Əziz Mirzə müəllim salam,
Əziz Mirzə müəllim salam, Saytınıza ünvanlanan məktublar həmişə diqqətimi çəkir. Rasimin yanğılı məktubu məni də qorsaladı. Çox təəssüf ki məmləkətimizdə QARAJ VƏ...BAQAJ mədəniyyəti inkişaf edənlərin üzünə gün doğur. QARAJ VƏ...BAQAJ SARIDAN kasad olanların isə gününü göy əsgiyə elə düyləyiblər ki, heç fələk də baş açmaz...
Belə...Allah millətimizi düçar olduğu qaraj və baqaj virusundan hifz eləsin!
Allah SİZİ XATADAN BALADAN QORUSUN, ƏZİZ USTAD!
Yeganə
30.07.2008
Hörmətli Mirzə müəllim
Hörmətli Mirzə müəllim,
Burada, İstanbulda və nəinki İstanbulda... minlərlə azərbaycanlı elə işlərdə çalışır ki, adamın yazığı gəlir, ürəyi ağrayır millətimizə. Niyə bu qədər sərvətimiz ola-ola hansısa tacik, nigeriyalı, iraklı, hindistanlı kimi bir qarın çörək üçün düşmüşük çöllərə?
(Rasimin İstanbuldan yolladığı məktubdan)
12.07.2008
"Azadlıq" qəzeti: MTN “Talışi Sədo”dan sifarişli yazılar tələb edib?
Müdafiəçiləri vətənə xəyanətdə ittiham olunan Novruzəli Məmmədovun həbsilə bağlı mətbuat konfransı keçirdilər
Dövlətə xəyanət ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş “Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov Sülh və Demokratiya Institutu (SDI) və Azərbaycan Hüquq-müdafiə Təşkilatları Federasiyası (AHTF) tərəfindən siyasi məhbus kimi tanınıb. Bu barədə dünən keçirilən mətbuat konfransında SDI direktoru Leyla Yunus bildirib.
Novruzəli Məmmədova qarşı irəli sürülmüş dövlətə xəyanət ittihamının nə ibtidai istintaq, nə də məhkəmədə təsdiqini tapdığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, ona razılaşma təklif olunub: “Iranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsiri üzərinə götürsün, əvəzində ona yaşı və elmi fəaliyyəti nəzərə alınmaqla yumşaq cəza veriləcək. Əks halda isə özünü və ailə üzvlərini ciddi şəkildə cəzalandıracaqlarıyla hədələyiblər. Novruzəli Məmmədov razılaşmadan imtina edib və onun ailə üzvlərinə təzyiqlər güclənib. Iki həftə əvvəl onun kiçik oğlu, ruhi xəstə olan Emil Məmmədov həbs edilərək ona narkotik maddə saxlama ittihamı irəli sürülüb. Novruzəli Məmmədovun barəsində artıq hökm çıxarılandan sonra belə bir addım atılırsa, düşünürəm ki, apellyasiya və kassasiya şikayəti verməkdən çəkindirmək istəyirlər. Istəmirlər ki, bu iş gələcəkdə Avropa Məhkəməsinə çatsın”. Leyla Yunus deyir ki, Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarında belə şantaj metodlarından tez-tez istifadə olunur.
Talışların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Hilal Məmmədov da N.Məmmədovun oğlunun ruhi xəstə olduğunu və dispanserdə qeydiyyatda olduğunu bildirib. Hilal Məmmədovun sözlərinə görə, AŞ PA həmməruzəçisi Andres Herkel onunla söhbətdə N.Məmmədov haqqında məsələni dövlət başçısı ilə görüşdə qaldırdığını bildirib. Ilham Əliyev isə baş verənlərlə əlaqədar “dəqiqləşdirmə” aparacağını deyib.
N.Məmmədovun vəkili Ramiz Məmmədov isə daha çox işin hüquqi tərəflərindən danışaraq bildirdi ki, ittihamları sübut edəcək heç bir fakt yoxdur. Vəkilin sözlərinə görə, N.Məmmədovun həbsinin əsas səbəbi talışlar və talış dili ətrafında apardığı araşdırmalar olub. Araşdırmaların nəticəsi olaraq, o, çap etdiyi məqalələrin birində Azərbaycanda bir milyon talışın yaşadığını qeyd edib. Ramiz Məmmədov bildirir ki, müdafiə etdiyi şəxs bunu yazarkən bir sıra əcnəbi mütəxəssislərin elmi araşdırmalarına istinad edib. N.Məmmədovun həbsinin başqa bir səbəbini isə vəkil belə izah etdi: “Dəfələrlə MTN-dən tərəfindən təklif olunub ki, ”Talışi Sədo" qəzetində sifarişli yazılar getsin. Əvəzində ona maliyyə yardımı təklif ediblər. Lakin Novruzəli Məmmədov razılaşmayıb".
Ramiz Məmmədovun sözlərinə görə, ötən il fevralın 2-də Novruzəli Məmmədov səbəbi izah edilmədən MTN-ə aparılıb: “Orada heç bir protokol tərtib edilmədən bir gün saxlanılıb. 2004-cü ilin mayında Iranda keçirilmiş elmi konfrans barədə sorğu-sual edilib, ac-susuz saxlanılıb, döyülüb. Nəticədə sağ əlinin üstündən və sol çiyin nahiyəsindən xəsarət alıb. Ertəsi gün saat 16 radələrində MTN əməkdaşları maşınla onu Elmlər Akademiyasının qarşısına gətirərək düşürüblər. Bu vaxt sərxoş görkəmli bir nəfər ona yaxınlaşaraq sənəd tələb edib. O, da öz növbəsində ondan sənəd tələb edib ki, sən kimsən? Bu vaxt həmin yerə polislər gələrək guya, polisin qanuni tələblərinə tabe olmamaq ittihamıyla Novruzəli Məmmədovu 28-ci polis bölməsinə aparıblar. Daha sonra onun barəsində 15 günlük inzibati həbs qərarı çıxarılıb. Halbuki 65 yaşdan yuxarı insanın barəsində belə bir qərarın çıxarılmasına qanun yol vermir. Məhkəmədən çıxandan sonra onu yenə MTN əməkdaşlarına təhvil veriblər. MTN-in təcridxanasında ona yenidən fiziki təzyiq göstərilib və Iranın xeyrinə casusluq etdiyini boynuna alması tələb olunub. Fevralın 17-də Novruzəli Məmmədova qarşı casusluq ittihamı irəli sürülüb. Bu, xarici xüsusi xidmət orqanlarına dövlət sirrinin verilməsinə aid ola bilər. Novruzəli Məmmədov Milli Elmlər Akademiyasının Dilçilik Institutunun əməkdaşı idi, o, dövlət sirrini bilə bilməzdi. Buna görə, yarım il sonra ittiham dövlətə xəyanət ittihamı ilə əvəz etdilər. Amma bu ittiham da sübut edə bilmədilər".
Məhkəmədə bütün ittihamların alt-üst olduğunu deyən vəkil onu da əlavə etdi ki, bunu gizlətmək üçün məhkəməni qapalı keçirtdilər. Hətta hökmün oxunması barədə vəkilə də xəbər verməyiblər.
("Azadlıq" qəzeti)