Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: YAZIÇILAR BİRLİYİNİN “BİRTƏHƏR, HAVALI” ŞAİRLƏRİ, YAZIÇILARI...

Mirzə Xəzər 03 Yan 2009

no comments

melahet2


Rəşad Məcid: ”Seymur Baycan, Qan Turalı və Elnur Astanbəylidən başqa, bütün istedadlı gəncləri Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”...


İnternetdən oxuduğum bu CÜMLƏ yadıma 25 il əvvəlki “Azərbaycan Yazıçılar İttifaqı” deyilən bir məkanı saldı. ”Gənclər günü”, ”Ədəbi birlik” tədbirlərində iştirak etmək üçün “Natəvan”adına kluba tez-tez gedirdim. Bir dəfə orda rəhmətlik şair Cabir Novruzla rastlaşdım. Qısa söhbətimizin sonunda mənə dedi: ”Buralara çox gəlmə...Şair və yazıçılar birtəhər adamlardır”. Üzünə key-key baxdığımı görüb əlavə etdi: ”Havalıdırlar...”. Şair Cabir Novruz qohumum olduğunu biləndən sonra mənə BÖYÜK “öyüd-nəsihəti”vermişdi.
İllər keçdi, Yazıçılar İttifaqı -Yazıçılar Birliyi oldu. ”Birtəhər, havalı” yazıçı və şairlər “mintəhər və nazlı”oldular. Sovet Hökumətinə mədhiyyə yazanlar 20 YANVARDA evinə girib, bir-bir qohumlarına zəng edib”Vəziyyət yaxşı deyil, küçəyə çıxmayın...” dedilər. Yaşlı, orden-medallı, adlı-sanlı şairlərdən biri də SOVET tanklarının qarşısına çıxmadı. Gənc ŞAİR Ülvi Bünyadzadə isə ŞƏHİD oldu. Şəhid olan Ülvi “Vətən üçün ölməliyik!” şerini mükafat, medal xətrinə yazmamışdı.

Biz öz ömür sazımızda
“Dilqəmi”ni bilməliyik.
Ana Vətən torpağını
Övlad kimi sevməliyik.
Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!


“Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm: Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacağam... ”O vaxtlar Şəhid Ülvinin ANDından uzun ”andlar” yazan, cild-cild kitabları olan “yazıçılar, şairlər” Azərbaycan adını yox, öz canlarını düşünmüşdülər. ”Yazıçılar Birliyi” VƏTƏNİN AZADLIĞI uğrunda ŞƏHİD olan gənc ŞAİR Ülvi Bünyadzadənin xatirəsinə hörmət əlaməti olaraq hansı işləri görüb, tədbirləri keçirdib? Yoxsa, ancaq qonaqlıqla, tanışlıq ilə üzv olanlar “şairdi”? Bəlkə “Yazıçılar Birliyi” kiminsə şəxsi mülkiyyətidir? Harasa üzv olmaq üçün “SÜRÜNDÜRMƏK və SÜRÜNMƏK “ Sovet Hökumətindən yadigar qalan qanundur. Bütün üzvlük biletləri əyriliklər qabağına tutulan QARA PƏRDƏdir və rüşvət almaq üçün vasitədir. Bir vaxtlar öpüb-əzizlənən komsomol, kommunist biletlərini QANLI YANVAR hadisələrindən sonra çoxu yerə atıb tapdaladı, od vurub yandırdı. Amma yaylığa büküb ürəyinin üstünə qoyanlar da oldu. Bəlkə hələ də “vəzifə almaq” ümidi ilə saxlayırlar. Lenin “babanın” meyidi dirilib yenidən Sovet Hökumətini qura bilər. ”Ehtiyat “yazıçının” yaraşığıdır”.


İndi bəziləri MEYDAN hərəkatları vaxtı AZADLIQ meydanında “oturub-duranları” qınayır. Yetmiş yaşlı Sovet rejiminin caynaqları arasından çıxan XALQ - dünyaya yeni gələn KÖRPƏ kimi idi. Körpələr ən qorxulu heyvanların da üzünə təbəssümlə baxırlar. Bir dəfə aldadılan, incidilən KÖRPƏ isə ən doğma adamına da inamını itirir. Bizə babalarımızdan çox Lenin haqqında məlumat verirdilər. “BÖYÜK” yazıçılar Lenin ideyalarının QULU olduğumuzu pıçıltı ilə də deməyə qorxurdular. Arxivi gizlədilən,ədəbiyyatı yalan olan bir XALQ həqiqəti ovucunun içini iyləməklə öyrənə bilməzdi ki! AZADLIQ meydanında milyonlarla insanlar həqiqəti eşitmək üçün QARA fəhləyə də PEYĞƏMBƏR kimi baxırdı. Bu gün XALQ şairinin sözünün qara qəpik qədər qiyməti yoxdursa, Yazıçılar Birliyinə üzvlük biletinin dəyəri olarmı? “Tonla kitabım çıxır, mən “böyük”yazıçıyam, şairəm...” deyənlər niyə oxucuya HEYVAN kimi baxır? Axı , ancaq heyvanlar üçün tonla arpa, buğda, ot alırlar. İndi kitabı oxucuya zövq vermək üçün yox, dost-tanışa “yanıq” vermək üçün çap edirlər. Arada dəyərlı, zövqlü OXUCU “zir-zibil” içindən ona lazım olan kitabı axtarıb tapana qədər bir xeyli vaxt itirir.”Pinti qadın çox olan ev zibil içində olar” misalında böyük həqiqət var.


Alim,yazıçı,şair,bəstəkar,müğənni...BİLETİ çox olan ölkədən isə ağır RƏNG iyi gələr.Sevilmədən,istəmədən dünyaya gələn uşaqların üzü SOYUQ,BOZ olur.Sevilmədən,istəmədən çap olunan kitablar da üzü SOYUQ və BOZ olan uşaqlar kimidir.Süni mayalanan uşaqların doğumuna qadağa qoyulur,SÜNİ MAYALANAN kitablar isə tonlarla çap olunur.


İki-üç il əvvəl Yazıçılar Birliyində rəfiqəmin başına qəribə bir hadisə gəlmişdi. Türkiyədə keçiriləcək Ömər Seyfəddin hekayə yarışması ilə bağlı divara vurulan elanı oxuyan və şərtləri yazmaq istəyən xanımın qolundan tutub kiminsə hüzuruna aparıblar. Uzun sorğu – sualdan sonra (Kimə işləyirsən? Bəlkə “şpionsan”?) rəfiqəmi “azadlığa” buraxmışdılar. Yazıçılar Birliyinin “STRATEJİ ZONA” olduğu ..37 -ci ildən məlumdur. HƏRBİ tribunalın verdiyi qərarlar, YAZIÇI tribunalın verdiyi hökmlərdən yumşaqdır. Bu yazıdan sonra üzvlük biletinin üzünə “həsrət” qalan dördüncü namizəd mən olcağam. Çox heyf! Bileti stəkana salıb suyunu içsəydim bəlkə mən də “BİRTƏHƏR, HAVALI...” olardım.

Əvvəlki məqalə: Məlahət Aöacanqızı: VƏTƏN bir olur- ikinci VƏTƏN olmur!

Sonrakı məqalə: Salam Mirze dayi. Nezesiz ?

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3783

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin