"Biz Əbu Bəkr məscidinin açılması üçün qanun çərçivəsində sona qədər mübarizə aparacağıq"
QAMƏT SÜLEYMAN: «SONA QƏDƏR MÜBARİZƏ APARACAĞIQ»
2009-02-19 - 15:19:00
«Biz Əbu Bəkr məscidinin açılması üçün qanun çərçivəsində sona qədər mübarizə aparacağıq. Bakı Apellyasiya Məhkəməsinin qərarını alan kimi Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Azərbaycan məhkəmələri məscidin açılmasına razılaşmasa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyik. Biz heç vaxt qanunlara müxalif olmamışıq və bu məsələdə də eyni mövqe tutacağıq». Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleyman «Media forum» saytına açıqlamasında belə deyib.
Q.Süleymanov bildirib ki, hazırda rəhbərlik etdiyi dini icma üzvlərinin durumu müsbət deyil və bu vəziyyətdən şikayət edənlərin sayı artır: «Əbu Bəkr məscidində namaz qılan insanlar indi başqa məscidlərdə ibadət edirlər. Lakin onlar normal ibadət edə bilmirlər. Belə vəziyyət isə insanlarda radikallıq yaradır. Radikal qüvvələr belə vəziyyətdə zəif və təcrübəsiz insanları təsir altına salmağa, onlardan istifadə etməyə çalışırlar. Biz isə bunun qarşısını almağa çalışırıq. Amma vəziyyət getdikçə çətinləşir».
Məscidin açılacağına ümid etdiklərini deyən Q.Süleyman vurğulayıb ki, hər gün ora baş çəkir: «Təkcə məni buraxırlar. Lakin partlayış baş verən zala mən də daxil ola bilmirəm. İstintaqa isə son zamanlar çağırılmamışam».
Bakının Ülvi Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidi burda qumbarayla terror aktı törədilən gündən - 2008-ci il avqustun 17-dən bağlıdır. İki nəfərin ölümü, bir neçə adamın yaralanması ilə nəticələnən terrorda özünü «Meşə qardaşları» adlandıran radikal dini silahlı birləşmənin üzvləri təqsirli bilinir. Azərbaycanın hüquq-mühafizə orqanları onlardan bəzilərini yaxalayıb. Birləşmənin rəhbəri İlqar Mollaçiyev isə Rusiyanın Dağıstan Respublikasında federal qüvvələrin apardığı əməliyyat zamanı öldürülüb.
İstintaq orqanlarının məscidin qapılarını möhürlü saxlamasına etiraz olaraq Əbu Bəkr icması Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə birinci dəfə iddianı təmin edərək məscidin fəaliyyətinin bərpası barədə qərar çıxarıb. Lakin sonradan polis idarəsinin şikayəti əsasında məhkəmə işə yenidən baxıb və 2008-ci il dekabrın 23-də məscidin açılması qərarını ləğv edib. Buna səbəb kimi məsciddə baş vermiş terror hadisəsi ilə əlaqədar aparılan istintaqın hələ yekunlaşmaması göstərilib.
Fevralın 19-da Bakı Apellyasiya Məhkəməsində məscidin açılmasına icazə verməyən Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb. Hakim İlham Əsədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.
«Media forum»
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: HƏR GÜN BİR TİKƏ BASDIRIN MƏNİ...(şeirlər)
Sonrakı məqalə: Mərkəz direktoru: “Polis dilənən uşaqların sədəqəsini əllərindən alır”
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3866