Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

DAK həmsədrləri Güney Azərbaycanın ayrıca bayrağının təqdim olunması ilə bağlı bəyanat verib

Mirzə Xəzər 31 Avq 2008

no comments

250px-Flag_of_Azerbaijan_svg

[ 01 Sentyabr 2008 14:10 ]

Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Kоnqrеsinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Güney Azərbaycanın bayrağı ilə bağlı bəyanat verib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Güney Azərbaycanın ayrıca bayrağının cəmiyyətə təqdim olunması milli hərəkatın parçalanması kimi dəyərləndirilib: “Dünya Azərbaycanlıları Kоnqrеsi Azərbaycanın vahid bayrağı olduğunu və bunun Azərbaycanın bir hissəsində dövlət bayrağı kimi qəbul edildiyini diqqətə çatdırır. Milli azadlıq hərəkatının ayrı-ayrı qruplarının milli bayrağımızdan fərqlənən simvoldan istifadə etməsi təbii və təqdirəlayiqdir. Amma Dünya Azərbaycanlıları Kоnqrеsi yaranmış durumdan milli azadlıq hərəkatını parçalamaq məqsədilə istifadə etməyə yol verməmək üçün bütün qrupları hərəkatın vahid bir simvolunu müəyyənləşdirməyə və müzakirələri tezliklə sona çatdırmağa çağırır”.

APA

Azərbaycanın Rusiya ilə sərhədində baş vermiş silahlı insidentlə bağlı cinayət işi açılıb

Mirzə Xəzər 31 Avq 2008

no comments

_Border_200907


01.09.08 13:17

Azərbaycan, Bakı, 01 sentyabr / Trend News , müxbir K.Zərbalıyeva/ Azərbaycanın şimal bölgəsində yerləşən (paytaxt Bakıdan 220 km aralıda) Qusar rayonu ərazisində avqustun 30-da Daxili Qoşun hissələrinin sələfilərə (vəhabilər) qarşı keçirdiyi əməliyyatla bağlı cinayət işi açılıb.

Baş Prokurorluqdan bazar ertəsi Trend News-a verilən məlumata görə, faktla bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120) maddəsi ilə cinayət işi açılıb.

Baş Prokurorluqdan hadisənin təfərrüatları barədə əlavə məlumat verilmir.

Qeyri-rəsmi məlumatlara görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən vəhabilərlə qrşı əməliyyat keçirilib.

Qusar rayon prokuroru Vamiq Əsədov Trend News-a bildirib ki, hadisə zamanı Daxili Qoşunların bir əsgəri öldürülüb. Prokuror hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyib. O, hadisənin kim tərəfindən törədildiyinin məlum olmadığını, hadisəni törədən şəxslərin qaçdığını deyib.

Öldürülən əsgər Bakının Binəqədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış, müddətdən artıq hərbi xidmətdə olmuş 23 yaşlı Əli Yolçuyevdir.

Daxili Qoşunların mətbuat xidmətindən həmin ərazidə əməliyyat keçirildiyi təsdiqlənib. Lakin hadisə ilə bağlı əlavə məlumat verilmir.

http://news.trendaz.com/index.shtml?show=news&newsid=1282986&lang=AZ

Azərbaycanın şimal bölgəsinə daxili qoşunların hissələri yeridildi, təxribatçı yaraqlıların axtarışı səmərə vermir

Mirzə Xəzər 31 Avq 2008

no comments

asker

Rusiya ilə sərhəd ərazilərinin əhalisi həyəcan içində


Bir qrup silahlı vəhhabinin Dağıstandan Azərbaycana keçmək cəhdindən sonra Rusiya ilə sərhəd bölgələrimizdə gərgin vəziyyət hökm sürür. Xəbər verildiyi kimi, avqustun 30-da Dağıstan istiqamətindən bir qrup vəhhabi yaraqlısı sərhədi keçməyə cəhd edib. Bu zaman Azərbaycanın sərhəd qoşunlarının əsgərləri ilə onlar arasında atışma başlayıb. Atışma zamanı bir əsgərimiz həlak olub. Silahlı qrup daha sonra hadisə yerindən uzaqlaşıb. Onların sərhədi keçdiyi və Qusar rayonu ərazisindəki meşəliklərdə gizləndiyi güman edilir.
Atışmadan sonra Qusar rayonuna xüsusi təyinatlı dəstələr göndərilib, yaraqlıların axtarışı üçün vertolyotlar cəlb edilib. Dünən isə qeyri-rəsmi mənbələrdən redaksiyamıza məlum olub ki, Daxili Qoşunların Biləcəridə dislokasiya olunmuş alayı da yaranmış gərginliklə bağlı Qusar rayonuna göndərilib. Alayın silah və hərbi texnika ilə tam heyətdə bu rayona yola salındığı bildirilir.

Sərhəd bölgəsində yaşayan yerli sakinlərdən əldə etdiyimiz məlumatlara görə, dünən gün ərzində silahlı qrupun axtarışı davam etdirilib. Axtarış əməliyyatlarına havadan hərbi vertolyotlar dəstək verib. Vertolyotlar bütün gün ərzində sərhəd əraziləri üzərində uçuşlar həyata keçiriblər. Xaçmaz, Xudat şəhərlərində və Yalama qəsəbəsində gücləndirilmiş polis postları qurulub. Zirehli gödəkçələr geymiş hərbçilər maşınlarda axtarış aparır. Lakin rəsmi mənbələr axtarış əməliyyatlarının gedişilə bağlı hər hansı açıqlama vermirlər.
Yerli sakinlərdən aldığımız başqa məlumata görə, Rusiya ilə sərhədə keçid rejimi sərtləşdirilib, qarşı tərəfə keçmək istəyən yük maşınlarının uzun növbəsi yaranıb. Şimal qonşumuzla həmsərhəd bəzi kəndlərdə atışma səslərinin eşidildiyi haqda da xəbərlər var.
Azərbaycan hökumətinin Rusiya ilə sərhəd bölgələrinə əlavə hərbi qüvvələr göndərməsi təsdiq edir ki, vəziyyət gərgindir və silahlı vəhhabilərin yeni dəstələrinin sərhədi keçmək təhlükəsi var. Ötən sayımızda qeyd edildiyi kimi, Azərbaycana sızmağa çalışan və ya artıq sızan vəhhabi qrupları qarşılarına müxtəlif təxribat və terror əməlləri törətməyi məqsəd qoya bilərlər.

Ən təhlükəlisi isə bu qrupların Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə hərəkət etməsi ehtimalı ilə bağlıdır. Belə ki, Şimali Qafqazda fəaliyyət göstərən vəhhabi qruplaşmalarından bəziləri Rusiyanın xüsusi xidmət orqanlarına bağlıdır. Lakin o da istisna deyil ki, Azərbaycana sızmaq istəyən bu qrupları hakimiyyətin son vaxtlar bu təriqətə mənsub şəxslərə qarşı təzyiqlərinə cavab olaraq hansısa aksiyalar hazırlayırlar.
Xatırladaq ki, bu günlərdə Bakıdakı Əbu-Bəkr məscidinə qumbara atılmasından sonra şimal bölgəsində vəhhabilərə qarşı əməliyyatlar keçirilib, bu təriqətə mənsub şəxslərin saqqallarını polis bölmələrində qırxıblar. Bu baxımdan Şimali Qafqazdakı hansısa vəhhabi şeyxinin din qardaşlarının qisasını almaq haqda fitva verməsi mümkündür. Görünür, Azərbaycanın xüsusi xidmət orqanları Şimali Qafqazdakı vəhhabi qruplaşmalarının planlarından xəbərdardır və bu planlar kifayət qədər təhlükəlidir.

Ə.MUXTARLI, F.MƏMMƏDOV

("Yeni Musavat" qəzeti, 01.09.2008)

Əvvəlki məqalələr