Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Rəvan Rəşidoğlu: Təhsilimiz nəfsimizin məngənəsində...

Mirzə Xəzər 26 Yan 2009

no comments

 

 


 

 

 

 

Hər şeydən öncə yaşadığımız mühit öz çətinlikləri ilə mövcud əqidə, düşüncə sahiblərini öz yolundan sapdırır. Kimi şəxsiyyətə pərəstişi, kimi yarınmaqla, kimi isə maddi nəfsini önə çəkməklə həyatını və onun tərzini qurmağa və bu yaşam yolunu başa vurmağa tələsir. Biz hələ də cəmiyyətimizdə ziyalılıq anlayışını, məvhumunu istər bugünkü, istərsə də gələcək nəsillərə çatdırmağa nəinki tezikmirik, həmçinin gecikmək üçün tələsirik. Yaşadığımız yaxın və uzaq tarixdən ibrət götürməyimiz də gələcəyə necə hazır olmağımızın nümunəsi ola bilər. Əgər biz bu gün yaxın tariximizi mükəmməllikdən aşağı səviyyədə bilmiriksə və öyrənməyə cəhd göstərmiriksə, bu sahədə öz fikirlərimizi sərbəst ifadə edə bilmiriksə və yaxud ifadə etməkdən çəkiniriksə sonrakı taleyimizdən kimə, hara və nə üçün şikayət edirik? Qəribə mənzərədir. Hansı sahəyə baxırsan və hansı sahənin aparıcısına qulaq asırsan özünü özundə görmürsən. Sanki başqa məmləkətdəsən. Başqa dünyada yaşadığını zənn edirmış insan. Öz daxilinə, varlığına belə şübhə ilə yanaşır. Bu yanaşma tərzləri bizi özümüzdən getdikcə daha sürətlə uzaqlaşdırır. Bü günkü mətbuatımızda yazılan məqalələr, istər nəsr, istərsə də poeziya yazarlarımızın əsərlərindən yaltaqlıq, riyakarlıq üzündən Azərbaycan əqidəsinin ruhunu belə hiss etmirsən və yaxud hiss etməkdə çətinlik çəkirsən. Bunların içərisindən doğrunu, düzgünlüyü, ədaləti tapmaq qaranlıqda iynə axtarmaq qədər “asan” olub. Müasir əsərlər oxumaq istəyirsən, günümüzün mövzusundan aktuallığından, yaxın tariximizdən, mənəviyyatımızdan, ədəbiyyatımızdan çox-çox uzaqlara düşmüş olursan. Düşünürsən harda qaldı “Məşhərlər”, “Qətl günləri”... və s. davamı...

 

 

 

Ömür boyu Azərbaycan ədəbiyyatına və onun yazarlarına casus kimi şübhə edənlər indi Azərbaycan kitabxanalarını köntöy, ədəbi hisslərdən, mənəvi və əqidədən ən azından yerlə göy qədər məsafədə olan “yazıları” ilə doldurmaqla məşğuldurlar. Acınacaqlısı da odur ki, uzun müddət xalq, milli yazarların üzünə daima bağlı olmuş və həmişə də bağlı olacaq məlum və məlum olmayan arxivlərin “istismarı” hesabına. Həmin arxivlərdəki materialları çox savadsız, milli mənsubiyyətdən və Azərbaycan ədəbi və bədii dilindən uzaq şəkildə cəmiyyətə tələm tələsik çatdırılması və sanki boşluqları yalnız bu günkü cəmiyyətin tipinə uyğun mənasız dedektiv tipli yazılarla doldurmaq yarışı keçirilir. Epizodların əksəriyyəti bir-birinə oxşar və təkrardır. Halbuki bu əsərlərin müəyyən bir qisminin yerinə daha effektli, təsirli və cəmiyyətin inkişafına, bugünkü nəslin mükəmməl - istər tarixi, istərsə də digər sahədə - gələcəkdə hərtərəfli biliyə malik olması üçün həmin girilməz arxivlərdən neçə-neçə qiymətli və qiymətsiz əsərlər ərsəyə gətirmək olar və olardı. Amma əsərlərin maraqsız olması ilə bərabər həmçinin onların aşağı səviyyədə tərcümələri, görünüşü və dil üslubunun çox kasad, savadsız olması də oxucuların zövqunə və maariflənməsinə mənfi təsir göztərir. Bir material ki, min cür senzuradan keçib, kimlərinsə razılığından sonra ərsəyə gəlir və “xüsusi yazar”lara ötürülür bu əsərlərin cəmiyyətin maariflənməsində və informasiya qıtlığının aradan qaldırılmasında rolu çox cüzidir.

 

 

 


İkinci problem isə bu cür əsərlərin ekranlaşdırılmasıdır. Bu sahədə də xeyli nöqsanlar və süniliklər var. Rejissorluq məktəbi itib-batmaq üzrədir. Bu sahədə ancaq yüngül “əsərlər” üzrə rejissorlar arasında mənasız yarışlar keçirilir. Buna görə də Azərbaycan incəsənəti sahəsində böyük axsamalar müşahidə olunur. Bu zövqsüzlüyün, savadsılığın nəticəsidir ki, köhnə Azərbaycan filmlərinin baxıcısı daha çoxdur, nəinki bu gün böyük qüsür və nöqsanlarla dolu adda-budda çəkilən filmlərin. Bəzi filmlərə xərc çəkilir və hətta “prezentasiyada” keçirilir və sonra ekranalara çıxarılması məsləhət görülmür. “Prokuror” filmi kimi.... Yaxud mövzusu və süni aktyor oyunu, sujet xəttinin bəsitliyi ilə bu günkü cəmiyyətimizdə gedən prosseslərlə daban-dabana ziddiyət təşkil edən “Yoxlama” filmi kimi. Yaxud heç zaman Cavid səviyyəsinə qalxmayacaq “Hüseyn Cavid” filmi kimi. Düzdür filmdə çəkilən böyük və istedadlı aktyorumuz, Azərbaycan incəsənəti tarixində öz sözünü vaxtından və yaşından əvvəl deyən Rasim Balayev çəkilib. Amma filmin rejissor və tərəf müqabilləri bu aktyorun demək olar ki, istedadından, savadından, geniş təcrübəsindən istifadə etməyiblır. Rejissorların, əlbəttə ki qalıbsa, zövqləri və səriştələri çox aşağıdır. Bütün seçimlərində nöqsanlar qabarıq şəkildə özünü tamaşaçının, kobud desək, gözünə girir. İstər istəməz tamaşaçı kanalı başqa kanala çevrir və təəssüf ki, orada da istəyinə nail ola bilmir.


...Bu cür vəziyyətin yaranması bütün sahələrdə təhsilin aşağı olması və onun getdikcə dərinliyə yuvarlanmasıdır. Bəli, təhsilsiz hər hansı irəliləyişə nail olmaq mümkün deyildir. Təhsilli, savadlı insanlarda əqidə, mövqe, ideya hakim ola bilər. Bu hakimlik bütün sahələrin inkişafına müsbət təsir edər. Təhsildəki problemlər hamıya dəqiq məlum olduğu qədər də, elə hamı da böhranın dərinləşməsində maraqlıdır. Bütün məktəblərdə korrupsiya bir-birinə elə qarışıb ki, rüşvəti direktor aldığını, yoxsa valideyn verdiyini ayırd edə bilmirsən. Nəticədə başqa inkişaf etmiş və lap belə inkişaf etməmiş ölkələrdə yaxşı təhsil almaq üçün pul ödəyirlərsə, bizdə isə hər sahədə olduğu kimi, təhsildə də əksinə, təhsil almamağımız üçün pul veririk. Elə Təhsil Nazirliyində də elə izah edirlər ki, sanki rüşvət xaricdən daxil olur və xaricə də ötürülür. Nəticədə bizim bü günkü övladlarımızın savadsız təhsil almalarının günahı nə bizim təhsilimizə rəhbərlik edən “zavallı”larda, nə də uşaqlarına görə bütün günü o müləllimə, bu müəllimə havayı pul paylayan “ağıllı” valideynlərdədir. Artıq orta məktəblərdə, ibtidai siniflərdə əlavə hazırlıq kurslarının açılması elanlarına da rast gəldik. “... 20 saylı məktəbdə birinic siniflər üçün hər həftənin şənbə günləri hazırlıq kursları keçirilir. Maraqlanan valideynlər direktor müavinlərinə müraciət edə bilərlər. (3 mərtəbə). Müdiriyyət.” Artıq təhsildəki bundan da acınacaqlı vəziyyətin olacağını mən düşünmürəm və düşünməyə yeri də yoxdur. Maraqlı orasıdır ki, bütün ölkədə hər bir vətəndaşın övladı orta məktəblərdə təhsil alır. Azərbaycanda bütün vəzifələrdə çalışanların övladları istər orta və istərsə də ali məktəblərdə oxuyurlar və hamısı da bu acınacaqlı vəziyyətlə barışırlar. Təhsil Nazirliyi isə ağa-qara deməklə iki ayağını bir başmağa dirəməklə deyir ki, bizdə hər şey qaydasındadır. Və utanmasan oynağama nə var devizi burda yerinə düşür. Deyirlər ki, hansı məktəbdə rüşvət halı varsa adını bizə verin biz yoxlayaq ölçü götürək. Amma anonim olmasın. Yəni məntiq odur ki, gücümüz çatsa bütün günahı bir müəllimin üstünə qoymaqla işdən çıxardaq, gücümüz çatmasa məktəb vasitəsilə valideynə təzyiq edək.

 

 

 


Mən isə deyirəm ki, o hansı məktəbdir ki, orada ən biabırçı rüşvət vəziyyəti yoxdur. 1,2,3,....... 20,21,22,23,........40, 41, 42, 43, 44,..... saylı... ta sonuncuya qədər. Hamısında eyni, heç nə ilə bir – birindən irəliyə gedən və yaxud geriyə qalan məktəb yoxdur. Bu məktəblərdə hamısında təhsildən başqa nə desən var. Bütün məktəblərin hamısında hətta birinci sinifə uşaq qoyanda “qiymətli – pullu” müəllim(ə)ləri var. Aşağı yuxarı 100 manatdan. Kim bu pulu ödəyirsə həmin “qiymətli” müəllim(ə)in sinifinə düşə bilər. Hələ mən artıq kifayət qədər çeynənmiş fikirləri, hər gün yığılan pullardan təkrar yazmağı vaxtıma qənat və oxucunun vaxtına hörmət hesabına yazmıram. Bütün bunlardan sonra ali məktəblərdəki problemlərdən yazmaq sadəcə olaraq ən azından özünü və oxucuları aldatmaq və fikirlərini yayındırmaq kimi başa düşürəm.

 

 

 


Amma ali məktəblərdə yaranan problemlərdən mənbə olaraq birinə fikrimi və etirazımı bildirmək istəyirəm. O da təhsildə, yəni ali məktəblərə tətbiq olunan planla bağlıdır. Bu plan nəticəsində hər il kifayət qədər savadsız və məqsədsiz məzunlar ali məktəbləri bitirir və heç biri də öz ixtisasının arxasınca getmir. Bunun düzdür obyektiv və subyetktiv səbəbləri var. Amma əksəriyyət mənimlə razılaşar ki, məzunların çoxu bitirdikləri sahəni heç də sevdiklər üçün seçməyib və ali məktəbləri diplom xatirinə bitiriblər. Təhsil Naziri 1994-cü ildə plan məsələsinə aid suala belə cavab vermişdir, sitat: “Əgər plan ləğv olunsa ali məktəblərdə tələbələrin sayı azalacaq, müəllimlərimiz işsiz qalacaq. Bu da işsizlik yaradacaq”. Nazirin fikrindən düz 15 il sonra (15 il Təhsil Naziri?!), hər il ali məktəblər kifayət qədər diplomlu tələbə yola salır, bəs niyə orta məktəblərdə, ələlxüsda kəndlərdə müəllim çatışmazlığı problemi yaşanır? Bütün sahələr üzrə regionlarda müəllim çatışmır. Bəs harda qaldı Tahsil Nazirinin qəbul planlarının nəticələri? Niyə bügünkü məzun savadına güvənib, özünə inanıb sinifə daxil ola bilmir və yaxud dərs demək istəmir? Və yaxud da belə deyək, niyə savadlı məzunlara təyinat verilib ehtiyac olan məktəblərə göndərilmir, onlara minimum və ya maksimum yaşayış şərait yaradılmır? Köhnə müəllimlərin isə demək olar ki, 90 faizdən yuxarısı repetitorluqla məşğuldur. Onların da istər orta məktəblərdə, istərsə ali məktəblərdə dərs demək maraqları, maddi maraqlarının altında itib batıb. Suni təhsil müəssisələrinin sayını artırmaq, rüşvət hesabına diplom verib Dövlət qarşısında ali təhsillilərin işsizlik sayını artırmaqla sağalmaz problem yaratmaq kimə lazımdır və nəyə xidmət edir? Yaxud kifayət qədər ciddi rəhbərlikdə əyləşənlərin bəzilərinin sadəcə ali təhsili yox, ali diplomu da pul ilə alması kimin marağına xidmət edir? Görəsən hesablayan və onun statistikasını aparan varmı ki, Dövlət işində rəhbər vəzifədə işləyənlərin neçəsinin diplomunun “kötüyü” var? Görəsən bu araşdırmanı da aparırlar ki, ikinci təhsili hansı üsulla alırlar? Necə olur ki, İqtisadiyyatı bitirən məzun, BDU-nun hüququna, Memarlıq Universitetinin tikinti ixtisasına 3-cü kursuna qəbul olunur və yaxud oranın məzunu olur? Nə üçün köçürmə ilə həyata keçirilən və ya ikinci təhsilə qəbulu TQDK həyata keçirmir? Bu fənlər arasındakı fərq imtahanlarını bilən varmı və yaxud nəzarəti Təhsil Nazirliyinin hansı idarəsi, universitetlərin rəhbərləri və hansı kriteriya ilə müəyyən edir? Suallar çox cavablar isə mənasız və vəzifə xatirinə verilən cavablar.

 

 

 

Yeni, ikinci oxunuşdan keçən Təhsil haqqında qanun qəbulu bu günkü təhsildəki islahatlarla müqayisədə müsbət qarşılamaq olar. Düzdür oraya da rektorlar özlərinin arzularına uyğun olaraq qəbul imtahanlarını TQDK-nın əlindən almaq istəyirdilır. Çox şükür ki, buna təzyiq gücləndi. Şəmsəddin Hacıyev, İqtisad Universitetinin rektoru, deputat, Təhsil komissiyasənən sədri aşıq olaraq bildirir ki, repitetorluğun geniş yayılması Testin tətbiqi ilə bağlıdı. Kökündən yanlış və qərəzlidir. Elə buradaca öz şəxsi qazanclarını bərpa etmək, nəfslərini biruzə vermək açıq görünür. Çünki repititorluq həmişə mövcud olub. Əvvəllər ona görə az idi ki, qəbul imtahanlarını Təhsil Nazirliyi aparırdı, cəmi ali məktəblərə 5% savadlı tələbələr daxil ola bilirdi. Onlar da min cür əzab-əzəyyətdən sonra. İnstitutlara qəbul “çətinləşdirildiyindən”, neçə-neçə tələbə adı qazanmaq ardınca gələn məzun məyus halda geri döndüyündən, Sizin kimi rektorlara xeyli “boş yerlər” qaldığından artıq təhsil almaq istəyənlərin arzuları tükənirdi. Düzdür “o boş yerlərin” bir qismi indi yenə ikinci təhsil və köçürmə vasitəsilə həyata keçirilir. Amma bu qazancla rektorlar razılaşmır. Bu qazanc əvvəlkilərin yanında cüzu görünür. Elə Təhsil Komissiyasının sədri İTV-də sualları cavablandırarkən, başqa bir TV kanaldan Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqub haqqında veriliş gedirdi. Azərbaycanda mən elə bir ziyalı tanımıram ki, Şəmsəddin Hacıyev də daxil olmaqla, Zəlimxan Yaqub qədər Azərbaycanın müasir ədəbiyyatı tarixində savadlı ədəbiyyatçı tanısın. Amma Zəlimxan Yaqub deyir: “... mən orta məktəbi bitirib ali məktəbə daxil olmaq üçün Bakıya üz tutdum. Sənədlərimi Universitetin (BDU) Filologiya fakultəsinə verdim, amma təəssüflər olsun ki, bir balım çatmadı və qəbul ola bilmədim. Kor-peşman Borçalıya qayıtdım. Bir il fəhlə işlədim, əmək kitabçamı götürüb, yenə Bakıya gəldim. Amma bu dəfə sənədlərimi Universitetin Kitabxanaçılıq fakultəsinə verdim və daxil oldum”. Gördüyünüz kimi, Zəlimxan müəllim də bir dəfədən sonra anlayıb ki, Universitetin “prestijli-pullu” fakultəsinə cibləri boş daxil ola bilməyəcək. Ona görə də sənədlərini o vaxt Universitetdə ən zəif fakultə olan Kitabxanaçılıq fakultəsi verib və bu yolla təhsil almağın mümkünlüyünü görüb və buna nail olub. Bu misalı ona gırə çəkdim ki, həm Şəmsəddin Hacıyevin məlum verilişdəki fikirləri, həm də Xalq Şairi Zəlimxan Yaqubun fikirləri eyni anda xalqa çatdırılsa da ikincinin fikirləri birincinin, - “...bizə testin ləğv olunması ilə bağlı məktublar daxil olur... Mən düşünürəm ki, repetitorluğun inkişafı testin tətbiqi ilə bağlıdır.” – fikirlərinə ən tutarlı cavab idi.

 

 

 

Rəvan Rəşidoğlu
Müstəqil ekspert.
E-mail: revan.baghirov@mail.ru

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: “HARDASA, HARDASA BİZİ DUYAN VAR, HƏLƏ YAŞAMAĞA DƏYƏR BİR AZ DA...”

Sonrakı məqalə: ABŞ: yeni yaxud köhnə müstəvidə

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3842

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin