Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: “KİMİ ALLADIRSAN, A ZALIM OĞLU?”

Mirzə Xəzər 16 Yan 2009

no comments

melahet2

Məlahət Ağacanqızı


 

 

 

 

İndi əksəriyyət iş adamları, müğənnilər CANGÜDƏNlə gəzir. ”İki eşşəyin arpasını bölə bilməyənlər”, fonoqramla müğənni olanlar niyə cangüdənlə gəzir? Kimdir onlara ilişən? Axı, həmin QOÇUların, saxtakarların özü adamlara qaratikan kimi ilişir,açılmaq bilmir.Ya gərək külli miqdarda pul verib ONU özündən açmalısan, ya həbsə girməlisən, ya da ölməlisən. Niyə sağlam bədən, ağıllı baş sahibi olan minlərlə insan, MURDAR bədənlərə görə canlarını təhlükə qarşısında qoyur? Axı həmin sağlam bədən və başla heç kəsin minnətini çəkmədən dolanmaq olar.”Cangüdən” olmaq çox ağır işdir. Bəs, sayı günü-gündən artan “SÖZGÜDƏN”lərin başına iş qəhətdir? Kiminsə yerinə kimisə söyməklə, şərləməklə,cavab verməklə para qazanıb ailə dolandırmaq, ən ALÇAQ işdir.

 

 

 


Üzürlü səbəblərdən hardasa 15 ildən çox olardı ki , Azərbaycan mətbuatından uzaq idim. Nə yazdıqlarımı çap etmək, nə də yazılanları oxumağa imkanım yox idi. Arada yaxın dostlar hər-hansı şerimi, hekayəmi çap edəndə və ya hansısa kitabı, məqaləni oxumağı məsləhət görəndə, yenə də özümü Azərbaycan mətbuatından uzaq və xəbərsiz sayırdım. Və bir gün MƏTBUATA qayıtmaq istədiyimi mənə çox yaxın olan dostuma deyəndə, o , acı-acı gülümsəyib dedi: ” Mətbuat əsl BATAQLIĞA dönüb, hara gedirsən?” . Dostum mənə “Azərbaycan mətbuatı başda-başa minalanıb” desəydi də fikrimdən dönməyəcəkdim.

 

 

 


Qəribə idi, hiss edirdim ki, çoxu yazılarımdan əvvəl , kimin dəstəsindən olmağımla maraqlanır. Uşaqlıqdan “dəstəyə” qoşulmağı axmaqlıq saymışam. Məhəllə , sinif, məktəb, oğlan-qız, şəhər-kənd ...dəstələri bir-birinə daş atmaqla, divarlara-partalara təhqirli sözlər yazmaqla, xəlvətə salıb süpürləşməklə və başqa yaramaz işləri görməklə DƏSTƏ olurdular. Həmin sarsaq adət uşaqlar arasında hələ də davam edir. Bu yaxınlarda doqquz yaşlı oğlumun 4” a” sinfi, 4” c” sinfinə “müharibə” elan edəndə qoçu şagirdlərdən biri yumruğunu partaya vuraraq deyib: ”Kim KİŞİ deyil gəlməsin!”. İki uşaq getməyib. Oğlum məndən qorxduğuna görə özünü “kişi” saymayıb, o biri uşaq isə sünnət olmadığına görə “Mən hələ kişi olmamışam ...”deyib. Davanın başlanmasına səbəb “A”hərfinin əlifba sırasında birinci olduğunu sübut etmək olub.Balaca uşaqların dəstələrə bölünməyi qorxulu olmasa da,böyüklərin “DƏSTƏLƏRİ” çox qorxuludur.

 

 

 


“DƏSTƏYƏ” görə şerə, məqaləyə, kitaba dəyər verən MƏTBUAT nəinki BATAQLIQ, MİNALANMIŞ vəziyyətindədir, artıq ŞÜALANMA dövrünü yaşayır. Şüalanan mətbuatın XƏSTƏ oxucusu olar. Qələminə hörmət etdiyim yazarların ŞÜALANAN mətbuatda necə ZÜLM çəkdiyini təsəvvür edirəm. Zir-zibil içindən dürr axtaran OXUCUnun əsəblərinə,səbrinə qibtə edirəm.
Yazılarıma “YOX” deyənlər, bəlkə özlərini SÖZ ATAsı sayırdılar? Yəni onlar özlərini jurnalistikada, ədəbiyyatda BÖYÜK PEŞƏKAR kimi təsdiq etdiklərinə əmindirlər? Hansı əməlləri ilə? Bəlkə, dəstələrə bölünüb OXUCUNU çaş-baş qoymaqları ilə? Bəlkə, fırıldaqçı milyonçuların “SÖZGÜDƏNİ” olmaqla? Bəlkə, müxbirlərinə verdikləri kiçik qonararla? Bəlkə, gündə bir əqidə sahibi olmaqla? Bəlkə, ...? Mənim nə çoxlarının sino getdiyi ŞÖHRƏTƏ,nə də çoxunun acgöz gözünün doymadığı PARAya ehtiyacım var idi. Mənim üçün ən böyük ŞÖHRƏT MEDALI və bitib-tükənməyən var-dövlət övladlarımın təbəssümüdür.

 

 

 


Bəs ömrünü mətbuatda çürüdən,isti yemək,ailə üzünə həsrət qalan , heç kəsə əyilməyən dəyərli,qeyrətli YAZARLAR başına haranın daşını tökməlidir? Qürbətin daşınımı? Yoxsa onlar da, QARĞA kimi qarıldaşan, QOYUN kimi mələşən dəstələrə qoşulmalıdırlar? Arada eşitdiyi PƏLƏNG nəriltisindən, BÜLBÜL səsindən, QIZILGÜL ətrindən məhrum olan OXUCU nə oxumalıdır? Xarici ədəbiyyatımı,qəzetlərimi? Onda yaxşı olar milli ruhdan uzaq olan qəzet-jurnalların adlarını dəyişib əcnəbi adı qoysunlar. Oxucu nə “yeyəcəyini”əvvəlcədən bilsin. Yazarı bir-birinə düşmən olan məmləkətdə , məmuru bir-birinin ətini yeyər. Yazılarında AZAD olmağı bacarmayan yazarın qara quldan heç bir fərqi yoxdur. Qəribədir ki,özləri QUL olanlar başqalarına da qul olmağı məsləhət görür. Yazılarımda “Filankəsin qızı filan oynayır” yazsam da, ad çəkməsəm də tənqid-giley dolu məktublar alıram. Bir vaxtlar isti olan baxışların buza döndüyünü hiss edirəm. Ümumi yazdığım tənqidi bir adamın özünə aid etməsi “torbada pişik var” deməkdir. Balaca qızcığaz kimi küsmək, incimək bığlı-saqqallı kişilər arasında mikrob kimi yayılıb.

 

 

 

Çox demirəm,Azərbaycanda AZAD SÖZ ŞƏHİDİ olan Elmar Hüseynov kimi 10 JURNALİST olsaydı - Elmar Hüseynova atmağa güllə tapılmazdı!
10 JURNALİST Qənimət Zahid kimi olsaydı – Qənimət Zahidi həbs etməyə “bəhanə” tapılmazdı!
10 ŞAİR Mirzə Sakit kimi olsaydı - Mirzə Sakitin cibinə atmağa narkotik tapılmazdı!
10 REDAKTOR Eynulla Fətullayev kimi olsaydı - Eynulla Fətullayevin sözlərinə “terrorizmə çağırış” deyilməzdi!

 

 


“SÖZGÜDƏNLƏR” göbələk kimi artmasaydı VƏTƏNİN çinar kimi övladları qürbətə üz tutmazdı! Cismən təkliyə dözmək olur, fikrən tək qalmaq isə FACİƏDİR!

 

 

Para ilə danışan,para ilə susan YAZAR millətə məzar qazar. Necə ki, psix və mavi olan TÜRK yazarı Tuncay Güney türklərə “ERGENEKON” məzarı qazıdı. BÖYÜK Alparslan Türkeşin uzaqgörənliklə dediyi”Dünyada ən güclü silah sözdür!” sözlərindəki böyük həqiqəti indi anlamaq çox gecdir.

 

 


Baş verən haqsızlıqlarla istədiyi vaxt döyüşən,istədiyi vaxt fərari olan ZİYALInın işıq idarəsinin əməkdaşlarından heç bir fərqi yoxdur. İstədikləri vaxt işıq verirlər,istədikləri vaxt aləmi zülmətə qərq edirlər.

 

 


Bir dəfə Dostoyevski oğlundan soruşub: “Böyüyəndə hansı sənəti
seçəcəksən?” Dahi ataya ”Yazıçı olacağam” deyən oğula növbəti sual verilir: ”Sən də əzab çəkmək istəyirsən?” Amma indi əksəriyyət yazıçılar, şairlər övladlarını zorla yazıçı,şair etmək istəyir. Sanki yazıçılıq qəssablıq sənətidir. Əlbəttə, qələmi qana batanlar, əzab çəkmədən xan-bəy kimi yaşayanlar üçün yazıçı olmaq ən gəlirli və təhlükəsiz sənətdir . Yalandan kitab yazıb, qəzet-jurnal yaradıb tullanıb düşmək nəyə lazım? Müxalifəti iqtidara,iqtidarı müxalifətə qarışan VƏD pəhləvanları kimi aldadır? Qürbətə üz tutan ŞAİR Məmməd İsmayıl “Kimi aldadırsan?” şerində XALQI aldadan ZALIM balalarına deyib ki:

 

 


Aça bilməyirik nə sirsən belə,
Fəhləsən, kəndlisən, nazirsən belə.
Kimin çörəyini kəsirsən belə,
Kimi alladırsan, a zalım oğlu?!

 

 


Bu qulaq nə qədər yalan yeyəcək?
Verən allanacaq,alan yeyəcək.
Nə töksən onsuz da balan yeyəcək,
Kimi alladırsan, a zalım oğlu?!

 

 


Nə dil anlayırsan, nə haqq bilirsən,
Yaxın mənzilini uzaq bilirsən.
Əgər iç üzünü bu XALQ bilirsə,-
Kimi alladırsan, a zalım oğlu?!

 

 

 

Əvvəlki məqalə: MİRZƏ XƏZƏRİN SENSASİON AÇIQLAMALARI

Sonrakı məqalə: Güney Azərbaycanlı jurnalist Şahnaz Qulami zəmanət müqabilində azadlığa buraxıldı

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3811

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin