Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ANTİREFERENDUM AKSİYASININ İŞTİRAKÇILARI TƏQİB EDİLİR

Mirzə Xəzər 18 Yan 2009

no comments

polis musavat1

Ağasif Şakiroğlu, Tural Abbaslı, Əhəd Məmmədli təzədən polis bölməsinə aparıldı; döyülən müsavatçı ilə bağlı cinayət işi isə qapadıldı


Ötən il dekabrın 24-də Konstitusiya Məhkəməsi önündə keçirilmiş piketdə həbs edilən Müsavat Partiyasının üzvü, “Hədəf” Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu dünən səhər yenidən polisə çağırılıb. Ağasif Şakiroğlunun qəzetimizə verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinin əməkdaşları onun yaşadığı mənzilə gəliblər. Lakin bu zaman Ağasif evdə olmayıb.


“Saat 14 radələrində Naxçıvani küçəsində yerləşən polis məntəqəsində oldum. Məni Elbəyi adlı sahə müvəkkili və daha iki polis əməkdaşı ilə birgə sorğu-suala tutdular. Məndən konstitusiyaya edilən dəyişikliklərə nə üçün etiraz etdiyimi soruşdular və aksiyalarda iştirak etməyimin gələcəkdə problemlər yaradacağını söylədilər. Məndən izahat aldılar. İzahatda piketin qanunsuz olduğunu bilmədiyimi və bir daha icazəsiz aksiyalarda iştirak etməyəcəyimi yazmağımı tələb edirdilər. Sahə müvəkkilinin tələbinə əməl etmədim. Eyni zamanda onun nəzərinə çatdırdım ki, aksiyaların keçirilməsi konstitusion hüququmuzdur. İzahatı özüm bildiyim kimi yazdım və orada bundan sonrakı aksiyalarda da iştirak edəcəyimi göstərdim”- deyə Ağasif Şakiroğlu bildirdi.


Srağagün isə aksiyanın daha iki iştirakçısı - Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və onun müavini Əhəd Məmmədli tutularaq 18-ci polis bölməsinə aparılıblar. T.Abbaslının qəzetimizə verdiyi açıqlamaya görə, onlara Təhsil Nazirliyində olarkən hücuma məruz qalıblar: “Magistraturaya sənəd vermək üçün diplomlar təhsil aldığım ali məktəb tərəfindən yenidən təsdiq edilməlidir. Oxuduğum ali məktəb bağlandığı üçün diplomumu nazirlikdə təsdiq etməlidirlər. İki gün ərzində bunu etmədilər. Halbuki digər şəxslərin diplomları bir neçə dəqiqə ərzində təsdiq olunurdu. Bu qanunsuzluğa etiraz etdikdə nazirliyin ümumi şöbəsinin rəhbəri tərəfindən təhqirə məruz qaldıq. Daha sonra həmin şəxs polisə zəng vuraraq bizim həbs edilməyimizi tələb etdi. Mühafizə polisi məni və Əhəd Məmmədlini 18-ci polis bölməsinə apardı. Bizə hücum edən şəxs saxta akt tərtib edərək polis bölməsinə təqdim edib. Biz də öz növbəmizdə qarşılaşdığımız qanunsuzluqla bağlı şikayət ərizəsi verdik. Bölmədə saat 20:00-dək saxlanandan sonra sərbəst buraxıldıq. Onu da deyim ki, nazirlikdə bizə hücum edən şəxslər mənim Müsavat Partiyası Gənclər Təşkilatının sədri, Əhəd Məmmədlinin isə müavin olduğunu bilirlər”.

Xatırladaq ki, Konstitusiya Məhkəməsi önündə keçirilmiş piketdə iştirak edənlərə qarşı dərhal sonra təzyiqlər başlayıb. Belə ki, aksiya zamanı əlində “Xalq kral istəmir!” şüarı tutan Müsavat Partiyası Gənclər Təşkilatının fəalı Murad Kərimov dekabrın 27-də yaşadığı binanın yaxınlığında iki nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Basqınçılar M.Kərimovdan partiya ilə əlaqələrini kəsməyi və prezidentə qarşı çıxmamağı tələb ediblər. Əks təqdirdə onu başını kəsməklə hədələyiblər. Daha sonra basqınçılar gənci döyərək aradan çıxıblar.
M.Kərimov faktla bağlı Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsinə müraciət etsə də cinayət işi bağlanıb: “Yanvarın 16-da mənə məktub gəldi. Məktubda göstərilir ki, araşdırma dayandırılıb və cinayət işi bağlanıb. Basqınçılar müəyyənləşdirilməyib. Bu, onu göstərir ki, basqın hakimiyyətin sifarişi ilə həyata keçirilib”.
M.Kərimov vəkili ilə məsləhətləşəndən sonra müvafiq qərar verəcəyini bildirdi.


Əfqan MUXTARLI ("Yeni Musavat" qəzeti, 18.01.2009)

Əvvəlki məqalə: Güney Azərbaycanlı jurnalist Şahnaz Qulami zəmanət müqabilində azadlığa buraxıldı

Sonrakı məqalə: Elbəyi HƏSƏNLİ: RƏFAEL ALLAHVERDİYEVİN SON ZƏNGİ - II

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3814

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin