaqlarımız ermənilərin tapdağı altındadır. Hakimiyyət Azərbaycanın namusunu qorumaq üçün heç bir addım atmır. Azərbaycanın namusu həm də onun əsas qanunu - konstitusiyasıdır. Bu iqtidar dövlətin namusuna təcavüz edir və konstitusiyanı elə şəkildə dəyişdirməyə cəhd edir ki, bundan sonra Azərbaycan vətəndaşlardan yox, rəiyyətdən ibarət ölkə olsun. Bütün qanunlarda həddən artıq məhdudiyyətlər var. Məhdudiyyətləri günbəgün artırırlar. Ancaq söhbət bu hakimiyyətin özünə gələndə, sən demə, məhdudiyyət insan hüquqlarına zidd imiş. Bu referendumun keçirilməsinə 30 milyon dollar ayrılıb. İndiki iqtisadi böhran şəraitində büdcədən bu qədər vəsaiti havaya sovururlar. Milli Bankın adının dəyişdirilib Mərkəzi Bank qoyulması büdcəyə 1 milyard dollara yaxın ziyan vuracaq. Bu qədər vəsaiti mənasız işlərə sərf etməkdənsə xalqa sərf etmək olmazdımı? Xalqı alçaldan, xalqın iradəsi ilə seçilməyən və xalqı zorla idarə edən adamların keçirdiyi referenduma "yox" deməliyik. Onsuz da gec-tez çanaq bu referendum oyununu quranların başında çatlayacaq".
Əvəz Temirxan: “Ömürlük hakimiyyəti ona görə istəyirlər ki, xalqı daha da alçaltsınlar”
Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan bildirdi ki, referendum oyununun ortaya atılması iki məsələ ilə bağlıdır. Biri Qarabağ, digəri ömürlük hakimiyyət: “Referendum keçirib Qarabağı ermənilərə vermək üçün imkan qazanmaq istəyirlər. Qarabağın ermənilərə verilməsi yaxın altı aydan tez də baş verə bilər. Ömürlük hakimiyyət bərqərar etmək istəyirlər ki, xalqı daha da alçaltsınlar. Xalqın ağır vəziyyəti isə bunları maraqlandırmır. Sizə belə hakimiyyət lazımdırmı?”
Əli Əliyev: “Bizim olum-ölüm məsələmiz gündəlikdədir”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dedi ki, dünyada cərəyan edən hadisələrin ölkəmizə təsiri qaçılmazdır. Hakimiyyət də bunu hiss edir və məyusdur: “Sonuncu debata çıxardıqları adamların da sifətində bir məyusluq vardı. Bu məyusluq əsaslıdır. Xalqın gec-tez bu hakimiyyəti süpürüb atacağını bilirlər. Xalq bu gün imtahan qarşısındadır. Bizim olum-ölüm məsələmiz gündəlikdədir. Xalqı referendumda iştirak etməməyə və olum-ölüm məsələsini həll etməyə çağırıram”.
İsa Qəmbər: “Öz hakimiyyətlərinin ömrünü uzatmaq bu görməmişlərə müyəssər olmayacaq”
Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, vətəndaş və millət olaraq hər kəs seçim qarşısındadır: “Cəmiyyət bizim seçiciləri boykota çağırmağımızdan xəbərdardır. Diskussiya gedir ki, niyə boykot edək, bəlkə gedib "yox" deyək. Əvvəla, referendum ona görə boykot edilməldir ki, konstitusiyaya ziddir. Qeyri-qanuni referenduma isə gedilməməlidir. İkincisi, bu referendumun məqsədi bir nəfərin istədiyi qədər hakimiyyətdə qalmasına şərait yaratmaqdır. 40 ildir hakimiyyətdə olan Əliyevlər milyardlarla vəsaiti
mənimsəyib, ölkənin ərazilərini şəxsi mülklərinə çevirib, dünyanın müxtəlif yerlərində villalar, bütöv adalar alırlar. Xalq isə düşünür ki, bu gün uşağımı doyunca yedizdirə biləcəm, ya yox. İnsanlar düşünür ki, iş tapa biləcəmmi, ailəmi yaşada biləcəmmi. Budur hakimiyyətdə olanlarla xalqın arasındakı maraqların fərqi. Hakimiyyətdə olanlar vaxtaşırı dəyişməlidir ki, onların maraqları ilə xalqın maraqları arasında fərq yaranmasın".
İ.Qəmbər vurğuladı ki, Azərbaycan konstitusiyaya dəyişiklik etməklə rəsmən geridə qalmış ölkələrin sırasına keçir. Bu, ölkəmizin maraqlarına dəhşətli zərbədir: “Dünyada çağdaş dəyərlərlə idarə olunan ölkələrə münasibət də hörmətlidir. Orta əsrlərin feodal qaydaları ilə idarə olunan geridə qalmış dövlətlərə isə münasibət mənfidir. Gürcüstan demokratik ölkə olmasaydı, Qərb onun müdafiəsinə qalxmayacaq və ruslar Tiflisə qədər gedəcəkdi. Biz Qarabağı azad etmək istəyiriksə, demokratik Azərbaycan qurmalıyıq. Demokratik
Azərbaycanın Qarabağı azad etmək şansı dəfələrlə çoxdur. Totalitar təfəkkürə malik Azərbaycanın Qarabağı azad etmək şansı on dəfələrlə aşağı düşəcək. Bunu görməmək mümkün deyil. Bu da referendumu boykot etməyin daha bir səbəbidir.
Bu ailə 40 il Azərbaycana hökmranlıq edib. Artıqlaması ilə bəsdir. Nəyə görə sənin ailən on illərlə ölkəyə hökmranlıq eləməlidir, başqa ailələr isə hər gün çörəkpulu haqqında düşünməlidir? Nəyə görə? Bu ailə özünə nə cür rəva bilir ki, kefləri nə istəyir eləsinlər, milyardları oğurlasınlar, ancaq xalq bu gündə olsun? Bu, nə insanlıqdır? Bu, nə əxlaq, nə mənəviyyatdır? Bu referendumda iştirak etmək bir ailənin hökmranlığının davamına razılıq verməkdir. Ona görə də xalqı boykota çağırırıq".
Müsavat başqanı dedi ki, boykot qərarını verməyin hüquqi tərəfləri də var: “Əgər əmin olsaydıq ki bu referendum saxtalaşdırılmayacaq, onda xalqı referenduma çağırardıq. Əminəm ki, xalqın əksəriyyəti dəyişikliklərə "yox" deyəcək və hakimiyyətin planı həyata keçməyəcəkdi. Ancaq axı məlumdur ki, səsləri düzgün saymayacaqlar. Bunlar fırıldaqçıdır, talon oğrularıdır. MSK-ya rəhbərlik edən şəxslər haqqında qəzetlərdə gedən materiallardan yəqin oxumusunuz ki, onlar sovet dövründə talon oğurlayırmış. İndi gəlib xalqın
səsinin oğurlanmasına rəhbərlik edirlər. Bu cür adamların saydığı səslərə nə cür arxayın ola bilərik?
Referendumda 25 faiz kvorum var. Əminik ki, 25 faiz seçici referenduma getməyəcək və referendum mahiyyətcə baş tutmayacaq. Hakimiyyət nə edəcək, saxtalaşdıracaq və sair - bu isə başqa söhbətdir. Biz martın 18-də müşahidəçi kimi məntəqələrdə olmalıyıq. Referenduma nə qədər adam gəldiyini izləyib, qeydlər aparıb sübut etməliyik ki, referendumda kvorum olmayıb. İnanıram ki, hakimiyyətin növbəti saxtakarlığını sübut edəcəyik. Bu hakimiyyətdəki görməmişlərə öz hakimiyyətlərinin ömrünü uzatmaq müyəssər olmayacaq. İnanıram
ki, xalqımız referenduma getməməklə sülalə hakimiyyətinə “yox” deyəcək".
***
Qeyd edək ki, görüşün əvvəlindən sonuna qədər Xətai rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun polis rəisi, çoxlu sayda polis və hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu şübhə doğurmayan mülki geyimli, idmançı görkəmli, qara eynəkli şəxslər kinoteatrın qarşısında dayanmışdılar.
Etibar SEYİDAĞA ("Yeni Musavat" qəzeti)
Əvvəlki məqalə: “Sabah” qəzeti: “Türkiyə ilə Ermənistan arasındakı razılaşma aprelin 24-dən sonra açıqlanacaq”
Sonrakı məqalə: Məlahət Ağacanqızı: TƏHSİLİN VALİDEYNLƏRƏ VURDUĞU “PAZ”LAR
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3902
