Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Nardaran sakinləri piket keçiriblər, Stenli Eskuderonun əleyhinə şüarlar səslənib

Mirzə Xəzər 26 Sen 2008

no comments

 

 

Nardaran-Piket

 

 

Bu gün (sentyabrın 27-də) Bakının Nardaran qəsəbəsinin 100-ə yaxın sakini ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskuderonun Səfixani adlanan ərazidə 30 hektar torpaq sahəsini ələ keçirməsinə etiraz əlaməti olaraq piket keçiriblər. Nardaran sakini Rasim Əlizadənin Lent.az-a verdiyi məlumata görə, piket iştirakçıları “Eskudero Azərbaycandan rədd olsun!”, “Ədalət qələbə çalacaq!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2006-cı ildə məhkəmənin çıxardığı qərar əsasında S.Eskudero torpağın sahibi hesab olunur. Məhkəmə bu qərarı Cəbrayıl Salmanov adlı qəsəbə sakinin iddiası əsasında qəbul edib. Sakinlər isə bundan 1 il sonra xəbər tutublar.

Şəhriyar ƏLİZADƏ

 

13:44 27-09-2008

 

LENT.AZ

______________________________________________________________________________

Nardaran sakinləri ABŞ-ın sabiq səfiri Stenli Eskuderonun mülkiyyətində olan torpaq sahəsində aksiya keçiriblər

[ 27 Sentyabr 2008 13:50 ]

Bakı. Ramil Məmmədli – APA. Bu gün Nardaran qəsəbəsinin bir qrup sakini ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Bakıda yaşayan Stenli Eskuderoya məxsus “Səfixani” adlanan ərazidəki torpaq sahəsində aksiya keçirib. Qəsəbə sakinlərin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə APA-ya bildirib ki, aksiya iştirakçıları S. Eskudronun ailəsinin onların uzun illərdən bəri əkib becərdiyi 30 hektar torpaq sahəsini ələ keçirməsinə etiraz edir və məhkəmənin qərarının dəyişdirilməsini istəyirlər. R. Əlizadə deyib ki, sentyabrın 30-a qədər bu tələblər yerinə yetirilməsə, oktyabrın 2-dən aksiyalara başlayacaqlar: “Oktyabrın 2-də ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçiriləcək. Növbəti aksiyalar isə aidiyyatı dövlət idarələrinin qarşısında keçiriləcək”.


APA

Nardaranlılar Eskuderonun ölkədən çıxarılmasını tələb edir

Mirzə Xəzər 26 Sen 2008

no comments

 

 


Hüquqları pozulmuş Nardaran qəsəbə sakinləri bu gün Nardarandakı «Səfxanı» adlanan ərazidə etiraz aksiyası keçirib. Qəsəbə sakinlərinin səlahiyyətli nümayəndəsi Rasim Əlizadənin Turana verdiyi məlumata görə, aksiya iştirakçıları ABŞ-ın keçmiş səfiri Stenli Eskuderonun və onun gəlini Nigar Nəzərovanın onların uzun illərdən bəri əkib becərdikləri 30 hektarlıq torpaq sahəsini ələ keçirməsinə etiraz ediblər.
Aksiya iştirakçıları S.Eskuderonun ölkədən çıxarılmasını, rüşvətxor məmurların cəzalandırılmasını, qəsəbə sakinlərinin əleyhinə olan məhkəmə qərarlarının ləğv olunmasını tələb ediblər.Etiraz aksiyası insidentsiz başa çatıb.
Qeyd edək ki, Nardarandakı «Səfxanı» adlanan ərazidəki torpaq sahəsi 2006-cı ildə məhkəmənin qərarı ilə kənd camaatının əlindən alınıb. Sakinlər bu hadisədən 1 il sonra xəbər tuta bilib. Məhkəmə qərarı Cəbrayılov Salman adlı qəsəbə sakinin iddiası əsasında çıxarılıb.
ABŞ-ın keçmiş səfiri isə bəzi KİV-lərdə bildirib ki, sözü gedən torpaq sahəsinin həqiqi sahibi özü və ailəsidir.

 

http://www.gundem.az/archives/637

 

 

________________________________________________________________________________

________________________________________________________________

Nardaranlilarin%20aksiyasi%20(5)-5

NARDARANLILAR ESKUDERONUN ÖLKƏDƏN ÇIXARILMASINI TƏLƏB ETDİ
Torpaqları zəbt edilmiş insanlar ölkə başçısından kömək istəyir



Torpaqları zəbt edilmiş Nardaran sakinləri dünən qəsəbənin “Səfixani” adlanan ərazisində aksiya keçirdilər. Zərərçəkənlərin nümayəndəsi Rasim Əlizadə etirazçılar qarşısında çıxış edərək kənd sakinlərinə məxsus 30 hektar torpaq sahəsinin vərəsəlik qaydası ilə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Eskuderonun gəlini Nigar Nəzərovaya verilməsi tarixçəsini xatırlatdı. Sakinlər bu hadisədən bir il sonra xəbər tutublar. Edilən şikayət və müraciətlərə baxmayaraq məhkəmələr Stenli Eskuderonun xeyrinə qərar çıxarmaqda davam edir.
“Biz yaxşı bilirik ki, bu işin arxasında kimlər dayanıb. Belə olmasaydı, Eskudero gəlib Nardaran torpaqlarını ələ keçirə bilməzdi. Bu işdə Sumqayıtda yaşayan iş adamı Zaman İsgəndərovun, deputat Nizami İsgəndərovun və təhsil nazirinin müavini İsgəndər İsgəndərovun da adları keçir. Onların yaxın qohumu Şahin adlı şəxs kənd camaatına hədə-qorxu gəlir. Bizim üzərimizə polis göndərirlər. Burada toplaşanların hamısı yaxşı xatırlayırlar ki, bu il avqustun 26-da qəsəbəyə 2 minə yaxın əlisilahlı polis gətirilib. Onlar camaata zor tətbiq edərək əmlaklarını dağıdıb. Təəssüf ki, hüquq-mühafizə orqanları baş verənləri araşdırmaq istəmir. Əksinə, yerin Eskuderoya məxsusluğunu iddia edirlər. Sakinlər isə torpaqları uğrunda sonadək mübarizə aparacaqlar”- deyə Rasim Əlizadə bildirdi.


Qəsəbə sakini Aydın Əhmədov baş verənlərlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu suçladı: “Polisi üstümüzə Abutalıbov göndərib. Bu işdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının da əli var. Amerikanın keçmiş səfirindən ötrü niyə bura bu qədər qoşun gəlirdi? Oğlumu döydülər, heç bir əsas olmadan polis onun qolunu qandalladı. Biz neyləmişdik? Ata-babamızın torpağına sahib çıxmışdıq də. Bura yığışanların əksəriyyəti heç siqaret də çəkmir. Bunlar isə bizə üstəlik narkoman adı qoyublar”.


Kənddəki işsizlik problemindən danışan aksiya iştirakçısı Hacı Gəncəli isə dözülməz vəziyyətdə yaşadıqlarından söz açdı: “Bizim zavodumuz, fabrikimiz yoxdur. Biz bu torpaqları götürmüşük ki, əkib ailəmizi dolandıraq. Hərəmizin bir çətən külfəti var. Amma hökumət torpağı əlimizdən alıb amerikalıya verir. Nə üçün məmurlar, məhkəmələrdə əyləşən səlahiyyətli şəxslər bu işlərə göz yumur? Bu torpaqla bağlı 9 dəfə məhkəmə prosesi keçirilib. Amma bizi heç çağırıb dindirmirlər. Biz aidiyyati qurumlara müraciət edirik. Torpaqlarımızı kafir Eskuderoya verməsinlər”.


Kənd sakini Ağaverdi Əlizadə ata-baba torpaqlarının Cəbrayılovların əli ilə amerikalılara verilə bilməyəcəyini dedi: “İlham Əliyev bizim məsələyə diqqət yetirsin. Görsün ki, məmurlar camaatın başına nə oyun açır”.


Aksiya iştirakçısı Hacı Əlibaba isə məhkəmədə baş alıb gedən süründürməçilikdən danışdı.
Sonda sakinlər S.Eskuderonun ölkədən çıxarılmasını, rüşvətxor məmurların cəzalandırılmasını və qəsəbə sakinləri əleyhinə çıxarılmış qərarın ləğvini tələb etdilər. Etirazçıların səlahiyyətli nümayəndəsi Rasim Əlizadə aksiyanın qətnaməsini oxudu.
Xatırladaq ki, 66 yaşlı Stenli Eskudero 1997-2000-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olub. 2000-ci ildə təqaüdə çıxıb və həmin ildən Bakıda şəxsi bizneslə məşğuldur (“Turan”).


M.ORUCOV

("Yeni Musavat" qəzeti)

________________________________________________________________________________________________-

 

 

Nardaranda torpaq davası böyüyür

"Eskudero, ata-baba torpaqlarımızdan əl çək"

R.Əlizadə: "Biz ölərik, amma bu torpaqların bir qarışını da əldən vermərik"

 

 

Nardaranın bu ölkədəki bütün bölgələrdən fərqli cəhətləri çoxdur. Ən azından burada yaşayan qadınların avropalaşmaması, 80 faizinin çadraya bürünməsi, əhalinin islamın şiə təriqətinə məxsus bütün ibadət qaydalarına əməl etməsi, kişilərin tez-tez polislərlə "razborkası" fərqli nəsnələrdir. Qəsəbədə məşhur Nardaran piri var. Lap sovet dönəmindən buraya ölkənin bütün bölgələrindən ziyarətçilər gəlib. Indi də bu ənənə davam edir. Burada bizə lüzumsuz görünən kiçik qəsəbədə 9 məscidin olması idi. Qeyd edək ki, məscid tikintisi elə bir vüsət götürüb ki, 9 "un 100-ə çatma ehtimalı çox da gülünc görünmür. Bəs məscidlər hansı pullarla tikilir" Sən demə, Nardaran pirinə və məscidlərə yığılan nəzirlər elə məscidlərin sayının artırılmasına sərf edilir. Əslində məscid Allahın evidir, hər yerdə olması yaxşdır. Amma bu dünyanın yazılmamış bir qanunu var: Çoxluq sevdirmir, çoxluq bezdirir. Hər şey qaydasında olanda gözəldir. Qeyd edim ki, Nardaran Azərbaycandakı digər bölgələrdən həm də ona görə fərqlənir ki, daim mətbuatın diqqət mərkəzindədir. Gah polislə qarşıdurma, gah hicab məsələsi, hər hansı dini ayinlər Nardaranı daim diqqət mərkəzində saxlayır. Amma dünən bu qəsəbəyə ayaq basanda və nardaranlıların qiyamını görəndə ağlıma bir fikir gəldi. Nardaranlılar bütün azərbaycanlılardan və bütün azərbaycandakılardan bircə cəhətləri ilə fərqlənirlər- Nardaran əhli üsyankardır. Vəssalam. Bax bütün ölkəni işğal edən süstlük Nardaranda və nardaranlılarda yoxdur. Bu qəsəbəni daim diqqətdə saxlayan da budur. Elə bircə üsyankarlıqlarına görə nardaranlıları sevməyə və diqqətdə saxlamağa dəyər.

 

Nardaranın üstündən uçan təyyarə

 

Bizi şəhərdən qəsəbəyə gətirən maşının sürücüsü Yaşar bəy bütün nardaranlılar kimi qatı dindardır. Avtomobili sürətlə idarə etməyinə baxmayaraq, maraqlı söhbətlər edir. Söhbət əsnasında o, məndən oruc tutub-tutmadığımı soruşur. Qəfildən gözüm yaxınlıqda uçan kiçik təyyarəyə sataşır. Şəxsi uçaqın sahibinin Zabratda yaşadığı, təyyarəsini Zabratdakı həyətinə rahatca endirdiyini deyirlər. Indi ərazinin böyüklüyünə bax. Amma daha çox ölkədə yanacağın baha vaxtında təyyarə sahibinin bu qədər pulu haradan tapması fikrimi məşğul edir.

 

"Eskudero, ata-baba torpaqlarımızdan əl çək"

 

Nardaranda "Səfixanu" deyilən yerə biz çatanda artıq aksiyaçıların yığışdığını gördük. Ilk əvvəl nəzərimizi iri plakatdakı şüar cəlb edir: "Eskudero, ata-baba torpaqlarımızdan əl çək!" Azərbaycan bayrağının altında yerləşdirilmiş plakatın qarşısında çıxışlar başlayır. Çıxışa başlamazdan öncə deyim ki, etirazçıların arasında qadınları görmədik. Bunun səbəbini soruşanda məlum oldu ki, Nardaranda qadınların etiraz aksiyası keçirməsi üçün xüsusi yer var. "Imam Əli meydanı" deyilən ərazi qadınların hər hansı aksiyası üçün rahatdır. Qeyd edim ki, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri, YAP-çı Stenli Eskudero Nardaranın dənizə girən ərazisində 30 hektar torpağı zəbt edib. Bir tərəfdən dənizlə, bir tərəfdən kənd yolu ilə əhatələnən 30 hektar ərazi saf havası və qeyri-adi mənzərəsi ilə görəni valeh edir. Bu torpaqlarda əvvəllər bostan əkildiyini və iri bir vətəgə yerləşdiyini deyirlər. Nə isə, keçək əsas məsələyə. Yəni, amerikalının 30 hektar torpağımızı zəbt etməsinə.

 

YAP-çı Eskuderonun Nardaran həsrəti

 

Dünyaya demokratiya aşılayan Amerikanın ölkəmizdəki keçmiş səfiri Stenli Eskudero Nardarandakı 30 hektarlıq ərazidə pansionat salmaq fikrindədir. Amma nardaranlıları yandıran odur ki, sapı özümüzdən olan baltalar Amerikada o qədər də yaxşı imicə malik olmayan bu acgöz ingilisin istəyinə çatması üçün dəridən-qabıqdan çıxırlar. Hüququ pozulmuş qəsəbə sakinlərinin nümayəndəsi Rasim Əlizadə burada olanları bizə xırdalayır: "Qalmaqallı 30 hektar ərazi XX əsrin əvvəllərindən bu qəsəbədə yaşayan 10 nəsilə məxsus olan torpaq sahəsidir. Sovet hökuməti qurulduqdan sonra torpaq sahələri sahiblərinin əlindən alınaraq, müsadirə edilərək sovxozun balansına verilib. SSRI dağıldıqdan sonra nardaranlıların alınmış torpaqları geri qaytarıldı və yenə də ərazidən əkinçilik məqsədi ilə istifadə edildi". R.Əlizadə deyir ki, yerli sakinlərin xəbəri olmadan Eskuderonun nümayəndəsi imzaları saxtalaşdırmış və məhkəmə qərarı ilə işi öz xeyrinə həll edib: "29 iyul 2006-ci ildə Sabunçu rayonu məhkəməsi tərəfindən saxtalaşdırılmış sənədlərlə ortaya çıxan keçmiş səfir kənd sakinlərinə meydan oxumağa başlayıb. Kənd sakini Cəbrayılov Salman Ağakişi oğluna məxsus mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılıb. Iki müddəaya əsaslanan qətnamədə 104 nəfər aldadılmış qəsəbə sakinlərinin imzası və bu sahədə olan balıq vətəgəsinin S.Cəbrayılova məxsusluğu önə çəkilir. O ki qaldı 104 nəfərin imzasına, imza sahiblərinin yaxınları həbsdə yatdığına görə, onlardan istifadə edilib. Eskuderonun xeyrinə imzalanmış sənədi 104 nəfər nardaranlıya başqa adla təqdim ediblər. Guya bu sənədi imzalamaqla həbsdə yatan nardaranlıların ailə vəziyyətləri nəzərə alınacaq və cəza müddəti yüngülləşdiriləcək. Əslində bu imzalar Eskuderonun özəl maraqları üçün yığılırmış. Sabunçu məhkəməsi isə əsl cavabdehlərə deyil, aidiyyatı olmayanlara üz tutub". Nardaranlıların nümayəndəsi deyir ki, sənəddə Nardaran bələdiyyəsinin adı çəkilsə də, bu qəsəbədə bələdiyyə yoxdur. Çünki bələdiyyə seçkiləri keçirildiyi zaman nardaranlılar bu seçkini baykot ediblər.

 

Amerikalının azərbaycanlı gəlini Nigar Eskudero varisdirmi"

 

Bir daha YAP-çı amerikalının saxta sənəd məsələsinə toxunan Rasim bəy bunları dedi: "Guya Nardaran sakini Cəbrayılov Salman vəfat etməzdən öncə vəsiyyətnamə tərtib edib. Və həmin vəsiyyətnamədə mərhum Nəzərova Nigar Nadir qızını bütün mülkiyyətinin varisi elan edib. Vəsiyyətnamədə konkret olaraq hansı mülklərdən söhbət getdiyi göstərilməyib. Məsələ burasındadır ki, mərhumun tərtib etdiyi vəsiyyətnaməni özü deyil, oğlu imzalayıb. Amma oğulun atanın əvəzinə imza atmasının səbəbləri göstərilməyib ki, bu da bir qanunsuzluqdur. Bu isə bir daha Nigar Nəzərovanın qayınatası Eskuderonun Azərbaycanda böyük söz sahibi olduğunu göstərir".

 

Daxili Işlər naziri Ramil Usubovdan Eskuderoya dəstək

 

R.Əlizadə deyir ki, amerikalı YAP-çı Nardaran əhlinin müqavimətindən xoflanaraq yerini bərkitmək qərarına gəlib. O, gəlini Nigarla birgə Daxili Işlər naziri Ramil Usubovun qəbuluna düşüb. Orada nazirə ərz edib ki, guya əlində daşdan keçən sənədlər olsa da, bir-iki narkoman nardaranlı işi pozur, onu işləməyə qoymur: "Nazirlə Eskuderonun görüşündən sonra işi araşdırmaq üçün xüsusi istintaq qrupu yaradıldı. Lakin istintaqın gedişində əsl həqiqət üzə çıxdığı üçün iş bağlandı". Avqustun 26-da Eskudero Nardarana silahlanmış, maskalanmış 2 min polisin yeridilməsinə nail olur: "Polislər kənd sakinlərinə zor tətbiq etməklə onları torpaqlarından çıxardı. Lakin biz etiraz aksiyalarını davam etdiririk". Nazir Misir Mərdanov, deputat Nizami Isgəndərov və Eskuderonu birləşdirən nədir" Bayaq dediyim kimi, söhbət zamanı nardaranlılar Eskuderoya dəstək olan həmvətənlərinin xainliyindən daha çox qəzəbləndiklərini biruzə verdilər. Aksiya zamanı onların adları çəkildi. Daha çox adı hallanan Sabunçu rayonunun icra hakimi Əlibaba Əliyevin Eskuderonu daim hörmət-izzətlə müşayiət etməsindən danışan nardaranlılar onun əslində kimlərinsə tapşırığını yerinə yetirdiyini deyirlər. Zəbt edilmiş torpaqlardan danışarkən Milli Məclisin Sumqayıtdan seçilən deputatı Nizami Isgəndərovun oğlu Zaman Isgəndərovun, onun əmisi, təhsil nazirinin müavini Isgəndər Isgəndərov və onun qaynıoğlu Şahin adlı şəxsin birliyi üzə çıxdı. Sən demə, Eskuderonun torpaq islahatlarında Misir Mərdanovun da barmağı var imiş: "Şahin burada Eskuderonun nümayəndəsi kimi çıxış etdi, deyilənlərə görə, bu torpaqları Eskuderoya tuşlayan da elə Şahin olub. O, burada özünü yüksək səlahiyyətli şəxs kimi apardı və bizi təhqir etməkdən də çəkinmədi. Camata üzünü tutub dedi ki, sizin əlinizdən heç nə gəlməyəcək. Bu torpaqlar Eskuderonundur". Eskudero Arif Paşayevlə Əyyub Bəylərovun adından istifadə edib Rasim Əlizadə 2003-cü ildə Nardaranda baş vermiş olaylara da toxundu: "2003-cü ilin yay aylarında cəbrayılovlar bu torpağa traktor saldılar. Onlar camatın müqavimətini görəndə Arif Paşayevin və Bəylər Əyyubovun adını çəkdilər. Guya bu torpaqlar onların əli ilə alınıb. Cəbrayılovlar hətta Kəmaləddin Heydərovun da adından istifadə etdilər. Lakin məsələ ictimailəşdikdən sonra cəbrayılovlar nə Arif Paşayevin, nə Bəylər Əyyubovun, nə də Kəmaləddin Heydərovun adını çəkdilər. Sən demə, bütün bunlar etiraz edənləri qorxutmaq üçün bir vasitə imiş".

"Biz ölərik, Nardaranı vermərik"

Sonda aksiyaçılar adından tələbnaməni səsləndirən R.Əlizadə "biz ölərik, amma bu torpaqların bir qarışını da əldən vermərik" dedi.

 

 

Arzu ABDULLA

P.S. Məqalədə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 

Azadlıq qəzeti 28.09.2008

GÜNEY AZƏRBAYCAN SİYASİ BİRLİK VƏ ƏMƏKDAŞLIQ KOMİSSİYASININ MÜRACİƏTİ

Mirzə Xəzər 25 Sen 2008

no comments

11170_3362_satarkhan1

Hörmətli həmvətənlər! Dünyada, regionda və Güney Azərbaycanımızda gedən son ayların hadisələri, bizi bir daha Güney Azərbaycanda olan fəal qüvvələri toplaşdırıb birgə siyasi birliyə və əməkdaşlığa cəlb etməyə daha da artıq sövq edir. İnanırıq ki, məsuliyyət hiss edən hər bir güney azərbaycanlı belə bir əməkdaşlığa can atır və Güney Azərbaycanımızda hökm sürən acınacaqlı vəziyyəti aradan qaldırmağa yeni cəhdlər edir. Əməkdaşlıqların dairəsi nə qədər geniş, effektiv və əsas məsələlər üzrə təşkil tapırsa, o qədər də ölkəmizin və xalqımızın milli qurtuluşu, rifahı və uzun illərdən bəri qalmış problemlərinin həlli yolunda mühüm addımlar atıla bilir.


Dünyada gedən ziddiyyətli cahanşumul proseslərə nəzər saldıqda, görünür ki, tarix boyu hər zaman bəşəriyyət, inteqrasiya və vahid siyasi-iqtisadi-mədəni məkanın bir hissəsi olmağa can atmışdır. Buna baxmayaraq, münaqişələr və müharibələr böyük fəlakətlər gətirmişdir. XX əsrin özündə dünyada bölgələrarası iqtisadi-mədəni, siyasi-hərbi, geosiyasi-demoqrafik əlaqələr gücləndiyi halda, bugün həmin proseslər həm yerli hərbi toqquşmalarla və həm də siyasi böhranlı vəziyyətlərlə müşayiət olunur. Böyük dövlətlər lazımı qədər hər bir bəhanədən sui-istifadə edərək, qəddarcasına işğalçılıq və qarətlə məşquldurlar. İnsanın insan üzərində əsarəti hələ də mövcuddur. İstemar, istibdad, istismar və yeni-istemar, əsarətin müxtəlif növləri olaraq militarizm, şovinizm, rassizm, assimilasiya, diktatorluq şəkillərində büruzə verilirlər.


Əziz qardaş və bacılar! Son ay yarımda məntəqəmizdə gedən həssas siyasi və hərbi əməliyyatlar dediklərimizə canlı sübutdur. Avqustun 7-dən başlayaraq Rusiyanın hərbi təyyarələri Gürcüstan ərazisini bombalamış və daha sonra Gürcüstan Respublikasının daxilində olan Cənubi Osetiya bölgəsində və oradan Gürcüstan dövlətinə qarşı silahlı əməliyyatlar aparmışdır. SSRİ dağıldıqdan sonra, Rusiya, Gürcüstan dövləti ilə razılaşmadan, Cənubi Osetiya, Acariya və Abxaziya bölgələrinə “sülhməramlı qüvvələr” bəhanəsi ilə qoşun yerləşdirərək, beynəlxalq hüquq normalarını pozmuşdur. İlk başda Rusiya, BMT və Avropa Birliyini buna razılıq verməyə məcbur etmişdi. Cari ilin avqustunun əvvəlində isə, Rusiya, Saakaşvilinin siyasi təcrübəsizliyindən lazımı bəhanə əldə etdi.


Bildiyimiz kimi, Qafqaziya, yeraltı və yerüstü sərvətlər, əski mədəniyyət, işgüzar insanlar və coğrafi nöqtei-nəzərdən stratejiki məntəqədir. Elə buna görə də xüsusən son yüzillər istemarçı qüvvələrin iştirakı ilə keşməkeşli həyat sürmüşdür və bugün də bu keşməkeş davam edir. Regionda hakim olan Sovet İmperasiyası dağıldıqdan sonra, onun inhisarçılıq roluna çox ciddi xələl gətirən müstəqil Azərbaycan və Gürcüstan dövlətləri, həmin imperiya tərəfindən müharibələrə məruz qalmış, Dağlıq-Qarabağ, Abxaziya, Cənubi Osetiya kimi münaqişələrlə rastlaşmışlar. Regionun neft və qaz qaynaqları, təkcə Rusiya İmperiyasının yox, bəlkə dünyanın superdövlətlərinin bu məntəqədə marağını qazanmışdır. Bu qaynaqların böyük hissəsinin Azərbaycan Respublikasında yerləşdiyi hamıya məlumdur – ki, əgər regionda sülh şəraiti davam edərsə, şimallı qardaşlarımızın hərtərəfli inkişafında mühüm rol oynaya biləcəkdir. Bu sərvətləri başqa xalqların məsrəfinə vermək üçün, Bakı-Tiflis-Ceyhan neft borusu, Azərbaycan, Gürcüstan və Türkiyənin geo-iqtisadi nöqtei nəzərdən birləşməsinə maraq yaradıbdır. Ancaq, Rusiya özünü hələ də bu maraqda səhmdar sayır. SSRİ dağıldıqdan sonra, Rusiyanın son 20 illik daxili böhranı bu marağın üzə çıxmasına imkan vermirdi. Neftin dünyada qiymətinin bahalığı və bu yoldan Rusiyanın əldə etdiyi pul, onun millitaristi və imperialisti məqsədlərinin aşkara çıxmasına imkan verir və son bir ayda Çində Olimpia oyunları gedən bir zamanda, Rusiya, ABŞ və Qərb ölkələrinin Gürcüstanda təzahür etdiyi maraq toqquşması dünya ictimaiyyatını bir daha diskindirdi.


Gürcüstan torpaqlarına Rusiyanın zorakı və qanunsuz müdaxiləsi, həm də beynəlxalq ictimaiyyətdə ciddi narazılıqla qarşılandı. Sivil toplumlar, Kremlin bu hərəkətini onun XXI əsrin dəyərlərinə feodal münasibəti və yeni qəsbkarlıq siyasətinin başlanğıcı kimi dəyərləndirdilər. Gürcüstana hücum, Rusiyanın dünyadakı imecini zərbə altında qoydu. Rəsmi Moskvanın bu zorakı müdaxiləyə bəraət qazandırmaq cəhdlərinin isə uğurlu və ya uğursuz olmasını, gələcək daha aşkarca göstərəcəkdir. Ancaq, biz, güney azərbaycanlılar olaraq, həmişə bütün problemli məsələlərin sülh yolu ilə həllinin tərəfdarı olduğumuzu bildirmişik. Danışıqlar üçün bütün imkanlar tükənmədiyi halda, Gürcüstan, Cənubi Osetiyada güc tətbiq etmək istəyinə düşdü. Rusiya da bundan istifadə edib müstəqil dövlətin ərazisini işğal etdi, bununla da bütün beynəlxalq dəyər və normalara sayğısızlıq, etinasızlıq nümunəsi göstərdi. Belə bir vəziyyətdə Azərbaycan dövləti qarşı duran tərəfləri sülh danışıqlarına dəvət etdi. Qonşuları ilə sülh şəraitində yaşamağın tərəfdarı olan Azərbaycan Respublikasının istəyi, dinc şəraitdə yaşamaqdan ibarətdir və tələbi hər hansı problemli məsələdə qonşularının dil tapmalarıdır.


ABŞ və Avropa dövlətləri isə, Rusiyanın təcavüzünün qarşısında 6 maddəlik layihə hazırlayaraq möhtəvaca zəif mövqe tutdular.


BMT-də bu məsələni müzakirə edən vaxt, böyük dövlətlərin siyasi mənafei üz-üzə gəlsə də, nəhayət Rusiyanın bu əməli Qərb tərəfindən mənfi qarşılansa da və onun Böyük Səkkizlikdən çıxarılması, Beynəlxalq Ticarət Dünyasına girməsinin qarşısının alınması, Rusiyada sərmayə yatırımının dayandırılması, yeni texnologiyanın Rusiyaya idxalına qadağa qoyulması, Avropa Şurasından çıxarılması, Soçidə Olimpia oyunlarının keçirilməsinin boykot edilməsi və s kimi təkliflər irəli sürülsə də, Rusiya onlara qarşı əməliyyatına lazımı qədər imkanlarından istifadə etmək fikrindədir. O cümlədən Avropaya neft və qazın buraxılmasının qarşısını alması, Əfqanistanda müharibənin dərinləşdirilməsinə yardım göstərməsi, İsrailə qarşı olan ölkələri artıq modern silahlarla silahlandırması, İranın atom dosyasında Qərbə qarşı mövqe və İranın kənarında dayanmasını rus dövlət dairələri vurğulayır.


Mübariz həmvətənlər! Gürcüstanda baş verən hadisə, dövlətlər və millətlər arasında hərhansı regional və beynəlxalq dəyişikliklərin qığılcımı olursa, biz bu regionda mənafeimizi qorumağı bacarmalıyıq.


Rusiyadakı İran Araşdırmalar Mərkəzinin sədri Rəcəb Səfərov bugünlər öz araşdırmalarının birində mənafeimizə zidd olan belə bir təklif edibdir ki, İran-Rusiya yeni alliansının yaranması stratejiki bölgələr olan “Şərqi Azərbaycan” əyalətində və Qişm adasında Rusiyanın iki hərbi baza yaratması ilə nəticələnə bilər. Səfərov qeyd edir ki, bununla, Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanı Rusiya öz kontroluna alaraq məlumatları rəsmi Tehranla paylaşır.


Hörmətli soydaşlar! Bu kimi proyektlərin həyata keçirilməsinin qarşısını almaq üçün, biz güney azərbaycanlılardan daha da ayıqlıq tələb olunur. Çünki bu proyektlər, Rusiyanı Qafqaz regionunda 1907-ci illərdən əvvəl oynadığı rolu təkrarlamasına gətirib çıxarmağa sövq edir. Avropa və ABŞ gücünə qarşı çıxan Rusiyanı özünə dayaq görən İran İslam Republikası, onun Gürcüstandakı hərəkətlərindən sevinir. Elə məhz yuxarıdakı proyektin təkmilləşməsi, Avropa - ABŞ qüdrətinə qarşı, Rusiya – Çin – İran İslam Respublikası gücünün ortaya çıxması mətbuatda səslənir. Belə bir halda regionda yeni siyasi coğrafiyanın müəyyənləşə biləcəyini nəzərə alaraq, Güney Azərbaycanın öz müqəddəratını təyyin etməsi üçün, geniş miqyasda əməkdaşlıq və siyasi birliyi təmin etməliyik.


Dəyərli soydaşlar! Qafqaziyada baş verən hadisələr, Azərbaycanın dostlarını da təsir altına salır. Türkiyə prezidenti Abdulla Gülün 6 sentyabr “Ermənistan”a səfəri, məhz Rusiyanın təklifi ilə baş tutur. Belə ki, ilk növbədə - “Ermənistan” müstəqil deyil və ona görə də öz təşəbbüsü ilə Türkiyə rəsmisini dəvət edə bilməzdi. Türkiyə ilə müəyyən razılaşmalar əldə edən Rusiya, Qafqaz İttifaqı layihəsi çərçivəsində, ona Qafqaziyada müəyyən imkanlar yaratmağa vəd edir. Azərbaycanlıların əksəriyyəti isə Gülün səfərinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir göstərəcəyini düşünərək, Türkiyənin “Ermənistan”la qeyd-şərtsiz əməkdaşlıq qurmağa başlamasını pislədilər. Belə ki, qardaşı Azərbaycan Respublikasının 20% torpaqlarını işğal edən, oradan milyondan artıq Azərbaycan türkünü sürgün salan və etnik təmizləməyə məruz qoyan, Türkiyənin ərazi bütövlüyünü tanımayan, qondarma soyqırım iddialarından əl çəkməyən “Ermənistan”a səfər, Türkiyə tərəfindən tam təktərəfli güzəşt kimi qiymətləndirilir.


Bunlara baxmayaraq, Türkiyə prezidentinin İrəvan səfəri, nəyisə dəyişmək gücündə də deyil – belə ki, Türkiyə ordusu, əhalisi və hakim elitası, Azərbaycanın maraqlarını erməni iddialarına qurban verməyə yol verməyəcəyini düşünürük. Bunlarla yanaşı, Türkiyə prezidentinin “Ermənistan” səfəri ilə bağlı Daşnaktsütyun partiyasının İrəvanda keçirdiyi etiraz aksiyaları, həmin səfərin heç də rahat keçmədiyini göstərir. Futbol oyunu zamanı Türkiyə dövlət himni ifa olunarkən və Türkiyə bayrağı stadiona gətirilərkən stadionu fit səslərinin bürüməsi, buna əlavə nümunədir.


Türkiyə başnazirinin təklif etdiyi, Qafqazda ölkələrarası problemlərin diplomatik yolla həll olunmasını hədəf tutan Qafqaz İstiqrar və Əməkdaşlıq Platformu – Qafqaz İttifaqı layihəsi, Türkiyə prezidenti tərəfindən dəstəklənsə də, Türkiyə müxalifət partiyalarının “bu ittifaq Rusiyanı gücləndirəcəkdir” arqumenti ilə haqlı etiraza səbəb olmuşdur. Aydındır ki, Rusiya gücləndiyi halda ondan asılı olan İran İslam Respublikası da güclənir və Tehran rejiminin güclənməsi, onun hesabına yaşayan işğalçı “Ermənistan”ı da ayaqda tutur.
Biz, məntəqədə hərhansı inteqrasiyanın əleyhinə deyilik. Lakin, bu inteqrasiyada birinci növbədə azərbaycanlıların milli mənafei nəzərdə alınmalıdır.


Bundan əlavə, gündən-günə İranda hakim olan şovinist, fanatik, diktator və sülh və əmniyyət və demokratiyaya qarşı olan mövcud rejim, hərhansı daxili və xarici fürsətdən istifadə edib və xalqımızı əsarət altında saxlamağa, assimilasiya siyasətini tətbiq etməyə, milli-mədəni və insani haqlarını pozmağa və sinfi və siyasi azadlıqlara yol verməməyə cəhd göstərir.
23 sentyabr məktəblərin açılışı ərəfəsində onlarca soydaşlarımızı (o cümlədən Əlirza Sərrafi, Əkbər Azad, Həsən Raşidi, Səyid Məhəmmədi Muğanlı, Həsən Rəhimi Bayat, Hüseyn Heydəri, Abbas Nəimi, Mehdi Nəimi və Səyyad Məhəmmədianı) həbs etmək və azərbaycanlıların öz ana-dillərində ibtidai məktəbdən tutmuş universitetə qədər ana dilində dərs keçməkdən yenə də məhrum qalmaları onu göstərir ki, mövcud İran İslam Respublikasına hər hansı bir güzəşt, müsalihə, reform və qanunaehtiram hətta öz qoyduğu qanunlara da ondan hörmət gözləmək bihudə və yersizdir. 63 il bundan əvvəl Pişəvəri Höküməti tərəfindən Azərbaycan türkcəsi rəsmi dil elan olundu. Pişəvəri Höküməti də Mərkəzi Dövlət vasitəsi ilə “Müzəffər Firuz – Pişəvəri Müqaviləsi” əsasında rəsmiyyətə tanındı. Ancaq, bugünə qədər Ana Dilində təlim və tədris haqqı, həm Şah və həm Xumeyni rejimləri vasitəsilə rəayət edilməmiş və diktatorcasına birtərəfli olaraq müqavilə pozulmuşdur. Xalqımız, özünə aid olan milli, mədəni, iqtisadi, siyasi və insani haqlarını ancaq mübarizə ilə əldə etməlidir və bu mübarizə xalqımız arasında rejimə qarşı geniş əməkdaşlıq və birlik vasitəsi ilə həyata keçə bilir. Xalqımızın müxtəlif qişr, zümrələr, təbəqələr, siyasi və mədəni qüvvələr arasında əməkdaşlıq və ittihadını təmin etmədən, istənilən nəticə əldə edilməyəcəkdir. Nə zindanilər azad ola bilər, nə də ki məktəblərdə ana dili tədris olunar.
Hörmətli həmvətənlər! Gəlin birlikdə bir səslə söyləyək:
Azərbaycanlı məhbuslar zindandan azad olunsun!
Ana dilimiz rəsmi dil elan edilib, məktəblərdə tədris olunsun!
Güney Azərbaycanda siyasi qüvvələr birləşsin!
Güney Azərbaycan xalqının birliyi təmin edilsin!
Güney Azərbaycanlılar öz milli müqəddəratını özləri təyyin etsin!

Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası (GASBEK):

Abdulla Əmir Haşimi (Cavanşir)
Firidun Pərvizniya
Maşalla Rəzmi
Məhəmməd Müştaq
Dr Nurəddin Qərəvi

19.IX.2008

Əvvəlki məqalələr