Gəncədə toqquşma, haqqını tələb edən camaata zor tətbiq edilib
GƏNCƏDƏ TOQQUŞMA OLDU
Haqqını tələb edən camaata zor tətbiq edilib
Saat 19 radələruində Gəncədən aldığımiz məlumatda şəhərin Kəpəz rayonunda yerləşən Üzeyir Hacıbəyov küçəsindəki “Sarı gəlin” şadlıq sarayının qarşısında polislərlə mülki əhali arasında toqquşma baş verdiyi bildirilirdi. Buna səbəb şəhər əhalisinin bir aydan artıq susuz qalması, bu səbəbdən etiraz aksiyası keçirməsi və polisin aksiyanı dağıtmaq istəməsidir. Təzyiqlərə məruz qalmamaq üçün adının çəkilməsini istəməyən etibarlı mənbənin bildirdiyinə görə, sözügedən şadlıq sarayının qarşısına 1000-dən artıq narazı
insan yığışıb. Onlar şəhər rəhbərliyindən yaşayış kvartallarının işıq və su kimi kommunal problemlərini həll etməyi tələb ediblər.
İnsanların çoxaldığını görən hakimiyyət nümayəndələri polis qüvvəsi ilə kortəbii mitinqi dağıtmağa qərar veriblər. Əraziyə 50-dən artıq polis maşını gəlib. Nəticədə polislə camaat arasında qarşıdurma, toqquşma olub. Xəsarət alanlar və saxlanılanlar barədə məlumat yoxdur.
Son anda aldığımız xəbərdə bildirilir ki, camaatın çoxu evinə dağılışmayıb, parakəndə halda küçədə qalır.
Qeyd edək ki, bu gün Gəncənin 5-ci mikrorayonun ərazisində də etiraz aksiyası keçiriilb. İnsanlar bir yerə toplaşaraq xorla belə bir şüar qışqırıblar: “Üçdü, dörddü, Şahmalı (İH başçısının təsərrüfat işləri üzrə müavini) pis adamdı”. Etiraz aksiyasından dərhal sonra həmin əraziyə su verilməsi bərpa edilib.
Sabah Gəncədə su problemi ilə bağlı daha böyük etiraz aksiyası keçirilməsi gözlənilir.
Əfqan MUXTARLI (Yeni Musavat qəzeti, 05.02.2009)
Əvvəlki məqalə: Vətəndaş Həmrəyliyi Partiyası İranın "Səhər" telekanalının bağlanmasını tələb edir
Sonrakı məqalə: Məlahət Ağacanqızı: MÜSƏLMAN KİŞİLƏRİNİN EKSTAZ ANLARI...
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3852