Sabir RÜSTƏMXANLI: "İndi prosesləri siyasi qüvvələr yox, maliyyə qurupları, oliqarxlar və Azərbaycanın sərvətinə sahiblənmiş adamlar idarə edir"
Partiyanın qətiyyətli qərarı siyasi partiyaların seyrçi mövqeyinə son qoydu
2008-07-30 11:06:00
Avqustun 27-də Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Ali Məclisinin qurultay səlahiyyətli Ümumrespublika Konfransı keçirildi. Konfransın gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi, 2008-ci il prezident seçkilərində iştirakla bağlı VHP-nin mövqeyi, Siyasi Şuranın seçilməsi və cari məsələlər daxil idi. Ali Məclisin sədri Rafiq Manaflının təklifi ilə Ali Məclisin katibi seçildi. Səsvermə nəticəsində Vasif Həsənli məclisin katibi postunu tutdu. Sonra mandat, say, redaksiya
komissiyaları müəyyənləşdi. Daha sonra ölkədəki mövcud durum və ictimai-siyasi vəziyyət və partiyanın prezident seçkisində iştirakı ilə bağlı VHP sədri Sabir Rüstəmxanlının geniş məruzəsi dinlənildi.
Oxucuların maraqlarını nəzərə alıb çıxışı qısa ixtisarlarla təqdim edirik:
VHP sədri seçkidə iştirakdan imtina etdi "Bizim qurultaydan təxminən yarım il vaxt keçir. Həmin vaxtdan indiyə qədər siyasi proseslərdə, əslində, ciddi bir dəyişiklik baş verməyib. Yadınızdadırsa, biz qurultayda ölkədəki siyasi proseslər barədə çox geniş müzakirələr apardıq. Həm iqtidar, həm müxalifət barədə öz sözümüzü dedik, hətta bəzi qonaqlarımızı incidən səviyyədə danışdıq. Amma deyilən sözlərin hamısı həqiqət idi və Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyini çox aydın şəkildə nümayiş etdirirdi. Sizin hər
birinizin siyasi səhnədə olmağınız, partiyamızın rayon təşkilatlarının digər siyasi qurumların yerli təşkilatları arasında tanınması, belə demək mümkünsə, söz sahibi olması, əqidə yoldaşlamırımızın bütün siyasi proseslərdə aktiv imştirak etməsi göstərir ki,
VHP SİYASİ KÜLƏKLƏRDƏ SAĞDAN SOLA, SOLDAN SAĞA HƏRƏKƏT EDƏN BİR QURUM DEYİL
Bəlkə də, son illərdə əvvəlki kimi görünmürük, bəlkə də, son iki ildə ölkədəki siyasi proseslərə səbrli münasibət göstəririk, amma Vətəndaş Həmrəyliyi Partiyası mövqelərinin doğru olduğu sübut olunan və ən azı ictimaiyyət arasında öz nüfuzunu qoruyan partiyadır. Mən bu məsələləri təhlil etmək istəmirəm. Bu, bizim qəzetimizdə də vaxtaşırı təhlil olnur, müxtəlif məclislərdə deyilir. Hər-halda rəylər göz qabağındadır. Bizi indiyədək ittiham edən qurumların indiki durumu da hamıya bəllidir. İndiyədək özünü əsas, radikal müxalifət adlandıran qüvvələrin indiki mövqeyi, onların hakimiyyətlə əlaqələri də göz qabağındadır. Bütün bunların konteksində, mən səmimi şəkildə deyirəm, bizim dəyişilməz mövqeyimiz var. Mən həmişə demişəm, indi bir daha təkrar edirəm, siyasi prosesləri xarici ölkələrin istəklərinə uyğun qurmaq olmaz. Bu gün bizim dediklərimiz təsdiqlənir:
XARİCDƏN DƏSTƏKLƏR İNDİ ANCAQ İQİTİDARA İŞLƏYİR
Bundan əvvəl xarici dəstəyə güvənənlər, indi deyirlər, yox, gərək xalqın gücünə arxalanaq. Xarici qüvvələrə inanmaq milləti parçalayıb. Elə buna görə də bu gün müxalifət xalqı öz arxasında hiss etmir, onun gücündən yararlana bilmir. Bu il seçki ildir. Seçkilərə xarici qüvvələrin təsiri danılmazdır. Amma hər şeyi xarici dövlətlərin ixtiyarına vermək olmaz. Bu amilin bizimlə qonşu ölkələrdə hansı durumu yaratdığını, hadisələrin nə ilə nəticələndiyini gözümüzlə gördük. Ölkəmizə gldikdə isə bu neçə illik siyasi proseslər göstərdi ki,
XARİCİ GÜCLƏR ÖLDKƏDƏKİ SİTÜASİYANI DƏŞMƏKDƏ MARAQLI DEYİLLƏR
çünki, onlar Azərbaycandan özlərinə lazım olan hər şeyi alırlar və hər şeyin bu şəkildə davam etməsi onlara sərf edir. Əslində, seçkinin taleyini xalq həll etməlidir. O, həmişə bizim güvənc yerimiz olub. Çox təəssüf ki, bu gün elə bir durum yaranıb ki, sanki, xalqın etiraz limiti tükənib. Hamı narazıdır, amma heç kim səsini çıxarmır. Sabah biz bir mitinq təşkil etsək, 2003-cü il prezident seçkilərindəki coşqunluğu görməyəcəyik. Bu, etiraz gücünün zəifləməsidir, yoxsa ümumi ictimai-siyasi mühitin dəyişməsi? Bunu aydınlaşdırmaq son dərəcə çətindir. Bəlkə, ölkədə yaşıyanların hamısı bu rejimdən razıdır, bəlkə, elə buna görə belədi? Yox, əslində, vəziyyət yaxşılaşmaq əvəzinə bir çox sahələrdə daha da pisləşib. Camaatın narazılığı artır, amma bu narazılıqları ifadə etmirlər. Sanki hansısa sehrli əl bu narazılığın müqavimətə çevrilməsinə imkan vermir. Biz bu şəraitlə barışmalı deylik. Vətəndaş Həmrəyldi Partiyası istər seçkilər keçirilən vaxt, istərsə də digər siyasi proseslərdə heç vaxt siyasi oyunbazlıq etməyib. Bu gün iqtidar partiyası bəyan edir ki, müxalifət yoxdur və müxalifətin olmaması üçün bütün vasitələrdən istifadə olunur; şantaj, mətbuatda insana, vətəndaşa yaraşmayan böhtanlar, siyasi qurupları və partiyaları üz-üzə qoymaq. Təəssüf ki, müxalifət partiyaları da bu oyunlara gedirlər. Dünən bir yerdə olan qüvvələr bu gün bir-birinə düşmən kəsilib. İqtisadi cəhətdən bütün siyasi partiyalar boğulur. Vaxtilə bir sıra partiyaların rayonlarda ofisləri var idi, indi onlar partiyaların əlindən alınır. Siyasi partiyaların maliyyələşdirilməsi həyata keçirilmir və s. Bununla da
NORMAL MÜXALİFƏTÇİLİK ETMƏYƏ İMKAN VERMİRLƏR
Və normal müxalifət olmayan yerdə özbaşnalıq tüğyan edir, insanların hüquqları addımbaşı tapdanır. İnsanlar ən xırda məmurun qarşısında belə əzilmiş, aşağılanmış halda dayanır. Üstəlik, ölkədə mənəviyyatsızlıq baş alıb gedir. Mənəviyyatsızlıq xırda bir məmurdan tutmuş, qəzetlərə, televiziyalara qədər sirayət edib, bununla da ölkə başqa bir rəng alıb.
QÜRUR DUYDUĞUMUZ BİR ÇOX CƏHƏTLƏRİMİZ VAR Kİ, İNDİ ONLARIN HAMISINI İTİRMƏKDƏYİK
Belə olan halda insanları bir yerə yığmaq, onların müqavimət gücünü artırmaq son dərəcə çətindir. Bəllidir ki, bu vəziyyətin yaranması aparılan eybəcər siyasətin nəticəsidir. İndi çıxış yolları tapmaq da müşkül məsələyə çevirilib. Bu yollarda biri bizim yolumuz, yəni siyasi qüvvələrin birlik yoludur. Amma təəssüf ki,
MÜXALİFƏTİN BİRLİYİ ARTIQ MÜMKÜN DEYİL
İndi bütün kartalar açıqdır, bütün yolllar görünür, kimin hansı məqsədələrə işləməsi bəllidir. Prezident seçkilərinə hazırlıq dövründə bu daha aydın sezilir. Ona görə də hansı qüvvələlərlə iş birliyi qurmaq çox böyük problemdir. Bundan başqa, elə şərait yaradılıb ki, siyasi partiyalar proseslərə təsir edə bilmir. Hətta iqtidarda olan pratiya belə oyundan kənar vəziyyətdədir. Bəli, bu gün
YAP-IN DA HADİSƏLƏRƏ TƏSİR GÖSTƏRMƏK İMKANI YOXDUR
Çünki indi parosesləri siyasi qüvvələr yox, maliyyə qurupları, olqarxlar və Azərbaycanının sərvətinə sahiblənmiş adamlar idarə edir. Bizim Avropada, Amerikada gördüklərimiz yavaş-yavaş Azərbaycana gəlib çıxır, yavaş-yavaş bizdə də seçkinin taleyini milyonlar, fantastik rəqəmələr həll edəcək. Bütün bunları siz bilirsiniz, deyilir, mətbuat yazır. Bütün bu hadisələrlə ya barışıb, axına qoşularaq çıxıb getməlisən, ya da dözümlülük göstərib, gələcək siyasi proseslərə uyğun addımlar admalısan. İndiki halda bizim imkanlarımız məhduddur. Bu imkanlardan biri qəzetimizdir. Siz oradakı təhlilləri oxusanız, bizim mövqeyimizi aydın görərsiniz. Bundan əlavə, biz beynəlxalq görüşlərdə, müxtəlif dünya səviyyəli tədbirlərdə həmişə öz sözümüzü demişik. Milli Məclisdə davamlı olaraq öz mövqeyimizi ortaya qoymuşuq, millətin problemlərindən tez-tez danışmışıq. Təəssüf ki, mətbuat bizim mövqelərimizi mümkün qədər az işıqlandırır, amma hər halda orada gedən mübahisələr barədə müəyyən məlumatlar sızır. Mən öz mövqeyimi heç vaxt heç bir deputat mandatına, kimlərəsə xoş görünmək isətyinə qurban verə bilmərəm. Mən Azərbaycanın ziyalısı, yazıçısı və bir ömrü mübarizə içərisində yaşamış adam olaraq bundan sonra da öz mövqeyimdən geri çəkilə bilmərəm. Həmişə haqq sözü demişəm, bundan sona da deyəcəm. Hətta bu partiya olmasa da,
MƏN ÖZ MÖVQEİMİ DƏYİŞMƏK BARƏDƏ DÜŞÜNMÜRƏM
Mən ömrüm boyu qazandıqlarıımı nəyinsə xatirinə güzəştə gedə bilmərəm. Qurultayda partityamızın prezident seçkilərində öz namizədilə iştirakı barədə qərar qəbul edilmişdi. Həmin gündən indiyə kimi mətbuat bunula bağlı qərarımızı soruşur. Bugünkü məclisi çağırmaqda bir məqsədimiz də, əslində, həmin məsələni müzakirə etməkdir. Bayaq dediyim kimi, seçkinin taleyini həll edən bir sıra məsələlər var ki, onların heç biri bizim tərəfimizdə deyil. Bizim bircə güvənc yerimiz xalqın dəstəyidir, amma təəssüf ki, həmin dəstəyi kifayət qədər hiss etmirik. Ölkədəki fəal qüvvələrin çoxu ölkədən gedir. Ölkəyə gələn kapitalın miqdarı çoxalır və insanlar da daha çox pul qazanmaq barədə düşünürlər, siyasi fəaliyyət kənarda qalır. Üstəlik, əhalinin səsinin təsirsizliyi, seçkiyə getməyin görüntü yaratmaqdan başqa bir şey olmaması əhalini yorub. İnsanlar öz qüvvələlrini təzədən boş yerə sərf etmək istəmirlər. Reallıq budur, ona görə də bizim dəstəyimiz xeyli zəifləyib. Qalan məsələlər də aydındır. Seçkilərə böyük məbləğdə pul lazımdır. Çox təəssüf ki, biz keçən seçkidə 55 mindən çox imza toplasaq da, səsələri sıradan çıxardılar, nəzərə almadılar. Bunula məcbur etdilər ki, biz depozit qoyaq. Biz depozit qoyduqdan sonra onu qaytarmadılar, guya, biz barajı aşa bilməmişik. Hansı ki, həmin barajı özləri müəyyən etmişdilər. 155 min səs topladığımız halda, onun 25 minini göstərdilər. Ən azından partiyamızın üzvlərinin sayı qədər səs verməmişdilər. Bütün bunlara görə indi də həmin deozit bizim boynumuzdadır. Üsətəlik deyirlər ki, depoziti ödəmiyən adamlara bu dəfə dövlət maliyyə yardımı etməyəcək. Bundan əlavə televiziya, radioda efir vaxtı və reklamlar əvvəlki illərdən qat-qat bahadır. Bu da seçkiyə getməyi çətirnləşdirən məsələdir. İkinci tərəfdən, bu günə kimi bizim ancaq MSK-da bir nümayəndəmiz var. Mən Milli Məclisin sonuncu iclasında da dedim ki, seçki başlayır, siz hələ də dairə, məntəqə məsələlərini həll etməmisiniz. Hamı susdu, əvəzində seçkilə bağlı daha mürtəce qanunlar qəbul olundu, üstəlik, bizim halal haqqımızın verilməsi barədə indiyə qədər qəti qərar qəbul olunmayıb. Sonra mən bunula bağlı MSK ilə danışdım. Məzaşir Pənahov deyir ki, bu parlamentdən asılı məsələdir. Parlament rəhbərliylə danışıram, deyirlər ki, bu məsələ ilə artıq Prezident Aparatı məşğul olur, Əli Həsənova müraciət edin. Əli həsənovla danışırıq deyir, mən seçkinin texniki tərəflərilə məşğulam, bu işlərə Zeynal Nağdəliyev baxır. Zeynal Nağdaliyevlə görüşürəm, o deyir ki, yox, mənim elə bir səlahiyyətim yoxdur. Yenidən qaydıram MSK-ya, ordan deyirlər ki, Müsavat Partiyası öz namizədlərini təqdim etmədiyinə görə, bölgü aparmaq mümkün deyil, onların son qərarlarını gözləyirik... Fakt budur ki, bizim nümayəndələr dairə və məntəqələrdə təmsil olunmadıqlarına görə, həmin yerlər artıq bir sıra kiçik partiyalar arasında bölüşdürülüb. O partyalar ki, onlar siyasi təşkilat olaraq, seçkilərdə iştirak etməyiblər, tək-tək adamlar seçilib. Hansı ki, həmin partiyalar ümumiyyətlə, yoxdur. Bundan başqa,
ÖLKƏDƏ, ÜMUMİYYƏTLƏ, SEÇKİ AB_HAVASI YOXDUR
YAP gizli şəkildə bütün yerlərdə öz işini görür, təbliğatını aparır. Amma yuxarıda dediyim məsələlər yarımçıq olduğuna görə müxalifət öz işini görə bilmir. Guya, avqustun 1-dən seçkiyə start veriləcək. Amma biz hansı şəkildə öz hüquqlarımızı müdafiə edəcəyik, hələ bilinmir. Seçki qanunvericiliyinin ancaq iqtidar partiyasının xeyrinə hesablanması və başqa məsələlər göstərir ki, builki seçkinin taleyi artıq bəllidir. Artıq indidən bəllidir ki,
İLHAM ƏLİYEV ÖZ SƏSİNİ TƏMİN EDİB
Belə olduquda seçkiyə getmək fon yaratmaqdan başqa bir şey deyil. Seçkiyə gedənlər alternativlik görüntüsünü yaradırlar. Mən də fon yaratmaq uğrunda gedən mübarizəyə qatılmaq istəmirəm. Keçən seçkilərdə biz hiss edirdik ki, ölkədə siyasi dəyişikliyi istəyən qüvvələr, etiraz edən, ortaya güc qoyan insanlar var. İndi həmin qüvvələr yoxdur. Ümumiyyətlə, 1988-ci ildə olan millət yoxdur. Bu illər ərzində millətin damarlarındakı qanını da dəyişiblər. Bütün bunları nəzərə alaraq, mən prezident seçkilərində iştirak etməməyi qrarlaşdırmışam. Çox böyük əziyyət çəkib, onun bəhrəsini görməmək yaxşı hal deyil. İndi seçkiyə gedənlərin hamısı bilir ki, nəticə əldə olunmayacaq. Qaldı bizim kimə dəstək verməyimizə, kimi müdafiə etməyimizə, hələ bu barədə danışmaq tezdir. Hələ imzalar bəlli deyil. Bu məsələni siyasi proseslər həll edəcək. Burada bir məsələ tam aydındır ki, biz YAP-ın əlavəsinə çevrilib, İlham Əliyevi dəstəkləyə bilmərik. Eyni zamanda müxalifət düşərgəsində də Vətəndaş Həmrəyliyi Partiyasına qarşı daim, düzgün, səmiimi bir münasibət bəsləyən, daimi bizə bir müttəfiq kimi baxan, bizim gücümüzə inanan və öz gücünü də lazım olanda bizim üçün sərf etməyə hazır olan elə bir qurum, elə bir namizəd hələ ki yoxdur. Bu gün seçilən Siyasi Şura yəqin ki, bu məsələləri dəfələrlə müzakirə edəcək. Və seçki öncəsi biz öz mövqeyimizi sizlərə bir daha bildirəcəyik".
VHP Mətbuat Xidməti
http://www.vhp.az/?news=1613
BİZ DÜŞMƏNÇİLİK NİYYƏTİLƏ YAZMIRIQ (Cavabların cavabı)
Sabir RÜSTƏMXANLI
Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili, xalq şairi
İran İslam Cümhuriyyətinin dini rəhbərinə ünvanladığım, diqqəti millətimizin taleyinə yönəltmək istəyimdən doğan xoş niyyətli məktubumun qonşu ölkədə düzgün anlaşılmayaçagını bilirdim. Bilirdim ki, sübuta ehtiyacı olmayan mülahizələrimin qarşısında söz tapa bilməyənlər xeyirxah niyyətimi bir kənara qoyub hər cür şər-böhtana əl atacaqlar. Bununla belə, cavabların daha ağrılı olacağını, heç olmasa zərrə qədər reallığa yaxın mövqedən yazılacağını gözləyirdim.
Amma əlimə çatan cavablar elə kor təəssübkeşlik, yalan, antiislam düşüncə nümunələridir ki, ciddi təhlilə və ya cavablandırmağa belə dəyməz. Ən çox heyrət doğuran budur ki, bu cızma-qaralar İranın rəsmi saytlarında, özü də aydın, ziyalı, universitet müəllimləri adından yazılıb. Aydındır ki, bu adlar şərtidir, yazanlar ayrı adamlardır. Ancaq özünü "Böyük İranın ziyalısı" sayan müəlliflərin bu qədər məhdudluğunu, məntiqsiz və ağ yalan danışdığını, özünü bu qədər uşaq yerinə qoyduğunu görəndə "Heyvanına şükür, İlahi!" deməkdən başqa söz tapmırsan. Görünür, bu adamların anladığı bir dil var, o da təhqir, böhtan və yalan dilidir. Mən bu dildə danışmağı bacarmıram və istəmirəm. Mən onlara öz dilimdə, yəni adam dilində cavab verəcəm.
Bu yazımın vətəndaşlıq qüruru, türk heysiyyəti olmayan adamların psixologiyasını dəyişməyəcəyini bilirəm. Ancaq belə dialoqlar zəruridir. Davam etməlidir ki, bəlkə bir gün Allah rəhm eləyə, onların bəsirət gözləri açıla, bütün dünyanın açıq-aşkar gördüyü həqiqətləri onlar da görə, vicdanları oyana və ağa ağ, qaraya qara deməyə cəsarətləri çata. Şükür, türk dili çox zəngindir və o qədər gözəl atalar sözlərimiz var ki, bir-ikisini yan-yana qoysam, bütün cəhalət bayquşlarına cavab olar. Xalq özünü anlamazlığa vurub hamının bildiyi həqiqətləri də inkar edənlər haqqında gözəl deyib: "Necəsən, qanmayım, atan yansın!" Təəssüf ki, cavab verən "müəllimlər" bu yolu tuturlar.
Gələk mətləbə. Mənə etirazları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar: guya mən İranın daxili işlərinə qarışıram; DAK şübhəli bir təşkilatdır; İran türklərinin ana dili məsələsindən danışmaq olmaz, çünki onlar könüllü şəkildə "İranlıların milli dili" olan fars dilində oxuyurlar; mənim İran haqqında məlumatlarım azdır; bütün Quzey Azərbaycan xalqı çoxdan İranın cənnət qucağına can atır; dövlətçiliyin İran modelindən başqa bütün modellər yalandır və nəhayət, İrana qarşı söz deyənlərin hamısı - istər səmimi olsun, istər qeyri-səmimi - sionizmə bağlıdırlar...
Bu iradların bəzisinə münasibət bildirməyi özümə borc sayıram.
1. İranda yaşayan və əhalinin az qala yarısını təşkil edən türklərin insan haqları barədə danışmaq bu ölkənin daxili işlərinə qarışmaq demək deyil. Əvvəla, oradakı 35 milyon insan bizim doğma bacı-qardaşlarımızdır və biz onların taleyinə biganə qala bilmərik. İkincisi, insan haqları beynəlxalq hüququn təməl prinsiplərindəndir və heç bir ölkənin daxili işi sayıla bilməz.
2. Hörmətli opponentlərim "Dünya Azərbaycanlıları Konqresi" ifadəsinə çox narahatlıqla və istehza ilə yanaşırlar. Başa düşmürlər ki, bu yolla on ildən artıq fəaliyyət göstərən böyük bir beynəlxalq təşkilatı gözdən sala bilməzlər. Azərbaycan türklərinin milli idealları uğrunda mübarizə eşqi durduqca DAK yaşayacaq və mən belə bir təşkilatın həmsədri olmaqla qürur duyuram. Dünyanın az qala bütün xalqlarının buna bənzər diaspor təşkilatları var. DAK taleyin hökmü ilə dünya ölkələrinə səpələnmiş bacı-qardaşlarımızın
bir sıra problemlərinin həllinə kömək etmək istəyir və onu yalnız İrana yönəlik bir təşkilat sayanlar yanılırlar. Digər İran xalqlarının da belə təşkilatları var. Maraqlıdır, onların fəaliyyəti də İranda DAK-ın doğurduğu qədər narahatçılıq doğururmu?
3. Məktubumu təhqir sayanlar nəzərə alsınlar ki, onu millətimin İran mətbuatında dəfələrlə müsəlmana və insana yaraşmayan bir şəkildə təhqir edilməsinə cavab olaraq yazmışam. Niyə belə düşünürlər ki, İran mətbuatı türkü necə istəsə təhqir edə bilər, bizsə bunu canımıza sinirməli, həqiqəti ortaya qoymamalıyıq. Türk tarix boyu öz düzlüyü, mərdliyi, dosta dost, düşmənə düşmən olmağıyla seçilib. Heç bir rejim millətimizin bu böyük mənəvi keyfiyyətlərini əlindən ala bilməz.
4 .Cavablar yalandan azərilər və təbrizlilər adından, "Ərdəbilin səsi" və "Təbrizin səsi" kimi verilir. Şübhəsiz, belə deyil. Mən Təbriz tarixini kifayət qədər öyrənmiş və bu barədə yazmışam. Bura Azərbaycanın tarixi paytaxtı, böyük təbrizlilərin vətəni, inqilablar beşiyi, Səttərxanın, Şeyx Məhəmməd Xiyabaninin, Pişəvərinin, dünya tarixi ilə yaşıd olan böyük bir türklük ənənəsinin mərkəzidir. Türklüyə qarşı çıxan, türk olmağa aşağılanmaq kimi baxan cahil və satqınlar təbrizli və azəri ola bilməz. Olsa da, ETTELAT-ın qulbeçəsi olar. Sovetlər dövründə adı azəri, özü rusdan artıq rus olan KQB ajanlarını çox görmüşük. Moskvanın xoşuna gəlmək üçün dədəsini də satmağa hazır olanlar o vaxtlar da var idi, amma tarix rüzgarı onları yer üzündən silib atdı.
5. Cavablardakı müraciət də maraqlıdır: "Cənab Sabir Rüstəmxanlı və ortaqları" yazırlar. (Nəzərinizə çatdırım ki, fars dilindən tərcüməni qeyri-peşəkarlar etməyib, amma yenə də, səhv ola bilər). Mənim ortağım Azərbaycanın azadlıq və bütövlüyünü istəyən bütün 50 milyonluq millətimdir. Sevinirəm ki, öz əməlim və həyatımla bu millətin az-az adamlara nəsib olan böyük sevgisini qazanmışam və ən böyük sərvətim də budur.
6. "Böyük İran" güneyli qardaşımı bu qədər xoşbəxt edibsə, niyə məqaləsini öz ana dilində yaza bilmir? Əgər cavablar mənədirsə, mənim dilim türk dilidir. Yox, əgər bunu öz dövlətlərinə sədaqətlərini nümayiş elətdirmək üçün yazırlarsa, onda onu mənə yox, İran hökumətinə ünvanlamalıydılar.
7. Məni tarixi məlumata malik olmamaqda və elmi əsaslara söykənməməkdə ittiham edənlərə bildirməliyəm ki, düzdür, mən diplomlu tarix professoru deyiləm. Şairəm. Tarixi romanlar müəllifiyəm. Amma özümü bu məktub müəlliflərinə bənzər tarixçilərdən 100 dəfə artıq bilim adamı sayıram. Çünki bütün Şərqin onlarla xalqının tarixini talayıb, oğurlayıb İranın adına çıxan saxta cızma-qaraçıların dizlərini yerə gətirəcək dərəcədə məlumatlıyam.
İranda xalqların "dil, kültür, ədəbiyyat, siyasi sistem, sosial həyat hüquqları baxımından eyni olduğunu" iddia edən alimlərin bütün tarix və həyat bilgisi tək bü cümləyə görə sıfıra bərabərdir və bu cümləni yazanların "elminin" bir quruşluq qiyməti qalmır. Elmin məzlum quzusunu siyasət canavarına yedizdirən bu cür tarix çobanlarının olmasından olmaması yaxşıdır.
Cavabların birində yazılır: "İran azəriləri sair iranlı etniklər kimi fars dilini özlərinin birlik gətirən milli və elmi dili hesab edirlər və öz ana dilləri kimi müqəddəs sayırlar, danışırlar, yazırlar, qoşurlar və bu dili özlərinin milli kimlik və birlik dili sayırlar." Ola bilər İranda belələri tapılsın. Amma iki il öncə Cənubi Azərbaycan şəhərlərinin küçələrinə tökülmüş 100 minlərlə insan "haray-haray, biz türküz" deyirdi və öz ana dillərində məktəb tələb edirdilər. "Haray-haray, biz farsız" demirdilər.
8. Tarixdən xəbərsizlər Azərbaycanı "İrani bozorgun" tərkib hissəsi sayır, Arazın quzeyindəki torpaqları Azərbaycan yox, Alban-Aran bölgəsi hesab edirlər. İstəyir alban de, istəyir aran, bu torpaqlar neçə min ildir türk torpaqlarıdır. İranda da türklərin hansı coğrafiyada yaşadıqları hər kəsə bəllidir. Ad oyunbazlığı nəyi dəyişəcək ki? Nəzərinizə çatdırıram ki, Azərbaycan deyəndə həm də Turan düşünülür. Firdovsi min il öncə İran və Turandan danışırdı. Biz o Turanın, Alp Ər Tonqanın nəsilləriyik. Az ərlər şərq tarixinin elə qədim qatlarından gəlirlər ki, onda hələ bu bölgədə fars-təzik tanıyan yox idi. Az sözünün yayılma arealına baxsanız yetərlidir.
Mən öz kitablarımı və araşdırmalarımı bir kənara qoyub özünü islam alimi sayanlara islam ensiklopediyasının dili ilə cavab vermək istəyirəm. 1979-cu ildə İstanbulda nəşr edilmiş islam ensiklopediyasının Azərbaycan bölümündə yazılır ki, Azərbaycan ismi böyük İsgəndər zamanından gəlir: "Cənub hüdudu Sisər bölgəsi daxil olmaqla Qızılüzən çayı, Şimal hüdudu isə Dərbənddir. Bu sürətlə bütün Aran Azərbaycana daxil olub, Bərdə şəhəri "Yuxarı Azərbaycan" adlandırılmışdır.
...Məsələn, Nuşirəvan zamanında Dərbənd qalalarını bina edən Barzius pəhləvi kitabəsində "Azərbaycan maliyyə müdiri" ünvanı ilə anılmışdır. Ərəblər də Azərbaycan ilə Ərməniyyə, Şirvan və Aran idarəçiliyini birləşdirib bu ölkənin heyyəti-ümmuyəsinə Ermənistan, yaxud Azərbaycan adını vermişdilər. Bu zamanlarda Azərbaycan cənubda Həmədan məntəqəsindən başlayıb şimalda Dərbəndə qədər uzanan böyük bir ölkə olmuşdur. İstəhri isə Erməniyyə ilə Aran və Azərbaycanın toplu bir xəritəsini vicuda gətirərək buna "Azərbaycan xəritəsi" demişdir.
Bu zat Xəzər dənizi xəritəsini çəkərkən də Dərbəndə qədər uzanan bütün sahəni Azərbaycan olaraq göstərmişdi. İlhanlılardan sonra Azərbaycanın tamamilə türkləşməsi və hər yerdə eyni ləhcədə danışması səbəbindən Aran və Şirvan tərəfdəki türklərə Azərbaycan türkləri, yaxud Azəri türkləri deyilməyə başlamışdır. Evliyyə Çələbi Qarabağa "kiçik Azərbaycan" dediyi kimi, Qafqaz tarixçisi P.Butkov Şəki, Gəncə, Şuşa, Şamaxı, Bakı, Quba xanlıqlarını Azərbaycan xanlıqları adlandırmışdı.
...Turklər, görünür, miladdan öncə yeddinci əsrdə sakların səfəri əsnasında buraya gəlib hakim zümrəni təşkil etmişdilər. ...Müaviyyənin "Azərbaycan harasıdır?" sualına Übeyt b. Sariya ismində biri "Bu, əskidən türklərə aid bir məmləkət idi" cavabını vermişdir... "
Bunlar İslam ensiklopediyasının fikridir. Bəziləri sonralar daha da dəqiqləşdirilmiş, həqiqətə yaxın olan fikirləridir. Buna bənzər yüzlərlə misal çəkmək olar. İndi neyləməliyik? Qədim mənbələrə və islam ensiklopediyasına inanaq, yoxsa XXI əsrdə Azərbaycan adını unutdurmağa çalışan fars nökərlərinə, kəsrəvilərin, mahmudilərin, İnayətulla Rzaların davamçılarına?
9. Müəlliflər bilmirlər ki, Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan xanlıqlarının təxminən yarısı quzeydə rusların işğalı altına düşəndə İran dedikləri ərazidə hakimiyyət Qacarların əlində idi. Ölkədə daxili çəkişmələr (bu işdə fars separatçıları ciddi rol oynayırdılar) nəticəsində mərkəzi hakimiyyət zəifləmişdi. Buna görə də Azərbaycan türkləri iyirmi müstəqil xanlığa parçalanmışdı. Onların hər biri özünü ayrıca dövlət sayırdı. Rusiya ilə müstəqil danışıqlar aparır, müqavilələr bağlayırdılar və Rusiya tərkibinə də Azərbaycan xanlıqları adı altında qatılmışdılar.
Cavablarda Azərbaycan xanlıqlarının bu iki yüz illik parçalanmadan sonra birləşmək arzusunu Arazdan şimaldakı türklərin "böyük İran vətənlərinə" məhəbbəti kimi yozurlar. Bəli, Azərbaycan türklərinin qonşu kimi İrana da məhəbbətləri var. Amma iki yüz il sonra fikirləşirsən ki, nə yaxşı Azərbaycanın quzeyi Rusiya tərkibinə keçdi. Çar Rusiyasının ağır şərtləri altında olsa da, anadilli məktəblər aça bildilər. Milli ziyalılarını yetişdirdilər və məhz onların fəaliyyəti nəticəsində bugünkü müstəqil dövlətimizin, yəni Şərqdə ilk demokratik cümhuriyyətin təməli qoyuldu.
Quzey Azərbaycan da İranın tərkibində qalsa, yəqin ki, indi "Böyük İran"dakı müsəlman-şiə qardaşlarımızın mərhəməti sayəsində biz də bəziləri kimi fars dilini "milli dilimiz" sayaraq, kimliyimizi unuda-unuda "Böyük Farsistan" nəğmələri oxuyacaqdıq. Bəli, Arazın güneyində və quzeyində qardaş həsrəti "köz altında alov" kimi yatmaqdadır, sönməyib, lakin bu, bütöv İran istəyinin alovları deyil. Bütöv və böyük Azərbaycan eşqinin və həsrətinin alovlarıdır.
10. Müəlliflər mənim ali dini rəhbərə hörmətlə etdiyim müraciətin müqabilində Azərbaycan Respublikası iqtidarı haqqında həqiqətə uyğun olmayan və tənqidi ifadələr işlədiblər. Quzey Azərbaycan cəmi 17 ildir müstəqilliyini bərpa edib, müharibə şəraitində yaşayır. Lakin biz islam dünyasına üzağlığı gətiririk, müsəlmanların çağdaş demokratik tələblərə uyğun idarəçilik sistemi qura bildiklərini nümayiş etdiririk. Bunu bütün dünya etiraf edir.
Quzey Azərbaycan türkləri öz talelərinin sahibləri olmaqla ana dilində misilsiz sənət abidələri yaratmış, mədəniyyətin bir çox sahələrində bölgə dövlətləri üçün əsl örnək olmuşdular. Yetişdirdiyi böyük sənətkarların dünyaca şöhrəti var və bu iş ildən-ilə sürətlənir.
İqtidar-müxalifət münasibətləri bizim daxili işimizdir, demokratiyanın inkişafına kömək edir və bizi bir dövlət olaraq ildən-ilə möhkəmləndirir. Buna görə də qardaşlarımız bizim qısa müddətdə keçdiyimiz yolla fəxr etməlidirlər. Çünki biz dünyada yaşayan Azərbaycan türklərinin tək bir dövlətiyik!
Azərbaycan Respubliukası dünyəvi dövlətdir, hər bir Azərbaycan türkü vicdan azadlığına malikdir, bizdə din azadlığı və başqa dinlərə dözümlülük vardır, hər il onlarla, yüzlərlə məscid, ibadətxana tikilir. Lap bugünlərdə Bakıda vaxtilə Stalin rejiminin dağıtdığı Bibi Heybət məscidi ən yüksək səviyyədə yenidən tikilib xalqın istifadəsinə verildi. Təzə Pir məscidi və Qafqaz Müsəlmanları İdarəsinin yenidən qurulmasına dövlət külli miqdarda vəsait ayırdı. Buna görə Azərbaycanı "dinə qarşı olan" bir dövlət saymaq ən azı vicdansızlıqdır və bu sözlərlə İslamın İrandakı acı durumunu, yəni fars şovinizminin alətinə çevrilməsini, antiislam prosesini pərdələmək mümkün deyil.
Biz dinin siyasiləşməsinə qarşıyıq, İrana dost kimi yanaşırıq, təəssüf ki, İran din pərdəsi altında Azərbaycan Respublikasında çox vaxt öz gizli siyasi təbliğatlarını aparmağa çalışır. Atalarımızın başqa bir gözəl sözü də var: "Özünə umac ova bilmir, başqasına əriştə kəsir".
Opponentlərimin iddiasına görə, Azərbaycan Respublikasının tək bir yolu var ki, o da öz təhsil, mədəniyyət, təhlükəsizlik və iqtisadiyyat sistemlərini İran İslam Respublikası sisteminə uyğunlaşdırmaqdır. Sanki 35 milyonumuz bu yolla xoşbəxt günə çıxıb, biz qalmışıq!
Bir müəllif isə başından böyük belə bir iddiada bulunur ki, guya keçmişdə heç Azərbaycan adında ölkə olmayıb və Azərbaycan adından danışmaq yalançılıq və boşboğazlılıqdır, biz məktəblərimizdə öz tariximizi öyrətməklə şionizmə, küfrə xidmət edirik. Ona məsləhət görərdim ki, Təbriz məscidlərindən birinə gedib özünə bir ağıl duası yazdırsın, bəlkə köməyi oldu.
Biz belə nağılları rus işğalı altında olanda çox eşitmişik. Güneydə fars, Quzeydə rus hegemonluğu bizi məhv etmək, milli kimliyimizi unutdurmaq üçün məhz bu primitiv üsuldan istifadə edirdi. Vətən tarixi deyəndə SSRİ-də rus, İranda fars tarixini öyrətməklə bizi əridəcəklərini düşünürdülər. Şükürlər olsun, müstəqillik bizə o imkanı verib ki, tarix güzgüsünü belə yalanlardan təmizləyək, özümüzü olduğumuz kimi görək və tariximizlə qürur duyaq! Biz başqalarından oğurlayıb özümüzə qondarma tarixlər yazmırıq. Nəyimiz var, özümüzə yetər! Farsın heç nəyini Azərbaycan adına çıxarmırıq, amma hörmətli opponentim diqqətlə baxsa görər ki, ümumiran adına dünyaya sunulan böyük mədəniyyət incilərinin çoxu məhz Azərbaycan türklərinə məxsusdur. Bunu yalnız səfeh adamlar görməz!
İranda ana dilimizdə məktəbin olmaması, dilimizin sıxışdırılması barədə dediklərim mənim tərəf müqabillərimə dardüşüncəlik və etnik xəstəliyə yoluxmağım kimi görünür. Yəni quru oturub yaşın gününə ağlayır! Özü ana dilində iki cümləni yan-yana yaza bilməyən hansı geniş düşüncədən danışır, görəsən? Niyə sənin fars dilini "milli dil" sayıb müdafiə etməyin normal bir işdir, ancaq mənim ana dilimi müdafiə etməyim dardüşüncəlik sayılır? Bəlkə Allah bu hegemonluğu farsın alnına yazıb? Allah ona hansı xüsusi istedad verib ki, bizdən üstün olsun? Əgər belələri türk olmağı qəbahət hesab edirlərsə, deməli, dədələrindən xəbərləri yoxdur, gedib ilk növbədə kimin belindən gəldiklərini aydınlaşdırsınlar.
Bizim farslarla heç bir düşmənçiliyimiz yoxdur. Yaxın qonşularımızdır. Bir çox məqamlarda tale və tarix ortağı olmuşuq. Mədəniyyətimizdə, yaşayış tərzimizdə də ümumi cəhətlər kifayət qədərdir. Firdovsinin qələmə aldığı İran-Turan qarşıdurması, orta əsrlərin İran-Osmanlı müharibələri, bu gün İranda türkləri öz haqlarından məhrum etməklə ölkə daxilində ikitirəlik salmaq, əslində hər iki xalqı zəiflədib bölgəyə hakimlik etmək istəyənlərin yüz illərlə apardıqları gizli oyunların nəticəsidir. Bu işləri törədənlər düşmən məfkurələrinə xidmət ediblər.
Mənə cavab verənlər də türkün aşağılanmasına göz yummaqla bu işi davam etdirirlər. Sadə fars əməkçisi də elə türk kimi bir tikə çörəyin peşindədir, zülüm çəkir. Onunla bizim aramızda heç bir ayrı-seçkilik yoxdur. Bunu başa düşürük və fars qardaşlarımızı köksümüzə sıxmağa hazırıq. Ancaq bu qardaşlıq şüarları altında aşağılanmağımıza, ikinci sinif millətə çevrilməyimizə, dilimizin qəsdən fars kəlmələri ilə doldurulmasına, tariximizin və böyük mədəniyyətimizin danılmasına yol verə bilmərik. Qardaşlıq səmimi olmalıdır.
Sayğı görməliyik ki, sayğı da göstərək. Məktublarda təkidlə Nizami Gəncəvi, Xaqani Şirvani, Şəhriyar kimi dahi şairlərimizin türk olduqlarını dilə gətirməmələri vurğulanır. Nəzərə almırlar ki, həmin dövrlərdə millət anlayışı bugünkü mənada gəlişməmişdi. Müxtəlif xalqların nümayəndələri özlərini islam ümməti sayır və kimin hansı xalqdan olduğunu nəzərə almadan ümumi islam mədəniyyətinə xidmət edirdilər. Bölücülük məhz İran tərəfdən başlanıb və onlar fars dilində yazanların hamısını özlərininki hesab etməklə başqa xalqların mənəvi sərvətlərinə əl qoymağa çalışıblar.
Eyni zamanda nəzərə almalıdırlar ki, islam ədəbiyyatı, Avropa ədəbiyyatı, sovet ədəbiyyatı kimi İran ədəbiyyatı da şərti bir anlayışdır. Sovet ədəbiyyatı anlayışı altında rus, Ukrayna, Litva, qırğız, azəri və s. ədəbiyyatlar mövcud olduğu kimi, İran ədəbiyyatı deyiləndə də İranda yaşayan ayrı-ayrı xalqların ədəbiyyatlarının məcmuu başa düşülür. Nizami və ya Şəhriyarın türk olduğunu göstərmək üçün vaxt sərf etməyə heyfim gəlir. Sadəcə Nizamini yenidən oxumalısınız.
Nəzərə almalısınız ki, 12-ci əsr Gəncəsində fars yaşamırdı. Şəhriyarın "Türk divanı"ndan isə danışmıram. Çünki onu oxusanız da, anlamazsınız. Opponentlərim dönə-dönə İranda etnik problemin olmadığına, farsla türkün hüquq bərabərliyinə inandırmağa çalışırlar.
Təbii ki, belə düşünənlər var. Qədimdə, quldarlıq dövründə azadlıq verilən qulların bu azadlıqdan imtina etmələri haqqında çoxlu misallar var. Çünki onlar azadlığı dadmamışdılar və onun nə olduğunu bilmirdilər. Elə bilirdilər qarınları doyursa, yatmağa yerləri varsa, xoşbəxtdirlər. Bunun yaşamaq yox, gün keçirmək olduğunu dərk etmirdilər. Hər kəs öz azadlığını bir şeydə görə bilər. Ancaq türk milləti qul olmayıb və ola bilməz.
Mənim xalqımın bu qeyri-insani münasibətlə barışacağını düşünənlər Allahın ən cahil bəndələridir və gec-tez öz səhvlərini anlayacaqlar. İddia edirlər ki, İran Azarbaycanla Ermənistanın hər ikisinə dostdur. Onlara bir gözlə baxır. Görəsən, islam xeyirlə-şərə, işğalçıyla zülm altında olana bir gözlə baxmağı qəbul edirmi?
Nəhayət, məktubuma cavab verənlər məsləhət görürlər ki, mən İranın cari məsələlərini və sivilizasiyasını bilmək üçün İran universitetlərinin müəllimlərindən elm öyrənməliyəm. Yəqin özlərini nəzərdə tuturlar. Mən bütün ömrüm boyu öyrənmişəm, bundan sonra da öyrənməyə hazıram, ağıllı insan hətta cahildən də nə isə öyrənməyi bacarandır. Bu məsləhəti verənlərdən də nəyi isə öyrənməyi özümə əskiklik saymıram.
Və doğurdan da bu yazışmalardan mükəmməl bir dərs aldım. Biz - gəncliyini sovet hakimiyyəti illərində keçirənlər tariximizə, dilimizə, milli kimliyimizə məhəbbəti bizi assimilyasiyaya uğratmağa çalışanların tənqidi əsərlərindən öyrənirdik. Allahsızlıq çağırışları bizi daha çox öz dinimizə bağlayırdı. Azərbaycan xalqının qürur duyduğu tarixi hadisələr və şəxsiyyətlər tənqid olunduqda biz əsil həqiqətin harda olduğunu duyur və daha çox özümüzə sahib çıxmağa çalışırdıq.
İndiki yazışmalardan aldığım dərslərdən biri də bu oldu ki, İranda türklər sıxışdırıldıqca böyüyəcəklər! Bir də aydın oldu ki, artıq mənim hər bəsit yazıya cavab verməyimə ehtiyac yoxdur. Sağ olsunlar cavanlarımız. Yetişirlər və belə cızma-qaraların layiqli cavablarını verirlər.
Məktubların birində məni aşağılamaq üçün bir şeir parçası da verilib. Mən həmin "dostuma" uzun illər bundan öncə yazdığım "Vətənsiz" poemamdan kiçik bir parça ilə cavab vermək istəyirəm:
Bəs sənin heysiyyətin? Bəs özunə hörmətin?
Bəs halal ana südü? Damarından axan qan?
Səni ayaq altına atan bir qaniçənin
Nə iştahla yenə də öpürsən ayağından?
Niyə öz çırağını öz əlinlə söndürüb,
Millətinin ruhuna doldurursan zülməti?
Biz ki, öz dilimizdə kəlmə kəsə bilmirik,
Bəs onda başqasından necə umaq hörməti?
Özün öz külümüzü sovurub verdin yelə,
Satdın öz mənliyini! Burda talan neyləsin?
Gəl daha siyasəti gətirməyək araya!
Daha burda istibdad, qanun, filan neyləsin?
Kim nə deyə biləcək İran cəlladlarına
Günahkarı axtarma! Yana baxmasın gözün.
Özün öz tərbiyənlə övladını yad edib
Damarını kəsirsən - ən böyük cəllad özün!
Beynəlxalq Valyuta Fondu: “Azərbaycan fəlakət astanasındadır”
Hökumətin yarıtmaz iqtisadi fəaliyyətinin fəsadları 2012-ci ildən başlayaraq üzə çıxacaq
Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi tənəzzülün başlayacağı vaxtı müəyyən edib. Fondun hesablamalarına görə, 2012-ci ildən başlayaraq Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi kəskin şəkildə aşağı düşəcək.
Qeyd edək ki, Azərbaycanda iqtisadi tənəzzülün qaçılmaz olacağı barədə proqnozlar hələ bir müddət əvvəl dünya iqtisadiyyatının vəziyyətinə dair hesabatda da əksini tapmışdı. Fondun hesablamaları bu proqnozdan irləri gəlir və Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatının statistik metodologiyasına əsaslanır. “2012-ci ilə qədər də Azərbaycanda ÜDM-in həcmi sürətlə aşağı düşəcək. Amma 2012-ci ildə birdən-birə 1,7, 2013-cü ildə isə daha 2,6% azalacaq”, - deyə BVF-nin məlumatında deyilir.
Fondun hesablamalarına görə, əgər 2007-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 23,4% olubsa, 2008-ci ildə 18,6%-i ötməyəcək. 2009-cu ildən isə sürətlə azalacaq - 2009-cu ildə 15,6, 2010-cu ildə 4,8, 2011-ci ildə 1,6% təşkil edəcək.
BVF mütəxəssislərinin proqnozlarına görə, Azərbaycan MDB məkanında yeganə ölkə olacaq ki, iqtisadiyyatı uzunmüddətli perspektivdə böhranlı dövrə daxil olacaq. Bu proqnozlar ölkə iqtisadiyyatının neft sektorundan asılılığı ilə əlaqələndirilir. Bəllidir ki, Azəri-Günəşli-Çıraq yatağındakı neft ehtiyatlarının məhz 2012-ci ilə qədər pik həddə çıxarılacağı gözlənilir. Görünür, BVF bundan sonra belə zəngin yataqların işlənə biləcəyinə inanmır. Bundan başqa Fond Azərbaycanda qeyri-neft sektorunun milli iqtisadiyyatın inkişafında lokomotiv ola biləcəyinə də ümidsiz yanaşır.
Beləliklə, BVF Azərbaycanın iqtisadi böhran astanasında olduğunu bəyan edir. Cəmi 4 ildən sonra hökumət rəsmiləri Azərbaycanda “analoqu olmayan iqtisadi fəlakət” barədə danışmağa məcbur olacaqlar - Azəri-Günəşli-Çıraq yatağından neft hasilatı məhz 2012-ci ildən azalmağa doğru gedəcək ki, bundan sonra hökumətin ayıb yerlərini örtməyə əncir yarpağı sadəcə tapılmayacaq. Bununla da ölkədə iqtisadi fəlakət başlayacaq.
Qeyri-neft sektoru yerində saydığından bu fəlakətin uzunmüddətli olacağı şübhəsizdir. Adicə bir fakta diqqət yetirək ki, hazırda büdcədə qeyri-neft sektorunun payı cəmi 27, ixracatda 8, sənayedə 83 faizdir. Və bu göstəricilər getdikcə azalmağa doğru gedir. Yəni Azərbaycan iqtisadiyyatı bütövlükdə neftin əsirinə çevrilib. Neft azalanda isə iqtisadiyyatın çöküşü qaçılmaz olacaq - büdcə kəsiri kəllə-çarxa çatacaq, sosial layihələrə pul tapılmayacaq, məbləği 3 milyard dollara çatan xarici kreditləri geri qaytarmaq problemi yaranacaq, büdcəni doldurmaq üçün mənbə olmayacaq və s.
Bu da son nəticədə ona gətirib çıxaracaq ki, ölkədə yoxsulluq və işsizliyin miqyası daha da genişlənəcək, əhalinin həyat səviyyəsi kəskin pisləşəcək, iqtisadiyyat tez-tez inflyasiya qiymət sıçrayışları ilə üzləşəcək və s. Hökumətin yeritdiyi iqtisadi siyasətin məntiqi sonluğu məhz belə olmalıdır.
Indi neft pullarını səxavətlə sağa-sola xərcləyən hakimiyyət bir az sonra maliyyə mənbələri tapmaq üçün xarici donorların qapısında yetim uşaq kimi boynunu bükəcək. Bütün bunları görmək üçün böyük savad və istedada ehtiyac da yoxdur, sadəcə Azərbaycan hökumətindən bir qədər ağıllı olmaq tələb olunur. Ancaq hökumət ağıllanmaq əvəzinə getdikcə reallıq hissini daha çox itirir - böyük neft pullarını mənimsəmək üçün dövlət strukturları sanki yarışa giriblər.
BVF də Azərbaycanı gözləyən iqtisadi fəlakətləri görür və xəbərdarlıq edir. Xəbərdarlıqdan nəticə çıxarıb-çıxarmamaq isə hökumətin işidir. Ancaq təəssüf ki, bunun acısını hökumətdən daha çox, sıravi azərbaycanlılar çəkəcək. Neft pullarından fayda əvəzinə ziyan görən azərbaycanlılar (sürətli inflyasiya və alıcılıq qabiliyyətinin getdikcə zəifləməsi) neft pulları tükənəndən sonra daha rəzil duruma düşəcəklər. Necə deyərlər, neft kiçik xalqlar üçün zənginlik yox, fəlakət mənbəyidir.
Iqtisadiyyat şöbəsi
("Azadlıq" qəzeti)