Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: 2005 -ci il 2 MART-QEYRƏTLİ JURNALİST ELMAR HÜSEYNOV QƏTLƏ YETİRİLDİ...

Mirzə Xəzər 01 Mar 2009

no comments

melahet2

Məlahət Ağacanqızı


20 Yanvar-Bakı QAN içində...
26 Fevral-Xocalı QAN içində...
2 Mart-Elmar Hüseynovun yaşadığı evin bloku QAN içində...
İlin bütün ayları QAN içində...


Sevdiyimiz adamlar olduğu kimi,sevdiyimiz aylar da var.Mənim ən çox sevdiyim MART ayı idi.Havadan torpaq iyi,çiçək iyi,şəkərbura iyi gəlirdi...İndi isə Mart ayından QAN iyi gəlir.Torpaq,çiçək,şəkərbura qoxulu QAN iyi bizi sevindirmir-ağladır,öldürür,yox edir...
Ürəyim ƏSL TƏBƏSSÜM görmək üçün çırpınır...


Göz yaşları ,hər gün gördüyüm kədərli üzlər zərrə-zərrə yox edir məni.
Nə qədər ağlamaq olar?Üzdə olan təbəssümlər saxta və çox acı.Hətta körpələrin də üzündə saf təbəssüm görmək mümkün deyil.Ana bətnində GÖZ YAŞLARI və QƏM ilə qidalanan körpə, dünyaya dərdli bir QARInın,yurdu talan olan qoca KİŞİnin üz cizgiləri ilə təşrif gətirir.
Kaş QAR yağanda hamı təbəssümlə ovucunu yağan qarın altına tuta biləydi...
Kaş YAĞIŞ yağanda hamı təbəssümlə yağışın altında rəqs edə biləydi...
Kaş GÜNƏŞ çıxanda hamı təbəssümlə sevdiyi işə tələsə biləydi...
Kaş hamı İNSANIN yaradıb sevdiklərindən daha çox ,TANRININ yaradıb sevdiklərinə dəyər verməyi bacaraydı...
Kaş...


Yağan SAF QAR ,TƏMİZ YAĞIŞ- 20 Yanvarda,Xocalıda,Qarabağda ŞƏHİD oldu. Qarın,yağışın rəngi dəyişdi.Göydən damcı-damcı,narın-narın QAN yağır. Adamlar yağan qardan,yağışdan qorxur...
20 Yanvarda,Qarabağda,Xocalıda insanlar ŞƏHİD olanda –SAF TƏBƏSSÜMlər də ŞƏHİD oldu.
Nə qədər yalandan yaşamaq olar?Nə qədər yalandan gülmək olar?Nə qədər yalandan HƏYATI sevmək olar?


Bir gün ürəkdən gülmək üçün bütün həyatımı verərdim. Amma min il ömrüm olsa da ARZUMA qovuşa bilmərəm.Çünki əsrlər keçsə də Azərbaycan HAVAsından QAN iyi gələcək.
2 MART 2005 -ci il...


QEYRƏTLİ JURNALİST ELMAR HÜSEYNOV QƏTLƏ YETİRİLDİ.
ELMARIN TƏMİZ QANI AZƏRBAYCAN HAVASINA ÇİLƏNDİ.


Elmarın qətlindən sonra nə qədər qeyrətsiz olmalısan ki, əlinə qələm alanda yaltaq və saxta yazılar yaza biləsən.Çox yaxın qohumum həbsdən çıxandan sonra “Kim məni çox istəyir,mənə”Monitor” jurnalını versin” deyəndə,hamı kimi mən də təəccüblənmişdim .Qəzet-jurnaldan zəhləsi gedən bir adamın “Monitor”jurnalı ilə maraqlanmasının səbəbini soruşanda gözləri
yaşardı:”Mən “Monitor”un redaktoru ilə türmədə tanış olmuşam.Bilirsən necə əla oğlandır.Mən elə bilirdim ki,jurnalistlərin içində qeyrətli KİŞİ yoxdur,amma Elmar bütün fikirlərimi alt-üst etdi.Hamıdan həbs olunma səbəbini öyrənirdi,qeydlər aparırdı.Mən ona danışanda ki,polis özü gəlib mənə ilişdiyinə görə onu döymüşəm,çox pis oldu.Bir dəfə yemək yeyəndən sonra,Elmar hamıdan sümükləri alıb bir torbaya yığdı.Dedi ki,mən bu ətdən şübhələndim,çalışacağam yoxlatdırım görüm bizə nə əti yedirdirlər...Deyirdi,məni Hacıbala Abutalıbov tutdurub.Burdan onun canı üçün çıxacağam...”.


Qohumum, Elmar Hüseynovun qətlə yetirildiyini biləndə dizlərinə döyürdü,başını divara vururdu...Bəzən ən yaxın qohum rəhmətə gedəndə ancaq kədərlənirsən.Nə qədər özünü zorlasan da ağlaya bilmirsən.Çünki göz yaşları kran suyu deyil ki,istədiyin vaxt açıb –bağlayasan.Göz yaşları BƏDƏNİN SEVGİ MİRVARİLƏRİdir.


İnsanlığa,sevgiyə,düzlüyə,azadlığa dəyər verməyi bacaranların ölümünə yadlar da SEVGİ MİRVARİLƏRİ səpələyər.


Yadımdadır istedadlı,qeyrətli şair-publisist Hüseyn Əfəndinin vaxtsız və qəfil ölümü anamı,bacılarımı möhkəm sarsıtmışdı.Hüseyn Əfəndinin anasından-bacısından xəbərsiz ona yas quran AİLƏmiz dizinə döyüb ağlayırdı ...


Xəyallarımda mənə elə gəlir ki,PƏHLƏVAN CÜSSƏLİ ELMARI yaşadığı evin yaxınlığında yox,Qarabağda,Xocalıda ölümcül yaralayıblar.Amma o, son nəfəsində doğmalarını,əziz balasını görmək,onların qucağında can vermək üçün yaşadığı evin qapısına kimi QAN içində piyada yol gəlib.Əziz Elmarın Qarabağdan Bakıya kimi tökülən QANI- AZƏRBAYCAN ŞƏHİDLƏRİNİN QANIdır.KORLAR məmləkətində o QANI görməzlər...


OĞUL odur ki,bu dünyanı tərk edəndə, onun üçün anasından-bacısından əvvəl VƏTƏN ANAları ağlasın.Elmar Hüseynovun ölümü Azərbaycan ANAlarının sinəsinə dağ çəkdi.
İSA peyğəmbər insanların GÜNAHInın bağışlanmasına görə çarmıxa çəkildi.
Elmar Hüseynov jurnalistlərin GÜNAHInın bağışlanmasına görə ŞƏHİD oldu.
TANRI İNSANı sevgi ilə yaradıb.İNSAN TANRInın ŞAH əsəridir.
ALLAH bəndələrinin ölümünə biganə qalanların,ALLAH bəndələrini qətlə yetirənlərin İNSANLIĞA heç bir aidiyyatı yoxdur.Onları bir ERKƏK -bir DİŞİnin bətnində hissiz,duyğusuz ƏT parçası kimi mayalandırıb.


İnsanın içində bir nəfərə qarşı böyük sevgi olmadan-milyonlara qarşı zərrə qədər sevgisi olmaz.


İçində “BİR” deyənlər ALLAH BƏNDƏSİDİR.
BİR ALLAH,BİR VƏTƏN,BİR SEVGİLİ YAR üçün yaşayır İNSAN.
YARını itirən - YARIsını itirən candır.Yarı canla yaşamaq mümkün deyil.Necə ki, 20 YANVARda ŞƏHİD olan İlhamsız Fərizə yaşaya bilmədi-intihar etdi.


Elmar Hüseynovun ömür-gün yoldaşı Ruşaniyə xanım da bəlkə intihar edərdi,amma o əziz Elmarının ciyərparası Aslanı böyütməli idi.Oğlu Aslanla bərabər VƏTƏNİ tərk edən Ruşaniyə xanım VƏTƏNİN üzünə sərt bir ŞİLLƏ vurub qürbətə getdi.VƏTƏNin canına sürü ilə daraşan TÜLKÜ,ÇAQQAL dəstələrinin içində balaca ASLANI böyütmək mümkün deyildi.
Elmarın qatillərini qucaqlayıb yaşayan VƏTƏNin üzünə ŞİLLƏ vurmaq da çox azdır.Amma Ruşaniyə xanımın ŞİLLƏSİnin izini qeyrəti olan hər bir VƏTƏN OĞLU üzündə hiss etməlidir...


Havadan QAN iyi gəlir...HAVA GENERALI - Rail Rzayevi qətlə yetirdilər.
Sözlərdən Qan iyi gəlir...SÖZ GENERALI-Elmar Hüseynovu qətlə yetirdilər.
Bəlkə onlar HAVA və SÖZ qatillərini tanıdıqlarına görə QƏTLƏ yetirildilər?!


Əvvəlki məqalə: İranda soydaşımız edam edildi

Sonrakı məqalə: ELMARSIZ 4 İL

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3883

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin